Antik dünyanın parlaq şəxsiyyətləri
(Əvvəli
ötən şənbə saylarımızda)
Məhkəmədəki qələbəsi nəticəsində
Demosfenin dövlət işlərinə təsiri xeyli
artdı. Lakin acı təcrübəsindən ibrət
götürərək, indi o, ehtiyatla hərəkət edirdi.
O, düşmənlərinin gücünü və
yunanların birliyinin olmamasını görmüşdü,
ona görə də həmvətənlərinin
makedoniyalılar əleyhinə düşünülməmiş
çıxışlarının qarşısını
almağa çalışırdı. Belə
ki, məsələn, onun məsləhəti ilə
afinalılar spartalıların üsyanını dəstəkləmədilər
və makedoniyalılar üsyanı çox tez
yatırdılar.
Bu vaxt Aleksandr bütünlüklə Asiya işləri
ilə məşğul idi, Yunanıstandakı işlərə
sərəncam verməyi bütünlüklə sərkərdəsi
Antipatra tapşırmışdı. Lakin o, Yunanıstana öz göstərişlərini
göndərmişdi, onlardan birincisi onu allah
saymaq barədəki tələbi idi, ikincisi ilə isə əmr
edirdi ki, şəhər-dövlətlər bütün əvvəllər
öz sürgün olunmuş vətəndaşlarını
geri qaytarsınlar. Birinci göstərişinə
yunanlar gülmüşdülər, onu yerinə yetirmədilər,
axırıncısı isə onların qəzəbinə səbəb
oldu. Çünki sürgün olunanlar
xalqın nifrət etdikləri Makedoniya tərəfdarları
idi. Bu vaxt Demosfenin taleyində çox pis təsiri olan
bir hadisə baş verdi.
Aleksandrın xəzinədarı Qarpal çarın uzun
müddət vətənində olmamasından, bu vaxt o,
Hindistan yürüşündə idi, istifadə edib, Persiya
çarlarının nəhəng xəzinəsini
oğurladı. Bu pula o, 6 min muzdlu əsgər tutub, 30 gəmidə
gözlənilmədən Pirey limanına gəldi. Xəzinədar pulla Afina dövlət xadimlərini
öz tərəfinə çəkməyə cəhd etdi.
O, belə bir ümid təlqin edirdi ki, bu sərvətdən
istifadə etməklə, onlar Yunanıstanın müstəqilliyinə
nail ola bilərlər. Bir neçə adam Qarpalın təklif etdiyi pulu götürməyi
məsləhət gördü ki, makedoniyalılar əleyhinə
ümumi üsyan başlansın. Demosfen bunun əleyhinə
çıxdı.
Qarpalı Afinaya buraxmadılar və o, Peloponnesin cənubunda
özünə sığınacaq tapdı. Orada sərvətin
böyük hissəsini qoyub, Afinaya qayıtdı. Bu dəfə o, yalnız ona sığınacaq
verilməsini xahiş edirdi.
Antipatr və Aleksandrın anası Olimpiada
afinalılardan tələb etdilər ki, xəzinə
oğrusunu onlara versinlər. Demosfenin təklifi ilə
Qarpal tutuldu, onun gətirdiyi pullar qorunmaq üçün
Akropolda saxlandı ki, onu sonra Aleksandra qaytarsınlar. Qarpala Krit adasına qaçmaq qismət oldu və
orada o, tezliklə öldürüldü.
Demosfeni və
bir neçə başqa Makedoniyaya qarşı olan
partiyanın nümayəndələrini pulun oğurlanması,
Qarpalın satın alınması və
qaçırılması barədəki saxta ittihamlarla məhkəməyə
verdilər. Əleyhdarlarının təzyiqi
altında Demosfen təqsirkar hesab edildi və onu ağır cəriməyə
məhkum etdilər. Bu nəhəng məbləği
o, ödəyə bilmədiyindən, onu dustaqxanaya
saldılar. Dostları tezliklə onun
qaçmasına kömək etdilər və o, Afina
yaxınlığındakı adada sığınacaq
tapdı.
Onun həyatı və davranışı, əsasən,
təqsirsizliyinə inam yaradır. Təmənnasız olan bu adam vicdansız əmələ qadir deyildi. Demosfenin sürgünü uzun çəkmədi.
B.e.ə.323-cü ildə Aleksandrın Babildə
ölməsi xəbəri gəldi.
Aleksandrın ölümü bütün Yunanıstanda
azadlıq hərəkatının başlanması
üçün siqnal oldu. Xalq natiqləri Afinada
vətənpərvər çıxışlar edir, həmvətənlərini
Makedoniya zülmünü atmağa inandırırdılar.
Afina xalq yığıncağı sevimli natiqi sürgündən
geri qaytarmaq qərarını verdi. Demosfen doğma torpağına ayaq basanda, onu təntənəli
surətdə milli qəhrəman kimi qarşıladılar.
Demosfen makedoniyalılara qarşı müqavimətə
başçılıq etdi. Başlanan müharibə
Afina üçün uğurlu idi. Müttəfiqlər
qələbə çaldılar. Lakin
afinalıların sərkərdəsi öldükdən sonra
müharibə onlar üçün əlverişsiz xarakter
aldı. Müttəfiqlər arasında sözləşmə
baş verdi. Muzdlular da
qaçmağa başladı.
Makedoniyalılara xeyli kömək gəldi və qüvvələr
nisbəti onların xeyrinə keçdi. Afina
donanması da iki dəfə məğlubiyyətə
uğradı.
Müttəfiqlərdən bir neçəsi Makedoniya tərəfinə
keçdi. Afina, demək olar ki, təklikdə qaldı. B.e.ə. 322-ci ildə afinalılar yenidən məğlubiyyətə
uğradılar. Afina sülh
bağlamalı oldu və onun şərtlərinə görə,
Makedoniyaya müharibə xərclərinə görə pul
ödəməli və Makedoniya qarnizonunu öz limanına
buraxmalı idi. Afinada demokratiya da məhv
edildi, şəhəri varlılar idarə edirdi. Demosfen və bir sıra digər demokratiya
başçıları ölümə məhkum edildilər.
Demosfen qaça bildi və Kallariya adasındakı
Poseydon məbədində gizləndi. Qaçqınları
axtaran xainlər meydana gəldi. Bir aktyor Frakiya
muzdluları ilə gəlib, həyasızcasına Demosfenə
təklif etdi ki, onunla birlikdə Antipatrın yanına getsin və
söz verdi ki, ona heç nə
olmayacaqdır. Cavabında Demosfen dedi: "Arxil (aktyorun adı
belə idi), sən teatrda öz oyununla məni pərişan
edə bilməmişdin, indi də məni öz vədlərinlə
aldada bilməzsən. Bir qədər gözlə
ki, qohumlarıma nəsə yazım". Bu
sözlərlə Demosfen məbədin içərisinə
getdi, guya yazmaq üçün qamış qələmi əlinə
götürdü, sonra ağzına
yaxınlaşdırıb, onu dişlədi. Bu qələmdə güclü təsir edən zəhər
gizlədilmişdi və onu Demosfen uddu. O, məbəddən
çıxanda ölü kimi yıxıldı. Demosfen
Böyük Aleksandrdan bir il sonra, b.e.ə.
322-ci ildə öldü.
Beləliklə, Demosfen həlak oldu. O, öz vətəninin
işğal olunmasını görmək istəmədi.
Tezliklə, afinalılar şəhərin meydanında
Demosfenə mis heykəl qoydular.
Böyük
Aleksandr
Aleksandrın 20 yaşı olanda o, Makedoniyanın
çarı oldu. Sonrakı 12 il ərzində o, elə
böyük hərbi nailiyyətlər qazandı ki, o vaxtdan
onu Böyük Aleksandr kimi adlandırmağa başladılar.
Atası çar Filippin apardığı məşhur
Xeroneya döyüşündə ona süvarilərə
komandanlıq etmək tapşırılmışdı və
o, bu işin öhdəsindən uğurla gəlmişdi. Taxt-taca yiyələndikdən
sonra Makedoniya ərazilərini təhlükəsiz etdi,
Yunanıstanda qiyamı yatırtdı, Fiva şəhərini
qarət etdi, onun kişi cinsindən olan
sakinlərinin çoxunu öldürdü, qadın və
uşaqları isə qul olmağa satdı. Bu
işlərdən sonra o, atasının arzusunu yerinə yetirmək
məsələsinə tərəf çevrildi. Bu arzu isə Persiya imperiyasına müdaxilə etmək
idi.
Heç bir şübhə yoxdur ki, Aleksandr həm də
Persiya imperiyasına hücum etmək şansına yiyələndi. Bu imperiya bəzi
cəhətlərinə görə zəifləsə də,
hələ də qüdrətli dövlət idi. Aleksandrın hərbi-dəniz qüvvələri də
Persiya donanmasından geri qalmırdı. Buna
baxmayaraq, onun ordusu sürətlə qələbələr
çalır və öz mübarizəsini davam etdirməkdə
bu, ona əlavə resurslar verirdi.
B.e.ə.
334-cü ilin yazında Aleksandr 35 min əsgərdən ibarət
olan ordusu ilə Kiçik Asiyaya girdi, bu, avropalının
böyük qitəyə ilk hərbi yürüşü idi.
Ordunun tərkibinin yarısı
makedoniyalılardan ibarət idi, qalan hissəsi isə
Yunanıstan və digər müttəfiqlərindən
(İoniya şəhər-dövlətlərindən) olanlar
idi. Zərbə qüvvəsi kimi
süvari dəstəsi döyüşlərdə
mühüm rol oynayırdı, tərkibi 5 min nəfərə
yaxın idi. Arxitektorlar, mühəndislər,
tarixçilər və alimlər ordunu müşayiət
edirdi. Onun bu təcrübəsindən
Napoleon 1798-ci ildə Misirə yürüş edərkən
istifadə etmişdi və özü ilə 165 alim
götürmüşdü.
Müəyyən elmi kəşflərlə
yanaşı, onlar bütövlükdə yeni fənn olan misirşünaslığın
əsasını qoymuşdular. Onlar həmçinin,
dinin, dillərin və botanikanın öyrənilməsinə
böyük töhfə vermişdilər. Qədim Misir heroqlifinin açılıb oxunması
da fransız tədqiqatlarının hesabına mümkün
olmuşdu.
Aleksandr isə onunla yürüşə qoşulmuş
arxitektorların hesabına işğal etdiyi Şimali Afrikada
və Asiyada çox sayda öz adını daşıyan
şəhərlər salmışdı. Misirdə əsasını
qoyduğu Aleksandriya şəhəri Ellinizm
dünyasının paytaxtı rolunu oynamış, bu
böyük liman şəhəri 23 yüzillikdən sonra da
öz iqtisadi və strateji əhəmiyyətini, həm də
özünəməxsus gözəlliyini və cazibədarlığını
qoruyub saxlayır. Hətta öz
ölmüş atı Butsefalın adını da yeni
saldığı bir neçə şəhərə
vermişdi. Onun bu təcrübəsi gələcəkdə
daha eybəcər şəkil almış, Roma imperatoru
Kaliqula öz atını senator seçmiş və konsul etməyə
çalışmışdı. 1770-ci
illərdə Danimarka kralı olan Kristian dəli idi, Qurman
adlı öz sevimli itini Dövlət Şurasının fəxri
üzvü etmişdi. Təəssüf
ki, bəzən qüsurlar da ənənələrə
çevrilməklə, yeni təkrarında hədd də
tanımır.
Aleksandrın
ordusunun hərblə əlaqəsi olmayan böyük mütəxəssislərin
müşayiət etməsi göstərir ki, bu görkəmli
sərkərdə həm də zamanına görə
böyük intellektual səviyyəyə və
dünyagörüşə malik olmaqla, öz
başladığı yürüşdən çox sayda
müsbət şeylər gözləyirdi və uzun səfəri
vaxtı o, öz ağlının və ruhunun digər parlaq
xüsusiyyətlərini də göstərə bilmişdi.
Onun
persiyalılarla ilk döyüşü b.e.ə.334-cü ildə
Qranik çayı yanında baş verdi.
Bu döyüşdə az qala onun həyatı
qurban gedəcəkdi. Lakin o, nəinki sağ
qaldı, həm də böyük qələbə
çaldı. Sonrakı yaz
mövsümündə Kiçik Asiyanın bütöv qərb
yarısı Aleksandrın əlində idi və onun cənubi-qərbindəki
İoniya yunan şəhərləri Persiya zülmündən
"azad olunmuşdu". Onların
heç də hamısı azad olmağı arzu etmirdi, buna
baxmayaraq, çoxu sadəcə olaraq Aleksandrı öz yeni
ağaları kimi qiymətləndirirdilər.
Bu vaxt Persiya çarı III Dara öz qüvvələrini
səfərbərliyə aldı ki, Aleksandrın
hücumlarını dayandırsın. Persiya ordusunun
tərkibinin sayca Aleksandrınkından böyük olmasına
baxmayaraq, İss döyüşü dar bir çöldə
getsə də, Makedoniya ordusunun yeni uğuruna çevrildi.
III Dara, döyüşdəki qalib məlum olanda, hələ
vuruş başa çatmamışdan oradan uzaqlaşdı. B.e.ə. 333-cü ildəki İss qələbəsindən
sonra Aleksandr mühüm liman şəhəri olan Tiri
mühasirəyə aldı ki, Persiyanın dənizə nəzarətini
ləğv etsin. Tirin mühasirəsi həm
də Aleksandrın hərbi ustalığını və
mühəndislik qabiliyyətini sübut etdi. Tir sahildən aralı olan bir adada yerləşirdi.
Aleksandr adekvat dəniz qüvvələrinə
malik olmadığından şəhərə hücum etmək
üçün sahildən damba tikməklə şəhərə
yol çəkdi. Layihənin başa çatması
altı ay çəkdi, lakin ona imkan verdi
ki, mühasirə maşınlarını yaxına gətirə
bilsin. Yeddi aydan sonra, nəhayət, şəhər
Aleksandr qüvvələrinə təslim oldu. Sakinlərdən
6 min nəfəri öldürüldü, 30 min adam
isə qul olmağı satıldı.
Misir isə döyüşsüz təslim oldu və b.e.ə. 332-ci ilin qışında artıq Suriya, Fələstin və Misir Aleksandrın ağalığı altında idi. O, ənənəvi Misir faraon titulunu qəbul etdi və yunanlarda Zevsin oğlu adlanmağa bərabər olan qaydada, onu "Ammonun oğlu" kimi salamlayırdılar. Aleksandr, həmçinin, Misirin yunan administrasiyasının paytaxtı olacaq, öz adı ilə adlandırdığı Aleksandriya şəhərini tikdi. Bu, onun saldığı şəhərlər seriyasının birincisi idi. Bu şəhər Aralıq dənizi dünyasının ən mühüm mərkəzlərindən biri oldu və iki min ildən sonra da öz əhəmiyyətini saxlayır.
Bu vaxt Dara sülh razılaşmasına hazır olduğunu bildirdi. Fərat çayından qərbdə olan bütün torpaqları Aleksandra təhvil verməyi təklif etdi. Makedoniya sərkərdəsi imtina etdi və öz hücumlarını təzələmək qayğısına qaldı. O, qədim Mesopotamiya çarlığının ərazisinə daxil oldu və b.e.ə. 331-ci ilin yayında Qavqamelada persiyalılarla həlledici döyüşə girdi. Qavqamelada Aleksandrın adamları sayca Persiya qüvvələrindən çox idi. Bu düzənlikdə onun hərbi arabaları irəliləmək üçün yaxşı manevr edə bilərdilər. Aleksandr Persiya xəttinin mərkəzini öz ağır süvarisi ilə yarmağa qadir oldu. Süvari dəstəsinin arxasınca piyada qoşunu gəlirdi. Döyüş perslərin qaçmağı ilə nəticələndi, Dara özü bu barədə əmr vermişdi. Bu qələbədən sonra Aleksandr Babilə daxil oldu və sonra Persiya paytaxtları olan Suzaya və Persopolisə girdi. Orada Persiya xəzinələrini ələ keçirib, böyük miqdarda qızıla və gümüşə sahib oldu.
B.e.ə. 330-cu ildən Aleksandr yenə də yürüşdə idi. Dara öz adamı tərəfindən öldürülmüşdü, ona görə də Aleksandr persiyalıların Böyük Çar titulunu özünə götürdü. Üç ildən çox bir müddətdə o, şərqə və şimali-şərqə doğru hərəkət edib, indiki Pakistan ərazisinə daxil oldu. B.e.ə. 327-ci ilin yayında o, Hindistana girdi. Həmin vaxt ölkə bir neçə müxtəlif dövlətə bölünmüşdü. Bir il sonra Aleksandrın ordusu şimal-qərbi Hindistanın düzənliklərinə gəlib çıxdı. Hidasp çayı üzərində Aleksandr çətin bir döyüş aparmalı oldu. Hindistanın qərbini də işğal etmək istədikdə, onun əsgərləri ilbəil gedən döyüşlərdən yorulduqlarından qiyam qaldırdılar və irəli getməkdən imtina etdilər. Aleksandr onların tələbinə tabe oldu və geri qayıtmağa razılıq verdi. Onun özünün başçılıq etdiyi dəstələr Persiyanın şimalı ilə Gedrosiya səhrasından keçməklə qayıdırdılar. Onlar dəhşətli səhra şəraitinə görə ağır itki verməli oldular. Nəhayət, Suzaya yollanıb, oradan isə Babilə getdilər. Babildə o, yenə də yeni yürüşlər planlaşdırırdı. B.e.ə. 323-cü ilin iyulunda yaralardan, isitmədən və çox güman ki, izafi alkohol istehlakından o, hələ çox gənc ikən, 32 yaşında öldü.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.22.