Son çağın
Güney Azərbaycan nəsri
(Əvvəli
ötən sayımızda)
Fəriba Vəfinin "Zirzəmi quşu" romanı
İranda çap olunduqdan sonra çox böyük rəğbətlə
qarşılanır və oxucular arasında geniş
yayılır.
Elə həmin il roman İİR-də ədəbiyyat
üzrə nüfuzlu "Huşəng Qolşiri" və
"Yelda" mükafatlarına layiq görülür.
Romanı qısa zaman ərzində bir sıra yayın evləri
müxtəlif xarici dillərdə - "Syracuse University
Press" ingilis dilində (2009), "Ponte 33" italyan dilində
(2010), "Rotbuch Werlag" alman dilində (2012) və Anadolu
türkcəsində (2016), "Parlaq imzalar" isə Azərbaycan
türkcəsində (Bakı, 2018) yayınlayır.
Fəribanın "Tərlan" adlı ikinci romanı
2004-cü ildə "Nəşre-Mərkəz"də
çap edilib.
Daha sonra romanı "Sujet Verlag" yayın
evi alman dilində nəşr edib və 2017-ci ildə
"LiBeraturpreis" ədəbi mükafatına layiq
görülüb. Beləliklə, Almaniya Akademik
Mübadilə Xidmətinin ədəbiyyat üzrə 2019-cu il üçün xüsusi
mükafatını alan məşhur yazarların
sırasında Fəriba Vəfinin də adı yer alır. O,
bu ödülün sahibi olduğuna görə, bir il Berlində yaşamaq hüququ da qazanır,
amma bu hüquqdan yararlanmır...
Qeyd edək ki, "Zirzəmi quşu"nda olduğu
kimi, ikinci romanda da bir qadın əsas rolu oynayır və mərkəz
nöqtədə dayanır. Romanın baş qəhrəmanı
Tərlan - Azərbaycan qadını yenə də həyatda və
məişətdə ön plandadır. "Tərlan"
romanı ədəbiyyata maraq göstərən, çox
kitab oxuyan, məktəbdə yaşıdları arasında və
müxtəlif tədbirlərdə şeirlər deyən və
yazıçı olmağın xəyalını quran bir
qızın həyat hekayəsidir. Lakin bu
qız çıxılmaz bir durumdadır. Arzularından, xəyallarından uzaqda
yaşamına davam edir. İranda isə
keçid dövrüdür, şah devrilib, inqilab hələ
də tam başa çatmayıb, qələbədən isə
səs-soraq yoxdur. Qızların - Tərlanla
Rənanın bu mərhələni necə keçmələri,
necə yaşadıqları yazarın fərdi hissləri
fonunda əks olunur. Həmin keçid mərhələsində
yeniyetmə qız olan Fəribanın yaşamı ilə
romanda paralellik təşkil edən məqamlar diqqətdən
qaçmır.
Doğma
torpağında, böyük Vətənin qəriblik,
qürbətdəymiş kimi yaşamaq və Şimali Azərbaycan,
Bakı, Qarabağ həsrəti çəkmək,
könlündə Arazın bu tayına dibsiz sevgi bəsləmək
Güney yazarlarının, demək olar ki, hamısına xas
özəllikdir. Çağdaş dövrün ünlü
bilim adamı və yazarı kimi dövri-mətbuatda adı
ara-sıra çəkilən Araz Əhmədoğlunun ürəyində
də bu həsrət yuva salmışdı... Bu ağrı
özkeçmişindən, şeir və nəsr əsərlərindən
da duyulur...
Azərbaycan
türkcəsində, ingilis və fars dillərində
yazdığı hekayələrdən oluşan "Son
tüfəng" adlı kitabındakı eyniadlı hekayəsində
Araz Əhmədoğlu Qarabağ savaşına, mənfur niyyətli
Ermənistanın Azərbaycana qarşı uzun illərdən
bəri apardığı işğalçı müharibəyə
münasibətini böyük ürək yanğısı ilə
sərgiləyib. Bu hekayə Qarabağda ermənilərin
törətdiyi ağlasığmaz cinayətləri TV
ekranlarında gördüyü gündən bəri
yaşadığı dərdlərin bədii ifadəsidir.
"Son tüfəng" kitabı yazarın
oxucuları ilə ilk görüşüdür. Araz bəy
ocağımızın, süfrəmizin başında
oturtduğumuz, hər işlərində kömək əli
uzadıb dost bildiyimiz vandal, nankor ermənilərin Azərbaycan
türklərinin başına açdıqları faciələrlə
dolu siyasi oyunların, vəhşiliklərin, qəddarlığın,
haqsız torpaq iddialarından doğan işgəncə
üsullarının könlündə yaratdığı təəssüf
və qəzəb hisslərini qələmə alır, qanlı
olayların mahiyyətini açır: "Düşmən
artıq kəndə dolmuşdu. Orda qalanlar
yalnız qadınlar və uşaqlar idi. Güllə
səsi ilə qışqırıq,
çığır-bağır, mal-heyvan mələşməsi,
toyuq-cücə səsi, yanğın, tüstü kəndi
bürümüşdü. Gözləri
ilə gördüklərinə inana bilmirdilər kəndlilər.
Heç anlaya bilmirdilər ki, bu savaş nə
üçündür? Axı, kimsənin
suyunu kəsib toyuğuna daş atmamışdılar. Bir yandan da savaşan əsgərlərin neçəsi
bir zaman bu kəndlilərin qonşusu olub onların
duz-çörəyini yemişdi. Nənə
özü uzaqdan general ilə bir neçəsini seçə
bilmişdi kəndin alovlarının işığında.
"Vay sənin gözün çıxsın... Yaş, itin
balası, nankor... Anasının əmcəyini kəsən
mındar köpəyoğlu... Kaş səni
öz əlimlə qapımıza ac-lüt
sığındığın gün boğardım. Mən külbaş nə bilərdim qoynumda ilan bəsləyirəm?
Vay səni atası-anası bəlli olmayan mındar köpəyoğlu...
qapımızdakı nökər elə general olsa bundan
artıq ola bilməz... vay səni itdən
süd əmən..."
Kitabdakı digər hekayələrdə isə A.Əhmədoğlu
Güney Azərbaycanda yaşayan soydaşlarımızın
gündəlik məişət qayğılarını,
durumunu, problemlərini, yaşam tərzlərini oxucunun
gözləri qarşısında canlandırıb. Bu hekayələri
o, əhatə etdiyi mövzuların üzərində uzun illər
düşünəndən sonra qələmə alıb.
"Dara" hekayəsində Güney türklərinin
iki əsrdən çox müddətdə üzləşdikləri
zorakı assimilyasiya siyasətinin mahiyyəti
açıqlanıb.
Fəranək Fərid İpək çağdaş
dövr Güney ədəbiyyatının ünlü
simalarındandır. 1985-ci ildən etibarən ictimai-mədəni
və qadın hüquqları sahələrində aktiv fəaliyyətə
qoşulub. Ədəbiyyatda şeir, nəsr,
tərcümə və tənqid yönündə qələmə
aldığı əsərləri ilə öz parlaq səhifəsini
yazıb. Əsərlərini "İpək"
təxəllüsü ilə çap etdirən Fəranək
xanım 2004-cü ildən "Dilmanc" jurnalında
qadınlarla bağlı özəl sayların baş redaktoru
görəvinə üstlənib. "Yuxuda
ayılmaq" və "Cızıq" adlı iki şeir
toplusu (2010 və 2011-ci illər), daha sonra isə "Xanıməli"
öykü toplusu çap edilib.
1998-ci ildə I Şimal-Qərb Jurnallar Festivalında
F.F.İpək "Ana" adlı şeiri ilə birincilik
qazanıb. Qadın hüquqlarının müdafiəsinə həsr
edilmiş uluslararası qurultay və seminarlarda iştirak edərək
cəsarətli, demokratik ruhlu düşüncə və
fikirlərini yüksək kürsülərdən
hayqırıb. Urmu hadisələri zamanı, Urmu
gölünün başının üstünü
almış ölüm faciəsinin qarşısını
almaq üçün mübarizəyə qoşulan yazarlar və
Güney Azərbaycan xalqı ilə çiyin-çiyinə
Fəranək xanım da hərəkət edib, öz
sözünü digər məsləkdaşları kimi, daha
çox qələmin gücü ilə deyib. 2011-ci
ilin sentyabrında Urmu gölünün qurudulması faciəsinə
qarşı təşkil olunan nümayişdə tutulub, 42
gün zindanda qalıb. Lakin dövlət
büdcəsinə 100 mln. tümən
ödədikdən sonra azadlığa buraxılıb. Urmiya gölünün qurudulmasına etiraz etdiyinə
görə, məhkəmə tərəfindən İpək
xanıma 3 ay 1 gün həbs cəzası və 1 mln. tümən tümən nəqd pul cəriməsi
kəsilir.
Bakıda
2017-ci ildə Azərbaycanın ən məşhur
mükafatlarından sayılan Beynəlxalq "The First"
("Birinci") mükafatına layiq görülən
F.F.İpəyin də əsərlərində milli kimlik,
qadın azadlığı, insan hüquqları,
qızların vaxtından tez evləndirilməsi,
savadsızlıq kimi məsələlər qabardılır,
bu çatışmamazlıqların aradan
qaldırılması üçün yollar aranır...
Qeyd etdiyimiz kimi, Güney yazarlarının niskilli ürəyində
lap uşaqlıq çağlarından bir Bakı, Qarabağ
sevdası da kök salır. 2011-ci ildə nəşr
olunmuş Məhəmməd Rza Təbrizlinin yeni "Qartal
balası" adlı kitabında üç hekayə-öykü
yer alır. "İz", "Xan nənəm",
"Qartal balası" adlı bu hekayələrdə
Güney Azərbaycanda baş vermiş hadisələr, habelə
gündəmdə olan milli hərəkat, daha çox
Qarabağda ermənilərin törətdiyi vəhşiliklər
bədii əksini tapır. "Qartal balası"nda
Güneyli gənclərin Qarabağa getmək, Vətənin
şimal parçası uğrunda vuruşmaq, erməni cəlladlarına
layiq olduqları cəzanı vermək istəyi boy verir:
"Yeməkdən sonra çay içəndə anasına
dedi ki, ay ana, bu igidlər qaçaq yolla Güney Azərbaycandan
gəliblər. İstəyirlər Qarabağda
vuruşmağa getsinlər, yardımçı olacaq adam tapa bilmədik. Mən də
düşünürəm ki, bunları özüm aparım
dadaşın yanına. Anası da
doluxsunmuş halda "Allah köməyiniz olsun! Sağ
gedib-salamat gələsiniz..." - dedi və sonra da
üzünü göyə tutub asta səslə: - Allahım,
sən bu cavanları qoru, yağıları zəlil elə, -
deyib ağladı..."
Onlar
üçün bir Vətən-bütöv Azərbaycan
anlamı var, fərqi yoxdu, bu Vətənin Güneyində
yaşayırlar, ya şimalında... Ona görə də Təbrizli
Məmməd Rzanın yazdığı kimi, Qarabağ dərdini
öz dərdləri, problemləri kimi qavrayır, öz qəlblərinin
yarası kimi qəbul edir, kədər qarışıq bir
ümidlə, gün gələcək, yağı
düşmən-ermənilər qədim türk
torpaqlarından qovulacaq, didərgin xalq doğma
yurd-yuvalarına qayıdacaq,-inamı ilə bu mövzunu əsərlərində
qabardırlar.
Qarabağ müharibəsi mövzusunun poeziyada inikası olan bu əsərlərdə sənətkarlıqla yaradılmış bədii surətlər bədii təxəyyülün məhsulu olan ümumiləşdirilmiş, yaxud tipikləşdirilmiş, "uydurulmuş" qəhrəman obrazları deyil, müharibənin yaratdığı, formalasdırdığı, taleyini bütünlüklə Vətənin-Qarabağın taleyinə bağlamış insanların bədiiləşdirilmiş obrazları, prototipləridir... Bu insanlar "Qarabağ və onun ətrafında baş verən mürəkkəb və qanlı hadisələrin odlu kürəsində yanıb-yaxılan, bişib ortaya gələn, bu qanlı olayların yaratdığı qəhrəmanların ədəbiyyata gəlişidir... Bunlar ən çətin, ən ağır məqamlarda millətin, vətənin taleyini öz talelərində gəzdirən insanların vətəndaşlq mövqeyindən ədəbiyyata gətirilən yeni bədii təfəkkürün qəhrəmanlarıdır... Qarabağa bağlılıq, xalq həyatının problemlərinə həssas münasibət, ən ümdəsi isə insanda yüksək və ali dəyərləri, nəcib fikri-hissi başlanğıcı axtarıb tapmaq və bədii cəhətdən təsdiq etmək bu yazılara xas bir xüsusiyyətdir..."
Həmid Arğış "Tikanlı məftillər" hekayəsində Əziz Səlaminin "Ahu kimi gözlərin"də toxunduğu, gündəmə gətirdiyi mövzunu davam etdirir... "...Neçə ləzə idi ki, tikanlı məftillər arxasında durmuş, maraqla o taya baxırdı. Tikanlı məftillərdən neçə metr oyanda, enli çay, özünü sahilin daşlarına çala-çala qaranlıqda məhv olurdu. Neçə günüydü bu məntəqəyə əsgər verilmişdi. Hələ özünə bir yoldaş tapmamışdı. ...üzbəüz sahildən sərin bir yel tanış bir mahnı səsini qətirirdi bu taya, sudan, məftillərdən aşa-aşa... uşaqlıqda da belə bir mahnını dinləmişdi, anasının və atasının sazının tellərindən... Buraya qəlmədən demişdilər: "Ölkənin sərhədində xidmət etməyə qedirsiz! Çox ehtiyatlı olmağınız gərəkdir..." neçə ləhzə dərin bir uçurum tərkində özünü gördü, ibhamlı səslər içrə... dərindən tövşüdü. Əllərini ətrafa açıb qaranlıqda ətirli havanı dərindən sinəsinə çəkdi. Çox tanışıdı ona bu havanın qoxusu. yungulluk duyurdu özündə... bir daş götürüb tikanlı məftillər üstündən suya atdı... üzbəüz sahildə çox uzaqlarda, bəzi yerlərdə çıraqlar bınık-bınık yanırdılar... o taydan isə bir daş suya atıldı. diqqət etdi; onu gördü, özü kimi bir əsgər idi o, əlin tərpətdi bundan sonra sağ əlini irəli uzatdı. Sanki bunla görüşmək istəyirdi! Aralarında enli bir çay olsa da, əlində bir qızğınlıq və istilik duydu, ürəyi şiddətlə döyünməyə başladı. Axşam yatağa girəndən ta səhərəcən heç yata bilmədi. Sanki boğazına bir zad tıxılmışdı. indiyəcən belə bir vəziyyətlə qarşılaşmamışdı ... sürətlə axan çay, hər iki ölkənin adının bir olduğu, tanış mahnılar və hər zaddan artıq tikanlı məftillər onu fikrə salmışdı..."
(Ardı var)
Esmira FUAD
525-ci qəzet.- 2022.- 25 noyabr.- S.13.