İncəsənətimizin
fədakar və unudulmaz tədqiqatçısı
- Paşa Hacıyev
Azərbaycan sənətşünaslıq elminin
formalaşması və
inkişafı istiqamətində
onun da xidmətləri
var. Gərgin elmi yaradıcılıq və
axtarışları sayəsində
bir çox tanınmış Azərbaycan
rəssamlarının həyat
və yaradıcılığına
işıq tutulub, onların yaratmış olduqları sənət nümunələri sənətşünas
mütəxəssis gözü
ilə incələnib,
layiqli qiymət verilib. Həmçinin, o, uğurlu pedaqoji
fəaliyyətlə də
məşğul olub,
uzun müddət indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyib, kafedra müdiri vəzifəsində
səmərəli fəaliyyət
göstərib. Söhbət qısa ömür yaşayıb, faciəli şəkildə dünyadan
köçən sənətşünaslıq
elmləri namizədi,
dosent Paşa Hacıyevdən gedir.
Paşa Əzizbala oğlu Hacıyev (1928-1982) Bakı
şəhərində anadan
olmuşdu. Atası Azərbaycanda peşəkar
fotoqrafiyanın əsasını
qoyanlardan biri idi, sovet rejiminin
amansız təziqlərinə
məruz qalaraq uzun müddət sürgün həyatı
yaşamışdı. P.Hacıyevin
bacısı Əməkdar
rəssam Bəyim Hacızadə qrafika sahəsində uğurlu yaradıcılıq fəaliyyəti
göstərib. Göründüyü kimi, onun ailəsi
insəsənətə yaxından
bağlı olub.
1946-cı ildə orta
məktəbi qızıl
medalla bitirən P.Hacıyev fizika-riyaziyyata
maraq göstərmiş
və Moskvada ali təhsil
almaq istəmişdi. Süni maneələr üzündən bu ixtisasa qəbul olunmayan P.Hacıyev indiki Bakı Dövlət Universitetində
açılmış sənətşünaslıq
fakültəsində ali ixtisas təhsili alır
(1947-1952). Universiteti bitirdikdən sonra
"Ədəbiyyat və
incəsənət" qəzetində
işləyən gənc
sənətşünas bir
çox məqalələr
dərc etdirir. P.Hacıyev
professor A.A.Sidirovun elmi
rəhbərliyi ilə
"Azərbaycan sovet
qrafika sənəti (1920-1940-cı
illər)" adlı
dissertasiya işini uğurla müdafiə edərək, sənətşünaslıq
elmləri namizədi elmi dərəcəsinə
yiyələnir.
Paşa Hacıyevin gərgin əməyi və yaradıcılıq səyləri
nəticəsində onun
bir neçə kitab və monoqrafiyaları
nəşr olunmuş,
çoxsaylı məqalə
və esseləri
"Azərbaycan", "Qobustan" və digər elmi toplu və qəzetlərdə
dərc edilmişdi. Onun kitablarından "Azərbaycan
Sovet təsviri incəsənəti oçerkləri"
(1960, rus dilində, müştərək,) "Azərbaycan
sovet qrafika sənəti (1920-1940-cı illər)"
(1962, rus dilində),
"Mikayıl Abdullayev"
(1973), "Rəssam həyat
gözəllik" (1974), "Cabbar Qasımov" (1977),
"Zamanın boyaları"
(1979), "Nəcəfqulu İsmayılov"
(1979), "Rəngkarlıq. Kino. Teatr" (1981, Xalq rəssamı
Kamil Nəcəfzadənin
yaradıcılığı haqqında), "Güllü
Mustafayeva" (1983) və
başqalarını məmnunluqla
qeyd emək olar. Sənətşünas alimin Xalq rəssamı Səttar Bəhlulzadə haqqında
monoqrafiya yazdığı
vurğulanır, lakin
nəşr olunmayıb.
Sənətşünas alimin sadalanan monoqrafiya və kitablarında XX əsr təsviri sənət elmimizin müxtəlif istiqamətləri üzrə
ciddi araşdırma və tədqiqat yolu ilə uğurlu
nəticələr ortaya
çıxıb. O, dissertasiya
mövzusunda Azərbaycan
qrafika sənətinin
20-30-cu illərdə formalaşma
və inkişaf xüsusiyyətlərini əsaslı
şəkildə araşdıraraq
tədqiq etmişdi. P.Hacıyev yaradıcılıq fəaliyyəti
genişdir. O, müxtəlif
vaxtlarda Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İstitutunda
və Milli İncəsənət Muzeyində
elmi fəaliyyətlə,
Azərbaycan Dövlət
Pedaqoji Univeristetində
pedaqoji fəaliyyətlə,
Azərbaycan Rəssamlar
İttifaqında ictimai
fəaliyyətlə məşğul
olaraq XX əsr Azərbaycan incəsənətinin,
o cümlədən, sənətşünaslıq
məktəbinin formalaşması
və inkşafı naminə uğurlu əmək sərf edib.
"Rəssam, həyat,
gözəllik" və
"Zamanın boyaları"
adlı kitablarında
bir çox rəssamların həyat və yaradıcılığına
dair məqalə və esselər öz əksini tapıb. Onun bu araşdırma
yazıları elmi və publisistik, özünəməxsus araşdırma
və bədii təhlil baxımından diqqəti cəlb edir. Bu kitablarda yazılanlarla tanış
olduqdan sonra sənətşünas alimin
yüksək peşəkarlıq
və alimlik səviyyəsinə malik olduğuna əmin olursan. P.Hacıyev kitabının "Zamanın boyaları"
(kitabın adı da belə adlanır)
adlı birinci essesində Xalq rəssamı Səttar Bəhlulzadənin həyat
və yaradıcılığından
geniş və hərtərəfli şəkildə
bəhs edib. Təkcə bu məqalə ilə tanış olduqdan sonra sənətşünasın peşəsinə
necə bağlı olduğunu və dərin müşhidə
və elmi təhlil bacarığı
ilə işinə yanaşdığını görmək
olar. Məqalədə
P.Hacıyev rəssamın
vəfatından sonra onun emalatxanasında bədii irsini öyrənib, tədqiq edərkən rəssamın
heç bir sərgidə nümayiş
olunmayan, küll halında götürüldükdə
fırça ustasının
emalatxanasında toplanmış
tablolar, rəsmlər,
eskizlər, etüdlər
- ümumən mindən
çox təsviri sənət nümunəsi
aşkar etdiklərini
vurğulayaraq yazır:
"Bu mənalı qrafik
lövhələr hələ
də mütəxəssislər
tərəfindən öyrənilməmiş,
yalnız bu məqalə müəllifinin
"S.Bəhlulzadə irsi
və müasirlik"
adlı essesi ilə çap edilən sərgi kataloqunda (Moskva, 1977) sənətkarın qrafika
irsindən müxtəsər
şəkildə yazılmışdır...
Əlbəttə, Səttar
sənətkarlığını geniş tamaşaçı
kütlələrinə çatdırmaq,
sənətsevərlərə şərh etmək üçün bu, çox azdır", - deyə qeyd edir. Ümumiyyətlə, sənətşünas alimin araşdırma və məqalələrində
bu cür səlis mütəxəssis
yanaşmalarına və
ifadə ustalığına
tez-tez rast gəlmək olar. Qeyd olunan kitabda
AMEA-nın müxbir üzvü, sənətşünaslıq
doktoru, professor Kərim Kərimov P.Hacıyev sənətkarlığı
haqqında yazır:
"Sənətşünasın yazılarını mütaliə
edərkən, bizə
elə gəlir ki, onunla birlikdə
müasirlərimizin bədii
obrazlarını canlandıran
rəssamlıq sərgisi
ekspozisiyasına gəlir,
burada toplanan lövhələrə, rəsmlərə,
heykəllərə, maraqla
baxırıq. Bu baxımları
mənalandıran isə
təsirli sənətşünas
sözüdür: canlı,
çevik və orijinal bir danışıq
tərzi".
Sənətşünaslıq doktoru Cəmilə Novruzova isə həmkarını xatırlayaraq
"O, saatlarla tarda çalar (olduqca yüksək musiqi istedadı ilə), musiqinin milli özünəməxsusluğu barədə qiymətli fikirlər deyər, poeziya, Qobustan yazıları haqda düşündüklərini ilhamla
söyləyərdi. Burada o, S.Bəhlulzadəyə
bənzəyərdi. Füzulini çöx
sevərdi. Səttarın Əmircandakı emalatxanasında
tez-tez olardı",
- deyə fikirlərini
yazırdı.
Sənətşünaslıq namizədi Nadir Zamanov isə P.Hacıyev haqda yazırdı ki, "O, təbiəti etibarilə narahat idi. Təsviri sənətin problemləri,
ayrı-ayrı rəssamların
üslub tərzi haqqında elmi mübahisələrə girər,
öz fikir və hisslərini inandırıcı faktlarla
sübut etməyi bacarardı".
Yazıb-bitirdiyi doktorluq
dissertasiyanı müdafiə etmək qismətində olmayan, sənətşünas Paşa
Hacıyevin tale yolu, görünür, belə yazılmış imiş: 54 yaşında övladı Azərlə
özünün idarə etdiyi
avtomobil qəzasında bu
fani dünya ilə vidalaşmaq. Onun faciəli
ölümündən bu il
40 il ötür, gələn
il isə 95 illik yubileyi olacaq. Şübhəsiz
ki, Paşa Əzizbala
oğlu Hacıyevin nəşr olunmuş kitabları və yazmış olduğu məqalələri Azərbaycan sənətşünaslıq
elmində özünəməxsus yer tutur.
Əsəd
QULİYEV
Sənətşünas,
AMEA-nın dissertantı, Rəssamlar İttifaqının
üzvü
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.23.