Son çağın Güney Azərbaycan nəsri  

 

 

 (Əvvəli ötən sayımızda)

 

Çağdaş ədiblərdən Əli Daşqın hekayə və romanlar qələmə alan nasir kimi də tanınır. Onun nəsr əsərlərində də aparıcı mövzu savadsızlıq, İranda və Cənubi Azərbaycanda xalqın acınacaqlı vəziyyəti, qadınların hüquqsuzluğu, cəhalət və nadanlıq, milli ayrı-seçkilik, ictimai bərabərsizlik, milli varlıq, ana dili, mədəniyyət məsələləridir. "Kənd gəlini", "Bayraq kölgəsi", "Çəkmə yarası", "Buğda gülü" və "Günü" hekayələrində, "Bıçaq və sümük" povestində, eləcə də "Sarışın" romanında yazıçı cəhalət və zülmün tüğyan etdiyi İranda və Cənubi Azərbaycanda yaşayan sadə insanların, kənd camaatının maddi və mənəvi problemlərini, yoxsulluq və cəhalətin məngənəsində boğulan ailələrin real mənzərəsini qələmə alır. Yazarın təsvir etdiyi kənddə zülm ərşə dirəkdir, palçıq dizə çıxır, həkim, dava-dərman, müəllim, məktəb, təhsil yox dərəcəsindədir. Bəzi kəndlərdə isə yalnız fars dilində təhsil verən, binaları bərbad vəziyyətdə olan məktəblər fəaliyyət göstərir. Əli Daşqını bir yazıçı, vətəndaş kimi daha çox narahat edən, hər an düşündürən problemlərdən biri də erkən nikahlar, "qız dediyin özgə malıdır, tez ərə getsə yaxşıdır" düşüncəsi ilə qızların ərə verilməsi, ər evində isə hələ uşaqlığından, gəlinciklərindən, oyunla-rından ayrılmayan fidanların min bir əzab-əziyyətlərə qatlaşması, bu azmış kimi, 11 yaşında qızcığazdan dünyaya uşaq gətirməyin tələb olunması, çoxarvadlılıq, kişilərin ömür-gün yoldaşının üstünə yeni qadın - "günü" gətirmələri məsələsidir. Vətəndaş yazıçı məhkum vəziyyətdə yaşamağa, həm də öz cahil doğmaları, ata-anaları, qardaşları tərəfindən bu məhkumluğa sürüklənən qadınların bu üzdən çəkdiyi sitəmləri, mənəvi acıları "Günü" hekayəsində belə təsvir edir: "Biz türklərdə qadının üstünə gələn qadına "günü" deyirlər. Dünyada qadınları "günü" kimi acı verib ağrıdan, sinirlərini pozan, qəlbini sıxıb darıxdıran heç bir şey yoxdur. Onlar hər şeyə dözüb qatlaşırlar. Ancaq "günü"yə dözümləri olmur. Bu iş kişilərin də başına gəlsəydi, onlar da bezərdilər. İnsan varı-yoxu, pul-paranı, yeri-yurdu, bir çox şeyləri, çətin olsa da, başqaları ilə paylaşa bilər. Ancaq ortaq yaşama, ömür-günə gəldikdə isə bu, mümkün olası iş deyil..."

"Bayraq kölgəsi", "Kənd gəlini", "Çəkmə yarası", "Buğda gülü" və "Günü" hekayələ-rində əsasən ictimai bərabərsizlik və hüquqsuzluğa məhkum edilmiş qadınların və uşaqların dözülməz vəziyyətini yalnız təsvir etməklə kifayətlənən yazıçının "Bıçaq və sümük" povestində və "Sarışın" romanında yaratdığı baş qəhrəmanlar mövcud durumlarına qarşı etiraz səslərini qaldırmağa başlayır, mütiliyə, hüquqlarının tapdanmasına qarşı çıxır, cəsarətlənir, mübarizə aparırlar. Sarışın, Bilgin və Bikə düşdükləri mövcud vəziyyətdən çıxış yolları axtarır, təhsil almaq, ictimai fəallıq nümayiş etdirmək, yeni həyata atılmaq üçün səy göstərirlər. Əli Daşqın İranda, Cənubi Azərbaycanda yaşayan Azərbaycan ailələrindəki qadın və qızların real vəziyyətini, onların bir-birinə oxşar acınacaqlı taleyini qələmə almaqla anlatmaq istəyir ki, qadının xoşbəxtliyi cəmiyyətin də xoşbəxtliyi, bədbəxtliyi isə kişinin, əslində isə bütövlükdə cəmiyyətin bədbəxtliyi, insanlığın faciəsidir.

Vətəndaş yazıçı "Bıçaq və sümük" povestində də türk dilinin qadağan edil-məsi və məktəblərdə tədrisin fars dilində olması, erkən nikahlar kimi məsələləri qabardır, eyni zamanda onun əsərdə ana dilinin, Azərbaycan türkcəsinin bir təəssübkeşi, qoruyucusu olduğu da özünü göstərir. Əsərin qəhrəmanı Bilgin eşitdiyi "Bıçaq sümü-yə dayanıb", "Bıçaq öz qınını kəsməz", "Qanlı bıçaq", "Bıçağının dalı da kəsir, qabağı da", "Bıçaq vursan, qanı çıxmaz" kimi beş atalar sözünün mənasını öyrənmək istəsə də, nə ata-anası, nə kənd məktəbindəki, nə də böyük şəhərin təhsil müəssisəsindəki fars əsilli dil və ədəbiyyat müəllimləri həmin kəlamların anlamını oxumaq, daha çox şey öyrənmək və bilmək eşqi ilə yanan şagirdə başa sala bilmirlər. Farsca düşünüb, farsca danışan müəllimlər dərin mənalar ifadə edən bu müdrik sözlərin mənasını anlamır və Bilgindən onları fars dilində söyləməyi tələb edirlər.

Bilginin ibtidai təhsili bitirən kimi kəndin axundunun oğluna ərə verilən bacısı Bikənin bircə ildən sonra dağıdılan ailəsinin qəhri, qudasının təhqirləri və alçaldıcı sözləri bədbəxt atasını ev-eşiyini tərk edərək şəhərə daşınmasına gətirib çıxarır. Əla qiymətlərlə oxuyan Bilgin şəhər məktəbində də eyni aqibətlə üz-üzə gəlir. Yenə də dil və ədəbiyyat müəllimindən həmin atalar sözlərinin mənasını öyrənmək istəyinin, milli təəssübkeşliyinin qurbanı olur. Bilginin bacısı onun oxuduğu sinfə gedir və qardaşını anma mərasimində çantasından bir sap, bir istəkan su və bir bıçaq çıxarıb onun oturduğu skamyanın üzərinə qoyur və sinfi tərk edir. Bu isə o deməkdir ki, Bilgini ya dara çəkiblər, yəni asıblar, ya zəhər içiriblər, ya da ki, silahla öldürüblər. Hər addımbaşı hüquqları tapdalanan talesiz yeniyetmə məktəbdən və ailəsindən uzaqlaşdırılır, gələcək taleyi isə oxucuya qaranlıq qalır. Ailənin şəhərə yığışmasının bircə müsbət tərəfi ərindən boşanan 12 yaşlı Bikənin də ciddi-cəhdlə təhsil almağa, oxumağa girişməsi, həyata baxışının dəyişməsi, haqsızlıqlara qarşı mübarizə aparmağın bəsit də olsa, yolunu tapması olur. Ailəsi ilə birlikdə kəndə qayıdan başıbəlalı qızcığazın yol boyu fikrində dolaşdırdığı "Kənd məktəbində müəllim işləyəcəyəm" qərarı əvvəlki mütiliyinin, gücsüzlüyünün yerini cəsarətin, köləliyə etiraz nidalarının tutduğunu göstərir. "Bıçaq və sümük" povestinin baş qəhrəmanı Bilginin taleyinin sonda qeyri-müəyyən qalması, oxucunun bu səbəbdən nigarançılıq çəkməsi yazarın bu hadisəni bütövlükdə xalqın taleyinin ümumiləşdirilməsi kimi anlaşıla bilər...

Əli Daşqın səyahətnamə üslubunda yazdığı "Sevgi damosu" əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu şəhərləri ilə bağlı təəssüratlarını qələmə alıb. Mövcud rejimin qadağaları üzündən Təbrizdən birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, illərlə həsrətini çəkdiyi Bakıya, bütöv vətənin ayrı salınmış digər parçasına gəlişi və bu uzun yol boyu gördükləri şair qəlbini riqqətə gətirir və gördükləri onda "Sevgi damosu"nun (cəhənnəminin) məhz odlar yurdunda bərqərar olmasına əminlik yaradır. O, əmin olur ki, "Sevgi damosu"nun son duracağı Urmu şəhəridir. Maraqlı burasıdır ki, Əli Daşqın bu əsərində də torpaq-ana-sevgili məfhumların bir-birindən ayırmır. Vətən onun üçün sevgili, sevgili isə Vətəndir. Onun düşüncəsinə görə, əsl sevənlər "Sevgi damosu"nda, fani dünyanın çirkinliklərindən, ikiüzlü insanların rəzilliklərindən uzaqda, odların, atəşlərin qucağında necə də xoşbəxtdir-lər. "Burası köz bağçası, sevgililərin lap öz bağçasıdı. Şükürlər olsun Tanrıya! Sonunda düşdük bu atəşə! Atəşə, oda girmək oğul ürəyi istəyir, el gücü tələb edir. Vurğun və ərən könlü gərəkdir bunun üçün. Daha kimsə ayıramaz bizi! Alışıb yanmağa öyrədib anam! Olurmu anamı unudub - danam?! Başqa söz deyiləm, Azərbaycanam! Tüstüsüz yanıram köz arasında!" - deyən və özünü köz arasında yanan Azərbaycan sanan şair qətiyyətlə bəyan edir ki, belə damolar, böylə sevgililər yalnız və yalnız "odlar yurdunda, ərənlər torpağında boya-başa çatar və ipək qanadlı kələbəklər kimi özünü atəşlərə, odlara vurar, sözünü bütün dünyanın sevgililərinə ərməğan edər, köz və külünü okeanlara səpər, eşsiz, ən güclü sevgi bağını doğma torpağında tikər və bir daha ölməz-burası Urmu-sevgi damosu, sevgililərin son duracağı və atəşlərin anasıdır!"

Ruqəyyə Kəbirinin 2012-ci ildə Bakıda "Ən yeni ədəbiyyat" seriyasından çap edilmiş "Ürəyim ağrıyır" kitabında yer almış "Mavayıl (Cib tualeti)" adlı hekayəsi yüksək qiymətləndirilir və "Ədəbi Azadlıq-2012" Milli hekayə müsabiqəsinin qalibi olur...

 

"Hər qulağımda bir qızıl alma", "Təbrizim al təbimi", eləcə də "Əsli və Kərəm" dastanının motivləri, yunan və türk mifik düşüncələri əsasında ünlü modernist şair Kiyan Xiyavla birlikdə yazdığı "Bir ocaqda iki kül topası" adlı şeir və "Bu qapı heç döyülməyəcək", "İçimdəki qız" hekayələr toplularından yalnız "Təbrizim al təbimi" və "Bir ocaqda iki kül topası" çap olunan Ruqəyyə xanım hazırda Təbrizdə yaşayır."Ürəyim ağrıyır" kitabı onu Güney Azərbaycanın qadın yazarları arasında ilk nəsr əsərləri-hekayələr toplusu nəşr olunan qələm sahibi kimi tanıtdı. O, hər şeydən öncə bir anadır və Təbriz xəstəxanalarından birində tibb işçisi olaraq çalışır. Ən çox sevdiyi məşğuliyyət kitab oxumaq, dünya ədəbiyyatı nümunələrini mütaliə etmək olan Ruqəyyə Kəbiri iş həyatındakı gündəlik real müşahidələri əsasında hekayələrində canlı obrazlar yaradır. Təsadüfi deyil ki, Ruqəyyənin hekayələrində Frans Kafkanın "Çevrilmə"sindən də bəhrələndiyini, əsərdəki epizodların fərqli aspektlərdə təqdim olunduğunu söyləyənlər səhv etmirlər. Ancaq onun qəhrəmanları daha subyektiv, daha ümidli, daha həyəcanlı və yaşam dolu, həyat eşqi ilə coşub çağlayan bir Qadındır...

 

"Mavayıl (Cib tualeti)" adlı hekayəsində peşə özəllikləri, xəstəxana müşahidələri, xəstə qadının, evlad sahibi olan xəstə ananın, bir kişini onun istədiyi kimi "mutlu edə" - tələbatını ödəyə bilməyən xəstə eşin yaşadıqları, psixoloji durumu təsvir edilir. Ruqəyyə xanımın müşahidələri o qədər sərrast, dəqiq və canlıdır ki, oxucu bağırsağının baş ucu çürüyən, cərrahiyyə əməliyyatı nəticəsində həmin nahiyyə bir kisəyə birləşdirilən və ölümün pəncəsindən qurtulan, lakin bu amansız xəstəlik üzündən ailəsindən-ərindən və uşaqlarından getdikcə uzaqlaşan, hətta oğlunun bu duruma məsxərə edərək - yutubda yerləşdirsək, rekord qazanar, - sözlərini eşidən, əslində eşitdiyində ölüb, yenidən dirilən qadının çəkdiyi acılar damarlarda qanı dondurur. Ayaqda qalmaq, evində, ailəsində əvvəlki mövqeyini bərpa etmək, mavayıl üzündən üfunət qoxuyan bədənindən çimçəşən ərinin sevgisini qaytarmaq üçün apardığı mücadilə oxucunu düşündürür. Müəllif son dərəcə təbii yolla bu sosial bəla-xəstəlik üzündən ailəsində dışlanan, "iş görmək həvəsi, həyat eşqi yaşamaq kimi, gülmək kimi..." ölən qadının yerində sabah hər kəsin ola biləcəyini və amansız xəstəliklərdən heç kəsin sığortalanmadığı düşüncəsini qafalara ötürür, insanları hansı duruma düşmələrindən asılı olmayaraq "xəstəlikdə və sağlıqda, yaxşı və pis gündə" bir-birinin yanında, arxasında olmağa, qədrini bilməyə və özlərinə dəyər verməyə çağırır: "Dedim "otağıma gəlmə!" Ancaq iki ayağın bir başmağa dürtdü ki, dürtdü. "Qol-boyun olacağıq bu gecə..." dedi. Necə də qol-boyun olduq!.. Həmişəki kimi dinməz-söyləməz soyuqdan buza dönmüş ayaqlarımı qızdırdı. Qızışma ayaqlarımdan bütün canıma yayıldı. Əli oyluğumda dolaşanda, canım gizildədi. Necə də ürəyimi isitmişdi ocaq kimi isti əlləri!.. Bağrına basıb, üzümdən öpəndə, şər dağarcığı - bu şişmiş kisə ikimizin aramızda qaldı. Diksinib, birdən geri çəkildi. Ağzın açdı bir söz desin, dinmədi. Ona, vəhşicəsinə sarılmağım gəldi. Ona dal çevirdim. Hirsimdən dodaqlarımı gəmirdim. Yenə gözlərimdən bulaq coşdu. Bir daha plastikin xışıltısı gəldikdə, yastıq-yorğan əlində, cin kimi otaqdan eşiyə çıxdı..." Maraqlı məqamdı: çünki əgər Azərbaycan xanımının əri, həyat yoldaşı bu duruma düşsəydi, o, son anadək dözərdi, ərinin yanında olardı, yorğan və balışını götürüb qaçaraq yataq otağından çıxmazdı...

 

(Ardı var)

Esmira FUAD

 

525-ci qəzet.- 2022.- 26 noyabr.- S.21.