İsmayıl Məmmədli: dəyərli
alim və ləyaqətli vətəndaş
Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli
ilə tanışlığımızın
ömrü bir azdan üç onilliyi haqlayacaq. Onunla
ilk görüşümüzün təəssüratı məndə
təmkinli, götür-qoylu,
ədəb-ərkanı yerində,
özündən müştəbeh
olmayan, başqalarına
hörmətlə yanaşmağı
bacaran, başqasının
haqqına girməməyi,
haqqını tapdamamağı
həyat kredosu seçən Azərbaycan
dilçiliyində özünəməxsus
yeri olan, lüğətçiliyimizin problemlərinin
çözülməsinə daim məsuliyyətlə yanaşan, özü özündə, sözü
sözündə olan
sanballı dilçi obrazı təsirini bağısladı. İndiyədək onun 250-dən çox elmi məqaləsi, 25 monoqrafiya və lüğət kitabları,
dərslik, dərs vəsaitləri təhsilimizə
və elmimizə xidmətdə öz önəmli rolunu oynayıb.
İsmayıl müəllimlə daha yaxından ünsiyyətimiz
Bakı Qızlar Universitetində Azərbaycan
dili və ədəbiyyatı kafedrasında
birgə işlədiyimiz
zamana təsadüf edir. Azərbaycan dilçiliyinin problemlərini
dərindən bilən
alimin öz tələbələrinə onun
incəliklərini mühazirə
və seminarlarda dərindən öyrətdiyinin
şahidi olmuşdum.
İsmayıl müəllim, demək olar ki, sadə
həyat tərzinə
üstünlük verən,
daim ömrünü sözlə-sazla keçirib,
aşıqlığı özünə
həmdəm seçmiş
el aşığı Oruc
kişinin ailəsində
- Qərbi Azərbaycanın
Göyçə mahalında
dünyaya gəlib. Əlbəttə,
Göyçəlisənsə, ya saza könül
verməlisən, ya da bal kimi
şirin ana dilimizin sərrafı olmalısan. Haqq tərəfindən olan kimi, İsmayıl
müəllimin doğulduğu
ailədə sazla söz bir-birini tamamlayıb və daim qoşa addımlayıb. Biri digərinin
köməyinə yetib,
biri digərinə həyan olub. Gənc İsmayıl soy-kökdən, əsil-nəsildən
gələn aşığın
sazı ilə sözünü bir məxrəcdə birləşdirib,
ali təhsilə yiyələndiyi Azərbaycan
Pedaqoji Dillər İnstitutuna daxil olmaqla "el" sözü
ilə "elm" sözünün
sirli-sehirli aləminə
baş vurub. Azərbaycan və alman dilləri
üzrə mütəxəssis
kimi yetişməyə
başlayıb. Beləliklə, sözdən söz yoğurmağı qarşısına
məqsəd qoyub.
1967-1970-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında elmi və ədəbi nəzarət redaksiyasında
redaktor, böyük elmi redaktor vəzifələrində
çalışıb. Elmi axtarışlara olan sönməz həvəs onu Azərbaycan Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun
aspiranturasına gətirib.
Ömrünü dilçiliyimizin çeşidli problemlərinin
araşdırılmasına həsr edib. 1974-cü ildə filologiya elmləri namizədi, 1993-cü ildə
filologiya elmləri doktoru dissertasiyalarını
uğurla başa vurub.
Professor İsmayıl Məmmədli
üç onillikdən
artıqdır ki,
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda lüğətçilik
şöbəsinə rəhbərlik
edir. O, şöbə
rəhbəri kimi öz qayğıkeşliyi,
təəssübkeşliyi, səmimiyyəti və məsuliyyəti ilə bölmənin işinin dinamizasiyasında daim avanqard rolu ilə
seçilib. Şöbədə çalışan işçilərə göstərdiyi
münasibəti onu nəinki burada, Dilçilik İnstitutunda,
həm də digər elmi dairələrdə və
təhsil ocaqlarında
məşhurlaşdırıb.
İsmayıl Məmmədlinin elmi fəaliyyətinin başlıca
istiqaməti Azərbaycan
lüğətçiliyi ilə
bağlıdır. Tanınmış
alimin "Ekran, efir və dilimiz"
monoqrafiyası, "Azərbaycanca-rusca
etnoqrafiya terminləri
lüğəti" (digərləri
ilə birgə),
"Azərbaycan dilinin
izahlı lüğəti"
(digərləri ilə
birgə), Azərbaycanca-rusca
danışıq kitabı
(həmmüəllif), "Vurğu lüğəti"
(tərtibçisi və
redaktoru), "Azərbaycan
dilinin orfoqrafiya lüğəti", "Neft
və qaz sənayesinə aid terminlərin
lüğəti" (ingilis-Azərbaycan
və rus dillərində ? redaktoru),
"Azərbaycan dilinin
orfoqrafiya lüğəti"
(redaktoru və ön sözün müəllifi) kimi mənbələrlə yanaşı,
məzmun və struktur baxımından maraqlı "Axtarışlar,
yozumlar, anımlar"
(Bakı, 2006), mətbuat
dilimizin xüsusiyyətlərinə
həsr olunmuş
"Qəzet dilinin leksikası" (Bakı,
2010) kimi kitabları İ.Məmmədlinin nəinki
sırf leksikologiya, leksikoqrafiya və lüğətşünaslıq sahəsində, həm də digər istiqamətlərdəki səriştəli
keyfiyyətlərini ortaya
çıxarıb. Bundan
başqa, müəllifin
xeyli sayda publisistik yazılarında
("Şair ölmür,
qara qələm kimi yazılır, qurtarır", "Bizdən
sonra nə qalacaq", "Alim ömrünü vərəqləyərkən",
"Tanınmış türkoloq",
“Axtarışda keçən
ömür yolu",
"Ölməzlik", "Tovuz - oğuzların qədim yurdu", "XX əsr Göyçə aşıq mühiti",
"Bəkir Çobanzadə",
"Dil də dəniz kimi təmizlik sevir" və s. kimi nümunələrdə) açıq
təfəkkürünü, aydın, dumduru fikirlərini kağız üzərinə köçürdüyünün
şahidi oluruq.
İsmayıl Məmmədli Azərbaycan
dilşünaslığı mühitində özünü
və imzasını təsdiqləmiş alimlərdən
olmaqla, həm də yaradıcılıq
istiqamətləri çoxcəhətli
və rəngarəngdir. Bu böyük alimin tədqiqatlarının əsas
vektorları leksikologiya,
onomalogiya, etnolinqvistika,
lüğətçilik, şifahi
nitq problemləri, üslubiyyat, nitq mədəniyyəti kimi çeşidli sferalardır.
Bundan başqa,
İsmayıl müəllim
uzun illər ərzində (1980-1989) Azərbaycan
Dövlət Televiziyasında
"Azərbaycan dili"
və "Dil xalqın mənəvi sərvətidir" (dünya
azərbaycanlıları üçün)
verilişlərini aparmaqla
dilimizin təbliğ olunmasında nəzərəçarpacaq
xidmətlər göstərmişdir. Qeyd etdiyimizlə
yanaşı, İsmayıl
Məmmədlinin 2002-ci ildən
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
hüquqi təbliğat
idarəsində məsləhətçi-filoloq
vəzifəsində çalışdığını
da burada göstərməyi zəruri
hesab edirik.
30 ildən artıqdır ki, İsmayıl Məmmədli Azərbaycan
Yazıçılar, Jurnalistlər və Aşıqlar Birliyinin, dilçilik ixtisası üzrə Müdafiə Şurasının, İnstitut
Elmi Şurasının,
Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət Dil Komissiyasının üzvüdür.
Professor İsmayıl Məmmədlinin bu komissiyanın tərkibində
yer alması Ulu öndər Heydər Əliyevin öz təşəbbüsü
ilə baş vermişdi. Belə ki, İsmayıl
Məmmədlinin bu Komissiyada bir dəfə çıxışını
görən Heydər
Əliyev onun adıçəkilən qurumda
daim yer almasını zəruri hesab etmişdi.
Respublika
Prezidentinin Sərəncamı
ilə professor İ.Məmmədlinin
"Tərəqqi" medalı
ilə təltif olunması, Həsən bəy Zərdabi mükafatına və diplomuna, Səməd Vurğun mükafatına layiq görülməsini də böyük alimin halalca haqqı hesab edirik.
Bunları sadalamaqla professor İsmayıl
Məmmədlini tərif
etmək, öymək
məqsədini güdmürük. Bununla belə,
zəhmetkeş alimin gördüyü işləri
qeyd etməyi gərəkli hesab edirik. Eyni zamanda onu da bildirək ki, İ.Məmmədli bəzi çinədanında
bir şey olmayıb, özündən
razılar kimi ortaya qoyduğu işlərə görə
burnunu yuxarı tutanlardan da deyil.
İsmayıl Məmmədli üzərinə düşən məsuliyyəti dərindən anlayan alimlərdəndir. Gördüyü işlərə görə əvəzində heç nə uman da deyil. İsmayıl müəllimin ətrafını dərk etməsi, qavraması da adekvatdır. Kommunikasiyada pozitiv enerji ilə diqqəti cəlb edəndir. İsmayıl müəllim boş işlərə baş aparan, vaxt sərf edən də deyil. Onun bütün pozitiv ünsiyyət kanalları işçilər, həmkarlar, alimlər, dost-tanışlar, qohum-əqrəbalar üçün daim açıqdır. Eyni zamanda, İsmayıl müəllim bir şəxsiyyət və alim olaraq özünün güclü və zəif tərəflərini də yaxşı biləndir. O, digərləri kimi özü özünün vurğunu da deyil. Çünki yaxşı bilir ki, onun özünəvurğunluğu içində daxili konflikt yaradar və ətrafdakılar da bunu yaxşı qəbul etməz. Sadaladığımız bu dəyərlərdən əksər təfəkkür daşıyıcıları, demək olar ki, məhrumdur. İsmayıl müəllimin bax, məhz bu tərəfi onu digərlərindən nəzərəçarpacaq dərəcədə fərqləndirir. O, hansı mühitdə, hansı yerdə olursa olsun, əsl türk kişilərinə xas olan əzəməti ilə göz önündə dayanır.
Normal, nəvazişli və pozitiv ünsiyyət, konflikt və münaqişə yaratmaqdan yaxasını daim kənarda saxlayan İsmayıl müəllim, həm də müəllimlik peşəsinə daxilən necə bağlı olduğunu nümayiş etdirməkdədir. Aurası müsbət enerji yaymağa köklənmiş İsmayıl müəllim, demək olar ki, günümüz üçün özündə gərəkli alim və müəllim obrazını cəmləşdirib.
Bütün bunlar İsmayıl müəllimin fərdi aləmidir. Bununla belə, həyat olduqca amansızdır. İsmayıl müəllim də ruzigarın bütün sifətlərini görüb. 1976-cı ildə atası Oruc kişi kimi el aşığını, 2002-ci ildə dünyalar qədər sevdiyi ömür-gün yoldaşı Nailə xanımı vaxtsız itirdikdə sanki əli-qolu qırılıb yanına düşmüşdü. Özündən keçmişdi. Ağrılı-acılı günləri özünə həmdəm etmiş, dərd-kədərlə baş-başa qalmışdı. Elə buna görə də vaxtilə nə qədər arzularının pərvazlanacağına ümid bağlayan İsmayılın fikirləşdikləri çərxi-fələyin hökmünə görə gözündə qalmışdı. Onunla dəfələrlə görüşəndə necə təsəlli verəcəyimi, ovunduracağımı da bilmirdim. Amma neyləyəsən?! Ruzigarın üzü dönükdür, ərzayılınsa atı yüyrək. Onlar da çaphaçap çapdılar İsmayılın üstünə. Atası Oruc kişini, ömür-gün sirdaşı Nalə xanımı itirdiyi az idi, bu yandan da əzizi, ciyərparası, daim onun nəvazişini çəkdiyi gül parçası kimi qızı Xatını da ötən ilin yayında dəhşətli avtomobil qəzasında itirdi. Bu faciələr İsmayılın iç dünyasına vəlvələ saldı. İsmayıl üçün bunlara dözmək çox ağır idi. Elə indi də ağırdır... Akademiyada dəhlizlərdə üz-üzə gələrkən sanki hər dəfə İsmayıl müəllimin sifətindən bu faciələrin cizgilərini oxuyuram. Təsəlli verməyi isə nə məqbul, nə də qeyri-məqbul sayıram. Çünki heç nə İsmayılı aram etmək üçün kifayət etməz. Çünki fələyin ona vurduğu zərbələrin ağırlığını elə İsmayıl müəllimin özü kimi heç kim də bilmir...
Amma neyləsən?! Axı həyat davam edir! Onu yaşamaq lazımdır!..
Eşidəndə ki,
İsmayıl müəllim 75 yaşın
astanasındadır, çox sevindim. Allaha dualar etdim ki, professor İsmayıl Məmmədlini
nə olar ki, bundan sonra
fələk sinsitməsin!
75 yaş artıq
insanın özü,
xalqı, çalışdığı
sahədə, kollektivdə
ən mühüm imtahanı, sınağı,
hesabatıdır. Əminliklə deyə bilərik ki, 75 yaş ömür zirvəsindən
İsmayıl müəllimin
həyat fraqmentlərinə
və mərhələlərinə
baxdıqda onun son dərəcə əzəmətli
şəxsiyyəti, mədəniyyəti,
mənəviyyatı, ləyaqəti,
vətəndaşlığı və bir də
dilşünas alimliyi
göz önündə
dayanır.
75 yaşın mübarək,
ləyaqətli vətəndaş
və tanınmış
dilşünas alimimiz,
professor İsmayıl Məmmədli. Hər şey
dəyişir, hər şey yenilənir.
Sənin mənəvi bütövlüyünlə alimliyin və vətəndaşlığın
bütün təlatümlərə sinə
gərməklə qravitasiyadadır. Təbrik edirəm! Allah Sənin 90-nını da
vəsf etməyi bizə qismət eləsin!
Nizami
TAĞISOY
Professor
nizami.mamedov@mail.ru
525-ci qəzet.- 2022.- 25 noyabr.- S.12.