Yeni türk şeirinin
"gəlini" - Tomris Uyar
Türkiyə
ədəbiyyatında qələmiylə, əsərləriylə
özünəməxsus yer tutan, kişi həmkarlarından
heç də arxada qalmayan bir çox qadın yazarlar var.
Yazıçı, tərcüməçi Tomris Uyar isə təkcə
əsərləri, tərcümələriylə deyil, həm
də şəxsi həyatı ilə Türk ədəbiyyatının
haqqında ən çox danışılan qadın ədibidir,
deyə bilərik.
Həqiqətən də, hansı qadının bəxtinə
düşər dörd böyük şairin sevgisi, ilham pərisi
olmaq?!
Tomris Uyar həmin nadir qadınlardandır. Tək baxışıyla
insanları özünə çəkən, üç
böyük şairi sevgisiylə pərişan edən, onlara
misra-misra, vərəq-vərəq şeirlər yazdıran, həmişə
ən özəl, ən fərqli olmağı bacaran
qadındır o. Həyatı boyunca heç zaman şeir
yazmayan, qısa hekayələri və tərcümələriylə
ədəbiyyat cameəsində yer tutan xanım
yazıçı, həm də Türkiyə poeziyasında
önəmli yerə sahibdir, şeirin "İkinci Yeni"
adlanan dövrünün "gəlini" kimi, az qala, bu
mövzudakı bütün söhbətlərdə adı
keçməkdədir.
Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda dünyaya gəlib. Türk nəsrinə
qələmi, Türk poeziyasına isə varlığı ilə
xidmət etmiş xanım yazar 4 iyun 2003-cü ildə vəfat
edib.
İstanbul Universiteti İqtisadiyyat fakültəsinə
bağlı Jurnalistika bölümünü bitirən Tomris
"Papirus" dərgisinin qurucularındandır. Həmçinin,
"Varlıq", "Soyut" və "Yeni dərgi"də
yazıları yayımlanıb. Hekayələri
bir çox ədəbiyyat ödüllərinə layiq
görülüb. 60-dan çox əsərin
tərcüməçisidir. Bu tərcümələr
də kitab kimi nəşr olunub.
Türk ədəbiyyatının azad ruhlu qadını
Tomris Uyar əsərləriylə yanaşı, eşqləriylə
də göz önündə olub. "İkinci Yeni" dövrdə adına yazılan şeirlər Türk ədəbiyyatında
önəmli yer tutmaqdadır.
Hüquqçu, amma ədəbiyyat sevdalısı bir
ailənin qızıydı o. Özünün də ədəbiyyat
sevgisi məhz burdan gəlirdi. Arnavutköy Qız
Kollecində oxuyarkən ədəbiyyatla daha da
yaxınlaşır. Məktəb qəzetinin
baş yazarı olan Tomris ilk hekayələrini də bu
dövrdə yazmağa başlamışdı.
İlk həyat
yoldaşı şair Ülkü Tamərlə də burada tanış olmuşdu. Kolleci
bitirdikdən dərhal sonra evləndilər. Tomris Uyar ilk tərcümə əsəri olan Taqorun
"Şəkərdən körpə" əsərini bu
illərdə "Tamər" imzası ilə bitirir. Bu evliliyi Tomris Uyarın peşəkar
yazıçı olması üçün böyük bir
önəm daşıyır. Belə ki,
Ülkü Tamər onun üçün təkcə həyat
yoldaşı yox, həm də bir müəllim idi. Buna görə də evliliyi müddətində
yazıçılıq yolunda önəmli addımlar
atmış oldu. Onların evliliyi kənardan
hər kəs üçün son dərəcə gözəl
və problemsiz kimi görünürdü. Bu evliliyi
taclandıran bir də Ekin adlı
qızlarının doğulması oldu. Lakin təəssüf
ki, körpə hələ iki aylıq ikən ana südü əmərkən
boğulub ölür. Bu faciə hər
ikisini dərindən sarsıdır, psixoloji travmaya səbəb
olur. Beləcə bir-birindən
uzaqlaşan cütlük çox keçmir ki,
boşanırlar.
Qızının ölümü Tomrisi dərin
depressiyaya salmışdı. O, uzun müddət evdən
çıxmır. Sonra yazıçı
dostlarının təkidi ilə insan içinə çıxmağa
başlayır.
Ankaradakı
Sənətsevərlər Dərnəyində təsadüfən
eyni masa arxasında oturan Cəmal Sürəya və Tomris
burada içki içərkən tanış
olurlar. Tomris Cəmal Sürəyanın dostu
Ülkü Tamərlə evliliyini hələ rəsmi olaraq
bitirməmişdi. Cəmal da həmin vaxt
Seniha xanımla evli idi.
Sonrakı qarşılaşmalarında cütlük
arasında böyük bir eşqin təməli qoyulur. Hər ikisi həyat
yoldaşlarından ayrılıb birgə yaşamağa
başlayırlar. Üç il
boyunca Tomrislə coşğulu və dərin bir eşq
yaşayan Cemal Sürəya ən tutqulu, ən erotik şeirlərini
də məhz bu dövrdə, Tomris üçün qələmə
aldı. Artıq onun üçün varsa-yoxsa
Tomrisdi, bütün həyatını bu qadına görə
qurmuşdu. Məsələn, hər
axşam işdən çıxıb birbaşa evə gələn
Cemala bir gün Tomris "gəz, dolan, dostlarınla vaxt
keçir" - deyir. Səhəri gün
Cemal evə gec gəlir. Sonrakı gün də... Beləcə, gecikmələri başlayır. Bir axşam Tomris süfrəni silkəmələk
üçün pəncərəni açanda Cemalın
aşağıda oturduğunu görür. Sən demə, o, yenə də hər axşam
işdən çıxıb evə gəlir, amma
aşağıda oturaraq "gecikirmiş". Tomris bu vəziyyəti "şəxsiyyət gecikməsi"
adlandırır.
"Daha nəyin olum, qürursuzunam sənin" - deyəcək
qədər aşiqdi Tomrisə böyük şair. Tomris isə onu bu cür
tanıdırdı: "Tanıdığı neçə adam varsa, o qədər Cəmal Sürəya
var. Hamısı fərqli. Bəlkə təməl
xüsusiyyətləri eyni qalır, siyasətə, ədəbiyyata,
yumora bağlılığı, zəhmətkeşliyi,
dürüstlüyü kimi. Amma çox dəyişkəndir.
Ona görə də mən bir dənə
Sürəya bioqrafiyası haqqında düşünmürəm.
3 dənə yazmaq olar. 3
ayrı".
Lakin bu möhtəşəm eşq də bir gün sona
çatdı.
Cəmal Süreya Tomrisə heç zaman tamamilə sahib ola bilməyəcəyini anladığı
üçün böyük sevgisini tərk etməli olur.
Tomrislə keçirdiyi 3 ili heç zaman
yazmayacağını və danışmayacağını
deyir və həqiqətən də ölənə kimi bir kəlmə
də nə yazır, nə danışır...
Bu sevgidən geriyə isə Cemalın Tomrisə həsr
etdiyi gözəl şeirlər, misralar qalır. Aşiqlər sevgilərini
itirib, dost qalsalar da, Türk poeziyası və musiqisi (Sezen
Aksunun bəstəsiylə) belə bir gözəl şeir
qazanır:
"Ay
ışığında oturduk
Bileğinden
öptüm seni
Sonra
ayakta öptüm
Dudağından
öptüm seni
Kapı
aralığında öptüm
Soluğundan
öptüm seni
Bahçede
çocuklar vardı
Çocuğundan
öptüm seni..."
Cemal Süreya ilə sevgisi bitmişdi, amma Tomris türk
şairlərinə ilham pərisi olmağa davam edirdi. Növbəti
ilham pərisi olacağı şair isə Turqut Uyar idi.
Turqut Uyar onun ikinci həyat yoldaşı, ən uzun münasibətdə
olduğu adam olaraq həyatında yer
alır. Tomris onunla tanışlığını belə
xatırlayır: "1966-cı ildə mən artıq Cemal
Süreya ilə ayrılmaq üzrə idim. O da həyat
yoldaşından ayrılmış, uşaqları ilə
birlikdə İstanbula gəlmişdi. Burada tanış
olduq. Əsl tanışlığımız yəqin
ki, odur, çünki o zaman daha yaxından oturub söhbət
etmək fürsətimiz oldu və məktublaşmağa
başladıq. Bu məktublar əvvəlcə
yalnız şeir məktubları idi.
Hələ də məndədir. Ümumiyyətlə, onun
poeziya haqqında düşüncələri, mənim onun
şeirlərilə bağlı fikirlərim... Anladığım
qədəriylə çox qarışıq bir dövr
keçirirdi. Yəni bir müddət ailə həyatında
yaşadığı narahatlıq və ahəngsizlik onun
poeziyasına da təsir etdi, yeddi il idi
şeir yazmırdı. Bunu bir ilhamverici kimi ifadə
etmək istəmirəm, amma yəqin ki, çox
danışdığım, ondan yazmağı çox
xahiş etdiyim üçün tədricən şeir yazmaq həvəsi
yenidən yarandı".
Ankarada tanış olan cütlüyün münasibəti
şeirlə başlayıb sevgiyə çevrildi. Tomris 7 il şeir yazmayan Turqutun ilham pərisi olur. 1969-cu ildə ailə həyatı qururlar və bu
evlilikdən Hayri Turqut adlı övladları dünyaya gəlir.
Tomris Turqut Uyarın ona itirmək qorxusu və
narahatlığı ilə olan sevgisini belə
xatırlayır: “Turqut hər an itirəcəkmiş kimi gərəksiz
bir narahatlıqla yorulacaq, mən də heç bir rəqabətin
olmadığı bir sahədə həmişə birinci
seçilməkdən usanacaqdım".
Tomrisin ən uzun münasibəti Turqut Uyarın 1985-ci
ildə vəfatıyla beləcə bitir. Bu sevgidən
də geriyə duyğu dolu şeirlər qaldı. Onlardan ən çox bilinəni Turqut Uyarın Tomrisə
ithaf etdiyi "Bozuk saat" şeiridir.
"Herkes seni sen zanneder.
Senin sen
olmadığını bile bilmeden,
Sen bile..
Seni ben geçerken,
Derim ki,
Saati
sorduklarında;
Onu
"O" geçiyordur..."
Türk ədəbiyyatının daha bir məşhur
şairi Edip Cansevər haqqında "həddindən
artıq şeirdən öldü" deyirlər. Bəli, bəlkə
də bu, belədir. Amma Edip həm də
qarşılıqsız məhəbbətindən
öldü. "Tomris içkini çox sevərdi, mənsə
onu..." yazmışdı bir salfet kağızına Tomrislə
oturduqları masada.
Bu
şairlərin hər biri dost idi. Tomris isə
hamısıyla dostluq münasibətində idi. Edip isə onun ən yaxşı dostlarından,
yaradıcılığına təsir edən şairlərdən
biri idi. Amma həmçinin, bu şairlərin
ən şanssızı da o idi. Çünki
Tomris onun sevgisinə heç zaman qarşılıq vermədi,
onu dostdan artıq görmədi. Cansevər isə hər
15 martda - Tomrisin ad günündə yeni bir şeir yazıb,
ona olan sevgisini təkrar-təkrar dilə gətirirdi:
"bir adın vardı senin, Tomris Uyar'dı
adını yenile bu yıl,
ama bak
Tomris uyar olsun gene
ben bu
kış öyle üşüdüm ki sorma
oysa
güneş pek batmadı senin evinde..."
Tomris Edip Cansevər haqqında bunları deyirdi: "Sevgililik, ya da eşq zamanla yara alır, adiləşir, bitir. Bitməyən tək eşqin gerçək və lirik dostluq olduğunu Edip Cansevər öyrətdi mənə".
"Həyat hekayəmin yazılmasını istəmərəm. Özüm haqqında düşünməyi bu qədər önəmli saymıram" - deyən Tomris Uyarın həyatı, əslində, hekayələrə, romanlara, kitablara mövzu olacaq qədər zəngin və önəmlidir. Üç böyük şairə ilham pərisi olan, onların şeirlərinin qəhrəmanına çevrilən qadın haqqında yazılmazmı?
Tomris isə həyatının sonuna kimi bu fikirdə deyilmiş. Belə ki, o, ölümündən bir il öncə verdiyi müsahibəsində bu mövzulara çox toxunmasa da, onu sevən şairlər və onun haqqında yazılan şeirlər haqqında bu fikirləri səsləndirir: "Özümü bir ilham pərisi adlandıracaq qədər gülməli insan deyiləm, əlbəttə. Özümü o qədər də bəyənmirəm. Ancaq belə bir şey var: düşünən və sorğulayan insanam. Haqqında danışdığınız bu insanlar da etdikləri hər şeyi sorğulayan, düşünən, müzakirəni sevən insanlardır. Yəqin ki, əsl cazibəm bu idi mənim. Mübahisə edərdim. Bir də çox açıq danışmağımın da təsiri olub, zənnimcə. Mövzunu anlamağım və intizamlı olmağım...
Münasibətlərimdə həmişə özümə toxunulmazlıq sahəsi tapmışam. Bu, həqiqətən sevildiyim və qiymətləndirildiyim halda çoxlu mübahisələrə səbəb olan xüsusiyyətimdir. Mən başqalarına verdiyim yaratmaq, tək düşünmək, tək olmaq azadlığının mənə də verilməyini istəyirəm.
Şeirlərin mənim üçün yazılmaqları önəmli deyil. Yaxşı şeirdirmi deyə baxıram. Çox heyif ki, belə bir xüsusiyyətim var. Gözəl şeirdirlər. Bəziləri daha yaxşı ola bilərdi, əgər mənim adım olmasaydı. Mənə bir şey yazılmağını, ithaf edilməyini sevmirəm. Amma gözəl bir şeirdirsə, məmnun olaram. Məni anlatan deyil, mənim inandığım şeylərə yer verən bir şeirdirsə, çox sevərəm".
Fikrimcə, Türk ədəbiyyatının əvəzedilməz
adı olan Tomrisi ən gözəl ifadə edən isə
Cansevərin bu misrasıdır: "Bir adın vardı senin,
peşinde de üç büyük şair..."
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.21.