O nadir
insanlardandır...
“Şöhrət” ordenli müəllimim haqqında
yubiley qeydlərim
Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan Həsənovun
yubuleyidir.
Məncə, onun 80 illiyi ilə Azərbaycan cüdosunun 50
illiyinin eyni vaxta düşməsi olduqca əlamətdardır. Tərlan Həsənov
ölkəmizdə cüdo
məktəbinin yaradanlar
və inkişaf etdirənlər, bu idman növünü populyarlaşdıranlar sırasında
özünməməxsus yer
tutur. Azərbaycan cüdosunun indiki
inkişaf səviyyəsinə
çatdırılması onun həyatının başlıca məqsədi
və idman fəaliyyətinin ayrılmaz
hissəsi olub.
Tərlan müəllimin məşqçiliyi
və peşəkarlıq
təcrübəsi mənim
kimi cüdoya qəlbən bağlı olan hər kəs
üçün yaxşı
bir məktəbdir. Bu gün mən öz imkanlarım daxilində bu məktəbin ənənələrini
yaşatmağa çalışır,
gənclərimizin ondan
bəhrələnməsi, cüdoya
maraq və məhəbbətin nəsillərdən-nəsillərə
ötürülməsi üçün
əlimdən gələni
edirəm.
Onun məşqçilik
fəaliyyəti və
təcrübəsi böyük
bir məktəbdir. Bu məktəbin ənənələrini
yaşatmaq, bir-birini əvəz edən nəsillərə çatdırmaq,
ondan daim bəhrələnmək vacibdir.
Azərbaycan idman ölkəsi kimi artıq bütün dünyada tanınır. Bu, şəxsən
möhtərəm Prezident,
Milli Olimpiya Komitəsinin rəhbəri
cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi misilsiz diqqət və qayğının nəticəsidir.
Dövlətimizin başçısı
Tərlan müəllimin
də xidmətlərini
yüksək qiymətləndirib:
o, 2019-cu ildə “Əməkdar
bədən tərbiyəsi
və idman xadimi” fəxri adına, 2022-ci ildə Azərbaycan Cüdo Federasiyasının
50 illiyi münasibəti
ilə “Şöhrət”
ordeninə layiq görülüb.
Şərq döyüş sənətində
müəllim - müqəddəs
şəxsiyyətdir, idealdır,
zirvədir. Şagird öz müəllimi
qarşısındakı borcu
heç vaxt ödəyə bilməz,
bu borc heç
bir maddiyyatla ölçülmür. Şagirdlə
müəllim arasında
əlaqə yalnız
minnətdarlıq hissinə
söykənir... Yəni şagird
ömrü boyu müəlliminə minnətdar
olur. Bu nöqteyi-nəzərdən
Tərlan Həsənov
Azərbaycanda cüdo
üzrə müəllimlərin
müəllimidir. Ölkəmizdə cüdonun inkişafında
onun müstəsna xidmətləri vardır.
Məncə, bu döyüş
növündə ad-san qazanmış
elə azərbaycanlı
idmançı yoxdur ki, onun uğurlarında
Tərlan müəllimin
hansısa dərəcədə
payı olmasın.
Olimpiya çempionlarımızın
- Nazim Hüseynovun (məşqçisi Ağayar
Axundzadə), Elnur Məmmədlinin (məşqçisi
Yaşar Allahverdi) məşqçilərinin məşqçisi
olan Tərlan müəllimin şəxsən
öz yetirmələrindən
Rasim Ağamirov, İlqar Müşkiyev, Məmmədəli Mehdiyev,
Hidayət Heydərov ən nüfuzlu beynəlxalq yarışlarda
yüksək yerlər
tutub, Azərbaycan cüdosuna böyük qələbələr bəxş
ediblər. Hazırda ondan dərs alan uşaqlar
və yeniyetmələr
arasından da neçə-neçə istedadlı,
ümidverici cüdoçunun
yetişəcəyinə inanıram.
Mənim üçün isə həm müəllim, həm də bir insan
kimi Tərlan Həsənovun dəyəri
misilsizdir.
Onunla ilk tanışlığım
yeniyetməlik dövrümə
təsadüf edib. İndi də
düşünürəm ki, cüdoyla məşğul olmağa
onun yanında başlasaydım, çox
erkən yüksək
nailiyyətlər qazanardım.
Təbii
ki, Olimpiya ehtiyatları idman məktəbində (indiki
Olimpiya İdman Liseyində) mənə cüdonun əlifbasını
öyrətmiş ilk məşqçim
Ruslan Abdullayevin üzərimdəki haqqını
itirə bilmərəm.
Həmin
vaxt o, çox gənc idi, həvəslə məşq
keçirdi və bizi məktəblilər arasında yarışlara
çıxarırdı. Amma bizim üçün
daha nüfuzlu turnirlərdə iştirak
etmək fürsəti
yarananda Ruslan Əhmədoviç məktəbdən
getdi... Bir müddət məşqçimiz
olmadı. Biz o zaman məşq üçün Azərbaycan
Dövlət Bədən
Tərbiyəsi İnstitutunun
nəzdindəki “Burevestnik”
idman klubuna gedirdik. Orada da sanki heç kimə lazım deyildik. Mən, əsasən, məşqlərdə öz
çəki dərəcəsində
yığma komandanın
“bir nömrəsi” olan Rasim Ağamirovun
(hazırda Rusiyanın
əməkdar məşqçisidir)
sparrinq-tərəfdaşı funksiyasını yerinə
yetirirdim. Yəni yarış perspektivi
olmayan biri sayılırdım. Lakin
heç demə, yığma komandanın məşqçisi Tərlan
müəllim məni
müşahidə edirmiş...
Buna qədər onunla cəmi bir dəfə yeniyetmələr arasındakı
turnirdə ünsiyyətim
olmuşdu. Belə
ki, çəki zamanı doğum haqqında şəhadətnaməmə
baxıb: “Sən Zəlimxan Əsgərovun
oğlusan? Atana salam de, mən onunla dostam”, - söyləmişdi. Atam alitəhsilli boks
mütəxəssisi idi
və idman aləmində onu yaxşı tanıyırdılar.
Tərlan müəllimlə
birlikdə Belarusiyada hərbi xidmətdə olmuşdu...
Tezliklə “Burevestnik”dəki məşqlərim
yeni bir xarakter aldı. Tərlan müəllim
mənimlə şəxsi
məşqçi kimi
işləməyə başladı.
Qısa müddətdə mən ciddi bir rəqibə
çevrildim, hətta
növbəti respublika
çempionatında Rasimi
məğlub edərək,
“bir nömrə” olmağı bacardım.
Respublika
çempionatlarında iki
dəfə qızıl,
iki dəfə gümüş, bir dəfə bürünc müdal qazandım. Yığma komandanın tərkibində
ümumittifaq və beynəlxalq miqyaslı yarışların iştirakçısı,
hətta mükafatçısı
oldum. Cüdoda nailiyyətlərim ilbəil artırdı.
1994-cü ildə Polşanın
Qdansk şəhərində
Avropa çempionatında,
Almaniyada beynəlxalq turnirdə və Yaponiyada, Tokioda Kodokan turnirində iştirak edib, 1995-ci ildə Londona Avropa çempionatına, sonra isə Yaponiyaya dünya çempionatına gedəcəkdim.
Tərlan müəllimin rəhbərliyi
altında intensiv məşq edirdim. Hətta 1995-ci ildə Bakıda Tərlan müəllimlə birlikdə
cüdo məktəbi
açmaq niyyətində
idik... Bu məktəbə
cüdo ləvazimatı
almaq üçün
Türkiyə ilə əlaqə də qurmuşdum... Lakin gözləmədiyim halda bütün planlarım pozuldu. Şəxsi həyatımda qısamüddətli
çətinliklər yaşadım.
Yenə Tərlan müəllim hər zaman yanımda oldu. Məni ruhdan düşməyə
qoymadı, ən yüksək instansiyalarda müdafiəmə qalxdı.
Əsl müəllimin
öz şagirdinə
göstərə biləcəyi
diqqəti və qayğını məndən
əsirgəmədi... Çətinliklər
arxada qaldı və biz yenidən məşqlərimizi davam
etdirdik... Hətta 1997-ci ildə Avropa
çempionatına yollandım,
amma çəkimlə
bağlı problem yarandığından
yarışa çıxa
bilmədim. Yenə də
məşqlərdən çəkilmədim,
formaya düşəndə
isə artıq veteran
yaşına çatmışdım.
2006-cı ildə ilk dəfə veteran ustalar arasında dünya çempionatında iştirak
etdim və qızıl medal qazandım.
Sonralar dəfələrlə veteranlar
arasında Avropa və dünya çempionatlarının qalibi
və mükafatçısı
olmuşam. Onu da deyim ki, veteranlar
hərəkatı - cüdo
üzrə bütün
tanınmış idmançıları
birləşdirir. Onlar tatamini
tərk etmək istəmirlər və yarışlar da çox maraqlı keçir.
Tərlan müəllim Azərbaycan
Cüdo Veteranları Assosiasiyasının fəaliyyətində
önəmli yer tutur. Veteran cüdoçuların
yarışlara hazırlanmasında
əvəzsiz rol oynayır.
Tərlan müəllimdə o qədər enerji, o qədər nəciblik var ki! O, nadir şəxsiyyətlərdəndir... Mən indi də tatamidə məşq edəndə Tərlan müəllimin səsini eşidən kimi özümü yığışdırıram. Özüm atayam, babayam, amma yenə də onun qarşısında bir yeniyetmə kimi hiss edirəm özümü...
...Ötən əsrin doxsanıncı illərində Tərlan müəllimlə öz cüdo məktəbimizi yaratmaq bizə qismət olmadı. Lakin 2012-ci ildə bu arzumuz da gerçəkləşdi. Bakının mərkəzində ən müasir standartlara uyğun maddi-texniki bazası olan “Judo Club-2012” idman klubunu yaratdıq. Tərlan müəllim Azərbaycan idman mühitində nüfuz qazanmış klubumuzda yeni nəsil cüdoçuların yetişdirilməsinə öz layiqli töhfələrini verib. Onların arasında müxtəlif beynəlxalq yarışların qalibləri var.
Bakıda 2018-ci ildə cüdo üzrə dünya çempionatı keçirilərkən Yaponiya yığma komandasının yarışlara hazırlıq üçün bizim klubu seçməsi və iki həftə ərzində burada məşq etməsi Tərlan müəllim üçün də, mənim üçün də çox əlamətdar hadisə oldu. Çempionatda yüksək nəticə göstərdikdən sonra isə yaponlar bizim klubumuzda azərbaycanlı gənc cüdoçular üçün master-klass keçdilər. Cüdonun yaradıcısı sayılan ölkənin məşhur idmançıları bu tədbir zamanı Tərlan müəllimin bütün fəndlərin adını yaponca deməsinə və mahiyyətini izah etməsinə heyran qalmışdılar. Yapon cüdo ustaları Azərbaycanda belə bir mütəxəssisin olmasını bəlkə də gözləmirdilər. Yaponca bütün cüdo terminlərini əzbər bildiyinə görə Tərlan müəllim yapon cüdoçularla sərbəst ünsiyyət qura bilmişdi... Həmin yaddaqalan hadisədən sonra onun şöhrəti Yaponiyaya da gedib çatdı. O, 2019-cu ildə bu ölkənin ən nüfuzlu mükafatlarından sayılan və şəxsən İmperatorun adından təqdim olunan “Gümüş Şüalı Gündoğar Ordeni” ilə təltif olundu. Dünyada bu mükafata 115 nəfər layiq görülüb ki, onlardan da yalnız 4-ü yapondur.
...Bizim birgə məşqlərimizdən, turnir səfərlərimizdən yüzlərlə epizod xatırlaya bilərəm, lakin əsas olanı budur ki, məndə bu gün də cüdoya olan hədsiz sevgi, fanatik bağlılıq məhz Tərlan müəllimin sayəsində yaradıb. Onun xidmətidir ki, mən və mənim kimi yüzlərlə azərbaycanlı öz həyatını cüdosuz təsəvvür edə bilmir. Biz, Tərlan müəllimin bütün yetirmələri idmanda və həyatda qazandığımız uğurlara görə məhz ona minnətdarıq, çünki Vətənə, Azərbaycan bayrağına və himninə məhəbbəti bizə o aşılayıb...
İnanıram ki,
Tərlan Həsənov öz həyatı,
şəxsi insani keyfiyyətləri,
idmançı xarakteri, Tanrının bəxş
etdiyi məşqçilik istedadı və
zəngin təcrübəsi ilə biz cüdo veteranları, həmçinin, gələcək
cüdoçular nəsli üçün
daim əvəzsiz bir
nümunə olacaqdır.
Azər
ƏSGƏROV
Azərbaycan
Cüdo Federasiyasının İcraiyyə Komitəsinin
üzvü, Azərbaycan Cüdo Veteranları
Assosiasiyasının prezidenti,
ustalar və veteranlar arasında dünya və Avropa
çempionatlarının qalibi, “Judo Club 2012” idman klubunun təsisçisi
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.24.