Poeziyamızda pərvazlanan durna qanadları  

 

XVIII əsrdən başlayaraq, günümüzə qədər Azərbaycan klassiklərinin və müasir dövr şairlərimizin əsərlərində durnalara xitab edilən şeir nümunələrinə rast gəlinir. Sözsüz ki, bu əsərlər milli ədəbiyyatımızın qiymətli sənət inciləridir.

Bu əsərlər sırasında Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Cəfər Cabbarlı, Süleyman Rüstəm, Məmməd Rahim, Nəbi Xəzri  kimi qüdrətli qələm sahiblərinin yazdıqları şeirləri misal göstərmək olar.

Bu şeirlərin çoxunda müəlliflər durnalara xitab edərək, ayrı düşdüklərindən xəbər almaq, həsrət dolu, intizar dolu hallarını bildirmək üçün xəbərlər göndərmək istəyində olmuşdu.

Azərbaycan ədəbiyyatında elinin, xalqının dərd-sərini, mənsub olduğu dövrünü, sinfinin çatışmazlıqlarını, eybəcərliklərini, xəyanəti və cinayətləri cəsarətlə, çılpaqlığı ilə şeirlərində təsvir edən Qasım bəy Zakirin "Durnalar" şeiri digərlərindən tamamilə fərqlənir. Belə ki, şair misralarında durnaları özünə həmdəm, yoldaş, həmsirr və dost hesab edərək, ondan ehtiyatlanmamağı təvəqqe edir:

 

 

Diyari-qürbətdə müddətdi varam,

Gecə-gündüz canan deyib ağlaram,

Mən də sizin kimi qəribü zaram,

Eyləməyin məndən haşa durnalar!

 

 

Q.Zakir bu şeirində durnalara sanki bir dostu kimi yanaşır. Onlara mehribanlıq, nəvaziş göstərərək, laçın yatağı olan bu yerlərin onlar üçün təhlükəli olduğunu dilə gətirir, əgər səsləri çıxarsa şahinlər, laçınlar duyuq düşüb onların sürbəsini, yəni dəstəsini dağıdaraq, al-qana boyayacağını bildirir. Bir tərəfdən durnalara sevgisini bildirən şair, digər tərəfdən onlara rəhmi, yazığı gəldiyini, durna qatarının daha uzaq ellərə xətər görmədən səyahət etmələrini ifadə edir:

 

 

Laçın yatağıdır bizim məkanlar,

Yavaş-yavaş gedin, səsiniz anlar,

Qorxuram toxuna ötən zamanlar,

Sürbəniz dağılıb çaşa, durnalar!

 

 

Q.Zakirin durnalara etdiyi xitaba, demək olar ki, Molla Vəli Vidadinin və Molla Pənah Vaqif şeirlərində də rast gəlinir.

Dostu Molla Pənah Vaqifdən fərqli olaraq, Molla Vəli Vidadi həyatın mənasını eyş-işrətdə deyil, ibadətlə məşğul olub, özünü dünyanın nemət və ləzzətlərindən məhrum edərək zahidiliyə qapanmada, nəfsinə hakim olmaqda görürdü. Bu baxımdan, M.V. Vidadinin "Durnalar"ı tamam başqa ovqat yaradır. Vidadiyə görə, durnalar həmişə qəm və ələm içində olduğundan, onların oxuduqları nəğmələr fərəh və şadlıqdan deyil, qəm-qüssədən, ah-nalədən pərvaz edir:

 

 

Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,

Üz tutubsuz nə məkana, durnalar?!

 

 

Təsbih kimi qatarınız düzərsiz,

Havalanıb ərş üzündə süzərsiz,

Gah olur ki, danə-xurə gəzərsiz,

Siz düşərsiz pərişana, durnalar!

 

 

Durnaların şirin dilindən bağrı parça-parça olan M.V.Vidadi üzünü havada sıralanan durna qatarına tutaraq, onu rahatsız edən, əli öz doğma yerlərinə çatmadığı üçün vəziyyətin necə olduğu haqda xəbər almaq istəyir.

Tam məsuliyyətlə demək olar ki, ədəbiyyatımızda bu mövzuda daha çox populyarlıq qazanan, sevə-sevə oxunan, nəğməyə çevrilərək müğənnilərimizin repertuarını bəzəyən məhz Molla Pənah Vaqifin "Durnalar" şeiridir.

Əhli-zövq və səfa şairi olan M.P.Vaqif beş günlük ömrü hədər getməsin deyə, onu eys-işrətdə keçirməyi, könlündən keçən hər bir həsrətin yer almamasını tərcih edirdi. Vaqif qəlbinin dərinliklərində kök salan təbdən, hissdən söz açır, durnalardan təmənna ilə xeyli vaxtdır, intizar çəkərək sorağında olduğu alagözlü həmdəmindən ona xoş müjdəli bir xəbər gətirmələrini xahiş edir. Vaqifə durnaların oxumağı heç də hüzn gətirmir, onun könlünü pərişan etmir. Əksinə, onların o gözəl, təsirli avazı şairin kövrək ruhunu təzələndirir, şairi durnalarla birlikdə dövrə vurub, onlarla səyahət etməyə təhrik edir:

 

Nazənin-nazənin edərsiz avaz,

Ruhlar tazələnir, olur sərəfraz,

Vaqifin də könlü çox edər pərvaz

Hərdən sizin ilə gəzə, durnalar!

 

 

 

Durnalara xitabən yazılmış şeirlərə XX əsrin əvvəllərindən başlayaraq, ədiblərimizin yaradıcılığında da rast gəlirik. Bu baxımdan, C.Cabbarlının, S.Rüstəmin, M.Rahimin, Nəbi Xəzrinin şeirləri diqqət çəkir.

XX əsrin əvvəlində 1918-ci ildə Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cümhüriyyəti yaradıldı. Cəmi 20 ay yaşayan bu gənc respublikanın süqutu xalqımızın bütün zümrələri kimi ədiblərimizi də rahatsız etdi. Onlar bu haqda müxtəlif şeirlər dərc etdirdilər. Şeirlərində daim Xalq Cümhuriyyətimizə sevgi sərgiləyən C. Cabbarlı onun süqutu ilə barışa bilmir, ürək ağrısını, həsrət və intizarını misralara köçürürdü. Ədib Cümhuriyyətin qurucularından biri, qürbətdə yaşamağa məhkum olunan həmməsləki Mirzəbala Məmmədzadəyə ünvanladığı şeirində intizarını, Turan birliyi həsrətini durnalar vasitəsilə dostuna çatdırır:

 

 

Ulduzlu bir göy, tac üstə aypara,

Bir al yaylıq verim yetirin yara.

Durnalar, durnalar bizdən dübarə

Turan ellərinə salam söyləyin.

 

 

Xalq şairi S.Rüstəmin durnalara xitabən yazdığı şeirlərində Cənub həsrətini, Cənub yanğısını, o tayda yaşayan bacı-qardaşlarımızdan nigaranlıq, onlara yetişmək arzusu təsvir olunur. Durnaları özünə tərcüman bilən S.Rüstəm durnalara müraciət edərək, şairi öz arzu-kamına çatması üçün Arazın o tayına ötürmələrini, qanı bir, canı bir cənublu bacı-qardaşlarına qovuşaraq, onlarla sevincini, şeir və nəğmələrini bölüşmək istəyini onlardan xahiş edir:

 

Arazdan o taya ötürün məni,

Arzuma-kamıma yetirin məni.

Paylayım sevinci, şeiri, nəğməni,

Dəysin dost əlinə əlim, durnalar,

İkiqat olmamış belim, durnalar!

 

 

 

Xalq şairi Məmməd Rahimin 1960-cı ildə qələmə aldığı "Durnalar" şeirində şair durnalardan ərəb torpaqlarında, Bağdadda uyuyan dahi klassik şairimiz Məhəmməd Füzulinin qəbri üstdən keçərək, ona Azərbaycan elindən salam söyləyib ruhunu şad etmələrini xahiş edir:

 

 

Durnalar, qatar-qatar

Yurdumu tərk edəndə,

Ərəb torpaqlarına

Bizdən qonaq gedəndə,

Hansı gölün suyundan

İstəyirsiniz için!

Qış fəslində yurdunuz

Bəsrə, ya Bağdad olsun:

Ancaq ki, Füzulinin

Qəbri üstündən keçin;

Qoy o nakam şairin

Ruhu bir az şad olsun...

 

 

Xalq şairi Nəbi Xəzri isə durnalara tamam başqa kontekstdə yanaşmışdı.

Məkrli düşmən olan erməni quldur dəstələri uzun müddət Azərbaycanın 20 faiz ərazisini işğal edərək, doğma Qarabağımızı, şeirimizin çeşməsi, mədəniyyətimizin beşiyi Şuşamızı əsarətdə saxladı. 1 milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından didərgin salındılar. Mədəniyyət abidələrimiz, tarixi və dini abidələrimiz vəhşicəsinə talan və darmadağın edildi. Erməni vandallarının bu vəhşiliyi sanki durnaların bu yerlərə baş çəkməsinə böyük bir "Çin səddi" qoydu. Digər şairlərimiz kimi, Nəbi Xəzri də ürəyində köz bağlayan Qarabağ dərdini, Şuşa həsrətini misralara kökləyərək, Qarabağ səmasında durna qatarını yenidən görmək üçün durnalara xitab edirdi:

 

 

Səma yolçuları, həsrət gözlərəm,

Bu qədər gecikmək olmaz, durnalar!

Sizi üfüqlərdə gəzər gözlərim,

Niyə gəlməzsiniz bu yaz, durnalar?!

 

 

Ölüm gəzən yerdə durnaların gəzə bilməməsini, qan sızan sularda durnaların üzə bilməməsini önə çəkən şair  "Durnalar qayıdanda" şeirində əmin-amanlıq dövründə durnaların qayıdışını tərənnüm edir. Ömrünün son illərində Qarabağ dərdinin acısını yaşayan şair tez-tez bu şeirinə müraciət edərdi. Əslində şair illər öncə qələmə aldığı və bu günümüzlə həmahəng səslənən həmin şeirində sanki doğma torpaqlarının işğaldan azad olunacağına, Qarabağ səmasının aydın görünəcəyinə, Azərbaycanın dövlət bayrağının dalğalanacağına böyük ümidlər bəsləyərək, inam hissi ilə azad olunmuş torpaqlara durnaların qayıdışını təsvir edir:

 

 

Bahar yuxusundan oyadır yeri,

Artıq könül sıxmır çən də, duman da

Durnalar qayıdanda.

Nə qədər arzular qayıdır geri

Durnalar qayıdanda.

Bu gün bir canlıyam, sabah torpağam,

Gör nələr düşünür insan cahanda

Durnalar qayıdanda.

Elə bil dünyaya qayıdacağam

Durnalar qayıdanda,

Hər bahar qayıdanda.

 

Azərbaycan klassik ədəbiyyatından bu günə qədər durnalara həsr olunmuş yüzlərlə şeir var. Sözsüz ki, onların hər birinin bədii dəyəri haqqında bir yazıda bəhs edə bilməzdim. Ümid edirəm ki, gənc tədqiqatçılar  bu mövzuya dönə-dönə müraciət edəcəklər. Bu gün isə mənim qəlbimdən, ədiblərimizdən fərqli durnalara xitabən bir arzu keçir. Cəh-cəh vuran quşlar kimi bizim ellərdən uzaqlara köç edən durna qatarından bir xahişim var: "Durnalar, 44 günlük Vətən müharibəsində doğma Qarabağımızı düşmənlərdən təmizləyərək qazandığımız tarixi zəfər günümüzün sevincini, müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı ordumuzun - canını əsirgəməyən şəhidlərimizin, qanını əsirgəməyən qazilərimizin, cəsur qəhrəmanlarımızın göstərdikləri sücaəti, rəşadəti Siz də dünyaya çatdırın. Cənublu bacı-qardaşlarımız bu gün ciddi imtahan qarşısındadır. Arzumuz onların arzuları ilə birdir: Vahid Azərbaycan!"

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2022.- 25 noyabr.- S.14.