ARB-24 telekanalının informasiya
siyasəti
Azərbaycanın ənənəvi telekanallarının
artımı bu sahədə ciddi bir rəqabət prosesi yaratmışdır. Bugünkü çoxşaxəli və
çoxprofilli media sistemində,
xüsusilə internet xəbər
portalları və yenicə dəbə düşmüş internet televiziya
sistemində geniş auditoriyaya sahib olmaq yerüstü-ənənəvi telekanalların vacib vəzifələri sırasındadır.
İndiki çoxçeşidli media sistemində rəqabətə
dözmək və ondan qalib çıxmağın
əsas yollarından biri ictimai maraqları
daim diqqətdə saxlamaqdan keçir. Həm də bu yerdə
söhbət KÜT-lədən
deyil, ictimai təbəqədən və
hətta müəyyən
qədər elitar təbəqədən gedir.
Özəl telekanallar
sistemində bunu daha çox nəzərə alan
REAL TV-nin müasir telekanallar sistemində yeri barədə son vaxtlar bir sıra
maraqlı mütəxəssis
və adi tamaşaçı rəylərinə
çox rast gəlməkdəyik. Mən bu
yazıda ARB-24 telekanalının
informasiya siyasəti ilə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
Və elə bu yerdə xüsusi
qeyd edim ki, informasiya siyasəti heç də birbaşa "politika" deyil, hər hansı bir media qurumunun, o cümlədən, telekanalın
tipoloji xarakterini müəyyən edir.
Məlumdur ki, ARB telekanallar sistemində regional statusa malik bir media qurumudur. Bu kanalın çox geniş auditoriyanı nəzərdə
tutan ARB-24 variantı öz inkişafında artıq peyk vasitəsilə dünyaya
yayınlanmaqdadır. Tipoloji xarakterinə - bir az da
aydın desək, öz auditoriyasına görə əgər ARB
xeyli dərəcədə
kütləvi vasitə
rolundadırsa, ARB-24 daha
çox elit auditoriyaya ünvanlanır
və məhz bunu telepeşəkarlığın
ciddi bir formatı kimi qəbul edən yaradıcı kollektiv birbaşa jurnalistikanın
məlumatlandırmaq və
maarifləndirmək prinsiplərini
rəhbər tutur. Mən bu məqamda jurnalistikanın əyləndirmək
funksiyasının ona
görə adını
çəkmədim ki,
ARB-24 (və həm də REAL TV) qəsdən
bu funksiyadan uzaq olub birbaşa
məlumatlandırmaq və
maarifləndirmək funksiyasını
seçmişdir. Azərbaycanın
bugünkü mürəkkəb
dünya hadisələri
fonunda öz yerini ləyaqətlə qoruması və möhkəmləndirməsi, müstəqilliyimizin
"əbədi və
dönməzliyini"- (H.Əliyev)
əsas tutması prosesini aydınlaşdırmaq,
ünvanlandığı auditoriyanın
qəlbində və fəaliyyətində Vətən
sevgisini, azərbaycançılıq
duyğusunu gücləndirmək
bu kanalın yorulmaz fəaliyyətinin əsasını təşkil
edir. Bu yerdə
mən "yorulmaz"
sözünü təsadüfən
işlətmədim. Həqiqətən
ARB-24 telekanalının iş
rejimində gecə-gündüz
deyilən bir məfhum yoxdur. Telekanalın "yorulmaz"lığını
bir fakt kimi qəbul etmək üçün onun proqram formatlarının bəzilərini
(bəzilərini!) qeyd
etmək yerinə düşər:
"İşgüzar səhər",
"İş vaxtı",
"Nə baş verir", "Gündəm",
"Oyundankənar", "Peşəkar müsahibə",
"Həftəyə baxış",
"Gələcəyin peşəsi",
"Kreativ sənaye"
və s. Bu proqramların
əksəriyyəti sutkanın
içindədir və
hamısı da maarifçilik funksiyası
daşımaqdadır. Amma mən
bu məqamda əvvəlcə telekanalın
informasiya proqramlarına
diqqət yönəltmək
istərdim.
ARB-24-ün
"Xəbərlər" proqramının gün ərzində beş
canlı təqdimatı
efirdə yer alır: saat 8, 13, 18, 19 və 22-də. O qədər
də böyük sayda olmayan bir
kollektivlə "Xəbərlər"i
gündə beş
dəfə efirə çıxarmaq o qədər
də asan iş deyil. Mən xəbərlərin
aparıcılarına xüsusi
diqqət yetirirəm:
milli-mənəvi dəyərlər
sistemimizə hətta
öz geyimlərində
diqqət yetirən, Azərbaycan ədəbi dilinin qaydalarına öz nitqlərində əməl edən, onu teledilə çevirən, hadisə və faktların vaciblik anlarını öz diksiyalarında vurğulamağı bacaran
Vəfa Təyyarqızı,
Günel Mövsümova,
Gülşən Aslanova
kimi xəbər aparıcılarına mən
elə bir teletamaşaçı kimi
çox minnətdaram.
İnformasiya departamentinin
rəhbəri Elnur Şibliyev ən yeni xəbərləri, bəzən hətta proqramın gedişində
belə vacibliyini nəzərə alan,
bu xəbəri aparıcıya ötürən
bir peşəkar kimi fəaliyyət göstərir. ARB-24-ün əsas
müxbirləri - Elnur
Əbrürrəhmanlı, Leyla Rəhimli, Fidan Məmmədli, Nuranə İbrahimli, Loğman Kamranlı - biz bunları bəzən səhərin alatoranında,
gecənin qaranlığında
hadisə yerindən yorulmaz reportyorlar kimi görürük. Bu reportajları biz 44 günlük müharibə
cəbhəsində, işğaldan
azan olunan torpaqlarımızdakı
quruculuq məkanlarından
izləyirik.
ARB-24-ün analitik proqram
formatlarını və
onların maarifçilik
funksiyasını tamaşaçı,
xüsusilə elit tamaşaçı yüksək
qiymətləndirir. Bu sırada "İşgüzar
səhər"i xüsusi
qeyd etməliyik.
Bu proqram səhər
saat 9-dan 13-ə qədər
4 saat müddətində
davam edir. Proqram günün hadisələrini
çox operativ şəkildə, həm də maraqlı ekspertlərlə təhlilə
cəlb edir. Təkcə son həftənin,
son günlərin hadisələri-
İranın Azərbaycana
qərəzli münasibəti,
"bacısı" Ermənistana
havadarlığı "İşgüzar
səhər" təhlillərində
çox şeyi bizə aydınlaşdırdı.
Və Azərbaycana qərəzli münasibətinin
qələtə çevrildiyini
Prezidentimizin çıxışlarında
və bu çıxışların teletəhlillərində
hiss edib də geriləyən İranın
rəsmi dairələrindən
gələn
"Azərbaycan bizim
ürəyimizdir" kimi
ritorikasının saxtalığını
çox savadlı ekspertlərlə, bir sıra hallarda cənublu ziyalılarla təhlilləri "İşgüzar
səhər", "İş
vaxtı", "Nə
baş verir" kimi proqram formatlarında ortaya qoyuldu. Belə aktual mövzular - Fransanın açıq ermənipərəst mövqeyi,
bir sıra Avropa dövlət rəsmilərinin Ermənistan
"sevgisinin" saxta
əsaslarının peşəkar
təhlilləri ARB-24-ün maarifçi fəaliyyətini
çox aydın göstərməkdədir.
Hər gün saat 14-18 arasında canlı şəkildə efirə çıxan "İş vaxtı" aparıcı mətni, videogörüntülər, canlı bağlantılar və s. vasitələrlə ən aktual mövzuları gündəmə gətirməkdədir. Mən bu yerdə proqramın aparıcıları Rəhman Rəsulovun və Vəfa Seyidovanın peşəkar bir jurnalist kimi hadisələrə dərindən bələd olduqlarını, ekspertlərə tamaşaçının nəzərdə tutduğu suallarla müraciətlərini xüsusi vurğulamaq istərdim. Və mən eyni peşəkarlıq keyfiyyətlərini axşam saat 20-də günün yekununa dair iki saat canlı-informasiya proqramının aparıcısı Şəhla Vəliyeva haqqında da demək istərdim.vŞəhla xanımın - bu gənc jurnalistin bilik səviyyəsi və bu səviyyəni aydın, "suflyorsuz", birbaşa şifahi nitqlə tamaşaçıya çatdırma bacarığı çox güclüdür.
Bir yazıda heç də proqramların hamısı barədə danışmaq mümkün deyil. Amma belə bir cəhəti xüsusi qeyd edirəm ki, mövzu dairəsinə uyğun olaraq efirə dəvət olunan Şair Ramaldanov, Elxan Şıxəliyev, Üzeyir Cəfərov ... kimi hərbi ekspertlər, Şahin Cəfərli, Sabir Məmmədli, Tural Əliyev ... kimi siyasi ekspertlər, Fuad İbrahimov, Vüqar Bayramov ... kimi iqtisadçı ekspertlər öz savadları və azərbaycançılıq mövqeləri ilə tamaşaçını çox razı salırlar.
ARB-24-ün türkiyəli ekspertləri - Rahim AK, İsmail Cingöz, Ərdoğan Karakus, Abdullah Ağar, Coşkun Başbuğ, Özgür Tor, Alihan Limoçuoğlu kimi ekspertlərinə qardaş Azərbaycanın salamlarını yetirirəm.
ARB-24 telekanalının tamamilə yeni adda bir proqramını da qeyd etmək istərdim. Bu, jurnalist Vahid Abbasın apardığı "Peşəkar müsahibə" proqramıdır.
Həftənin hər şənbə günündə, telekanalın ən baxılan vaxtında- saat 22-də efirə çıxan bu proqram çox aktual mövzuları ilə tez bir zamanda tamaşaçı marağı qazandı. Proqramın aparıcısı Vahid Abbas ən mübahisəli və bir-birinə əks mövqelər- hətta narazılıq yarada biləcək fikirlərə peşə etikasının incə tələblərinə diqqət prinsipi ilə yanaşır və bununla da ən kəskin mübahisələrin də "sülh" yolu ilə bitməsinə nail olur.
Deyə bildiklərimin hamısı ARB-24-ün
yüksək səviyyəli informasiya
siyasətinə bağlıdır. Belə bir
telekanalın fəaliyyətə başlamasının dörd illiyi münasibətilə
onun baş direktoru Radik
İsmayılovu və bütün kollektivini bir
tamaşaçı kimi mən də
ürəkdən təbrik edirəm.
Cahangir
MƏMMƏDLİ
BDU
Milli mətbuat tarixi kafedrasının müdiri, filologiya elmləri
doktoru, professor
525-ci qəzet.- 2022.- 25 noyabr.- S.10.