TV sindromu  

 

 

(Olmuş əhvalatlar)

Zəruri bir giriş

Bəri başdan qeyd etməyi vacib bilirəm ki, təsvir edəcəyim bu əhvalatlar onların iştirakçısı olan müğənnilərimizin ustalığına, Azərbaycan vokal ifaçılığı sənətinin inkişafındakı xidmətlərinə zərrə qədər də kölgə salmır və mən onların üçünün də sənətinə böyük rəğbət bəsləyirəm.

Səməndər Rzayevin qəhrəmanının sözü olmasın, bu televiziya ki var, çox qəliz  məsələdir - kimlərisə bir neçə dəqiqənin içində respublikada məşhurlaşdırıb, necə deyərlər, "teleulduza" çevirər, dağın başına qaldırar, yaxud da əksinə, fəth etdiyi dağın başından üstdən aşağı elə yuvarlayar ki, bir də gözlərini açıb görərlər ki, çölü biyabanın ortasındadırlar.

Televiziyanın, xüsusilə də canlı efirin şıltaqlığından, cığallığından hətta tanınmış simaların da əziyyət çəkmələrinə, naqolay vəziyyətə düşmələrinə aid faktlar az deyil. Düşünürəm ki, aşağıda nəql edəcəyim əhvalatlarda sevimli sənətkarlarımızı çətin vəziyyətdə qoyan səbəblərdən biri də elə televiziyanın vəfasızlığıdır...

                         

 

ELMİRA RƏHİMOVANIN MUĞAM SEVDASI VƏ ƏHSƏN DADAŞOVUN TARININ "HİRSİNDƏN" QIRILAN SİMİ

 

(1-ci əhvalat)

 

  

 

1970-ci illərin əvvəlləri, yay axşamı idi. Televiziya ilə Elmira Rəhimovanın (Allah cansağlığı versin) konserti başlamışdı.

O vaxtlar verilişlərin, konsertlərin videoyazılışı texnikası hələ tam mənimsənilməmişdi və müğənnini Əhsən Dadaşovun (Allah rəhmət eləsin) rəhbərliyi ilə xalq çalğı alətlərinin müşayiət etdiyi bu konsert də canlı yayımlanırdı.

Təəssüf ki, adını unutduğum növbəti mahnı elan edildi. Əhsən müəllim, səhv etmirəmsə, "Segah" muğamı üstündə kiçik bir gəzişmə etdi və mən dərhal başa düşdüm ki, Elmira xanımın könlündən heç olmasa bir ağız muğam oxumaq keçib (amma bilsəydi ki, qarşıda onu nə gözləyir, bu arzusundan bilmərrə vaz keçərdi). Əhsən müəllim "ayaq" verib müğənnini oxumağa dəvət etdi və elə birinci cəhddəcə Elmira xanımın səsi muğamın pərdəsinə düşmədi, dalınca da ifa etmək istədiyi avaz yolunu azıb Allah bilir hara uçdu.

Elmira xanım dayandı, üzünü turşutdu və elə o avazın dalınca da studiyanı tərk edib yox oldu.

Mən o vaxtadək televiziyada belə şey görməmişdim, ona görə də ağzımı açıb işin nə ilə başa çatacağını gözləyirdim.

Belə məqamlarda, adətən, TV-də süni "texniki problem" yaranır və rejissor kameranın istiqamətini dəyişib bu "problem" aradan qalxana qədər gözləyir. Amma bu dəfə nədənsə bu baş vermədi. Kamera Əhsən müəllimdən imdad dilədi və təcrübəli tarzən səbirlə öz gəzişmələrini bir də təkrar edib bu müddətdə gəlib mikrafon arxasında yerini tutan Elmira xanıma baxdı - yəni başla. Elmira xanım bu dəfə inamla başladı, amma səsi yenə ilişdi, nəzarətdən çıxdı və bu dəfə o, studiyadan çox pərt vəziyyətdə qeyb oldu.

Bu, artıq xoşagəlməz vəziyyət idi. Kamera yenə də Əhsən müəllimi önə çəkdi. Bu dəfə onun həmişə mehriban görünən simasında heç vaxt görmədiyim əsəbi bir ifadə vardı. Artıq Elmira xanımın muğam sevdasının baş tutmayacağına əmin olan tarzən valı dəyişdi, bu dəfə tara necə dov gəldisə, rejissor qırılıb tardan aşağı sallanan simi gizlətməyə macal tapmadı.

Əhsən müəllim daha muğam üstündə gəzişmə etmədi, mahnının melodiyalarına keçid edib ansamblı da öz "ardınca" apardı və Elmira xanım yenə də studiyaya daxil olub yəqin ki, karyerasında ən uğursuz ifasını başa çatdırdı.

 

 

GÜLAĞA MƏMMƏDOVUN "RAST" DƏSTGAHI

 

(2-ci əhvalat)

 

Səhv etmirəmsə, 1982-ci (bəlkə də 1983-cü) il idi.

Bir gün TV proqramında oxuyanda ki, filan gün, filan saat, filan dəqiqədə Gülağa Məmmədov (Allah rəhmət eləsin) "Rast" dəstgahı oxuyacaq, təəccübdən gözlərim çıxdı kəlləmin ən hündür yerinə. Fikirləşdim ki, bizi əsrin də olmasa, onun 1 ilinin sürprizi gözləyir. Mən də ki, belə şeylərin bazı... Başladım həmin o filan gün, filan saat, filan dəqiqəni intizarla gözləməyə. Hər gün xəyalımda cürbəcür epizodlar canlanırdı - Gülağa Məmmədov gah "üçlüyün" ("trionun") ortasında oturub şövqlə qaval çalır, yaxud musiqiçilərin solunda, ya da sağında oturub qaval oynadır.., "razqon" götürüb zəngulə vurur və s. və i.a. Bəh, bəh! Əməlli-başlı bayram olacaq ki! İndi döşünə döyən xanəndələr görərlər ki, papaq altında necə oğlanlar var! Belə getsə, inşallah, Oqtay Ağayevin ifasında "Mirzə Hüseyn segahı" da dinləyərik yaxın vaxtlarda.

Nəhayət, həmin gün, həmin saat, həmin dəqiqə yetişdi... və ansambl dəramədi ifa edən müddətdə kamera sağ tərəfdə fortepianoya dirsəklənmiş Gülağa müəllimi göstərəndə gözlərim bu dəfə əvvəlkindən də mükəmməl şəkildə çıxdı kəlləmin lap zirvəsinə - mən nəinki o vaxta, heç indinin özünə qədər də fortepianoya söykənib ayaq üstə dəstgah oxunduğunu görməmişəm.

İncəvara Gülağa müəllim də bu ənənəni pozmadı, nəinki "Rast" dəstgahını, yaxud "Rast"ı, heç "Rast"ın suyu da olmayan uğursuz bir "Rast" oxuyub məni və mənim kimilərinin, necə deyərlər, "başını aldatmaq", mərhum Əlibaba Məmmədovun dili ilə desək, auditoriyanı yola vermək  istədi, sonra da çıxıb getdi işlərinin dalınca.

Sonralar tez-tez gözlərimin qabağında belə bir səhnə canlanırdı: dostlarından biri küçədə Gülağa müəllimin qarşısını kəsib soruşur ki, Gülağa, o nə"Rast" idi o gün oxudun? Gülağa müəllim də cavab verir ki, buna görə qoy məni bu işə vadar edənlər (güman ki, TV işçilərini nəzərdə tutaraq) tarix qarşısında cavab versinlər.

Bir halda ki, iş gəlib kinoya çıxdı gəlin bu yazıya da "Axırıncı aşırım" filmindən Kərbəlayı İsmayılın sözləri ilə nöqtə qoyaq: "Görəsən, onları buna vadar edən nədir?" Bəlkə... Nə isə.

 

TV  STULLARININ DƏDƏ SÜLEYMANA XƏYANƏTİ

(3-cü əhvalat)

 

Dədə Süleyman (Abdullayev) (Allah rəhmət eləsin) hansısa TV kanalında canlı yayımlanan musiqili-əyləncəli səhər proqramının qonağı idi. Belə verilişlər isə ifasız ötüşmür. Verilişin şirin yerində Süleyman müəllim qavalını götürüb başladı hansısa məşhur bir təsnifi canlı oxumağa... və ifanın ən şirin yerində onun əyləşdiyi stulun sağ, ya da ki sol - dəqiq yadımda deyil - ayaqları incidiyi kimdənsə hayıfını Süleyman müəllimdən almaq fikrinə düşdü: biri şimal, o biri cənub tərəfə necə yayxandısa, Süleyman müəllim əlində qaval şappıltı ilə yıxıldı yerə...

Aparıcılar cəld irəli atılaraq xanəndənin qolundan yapışıb qalxmasına kömək etdilər və kimsə kənardan ayrı stul gətirib üzüqara stulun yerinə qoydu ki, pərt vəziyyətdən çıxmaq üçün oxumağa davam edən xanəndə əyləşsin. Amma həmin gün deyəsən, studiyadakı bütün stullar hayıflarını məhz Süleyman müəllimdən alacaqları barədə sövdələşmə imzalamışdılar, çünki bu stul əvvəlkindən də üzüqara çıxdı - bu dəfə şimal tərəfdəki ayaqlar cənuba, cənubdakı ayaqlar isə şimal tərəfə sürüşüb o yaşda xanəndəni təkrar yerə sərdi.

Bu dəfə qaval Süleyman müəllimin əlindən sürüşüb çıxdı. Aparıcılar yenə irəli cumub xanəndəni dikəltdilər və onlardan biri qıraqdan kömək gözləməyib öz stulunu Süleyman müəllimə "peşkəş" elədi. Ustad yenə də oxuya-oxuya əyləşdi, amma bir neçə saniyə sonra bu stulun da ayaqlarının laxladığını görüb biabırçılıq təkrarlanmasın deyə qalxdı və ifasını ayaq üstə tamamladı.

Yusif Səmədoğlunun romanında deyildiyi kimi, inanan inansın, inanmayan inanmasın.

Amma mən öz gözlərimlə gördüklərimi danışdım...

 

ƏLİAĞA AĞAYEVİN "HƏSİRİ BASMA, DOLAN GƏL"İ

(4-cü əhvalat)

 

 

 

Lap çoxdanın əhvalatıdır.

Televiziya hansısa bayram münasibətilə canlı musiqili veriliş yayımlayırdı. O vaxtlar belə verilişlərdə gülüş ustaları da iştirak edir, yumoristik səhnəciklərlə tamaşaçıları əyləndirir, bayram ovqatına təbəssüm, gülüş çalarları qatırdılar. Sözügedən verilişin bir məqamında Əliağa Ağayevin iştirak etdiyi səhnəciyin süjeti tam təfərrüatı ilə yadımda qalmasa da, onun bir epizodunu yaxşı xatırlayıram. Deməli, Əliağa müəllim və onun tərəf müqabili rolunda olan aparıcı kimi isə səbirsizliklə gözləyir, həmin şəxs isə nəyə görəsə gecikirdi... Belədə Əliağa müəllim öz opponenti ilə (və təbii ki, tamaşaçılarla) məzələnmək üçün maraqlı  bir jest elədi - arxada əyləşmiş musiqiçilərə yaxınlaşdı, klarnet ifaçısının əlindən klarneti alıb gözlənilən qonaqla zarafatlaşırmış kimi gülməli jestlərlə "Həsiri basma, dolan gəl" xalq mahnısını (Əliağa müəllimin bu mahnının adını "Qatığı basma, dolan gəl" kimi tələffüz etdiyini də yaxşı xatırlayıram) guya ifa eləməyə, daha doğrusu, bu melodiyanı ifa edən musiqiçinin hərəkətlərini imitasiya eləməyə başladı. Hər şey, necə deyərlər, planauyğun şəkildə davam edirdi. Amma gözlənilən qonaq studiyaya daxil olandan sonra heç kimin gözləmədiyi bir hadisə baş verdi: qonaq Əliağa müəllimin böyür-başında fırlanaraq gəlib çıxdığını ona bildirmək üçün dəridən-qabıqdan çıxsa da, heç bir nəticə hasil olmurdu, çünki Əliağa müəllim öz işində idi, gözü heç kimi görmür, qulağı heç kimi eşitmirdi. Nəhayət, qonaq son vasitəyə əl atıb Əliağa müəllimin həvəslə, şövqlə sağa-sola, yuxarı-aşağı yellədiyi klarneti dartıb onun əlindən aldı və təbii ki, həmin anda kənardan Əliağa müəllim üçün melodiyanı ifa edən musiqiçi də öz çalğısını dayandırmalı idi. Amma güman ki, o, ya qonağın bu jestini görmədi, ya da öz ifasına elə aludə olmuşdu ki, görmək hayında deyildi. Ona görə də qonağın əlində tutduğu klarnet susmaq bilmirdi, yəni öz-özünə haray-həşirini davam etdirməkdə idi. Hamı - canlı verilişin aparıcıları, qonaq, hətta Əliağa müəllimin özü də çaşıb qalmışdılar. Amma komik istedad, təcrübə öz işini gördü - Əliağa müəllim məşhur ləhcə ilə:

- Alə, bu şöğərib öz-özünə çalır ki! - replikası ilə verilişin rejissorunu, operatorunu, aparıcılarını və həm də özünü çətin vəziyyətdən çıxartdı, üstəlik, tamaşaçılara növbəti ekspromt gülüş sovqatını təqdim etdi.

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 25 noyabr.- S.11.