Xalq artisti Qabil Quliyev: “Bizdə müasir teatr anlayışını başa düşməyənlər var”

 

“Elə bir mənəm-mənəmlik vaxtına gəlib çıxmışıq ki, insanlara nümunə lazım deyil”

 

Görkəmli teatr xadimi, Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyevlə müsahibəni təqdim edirik

- Qabil müəllim, dünən otelin pəncərəsindən boylananda sizi gördüm: teatra gəlirdiniz. Ağlıma gəldi ki, bu, sadəcə işə gəlmək deyil, bu nədirsə, başqa şövqdür, başqa eşqdir. Amma bilmirəm, bu mənalandırma nə qədər doğrudur, yerinə düşürmü, düşmürmü..

- Dünən biz Kamal Abdullanın “Casus” tamaşasının premyerasını uğurla keçirdik. Hər bir teatrda premyeranın özünün ab-havası, tələbləri olur. Yəni həmin günün tələbləri daha böyük olur. Çünki bu, sənin tamaşaçı ilə ilk görüşündür. Bütün bunlar insanda xüsusi məsuliyyət hissi formalaşdırır. Ola bilər, o əhval həmin məsuliyyətin yaratdığı əhvaldır.

- Həmin ab-havaya, həmin əhvala tamaşaçılar da uyğunlaşa bilir?

- Bu, mütləqdir. Elə tamaşalar olur ki, aktyorlar tamaşaçıların təsiri altına düşür. Tamaşa da olur ki, əksini görürük. Yəni tamaşaçını aktyor öz ardınca aparır. Bizim “Casus” tamaşası belə tamaşalardandır. Yəni aktyor tamaşaçını öz ardınca aparır, onu öz təsirində saxlayır. Bu məsələlərdə aktyorun üzərinə böyük məsuliyyət düşür. Əlbəttə, ilkin məsuliyyət müəllifin üzərinə düşür. Çünki “Casus” pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında tamam başqa formatda yazılmış əsərdir. Amma məlumdur ki, “Dədə Qorqud” dastanı bütün dünyada məşhur dastandır və türk xalqlarının Ana yasasıdır. Bu ad öz-özlüyündə tamaşaçıda xüsusi bir diqqət formalaşdırır.

- Tamaşaçımız keçmişə, dəyərlərə yeni baxışa, yeni yozuma hazırdırmı?

- Tamaşaçı var ki, hadisəni qavrayıb reaksiya verir. Tamaşaçı da var ki, düşünmədən, aldığı informasiyaya ani reaksiya verir. Əgər tamaşaçı eyni düşüncə qabiliyyətinə malik olsaydı, hər şey maraqsız olardı. “Casus” tamaşasında motiv “Dədə Qorqud”dan gəlsə də, burda yaşadığımız həyatın problemlərinin əsasını görürük. Özü də o problemlərin hamısı əsərdə öz əksini tapmışdı. Adam var bunu başa düşür, adam var sadəcə, tamaşa kimi baxır.

- İndi aktyor və rejissorlar bölgə teatrında işləmək istəmirlər. Yox, sizin bölgə sözündən xoşunuz gəlmir. Üç il əvvəl Teatro.az-da müsahibənizi oxumuşdum. O müsahibədən yadımda qalıb ki, əyalət və bölgə sözlərini sizin yanınızda dilə gətirmək olmaz. Deyək ki, gənclər paytaxtdan kənar teatrda çalışmağa həvəsli deyillər. 50 ildir, Lənkəran teatrında çalışırsınız. Ömrünüzü bu teatra həsr etmisiniz və Lənkəran Dövlət Dram Teatrının çox böyük uğurları sizin adınızla bağlıdır. Sizin timsalınızda nümunə olmaq məsələsini soruşmaq istəyirəm...

- Mən deyə bilmərəm ki, yaşadığım həyat tərzi, bu teatra bağlılığım kiməsə nümunə ola biləcək, yoxsa yox. Çünki zaman o zamandır ki, insanlar nümunə götürmək istəmirlər. Elə bir mənəm-mənəmlik vaxtına gəlib çıxmışıq ki, insanlara nümunə lazım deyil, onlar özləri asanlıqla kiməsə nümunə olmaq iddiasındadırlar. Bəli, mən bütün müsahibələrimdə əyalət, əyalət teatrı bölgüsünün əleyhinə olmuşam. Demişəm ki, Azərbaycan böyük ölkələrin bir əyaləti boyda olan ölkədir. Əgər belədirsə, burda əyalət nəyə demək olar? Əhalimiz böyük şəhərlərin əhalisindən iki dəfə azdır. Bunun harası əyalətdir? Azərbaycan böyük şəhərdir. Şəhərin bu başı da şəhərdir, o başı da. Mənim Lənkərana gəlməyim özümün də gözləmədiyim bir məqama düşdü. Tələbə olanda Akademik Milli Dram Teatrında çalışırdım. Çünki oranın rəhbəri Əliheydər Ələkbərov mənim ustadım idi. Sonra hərbi xidmətə çağırıldım. Düşdüm Dövlət Kino Komitəsinin bazasına. Bakıya çəkilişlərə  gəlirdik. “Nəsimi”, “Qatır Məmməd”, “Səmt küləyi” filmlərinin çəkilişini biz etmişik. Dedilər, qayıt Bakıya, Moskvada niyə qalırsan?

- Yəni qalmaq imkanınız var idi...

- Bəli. Fikrim Moskvada yaşamaq idi. Məni yoldan çıxartdılar, qayıdıb gəldim. Gəldim Bakıya ki, ustadım dünyasını dəyişib, mənə “gəl” deyən insanlar meydanda yoxdurlar.

- Kim idi onlar?

- O vaxt kinostudiyada tanışlarım çox idi. Operatorlar, rejissorlar... Çarəsiz qalıb getdim nazirliyə.

- Həmin illərdə nazirin birinci müavini Məmməd Ziyadov olub...

- Bəli, getdim Məmməd Ziyadovun yanına. Allah ona qəni-qəni rəhmət eləsin. O, mənim ustadımın dostu idi. Mənə dedi ki, gəl, səni göndərək Lənkəran teatrına, orda ilyarım işlə, sonra bir şey fikirləşərik. O fikirləşmək, bu fikirləşmək... Ziyadov dünyasını dəyişdi, mən də hələ fikirləşirəm. (Gülür).

- Bəs peşmançılıq hissi?

- Köçəri quşun yuvası olmaz. Aktyor var ki, qısa müddətdə 10-a yaxın teatr dəyişir. Amma nə əynində bir şeyi var, nə kisəsində. Bunun üçün də insan bir yerdə məskunlaşsa, bir yerdə özünə əhatə qursa, daha yaxşı olar. Bakı uzaq deyil, iki saatlıq yoldur. Rusiyada insanlar işləmək üçün hər gün iki saatlıq yolu gedib-qayıdır.

- 20-25 il əvvəl paytaxtda məskunlaşmaq və işləmək daha rahat olardı...

- Dəfələrlə imkanım olub. Evi dəyişmək, Bakıya köçmək təklifləri olub. Bakıda istədiyim teatrda çalışa bilərdim. Sadəcə, onu özüm-özümə sığıdıra bilmədim. Pərvəriş tapdığım Lənkəran teatrını atıb getsəydim, bunu özümə xəyanət bilərdim. Bu gün isə bu haqda danışmağın mənası yoxdur. İndi paytaxt qədim şəhərlərə üz tutub. Vətənin o başı-bu başı olmaz.

- Nurəddin Mehdixanlı deyir ki, atam gülməyən adam olub. Sizin də bir fikrinizi xatırlayıram: atam o qədər sərt adam idi ki, ömrü boyu heç bir övladını əzizləməyib, öz sevgisini içində saxlayıb. Danışaqmı bu barədə?

- Əlbəttə. Atam çox ciddi adam idi. Heç vaxt övladlarının başına sığal çəkib tərifləməyib. Onun övladları haqqında nə düşüncələri varsa, içində olub. Bəlkə ona görədir ki, biz özümüzə həyat yolu seçəndə valideynlərimizə problem olmamışıq. Amma mənim atam çox övladcanlı kişi olub. Mən əvvəllər neft sənayesində oxumuşam. Sonra “AZİ”yə qəbul olmuşam, ordan da qaçmışam. Bir il neft mədənlərində işləmişəm. Daha sonra İncəsənət İnstitutuna imtahan verdim. Əslində neft sənayesi məktəbini qırmızı diplomla bitirmişdim. Ona görə də “AZİ”də heç nəsiz gedib oxuya bilərdim. Bu mənada imkanlarım geniş olub.

 

- Evdən isə istəyirmişlər ki, həkim olasınız...

- Valideynin istədiyi başqa, ürəyin istədiyi başqadır.

- Şura hökuməti qurulanda ananız kənddə dərs deyib...

- Bəli, anam savadsızlığın ləğv olunması kurslarında müəllimə olub.

- Onun savadı hardan idi?

 

- Anam Yardımlının Dağüzü kəndində doğulub. Elə həmin kənddə tam olmayan orta məktəb bitirmişdi. Sovet hökumətinin ilk illərində, bir də 41-45 müharibəsi illərində 1-4-cü siniflərdə uşaqlara yazı-pozu öyrədib. Anam çox mütaliə edən idi. Baxmayaraq ki, evin problemləri, qayğıları çox idi, amma oxumağa vaxt tapa bilirdi.

- Bildiyimə görə, kənddə iki böyük kitabxana olub: biri məktəbin, o biri sizin evin kitabxanası..

 

- Evimizin kitabxanası çox zəngin idi. Atam özü də kitab oxuyan idi. Hara gedərdi, yeni kitablar axtarardı. Mən oxuduğum kitabların çoxunu evimizdə oxumuşam. İlk oxuduğum kitab Əli Vəliyevin "Madarın dastanı" olub.

- Başqa nə oxumusunuz?

- Beşinci-altıncı sinifdə oxuyanda məktəbimizin kitabxanasının açarı məndə olub. Dərsdən çıxandan sonra heç olmasa üç saat orda olurdum. Oxuduğum bədii ədəbiyyatın çoxunu o dövrdə oxumuşam. Sonra tələbəlikdə daha çox ixtisasım üzrə kitablar oxuyurdum.

- Tələbəliyinizdən danışaq. İndi Bakıda o dövrdən nişanə qalan nələr var?

- Tələbə vaxtı həm işləyirdim, həm oxuyurdum. Adətimiz var idi, həftədə bir dəfə uşaqlarla səhər saat 8-də instituta toplaşırdıq, yarım saat bulvarda gəzirdik, sonra “Pəhriz” aşxanasında səhər yeməyi yeyib, dərsə girərdik. Tələbə vaxtı teatrda işləyirdim və həm yaşlılarla, həm də cavanlarla yaxşı ünsiyyətim yaranmışdı.

- Nurəddin Mehdixanlının sənətə gəlməsinin səbəbkarı siz olmusunuz...

- O hərdən ağzından qaçırır ki, mənim ilk ustadım qardaşım olub (Gülür). Atam onu hüquqşünas görmək istəyirdi. Nurəddin imtahan verən ili mən Moskvadan Bakıya ezamiyyətə gəlmişdim. Kinostudiyanın həyətində baza qurmuşduq, “Səmt küləyi”nin çəkilişləri gedirdi. Həmin vaxt Nurəddin universitet imtahanına gəlmişdi. Yaxşı da imtahan verdi. Nurəddin yaxşı tarixçidir. Kənddə bir tarix müəllimimiz var idi - Hüseynağa müəllim. Çox yaxşı tarixçi idi. Mən səkkizi bitirəndən sonra kənddən çıxdım, şəhər məktəbində oxudum. Amma Nurəddin orta məktəbi kənddə bitirib. Hüseynağa müəllim tarixi Nurəddinə çox yaxşı öyrədib.

- Nurəddin müəllimin son tamaşalarından hansılara baxmısınız?

- Pandemiya düşəndən sonra Bakıda tamaşalara baxmamışam. İndi də işlərimiz elədir ki, hər vaxt getmək olmur. “Ölülər”də Şeyx Nəsrullahı oynayır, ona baxa bilməmişəm. “Cəhənnəm sakinləri”nə, bir də “Xəcalət”ə baxmışam. Pandemiyadan əvvəl ayda bir dəfə Bakıya gedib tamaşalara baxardım.

- Bilirəm ki, siz “Ölülər”də İsgəndəri oynamısınız. Və tamaşa çox böyük səs yaradıb...

- Bizim tamaşamız Azərbaycan Dövlət  Televiziyasının Qızıl fondunda saxlanılır. Amma təkcə “Ölülər” deyil Qızıl fondda. Bizim “Müfəttiş”, “Olanlardan keçənlərdən” tamaşamız da fondda saxlanılır. Səhv etmirəmsə, Yutub-da bu tamaşalar var.

- Azərbaycan teatr mühitinin gələcəyini necə görmək istəyirsiniz? Daha başqa formada, başqa imkanda, fərqli münasibətlər sistemində...

- Heç kimə sirr deyil ki, Azərbaycan teatr mühiti son vaxtlarda çox dəyişib. Uzun müddət teatrlar diqqətdən kənarda qalıb. Hətta elə münasibət olub ki, sanki teatr millətə lazım deyildi. Amma son illərdə teatrlarda intibah, dirçəliş gedir. Yeni əsərlər gəlir, teatr mədhiyyəçilikdən uzaqlaşır, sosial problemli əsərlərə müraciət edir. Bu da tamaşaçını cəlb edir. Əgər əsərdə problem həll olunmursa, o, tamaşaçının nəyinə lazımdır? Hər bir əsər özündə əks etdirdiyi sosial problemlərlə maraqlıdır. Azərbaycan teatrlarının özünəməxsus ənənəsi var. Teatr poliqon deyil. Görünür, bizdə müasir teatr anlayışını başa düşməyənlər var. Sən teatrı Azərbaycanın milli teatr ənənəsini qorumaqla müasirləşdirməlisən. Yəni bu gün eksperiment adı ilə papağı çevirib tərsinə qoymaq hələ papaq geyinmək demək deyil. Belə yenilik olmaz. Bu, sadəcə, əlimizdə olanı korlamaqdır. Odur ki, milli teatr öz simasını milliliyi ilə qoruyub saxlamalıdır.

- Bu mənada mühafizəkarsınız...

- Bəli, bu mənada heç nəyi bağışlamıram. Məsələn, Akademik Milli Dram Teatrı Azərbaycan teatr sənətinin məbədidir. Orada aparılan hər bir iş digər teatrlar üçün örnək olmalıdır. Amma o da gərək elə işlər görsün ki, örnək ola bilsin. Orda hoqqabazlıq etmək yaramaz. Belə şeylər vaxtilə çox olub. Olduqca çox olub. Teatra modernizmi Tofiq Kazımov gətirib. Çox gözəl rejissor idi. Amma o, qurduğu tamaşalarda müasirliyi, modernizmi elə tətbiq edirdi, Azərbaycan milli teatr ənənəsini korlamırdı, pozmurdu.

- Lənkəran Dövlət Dram Teatrına gənclər gəlib. Baş rejissor, aktyorlar... Sizi deyib gəliblər. Nə düşünürsünüz onlar haqqında?

- Gənclər arasında çox ziddiyyətli xarakterlər görürük. Kimi gün keçirməyə gəlir, kimi sənət qazanmağa. Kim teatrı sevirsə, sənət sevgisi varsa, dözür, istəyinə nail olur. Kimdə bu sevgi yoxdursa, onu zəncirlə də bağlasan, çıxıb gedəcək. Bizim gənclikdə qəribə bir xəstəlik var. İkinci kursa onlar özlərini aktyor hesab edirlər. Üçüncü kursa dahi olurlar, dördüncü kursda düşünürlər ki, teatrlar bunlarsız yaşaya bilməz. Elə ki insitutun divarlarından çıxırlar, heç biri teatra getmək istəmirlər. Amma aktyor teatrda yetişməlidir. İnstitut divarları arasında onlara nəzəri bilgilər verirlər. Onların teatrlara getməmələri bugünkü kadr çatışmazlığını yaradır. Bizim vaxtımızda aktyorluğa 20 nəfər daxil olurdu, 12 nəfər bitirirdi. Onlar təyinatla teatrlara gedirdilər. Sonra İncəsənət Universitetini Mədəniyyət Nazirliyindən alıb Təhsil Nazirliyinə verdilər. Təhsil Nazirliyi isə onlara təyinat vermir. İndi hər il yüzlərlə adam o universiteti bitirir, amma heç biri ortada yoxdur. Ona görə də Mədəniyyət və İncəsənət Universitetini Mədəniyyət Nazirliyinin tabeliyinə qaytarmağın vaxtıdır. Təyinatla gələn beş məzundan birində teatr eşqi olsa, qalıb işləyər, sənətkar olar. Gəlmir axı! Bakının küçələrində it döyürlər. Gedib serialda kölgə kimi keçir, deyir, mən ulduzam. Hanı onlar? Bununla heç kim maraqlanmır. Pedaqoji Universitetlər ildə minlərlə müəllim buraxır, amma bizim dağ kəndlərində yenə müəllim çatışmazlığı var. Bu gün ən ciddi problem təyinat məsələsidir.

- Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi bu gün real görünür?

- Bunu artıq nazirlik özü həll etsin, onlar maraqlansın. Mədəniyyət və İncəsənət Universitetini Təhsil Nazirliyinin balansına Polad Bülbüloğlu verdi. Niyə? Ali məqsəd mənə indi də bəlli deyil. Sən axı, Konservatoriyanı, Rəssamlıq Akademiyasını Təhsil Nazirliyinin balansına necə verə bilərsən? Və nə üçün verməlisən?

- Bu məsələ bir neçə dəfə müzakirə olunub, qaldırılıb. Amma görünür, indiki reallıqda universitetin Təhsil Nazirliyinin tabeliyində olması məqsədəuyğun hesab edilir...

- Nə fərqi var? Hansı nazirliyin balansında olsa, həmin büdcə ayrılır. Ən vacibi odur ki, təyinat məsələsi bərpa olunmalıdır. Müəllim və artist hazırlanması konveyer üsulu ilə aparılır, “peçat”layıb buraxırlar. Bəs onlar hardadırlar? Bütün bunları dəyişməyin vaxtıdır.

- Başqa nə demək istəyirsiniz?

- Teatrlarda çalışan hər kəsə cansağlığı, uğurlar arzulayıram. Bir də böyük sənət eşqi, sənət sevgisi. Onlar bu sevgidən heç vaxt xali olmasınlar.

- O eşq olmasa, qəliz məsələdir...

- Deyir, “Gər cəzbeyi-eşq olsa, gətirrəm, necə gəlməz. Gər cəzbeyi-eşq olmasa, gəlsə, vecə gəlməz” (Qəzəl məşhur Qarabağ şairi İbrahim Tahirindir – C.Zeynallı)  Sevgisiz gəlirlər, sonra da atıb gedirlər. Bu dəqiqə cəmiyyətimizdə hesab-planla evlənib nə qədər ailələr boşanır? Amma ailəni sevgi möhkəmləndirir, yaşadır. Sənətdə də belədir!

 

Cavid ZEYNALLI

 

525-ci qəzet.- 2022.- 26 noyabr.- S.19.