Həsən Mirzəyev və folklor
Qərbi
Azərbaycanın Ağbaba, İrəvan, Qaraqoyunlu, Zəngəzur,
Göyçə mahallarının folklorunun öyrənilməsi
həmişə diqqət mərkəzində olub. Toplanılan folklor örnəkləri janr zənginliyi
ilə fərqlənir. Ağbaba folklorunda nanaylar,
lağamalar, boranlar, bəxtaçmalar, papaqaltılar və
yaylaqaltılar, tırınqılar, İrəvan folklorunda
haxıştalar, Qaraqoyunlu folklorunda yasaqlar, yalvarışlar,
Zəngəzur folklorunda diləklər, hekayətlər,
dodaqqaçmalar, Göyçə folklorunda sicilləmələr
janr baxımından ətraflı şəkildə öyrənilməmiş
örnəklərdir. Belə az öyrənilmiş,
yaxud yetərincə araşdırılmamış folklor
örnəklərinin bir qismini Həsən Mirzəyev Dərələyəz
mahalından yazıya almışdı.
Həsən Mirzəyevin elmi
yaradıcılığında folklorşünaslıq fəaliyyəti
xüsusi yer tutur. Onun adət-ənənələrini,
şivəsini və tarixini araşdırdığı qədim
türk-oğuz məskəni olan Dərələyəz
bölgəsi folkloru ilə də zəngin olub. Həsən Mirzəyev Dərələyəzin
şifahi söz sənətini bir elm qayğıkeşi kimi səbrlə
toplamış, janr təyinatını aparmış, nəşrinə
nail olmuşdu. Bütün
toplayıcılıq prinsiplərini gözləyən Həsən
Mirzəyev yazıya aldığı nümunənin məkanını
və söyləyicisini də unutmamış,
topladığı folklor materiallarının janr təyinatını
yüksək səviyyədə həyata keçirmişdi.
Onun folklorşünaslıq fəaliyyətində
tematik və struktural janrlar elmi ardıcıllıqla
apaşdırılır, janrdaxili dəyişmələrin
assiqnmentasiyası yüksək səviyyədə həyata
keçirilir.
Mövsüm və mərasim nəğmələri
bölgüsündə təqdim olunan nümunələrin
oxunduğu mərasimlər də təsvir olunur. Holavar, sayaçı
sözü, eydirmə kimi əmək nəğmələrinin
ardınca "Qodu-qodu", "Kosa-Kosa", "Yel
Baba", "Xıdır Nəbi" nəğmələri
verilir və bu təqdimat "Çillə", "Boz
Ay", "Üzərlikyandırma",
"Yağışkəsmə" kimi mərasimlərin təsviri
ilə tamamlanır. Folklor nümunələrinin
bu şəkildə təqdimi onların mahiyyətini, məqsədini
və vəzifəsini hərtərəfli anlamağa kömək
edir. Həsən Mirzəyev həmin folklor
nümunələrini yazıya alarkən dialektal xüsusiyyətləri
gözləyir. Dialektal xüsusiyyətlərin
gözlənilməsi həmin folklor örnəkləri əsasında
Dərələyəz bölgəsinin şivəsini öyrənməyə
imkan verir.
Həsən
Mirzəyev "toponimlərin leksik-semantik və qrammatik
xüsusiyyətlərini", "ermənilər tərəfindən
təhrif olunması səbəbini və
reallığını" göstərir, Azərbaycan
türklərinin bu bölgənin "avtoxton əhalisi
olmasını" etimoloji təhlillərlə sübut edir.
O, Qərbi Azərbaycan toponimlərini araşdırarkən
elmi mənbələrlə yanaşı, folklor nümunələrinə
də müraciət edir, oronim, hidronim və oykonimlərlə
bağlı əfsanə və rəvayətləri, xalq
yozumlarını da araşdırır. Həsən
Mirzəyev etnonim, etnotoponim, antrotoponim, hidrotoponim kimi onomastik
vahidlərin xarakterik xüsusiyyətlərini el deyimləri,
xalq yozumları ilə qarşılıqlı şəkildə
öyrənir. Dərələyəz
mahalının şivə sözlərinə diqqət
çəkən Həsən Mirzəyev ifadələrin
folklor qatına enir və bu əsasda onların lüğətini
yaradır.
Həsən Mirzəyevin Azərbaycan folkloru
qarşısında xidmətlərindən biri də
"aşıq, şair və şair təbiətli
adamların" şeirlərinə diqqət çəkməsidir. Aşıq Cəlil,
Aşıq Qəhrəman, Aşıq Fətulla, Aşıq
Mehdi, Aşıq Qulu və başqalarının qoşmalarını,
gəraylılarını toplaması onun
folklorşünaslıq elmi qarşısında
möhtəşəm xidməti sayılır.
Həsən Mirzəyevin Dərələyəzlə
bağlı yazıya aldığı hadisə və əhvalatlar
janr baxımından folklorla tarixi birləşdirir. Maraqlısı isə budur
ki, hadisə ayrıca janr təsiri bağışlayır və
bir hadisədə bir neçə tarixi məqam öz əksini
tapır. "Qaçaq Nəbinin Dərələyəzdə
kazaklarla döyüşü və Qəndbölən
toponimi" hadisəsi belə nümunələrdən
biridir. "Şahbaz oğlu Cəlal Qanlı dərənin
qisasını "Bərk dərə"də aldı"
adlı başqa bir "hadisə" isə toponimik rəvayət
xarakterlidir. Hadisə janrının bir qismi isə
aşıq rəvayətini xatırladır, lakin onlarda tarixi əhvalatlara
daha çox diqqət yetirilir. "Göyçəli
Aşıq İmanla Qovuşuqlu Axund Əlinin söhbəti və
sazın qələbəsi" hadisəsində xatirə
nümunələrinə müraciət olunur.
Aşıq İmanın qarşısında məğlub olan
Axund Əli deyir ki, mən aşıqlar və saz haqqında
yanlış fikirdə olmuşam: "Sizin sazla dediyiniz
sözlər bizim söhbətlərimizdən daha qüvvətlidir".
"Hürü qarı ilə Aşıq
Paşanın qarşılaşması" adlı hadisədə
tapmaca üslubundan istifadə edilir və maraqlı bir
deyişmə nümunəsi yaradılır. Hürü
qarı Aşıq Paşaya belə bir bayatı-tapmaca
söyləyir:
Əzizim
müşkül açar,
Müşkülü müşkül açar.
İldə
bir, ayda iki,
Həftədə üç gül açar.
Aşıq
Paşa tapmacanı qoşma ilə cavablandırır:
Bir
yemişi alıb kəsdim bu yolda,
İnsaf deyil Paşa qalsın xəyalda.
Dediyin
ümmanı tapdım bu yolda,
Sən də
bil ki, məndə hünər var, Hürü!
Telli haqda
sən öyrətdin elini,
Mənə çox işlətdin fənd-felini.
Canına
qıymaram şirin dilini,
Ya əqrəb
dişləsin, ya da mar, Hürü!
Yazıq
Paşa cavanların mərdidir,
Məni öldürən sən Hürünün dərdidir.
Sən
dediyin baramanın qurdudur,
Üç
girvəngə tənbəkimi ver, Hürü!
Həsən Mirzəyevin qələmə
aldığı hadisələrin içərisində səfərnamələr
də diqqət çəkir. "Borçalı
aşıqlarının Dərələyəz səfəri"
aşıq rəvayəti olsa da, burada tarixi məqama, daha
doğrusu, olmuş hadisəyə üstünlük verilir.
"Aşıq Alının Türkiyə səfəri",
"Qaçaq Səfəralının Zəngəzur səfəri",
"Qaçaq Səfəralının Qaraarxac səfəri",
"Qaçaq Səfəralının Gindivas səfəri",
"Qaçaq Səfəralının Türkiyə səfəri"
və "Qaçaq Səfəralının Naxçıvan
səfəri" aşıq səfərnamələri
sırasına daxildir. Dastan janrının təkmilləşməsində
mühüm rolu olan nümunələrdən biri əhvalatlardır.
"Səfəralı ilə Murovun əhvalatı"
janr imkanlarına görə aşıq rəvayətlərindən
fərqlənir. Maraqlı nümunələrdən
biri mənzum dastan adlanır. Aşıq
Mirzalı Əziz oğlundan yazıya alınan "Mirzəli
və Kətan" adlı mənzum dastan düzgü (məsnəvi)
şəklindədir.
Həsən Mirzəyevin qələmə
aldığı qıfılbəndlər və deyişmələr
də maraqlıdır. Belə qıfılbəndlərdən
biri "Valeh və Zərnigar" dastanının qəhrəmanları
tərəfindən söylənilir. Qıfılbəndlər
xitab-qıfılbənd, qıfılbənd müxəmməs,
qıfılbənd deyişmə şəkillərindədir.
Aşıq şeir şəkilləri zənginliyi
ilə fərqlənir. Həsən Mirzəyevin
qələmə aldığı bağlamalar, vəsiyyətlər,
ustadnamələr, ustadnamə-nəsihətnamələr,
ithaflar, müraciətlər, həcvlər, ərizələr,
yaxud ərzi-hallar, nəsihətlər, tərənnümlər,
duetlər, nəzirələr ilk dəfə janr fərqləri
ilə təqdim olunur. Bir janrın
janrdaxili dəyişimləri aşıq şeiri şəkillərində
daha qabarıq görünür. Məsələn,
təcnisin növlərinə dodaqdəyməz təcnis,
cığalı təcnis, hərfi təcnis, hərfi
qalın təcnis, hərfi cığalı təcnis,
qoşayarpaq təcnis kimi nümunələr daxildir. Bayatılar da gəraylı bayatı,
qarğış bayatı kimi növlərə
bölünür. Qarğış bayatı bədduanı
xatırladır:
Mən
aşiq üstün gələ,
Dost yada üstün gələ.
Səni
elə yanasan,
Təpəndən tüstün gələ.
Tanıdım
əla səni,
Tutubdur bəla səni.
Ocaqdan
tonqal çatam,
Atam tonqala səni.
Həsən Mirzəyev Dərələyəz
aşıq sənətinin bilicisi idi. Özü bu barədə yazır:
"Mən aspiranturaya qəbula gələndə "Abbas və
Gülgəz", "Şah İsmayıl", "Tahir və
Zöhrə", "Novruz və Qəndab", "Dilsuz və
Xəzangül", "Minayə", "Koroğlunun Toqat
səfəri", "Əmrah" kimi dastanları,
Aşıq Ələsgər, Qurbani, Xəstə Qasım,
Aşıq Əli, Valeh, Hüseyn Şəmkirli, Hüseyn
Bozalqanlının bir çox qoşma, gəraylı, dodaqdəyməz,
təcnis, cığalı təcnis və qıfılbəndlərini
əzbər bilirdim"
Həsən Mirzəyevin topladığı miflər
Gözəgörünməz, Cin, Əjdaha, Hal Arvad, Hal
Anası, Nuh obrazları ilə bağlıdır. Əfsanələr
toponimlər haqqındadır. Gəlin
qayası, Qısır dağ, Səhənguçan təpə,
Ərgəz Piri, Ertiş Piri, Sal-sal Qaya, haqqında əfsanələr
yer-yurd adlarının xalq yozumuna əsaslanır.
İnamlar, etiqadlar, inanclar, sınamalar inam
janrının janrdaxili dəyişmələri kimi təqdim
olunur. Maraqlıdır ki, Həsən Mirzəyev inam və
inanc anlayışlarını fərqləndirir. Əslində, inam etiqadla bağlıdır. Hətta
yasaq da inamlara söykənir: "Əncir ağacının
dibində yatan xəstələnər, ya da onu vurğun
vurar". Yaxud: "Günəş batannan sonra evdən
başqasına heç nə vermək olmaz. Yoxsa
evin bərəkəti qaçar". Sınama da
inamdır, ancaq sınamada dəfələrlə təkrarlanan,
yəni sınaqdan "çıxarılan" hadisələrə
və mülahizələrə üstünlük verilir:
"Duz günü səfərə çıxmazlar".
Yaxud: "Yemək vaxtı duz tökülürsə,
ehtiyatlı olmaq lazımdı, evdə dava düşə bilər,
bu zaman duzun üzərinə şəkər qoymaq
lazımdı".
İnanc,
etiqad bir cümlə ilə ifadə olunur və lakonik məzmunludur:
"At nalını ağzı yuxarı evin qapısına
vurarlar ki, xoşbəxtlik gətirsin. Əgər
ağzı aşağı vurularsa, bədbəxtlik gətirər".
Yaxud: "At nalı alıb saxlayanın işləri
uğurlu olar". İnam isə əhvalatla,
icra olunan prosedurla bağlıdır. Məsələn,
"Qurd ağzı bağlamaq" inamını dualar
oxuya-oxuya icra edirlər.
Həsən Mirzəyev topladığı nümunələrlə
Azərbaycan şifahi xalq ədəbiyyatını janr
baxımından xeyli zənginləşdirib. O, yuxuyozmaları folklor
janrı kimi öyrənir və hər yozumu bir sözlə
ifadə edir. Məsələn, el arasında
deyilir ki, yuxusunda buğda görən ruzi tapar. Həsən
Mirzəyev bu yuxuyozmanı belə ifadə edir: "Buğda -
ruzi". Lüğətvarı tərtibat
toplayıcını uzun-uzadı izahlardan (əslində,
söz yığınından) azad edir. Onun
yazıya aldığı andlar, hədə-qorxular,
yalvarışlar, söyüşlər, lağlar,
öyüd-nəsihətlər və məsləhətlər,
sızlamalar janr baxımından ilk dəfə
araşdırılır. Andlar "And olsun" ənənəvi
ifadəsi ilə yanaşı, müqəddəs
varlıqların haqqına güvənci də ifadə edir. "Allah haqqı!" və "Allaha and olsun!"
deyimləri sinonimik şəkildə eyni andı ifadə edir.
"İşıq haqqı!" və
"İşığa kor baxım!" andları da
oxşar mənalardadır. İnama, etiqada söykənən
andlar qarşı tərəfi inandırmağa hesablanır,
xüsusi vurğu ilə söylənilir və buna görə
də nida işarəsi ilə tamamlanır:
Çörək
haqqı!
Göy
haqqı!
Quran
haqqı!
Vicdan
haqqı!
Dərələyəz bölgəsindən
toplanmış hədə-qorxular nitq janrı (etiketi) kimi
maraq doğurur və folklor nümunələri sayılır. Adından da
göründüyü kimi, bu janrın məqsədi
qarşı tərəfi hədələmək,
qorxutmaqdır:
Atanı
yandıracam!
Adam kişi olar!
Açıl
başımdan!
Folklorun nitq janrları sırasına daxil olan
yalvarışlar və söyüşlər də Həsən
Mirzəyevin diqqətindən kənarda qalmır. Lakin
söyüşləri tam toplamaq və xarakterizə etmək
çətindir, çünki bu nümunələrdəki
kobud, vulqar ifadələr oxucular tərəfindən də
yaxşı qarşılanmaya bilər. Buna görə də
Həsən Mirzəyev toplayıcı kimi bu janrın
mövcudluğunu xatırladan iki nümunə ilə kifayətlənir:
Köpək
oğlu!
Yetimçə!
Yalvarışlar isə folklor janrı kimi ilk dəfə
öyrənilir. "Başına dönüm", "Qurban olum"
kimi lakonik yalvarışarla birlikdə "Əlimi əldən
üzmə" və "Əl mənim, ətək sənin"
şəklində olan və daha çox Tanrıya
ünvanlanan folklor örnəkləri də mövcuddur. Lağları və atmacaları bir başlıq
altında təqdim edən Həsən Mirzəyev əslində
onların eyni mahiyyət daşıdığını bildirir
və bir-birindən fərqləndirmir. Bu nümunələrin
bir qismi nəzm şəklindədir:
A
keçəl, haran yaxşıdı,
Dağdan aran yaxşıdı.
Başın
keçəl, gözün kor,
Sənin haran yaxşıdı?
Həsən Mirzəyevin topladığı
cırnatmalar və dolamalar da komik janr nümunələridir. Vəsflər,
bənzətmələr və deyimləri ayrıca janr kimi təqdim
edən Həsən Mehdiyev frazeoloji birləşmələrə
üz tutur, onların folklor çalarını izah edir.
Məsələn, "İt sümüyünə
calanmaq" bənzətməsi "Pis adamla qohum olmaq"
kimi izah olunur. Deyimlər də sabit söz
birləşmələridir. Bir neçə deyimi nəzərdən
keçirsək, görərik ki, bu deyimlərdəki söz
birləşmələrinin folklor tutumu çox zəngindir və
hər birinin sətiraltı mənası var:
Ağıl dəryasıdı.
Ağzınnan quş tutur.
Ağzının kəsəri yoxdu.
Aşını bişiriblər.
Abrını ətəyinə büküb.
Adama oxşamayan və sair.
Bənzətmələr
oxşamaların bir növü kimi təqdim olunur, lakin
oxşamalardan fərqləndirilir:
Dağ
başına qar yağar,
Bulud
keçər, ay doğar,
Sənin
tək ay parçasın
Analar tək-tək doğar.
Bağda
bülbül oxuyur,
Saça sünbül toxuyur.
Balamı
iyləyirəm,
Elə bil gül qoxuyur.
Oxşamaların digər janr imkanları
özünü nazlamalar və əzizləmələrdə
göstərir. Həsən Mirzəyev beşik nəğmələrinin
bir növü sayılan qurbanları ayrıca təqdim edir.
Beşik nəğmələrinin içərisində
arzulamalar da diqqət çəkir:
Dəryalar
dərin,
Bulaqlar sərin.
Tez
böyü, oğul,
Toyunu görüm.
Öyüdlər, nəsihətlər, məsləhətlər
böyüklərin yeniyetmələrə, gənclərə
söylədikləri tərbiyəvi əhəmiyyətli
fikirlər üzərində qurulub. Məsələn,
"Ağzına çəpər çək" məsləhəti
məqamına görə öyüd və nəsihət
sayılır. Məsləhəti hər kəs
verə bilər, öyüdü isə
dünyagörmüş ağsaqqallar edirlər. Nəsihət valideyn öyüdüdür, dinləyicisinə
davranış mədəniyyətini aşılayır.
Vəsflər, vəsfi-hallar nəzm parçalarından
ibarətdir.
Vəsfi-hal bayatı şəkillidir, ənənəvi vəsfi-hallardan
fərqlənmir:
Tanrı,
məni quş elə,
Qanadı gümüş elə.
Dar yolda,
dar küçədə
Yarı mənə tuş elə.
Vəsfi-haldan fərqli olaraq, vəsf nümunəsi xalq
şeiri (qoşma) üslubunda olsa da, mərsiyəni
xatırladır. Dərələyəz ağsaqqallarının və Dərələyəz
camaatının dilində əzbər olan "Xəbər
al, deyim" qoşması imamların vəsfindən ibarətdir:
Ərəb
atlar qoç igidə meydandı,
Məhəmməd sərindən tökülən
qandı.
Birinci
imamım Şahi-mərdandı,
İkincisin məndən xəbər al deyim.
Atını
minəndə yel kimi əsən,
Yetircək kafirin başını kəsən.
İkinci
imamım ya İmam Həsən,
Üçüncüsün
məndən xəbər al deyim...
Vəsfin hər bəndində bir imamın adı çəkilir və nəticədə imamların sayına uyğun olaraq, mənzum folklor nümunəsinin bəndləri də on iki olur.
Həsən Mirzəyevin oxuculara təqdim etdiyi bir çox oyunlar, bayatılar, mahnılar, deyişmələr, atalar sözü və məsəllər, tapmacalar ilk dəfə onun özü tərəfindən yazıya alınmışdı. Belə folklor nümunələrindən biri sızlamalardır. Sızlamalar ağının bir növüdür, daha doğrusu, ağının janrdaxili dəyişimidir və vəfat edən şəxs üçün həzin-həzin, astadan xüsusi avazla ifa olunur:
Gözləri ağlar qoydun,
Qolları bağlar qoydun.
Evin yıxılsın, düşmən,
Sinəmi dağlar qoydun.
Bu dağlara çən düşdü,
Yel əsdi duman düşdü.
Balamı öldürdülər,
Canıma talan düşdü.
Qərbi Azərbaycanda, o cümlədən, Dərələyəz bölgəsində lətifə gülməcə janrı kimi tanınır. Təmsillər isə həm nəsr, həm də nəzm şəklindədir. Həsəm Mirzəyev türkəçarələri folklor nümunələri kimi yazıya alır, hətta bitkilərin müalicəvi əhəmiyyəti haqqında tövsiyələri də oxuculara təqdim edir. Ovsunlar tətbiq olunan folklor janrıdır. Ziyili yox etmək, yaxud göz dəyən adamı nəzərdən xilas etmək üçün duzyandırma belə nümunələrdir. "Dərələyəz ayamaları"nın folklor nümunələri içərisində təqdim olunması bu nümunələrin janr imkanlarını üzə çıxarır. Ayamalar gülüş doğuduğu üçün gülməcənin bir növü sayıla bilər. Həsən Mirzəyevin təqdim etdiyi ayamalar adları çəkilən şəxslərin xarakterik xüsusiyyətlərini dəqiq ifadə edir. Kişi və qadın ayamalarının fərqləndirilməsi cinsi göstəricilərdən irəli gəlir. Məsələn, "Danqa Zahid" və "Təlxəy Abbas" kişiyə məxsus əlamətləri, "Key Balaxanım" və "Saçlı Sənəm" qadına məxsus əlamətləri ifadə edir.
Qərbi Azərbaycan folklorunun öyrənilməsi
şifahi söz sənətinin toplanılması ilə
başa çatmır. Folklor nümunələri özündə
tarix yaşadır. Buna görə həmin bölgənin
folklorunun öyrənilməsinə xüsusi əhəmiyyət
verilir. Həsən Mirzəyevin fərdi təşəbbüsü
ilə toplanılan, qruplaşdırılan, nəşr olunan
və araşdırılan Dərələyəz folklor
örnəkləri janr baxımından heyrətamiz dərəcədə
zəngindir. Bu folklor nümunələrinin janr xüsusiyyətlərinin
öyrənuilməsi Azərbaycan
folklorşünaslığının tədqiqat
imkanlarını bir qədər də zənginləşdirir.
Bilal
ALARLI HÜSEYNOV
Filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.16;17.