“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

 

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

Mirzə Ələsgər Növrəz Qarabağın nüfuzlu şəxslərindən olan Abdin bəyin nəvəsi, Əhməd bəyin oğludur. Abdin bəy Qarabağın Zərgərtəpə nahiyyəsindən olduğu üçün el arasında Zərgərli, Zərgər Abdin bəy adı ilə daha çox məşhur idi. XIX əsrin əvvəllərində ictimai-siyasi vəziyyət əlaqədar olaraq yerli əhalinin Qarabağdan İrana köçməsinin qarşısını alan nüfuzlu şəxslərdən biri Abdin bəy olmuşdu. Bu xidmətinə görə imperator Aleksandrin fərmanı ilə ona "boyarin" (bəylik) adı hüququ, Zərgərtəpə nahiyyəsində isə 12 para kənd verilmişdi.

Mirzə Ələsgər Növrəs 1836-cı ildə Şuşada anadan olmuş, ilk təhsilini orada - üç sinifli İslam mədrəsəsində almışdı. O, ərəb-fars dillərini şərq poetikasının incəliklərini məşhur alim-müdərris Əbülqasim Qazidən almış "rus dilini Xankəndi hərbi məktəbində öyrənmişdi. Təhsilini başa vurduqdan sonra bir müddət yunker kimi fəaliyyət göstərən Növrəs daha sonra şəhər məmurluğunda tərcüməçi-hüquqşünas vəzifələrində çalışıb.

Qarabağda ilk ədəbi məclis yaratmaq təşəbbüsündə olan dörd şəxsdən biri Növrəs olub. O, Şuşada fəaliyyət göstərən hər iki məclisin fəal iştirakçısı idi.

Mirzə Ələsgər Növrəs 1912-ci ildə 76 yaşında Şuşada vəfat edib Mirzə Həsən qəbristanlığında, Zakirin qəbrinin yaxınlığında dəfn olunub.

Şairin şeirləri nəticəsi Növrəs Növrəsli tərəfindən toplanaraq nəşr edilib: ("Mirzə Ələsgər Növrəs. Şeirlər. B. , Yazıçı, 1985. Tərtib edəni və nəşrə hazırlayanı Şamil Cəmşidov və Növrəs Növrəsli). Buradakı şeir nümunələri həmin kitabdan götürülüb.

 

Raqub KƏRİMOV

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2022.- 25 noyabr.- S.15.