"İnsan əvəzsizdi, dedin
dünyada..."
Xalq şairi Nəriman
Həsənzadəyə açıq məktub
Dünyada
xeyir iş görməyən insan əbəs yerə
yaşayır.
Hörmətli Nəriman müəllim, bu, mənim Sizə
ikinci açıq məktubumdur. Birinci məktubu Sizə
1980-ci ildə "Yazıçı" nəşriyyatında
çap olunan "Sən bağışladın"
kitabınızı oxuyub ünvanlamışdım.
Kitabınızda böyük üsyankarlıqla
İranda Azərbaycan dilinin qadağan edildiyindən söz
açırdınız. Aradan 40 ildən
çox vaxt keçməsinə baxmayaraq, heç nə dəyişməyib.
Sevindirici
haldır ki, möhtərəm Prezidentimiz İlham Əliyev
noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri
Təşkilatının IX Zirvə Toplantısında bu
çox ciddi məsələni gündəmə gətirib:
"Türk dünyasında gənc nəslin
yaşadığı ölkələrdə məktəblərdə
öz ana dilində təhsil almaq imkanı olmalıdır.
Əfsuslar
olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda
yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti
bu imkandan məhrumdur...
Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən
ayrı düşmüş soydaşlarımızın
dilimizi, ənənələrimizi, mədəniyyətimizi
qoruyub saxlamaları, azərbaycançılıq
ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri
ilə əlaqələrin heç vaxt kəsilməməsi
üçün səylərimizi davam etdirəcəyik".
Prezidentimizin çıxışında Güney Azərbaycanla
bərabər, Dərbənd, Borçalı və İraqda
yaşayan soydaşlarımıza da işarə vardır.
Nəriman müəllim, Azərbaycan xalqı
yaxşı bilir ki, Prezidentimiz dediyini edir. Bu sevindirici xəbəri
oxucularla bölüşərək xoş əhval-ruhiyyə
ilə mətləbə keçirəm. "Ədibin
evi" poemanızı maraq və diqqətlə oxudum. Əsəriniz Mir Cəlal müəllimin müqəddəs
ailəsinin poetik salnaməsidir desəm, həqiqətdən
uzaq olmaz.
Mən o xoşbəxt insanlardanam ki, Mir Cəlal müəllimin
kiçik bacanağı, qocaman şərqşünas
Cümşüd Muradovla uzun illər dostluq etmişəm. Onun
"Unudulmaz xatirələr" adlı kitabına ön
söz yazmışam. Haqqında məqalələrim
çıxıb. Dünyasını dəyişəndə
vida sözü yazmışam. Poemanızı
oxuduqca bu adlı-sanlı ailə ilə bağlı
Cümşüd müəllimin yazdıqları və dedikləri
kino lenti kimi gözlərim önündən keçir və
görürəm ki, poemanızda yazdıqlarınızla
üst-üstə düşür.
Poemanızın məramını gözəl
açıqlamısınız.
Adi
görünməsin, bu, adi deyil,
Uçur o illərə indi də fikrim.
Bu, təkcə
xatirə söhbəti deyil,
İnsan taleyidi mən dediklərim.
Mir Cəlal müəllimin sizi işə
götürdüyü vaxt tələbələri Xalid
Əlimirzəyev, Təhsin Mütəllimov və Abbas Abbasovun
kafedrada işlədiyindən söz açırsınız. Yaxşı
bilirsiniz ki, qədirşünaslıq əlaməti olaraq
onların hər biri Mir Cəlal müəllimə əsər
həsr edib. Sizin "Ədibin evi"
poemanızı da o sıradan hesab etmək olar. Onlar böyük ədibi görkəmli
yazıçı, pedaqoq və alim kimi səciyyələndirmişlər.
Siz isə poemanızda deyilənlərlə bərabər,
Mir Cəlal müəllimi, həm də nümunəvi ailə
başçısı kimi vəsf edibsiniz. Yazırsınız ki, bu ocaqda ailə içində
ailə yaşayırdı. Ailənin
böyüklüyünə baxmayaraq, Arif müəllim ailəsi
ilə birgə atasıgildə qalırdı.
Arif müəllim və Aidə xanımın "hərəsi
bir gəncin bəxt ulduzuydu" deyə vəsf etdiyiniz iki
qızı, sonralar xalqın taleyində cavabdehlik missiyası
daşıyan simalara çevrildilər.
Nəriman
müəllim, burada başqalarına nümunə ola biləcək, alimlərimizin
unutmayacağı qürurverici bir hadisəni yada
salmağı münasib bildim. Nərgiz xanım
Paşayeva AMEA-nın Ədəbiyyat İnstitutunda doktorluq
dissertasiyası müdafiə edirdi. Şuranın
iclasını mən aparırdım. Bir də
gördüm üçüncü sırada küncdə Qərb
aləmində şərqli qadınlar haqqında formalaşan
imici alt-üst edən, respublikamızın
hüdudlarını yarıb beynəlxalq aləmə
çıxan, xalqımızın fəxr etdiyi, ölkəmizin
birinci xanımı əyləşib. Nə gizlədim,
bir az özümü itirdim.
Özümü ələ alanda ağlımdan keçən
bu oldu: "Hər böyük kişinin arxasında
böyük bir qadın durur".
Mehriban
xanım Əliyevanın Nərgiz xanımın müdafiəsində
iştirakı bir də onunla əlamətdar oldu ki, professor
Aidə xanım İmanquliyevanın ömrü boyu
çalışdığı, cild-cild əsərlər
ortaya qoyduğu Akademiyamızın bu möhtəşəm
binası əsaslı təmir edildi və müasir istilik
sistemi quraşdırıldı.
Nəriman
müəllim, Mir Cəlal müəllimin Ərdəbildə
anadan olduğunu, Gəncədə boya-başa
çatdığını həssaslıqla dilə gətiribsiniz:
"O
Taylı, bu Taylı Azərbaycanı,
bir canda
yaşatdı bir ömür boyu".
Eləcə
də yaratdığınız həyat mənzərəsi
qürurvericidir, misralar hədəfə düz dəyir:
Haradan biləydin,
qız nəvən bir gün,
Qalib Sərkərdənin sevdiyi mələk.
Qalxacaq
üstünə Xudafərinin,
O Taya, bu
Taya əl eləyəcək.
Mir Cəlal
ocağı ilə bağlılığınızı
poeziyanın şirin dili ilə necə də gözəl təsvir
edibsiniz:
Yaşayır
insanın qan yaddaşında,
Nədirsə bilmirəm, amma əvəzsiz.
O evdə,
o halal süfrə başında,
Mənim
də öz yerim varıydı, Hafiz!
Əsərinizdə böyük səmimiyyət və
etiraf vardır. Poemada incəliklərə, hətta Mir Cəlal
müəllimin evinizi görməyə bir dəst qızıl
suyuna çəkilmiş qaşıq gətirdiyinə qədər
qələmə almısınız. Bu, bəzi
ağzıgöyçəklərə ən tutarlı
cavabdır.
Mir Cəlal müəllimin aspirantı olduğunuz, ilk
kitabınıza böyük alimin ön söz yazmağı
da çox mətləblərdən xəbər verir.
Bu böyük alimin zərb-məsələ çevrilən,
bütün zamanlar üçün keçərli olan,
"İş axtarma, adam axtar" kəlamı
aşağıdakı misralarınızla necə də
uzlaşır.
İnsan əvəzsizdi,
dedin dünyada,
Cəmiyyət bir seldi, səsli-soraqlı.
İnsan
axtarıbdı qoca Sokrat da,
Adamlar içində əliçıraqlı.
Nəriman
müəllim, dünya şöhrətli alim, SSR Elmlər
Akademiyasının prezidenti, Azərbaycan SSR EA-nın fəxri
akademiki (1972) M.V.Keldışın Bakıya gəlişini
ilhamla tərənnüm etmisiniz:
Keldış
Moskvadan gəlmişdi o vaxt,
Diqqət
də başqaydı rəsmi qonağa
Cavan
alimiydi Akademiyada
Arif özü çıxdı onda qabağa.
İnanıram ki, akademik Arif Paşayevin keçdiyi
daşlı-kəsəkli elm yolundan xəbəri olmayanlar bu sətirlərinizi
anlamaya bilər. Bu məsələyə Cümşüd müəllimin
yazdıqları tam aydınlıq gətirir: "Yaxşı
yadımdadır, Mir Cəlal müəllimin böyük
oğlu Arif 1956-cı ildə Ukraynada texniki ixtisas alıb vətənə
qayıtmışdı. Bu, həmin il idi
ki, televiziya Azərbaycanda evlərə yavaş-yavaş qədəm
qoyurdu. Ona görə də ixtisasçılara
böyük ehtiyac vardı.
Arif evdə
sevinə-sevinə Mir Cəlal müəllimə müraciətlə:
- Ata, məni televiziyada ixtisasıma uyğun işə dəvət
edirlər. Yaxşı məvacib, vəzifə,
xidməti maşın təklif edirlər.
Mir Cəlal
müəllim:
-
Oğul, vəzifə də, məvacib də yaxşı
şeydir. Lakin elə ki, səni işdən kənarlaşdırdılar,
uşaqlarının necə dolanacağı barədə
düşünən olmayacaq. Elm dalınca get.
O vaxtlar
ağsaqqal sözü eşidilərdi. Arif elm
dalınca getdi. Tarixdə təkrarlar
çox olur, Arif hələ 8-ci sinifdə oxuyanda düzəltdiyi
aeroplan modeli müsabiqədə birinci yeri tutmuşdu. Arif bu sahəni seçdi. Moskvada
Dövlət Nadir Metallar İnstitutunda aspirant oldu. Namizədlik və doktorluq dissertasiyaları müdafiə
etdi" ("525-ci qəzet", 15.11.2019).
Nəriman müəllim, bildiyiniz kimi, Sovet dönəmində
dövlət əhəmiyyətli belə dissertasiyaların
müdafiəsi gizli keçirilir və məxfi
saxlanılırdı. Çox güman ki, Azərbaycanda Kibernetika
İnstitutunun təşkilində və elmi kadrların
hazırlanmasında müstəsna xidmətləri olan
M.V.Keldış Arif müəllimin dissertasiyasını
oxumuş və onunla tanış
olmuşdu.
Bütün bunlar yazdıqlarınıza şübhə
yeri qoymur.
Poemanızda Mir Cəlal müəllimin və
övladlarının obrazını olduğu kimi yarada
bilmisiniz. Bu böyük alim və ədibin çox sadə təvazökar,
xeyirxah bir insan olduğunu çoxları bilirdi. Lakin onun ailədaxili münasibətləri,
övladlarına qeyri-adi qayğısını "Ədibin
evi" poemanızdan bilmək olur. Maraqlıdır ki,
yazıçıdan: "Şah əsəriniz
hansıdır?" - deyə soruşanda,
təbəssümlə "Şah əsərim ailəmdir"
- deyib.
Mir Cəlal müəllimin xidmətləri çoxdur. Ən
böyük xidmətlərindən biri övladlarını
özü kimi təmənnasız və iddiasız
yaşamağa alışdırması olmuşdur. Bunu biz Hafiz müəllimin şəxsində tam
aydınlığı ilə görürük.
İnanılası deyil, uzun müddət ABŞ-də ilk səfirimiz
kimi iki ölkə arasında əlaqələrin
inkişafında müstəsna xidmətlər göstərən,
indi beynəlxalq aləmdə yaxşı tanınan Azərbaycan
Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev
mindiyi maşını özü idarə edir. Yay
vaxtı sükanın arxasında əyləşərək
Bilgəh bağlarına tək gedib-gəldiyinin dəfələrlə
şahidi olmuşam.
Adi bir şirkətə rəhbərlik edən birisi iki
cangüdənlə gəzir. Rahat həyat
sürdüyündən Hafiz müəllimin çəkinəcəyi
bir şey yoxdur. Kabarda-Balkar şairi Qaysın Quliyevin
şairimiz Tofq Bayramın dilimizə çevirdiyi misraları
ona yaraşır:
Qoy
şirin yuxuna girsin gecələr,
Ürəyincə olan gözəl bir həyat.
Ləkəli
deyilsə vicdanın əgər,
Sən rahat yat.
O, sadə
həyat tərzinə, iddiasız yaşamağa adət
etdiyindən şan-şöhrətə uymur. Şan-şöhrət
özü gəlib onu tapır. Bütün
bunlar haqqında poemanızda ətraflı
yazmısınız.
Nəriman müəllim, mənim nəvəm Nərminə
ADA-da oxuyurdu.
Deyirdi ki, Hafiz müəllim gəlib tələbələrlə
bərabər yemək yeyər, çay içər, söhbət
edərdi. Aşpazların yanına gedib
yeməklərə nəzər yetirərdi. Hansı yeməkdən çox qalıbsa, səbəbini
öyrənməyə çalışardı. Həmin yeməyin keyfiyyətinə daha çox diqqət
yetirməyi tövsiyə edərdi.
Nəvəm ailə qurduqdan sonra təhsilini İngiltərədə
davam etdirməli oldu. O, and içir ki, İngiltərədə verilən təhsil
ADA-nın verdiyi təhsilin səviyyəsindən
çox-çox aşağıdır.
Nəriman müəllim, Mir Cəlal müəllimin
qızı Elmira xanımın musiqi məktəbinə
müdir təyin olunmasından, söz
açırsınız. Lakin məktəbdə
sağlam mühitin olmadığını görən, əvvəlki
müdirin rüşvət üstə həbs edildiyini
eşidən Elmira xanım vəzifədən imtina edir.
Mir Cəlal müəllimə hörmət əlaməti
olaraq nazir onu müdir vəzifəsindən azad etmir. Mir Cəlal müəllim yüksək mədəniyyət
sahibi Zakir Bağırovla əlaqə saxlayıb
qızını vəzifədən azad etməsini xahiş
edir.
Hər
iki şəxsiyyətə yaraşan misralarınız necə
də yerinə düşüb:
O vaxtdan
çox keçib, dəyişib zaman,
Həyatda nə qədər kəsir görmüşəm.
Nə Mir
Cəlal kimi gözütox insan,
Nə o nazir kimi nazir görmüşəm.
Poemanızda da deyildiyi kimi, yuxarıdakı fakt əyani
şəkildə göstərir ki, Mir Cəlal müəllimin
böyük ailəsinin yaşam tərzi tamahsızlıq, təmənnasızlıq
və iddiasızlıq üstə köklənibmiş.
Əsərinizdə böyük ehtiramla Mir Cəlal
müəllimin qızı Ədibə xanımdan da bəhs
edirsiniz. Mən on ildən artıq Ədibə xanımın
müəllim işlədiyi BDU-da dərs demişəm.
Ədəb-ərkanı, sadəliyi, təvazökarlığı
ilə seçilən Ədibə xanım tələbə-müəllim
heyəti arasında hörmət-izzət sahibidir. Qoy oxucu onu da
bilsin ki, Ədibə xanım biz tovuzluların sevimli gəlinidir.
Nəriman
müəllim, tərənnüm etdiyiniz "Ədibin
evi"ni göz bəbəyi kimi qoruyan, məhəbbətlə
bu müqəddəs ocağı səliqə-sahmana salan,
ürəkaçan ab-hava yaradan Şəfəq xanımdan da
söz salmağınız yerinə düşür. Nəzmə
çəkdiyiniz misralar çox mətləblərdən
söz açır:
"Ədibin
evi"ndə başqadı həyat,
sağ ol, Şəfəq xanım,
bu cah-bu cəlal.
Əllərin
toxunan hər bir eksponat,
Dil açıb deyir ki, sağdı Mir Cəlal.
Ədiblərimiz, elm adamlarımız,
ziyalılarımız vaxtaşırı "Ədibin
evi"ndə toplaşaraq ədəbiyyatdan, ədəbi
prosesdən, qələm sahiblərindən söz salır, tədbirlər
keçirir, Mir Cəlal müəllimin ruhunu şad edirlər.
Hamı bilir ki, Azərbaycanda hekayə janrının ən görkəmli ustası Mir Cəlal müəllimdir. Nə yaxşı ki, "Ədibin evi"ndə hər il "İlin hekayəsi" müsabiqəsi keçirilir. Birinci üç yeri tutan hekayələrin müəllifləri layiqincə mükafatlandırılır. Münsiflər heyətinin işində Arif və Hafiz müəllimlə bərabər, Siz, Mir Cəlal müəllimin tələbələri Xalq yazıçısı, professor Elçin, akademik Nizami Cəfərov, Akademiyamızın müxbir üzvü Təhsin Mütəllimov, professorlar Şirindil Alışanlı, İlham Rəhimli, İntiqam Qasımzadə və başqaları fəal iştirak edirlər.
Əzizim Nəriman müəllim, poemanız gözəl sonluqla bitir: "Ədibin evi"nə müraciətlə yazırsınız: "Allahım, nə deyir "Ədibin evi"?
O deyir: yaxşılıq itmir dünyada,
Əbədi əkilir torpağa, daşa.
Yaşa, yaxşıların haqqıdı, yaşa!
Mir Cəlal müəllim, məndən sonra da.
Nəriman müəllim, poemanızda ibrətamiz
mətləblər çoxdur. Məktəb
keçərək məktəb yaradan böyük alim, pedaqoq
və yazıçı Mir Cəlal müəllim və ailəsi
haqqında dolğun əsər yazıbsınız.
İnanıram ki, indiki və gələcək nəsillər
"Ədibin evi" poemanızdan bol-bol bəhrələnəcəklər.
Qəzənfər Paşayev
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.18;19.