"Millət vəkili o qədər də
böyük səlahiyyətlərə malik deyil"
Vahid Əhmədov:
"Millət vəkili adı bir vətəndaşdır,
lakin bu adı vətəndaşın qarşısında
böyük öhdəliklər var"
Bizlərdən biridir o da, amma Tanrı yerini
seçilmişlər cərgəsində yazıb. Bunu o zaman heç kim bilmirdi, çünki Yaradanın onun
alnına yazdığı qədər hələ yol gəlirdi.
Özü isə hər şeydən bixəbər
uşaqlıqdan zəhmətə alışa-alışa
böyüyürdü. Özünün dediyi kimi: "Həyatın yolları
həmişə hamar olmayıb". Bu sözləri onunla
üzbəüz söhbət edərkən dedi. Özü də çox amiranə, özünəməxsus
bir ağırlıqla söylədi. Düzü,
müsahibə üçün müraciət edəndə dərhal
cavab alacağıma inanmırdım, çünki dövlət
qulluqçuları, rəhbər şəxslər həmişə
vaxtın darlığından şikayətçidilər.
Amma düşündüyümün əksi ilə
rastlaşdım və
iki həftədən sonra müsahibə
gününün vaxtı bəlli oldu. Və mən
böyük həvəslə, qucaq dolusu sualla
görüşə gəldim. Sualları
cavablandıracaq bugünkü müsahibim isə Azərbaycan
SSR-in Əməkdar mühəndisi, texnika elmləri doktoru,
millət vəkilli Vahid Əhmədov oldu.
- Lap əvvəldən
başlayaq...
- Qubanın Qonaqkənd qəsəbəsində 1947-ci
ilin aprel ayının əvvəlində anadan olmuşam. Orta məktəbə
də orda getmişəm. Birinci sinifdən
sonuncu sinfə qədər əlaçı şagird
olmuşam və nəticədə məktəbi qızıl
medalla bitirmişəm. Çoxuşaqlı
ailədə böyümüşəm. Həyatımız
heç də asan keçməyib. Çünki
ailədə doqquz uşaq böyüyürdü və biz də
müəyyən işlər görməklə ailəyə
köməklik edirdik. Tale elə gətirdi
ki, bir-bir Bakıya oxumağa gəldik. Növbə mənə
çatanda ən
əvvəl işə düzəldim,
çünki dolanmaq lazım idi. O zaman Şmidt adına maşınqayırma zavodunda fəhlə
kimi işləməyə başladım, axşam isə Azərbaycan
Politexnik İnstitutunda təhsil aldım. Çətin
olsa da, zavod həyatı mənim üçün çox
maraqlı idi. Kifayət qədər məvacib
alırdım, ata-anama da yardım edə bilirdim. Həyatın yolları həmişə hamar
olmayıb.
- Doqquz
uşağı ərsəyə gətirən ata və ana...
- Şirvan zonasında Quba bölgəsindən olan
qaçaq Mayılın nəslindənəm. Ana babam olub.
Onun bir qardaşı vardı İsmayıl kişi,
134 yaşında dünyasını dəyişdi. Bizə həmişə tövsiyə edərdi ki,
heç vaxt dövlətin malına qarışmayın, ondan
yan keçin. Allah lazım bilərsə,
özünüzə verəcək. Bunu
atam da bizə həmişə deyərdi. Atam
mühasib olduğundan hər işin üzünü də,
astarını da yaxşı bilirdi. Anam evdar xanım
idi, başqa cür ola da bilməzdi, doqquz
uşağı boya-başa çatdırmaq özü
böyük bir iş idi. Və bu
uşaqların hamısı alitəhsilli oldu. Burda mən məktəb mühitini də
vurğulamaq istərdim. Oxuduğum sinifdə
dörd nəfər medala layiq görüldü - iki
qızıl, iki gümüş. Biz
dörd nəfər məktəbin həm ilk, həm də son
medalçıları olduq.
- Bütün ali məktəblərin qapısı üzünüzə
açıq olduğu halda, qızıl medal və axşam təhsili...
- Mən
işləməli idim, başqa çıxış yolu yox
idi. Mühəndislik və
iqtisadçılığa həvəsim böyük olub həmişə.
Politexnikə də o həvəslə daxil
oldum. Zavoda da ona görə gəldim ki,
oranın yataqxanası vardı və mən kirayə ödəməyəcəkdim.
Addımlarımı ölçüb-biçmək
məcburiyyətində idim.
- Və gəldiniz
zavoda...
- Zavod həyatı böyük bir məktəb olub mənim üçün. Leytenant Şmidt zavodu Moskvaya tabe olan böyük maşınqayırma zavodu idi. O zaman zavoda düzəlmək o qədər də asan deyildi. Həmin dövrdə ora mərhum Həsən Seyidov rəhbərlik edirdi. Cərrah qardaşım onun bir qohumunu əməliyyat etmişdi və bu vasitəçiliklə fəhlə kimi həmin zavodda fəaliyyətə başladım. Deyim ki, on min işçisi olan nəhəng müəssisə ilk gündən məni özünə çəkə bildi. Fəhləlikdən sonra dəzgahda işlədim, ustalıqdan sex ustasına çevrildim və artıq 25 yaşında mən sex rəisi idim. Hərbi xidmətdən sonra yenə də zavoda qayıtdım. İllərlə çalışdığım zavodların dəyişən yalnız adları və tutduğum vəzifələr oldu. Bakı Radio zavodunda istehsalat şöbəsinin rəisi oldum. Bakı Dəzgahqayırma İstehsalat Birliyinə məni artıq Mərkəzi Komitə göndərdi. İlk dəfə məni vəzifəyə Ulu öndər Heydər Əliyev təyin edib. Məni Mərkəzi Komitəyə dəvət etdilər və üç zavoddan birinə rəhbərlik etmək təklif olundu. Mən "Bakı fəhləsi" zavodunu seçdim. , çünki qabaqcıl zavod idi. SSRİ-də rəhbərlik dəyişdi, hakimiyyətə Qorbaçov gəldi və Heydər Əliyevə mübasibəti yaxşı olmadı. O ərəfədə onu başa salanlar oldu və Qorbaçov Tümenə səfər etdi. O zaman neft-mədən avadanlığının 75 faizini SSRİ-də Azərbaycan istehsal edirdi. Mancanaq adlı dəzgah vardı ki, onu Azərbaycan, Rumıya və ABŞ istehsal edirdi. Tümendə onun əsas hissəsini açdılar. Qorbaçov soruşanda ki, niyə neft istehsalı aşağıdı? Cavab verdilər ki, Azərbaycandan gələn mancanaqların reduktorları xarabdı. Artıq Qorbaçovun Heydər Əliyevi uzaqlaşdırmaq kimi məqsədi olduğundan Azərbaycanla bağlı ən xırda məqamlar da onun üçün bir bəhanə idi. O zaman II katib olan Konovalovla bir neçə direktoru Moskvaya çağırdılar və mən orada deyilənlərin doğru olmadığını, yanlış məlumat verildiyini söylədim. Bu hadisədən sonra məni "Keşlə" maşınqayırma zavoduna keçirtdilər, hansı ki, bu zavod yalnız reduktorlar istehsal edirdi. Heydər Əliyevin adına görə orada gecə-gündüz işləməyə başladıq, kömək edənlərimiz də oldu. Sonda məhsulları rus hərbçiləri bizdən qəbul etdi və biz bunun nə demək olduğunu çox gözəl anlaylrdıq. Son olaraq "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olaraq istehsalatdakı fəaliyyətim bitdi. Ümumiyyətlə Heydər Əliyevin mənə münasibəti həmişə yaxşı olub. 1986-cı ildə H.Əliyev SSRİ Ali Sovetinin deputatı seçilməli idi. Dedilər ki, "Bakı fəhləsi" zavodundan seçiləcək. Zavod hər il Moskvadan keçici qırmızı bayraq alırdı. O sekgi ərəfəsində mən bir ay zavodda yatdım. Kamran Bağırov, Fuad Musayev hər gün gəlib işlərə nəzarət edirdi. Zavodda xeyli sayda ermənilər də çalışırdı. Həmin ərəfədə zavodda bir sexi də yandıra bildilər, çünki xislətləri bu idi. Amma bu yanğını mənə qarşı çevirə bilmədilər, özləri həbs olundu. Sonda Ulu Öndər özü gəldi. Dörd saata yaxın zavodda oldu, gəzdi, bütün məlumatları ona verdim. Gedəndə belə bir tapşırıq verdi ki, Vahiddən muğayat olun, o, bizə həmişə lazım olacaq.
- Siyasətə gələn yol başladı...
- Bu yol elə zavoddan başlayıb. Komsomoldan başlayan çıxışlarım sonralar rayon partiya komitələrində davam edib. Bakı şəhər Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, Kommunist partiyasıının Nizami rayon təşkilatının büro üzvü olmağım artıq siyasətdə olmaq demək idi, amma fikirlərim həmişə demokratik olub. Ali Sovetin deputatı olarkən müstəqillik uğrunda gedən mübarizələrdə iştirak etmişəm. Bəzi deputatlar deyəndə ki, Azərbaycan müstəqil yaşaya bilməz, mən hesabatlara söykənərək çıxışlarımda bizim müstəqil yaşaya biləcəyimizi çəkinmədən söyləmişəm. Mən heç zaman işdən qorxmamışam, çünki təsərrüfatda olan insanlar əməyi çox sevir. Onlar müəyyən mərhələyəmi, vəzifəyəmi, rəhbərliyəmi fərqi yoxdur - hamısı əziyyət görə-görə bu mərtəbəyə gəlib çatıb. Təsərrüfatı bilmədən idarəçilik etmək çox çətindi. Hamımızın yadındadı Ulu öndər həmişə kolxoz və sovxozlarda, tarlalarda, fabrik və zavodlarda tez-tez olardı, təsərrüfatla ciddi maraqlanardı. Hər bir rəhbər üçün bu çox vacibdi. Siyasi fəaliyyətim Azərbaycan müstəqillik qazanandan sonra daha çox irəliləməyə başladı.
- Hələ tələsməyək. 72 il sürən bir hakimiyyətdən danışaq...
- Açıq deyəcəyəm, o hakimiyyətin
müsbət tərəfləri çox idi. İş
haqqında, övladının gələcəyi haqqında
heş kəs düşünmürdü. İşləməyən
mütləq işə cəlb edilirdi. Təhsili, səhiyyəsi
yüksək idi. Bu, öz yerində. Amma mənfisi də kifayət
qədər vardı. Sən ancaq bir partiyanı tərifləməli
idin. Düzə düz, əyriyə də düz deməli
idin. Həqiqəti söyləsəydin, başına min oyun
gələ bilərdi. 1991-ci ildə SSRİ-nin
dağılmasının lehinə səs verən 43
deputatın biri də mən olmuşam. O zaman zavod direktoru,
büro üzvü idim. Bir az tərəddüd içində
idim ki, birdən bu quruluş dağılmaz. Belə
olardısa, bütün nəsil məhvə gedə bilərdi.
Rəhmətlik Ulu öndər də bizimlə idi. Dedi ki, narahat olma, SSRİ
yoxdur. Dedim ki, bəs siyasi büro? Onun cavabı
heç vaxt yadımdan çıxmaz. Dedi ki, heç
siyasi büro da yoxdur. Bundan sonra siyasi büro
Amerikada - Vaşinqtonda olacaq. Ondan sonra səs
verdik və müstəqilliyimizi qazandıq. Müstəqil dövlətin əzəməti
möhtəşəmdi. Özümüzün
bayrağı, gerbi, milli valyutası - bu, tamam başqa aləmdi.
Hər dəfə dalğalanan bayrağımızı
görəndə, o qədər qürur və fəxr hissi
keçirirəm ki... Heç uzağa getmədən
bir nümunə deyim. Anadan olduğum Qonaqkənd qəsəbəsinin
ətrafında 60-a qədər kənd var. 70 il
biz çalışdıq ora yol çəkək. Həmin yol iki çaydan keçirdi, çox
çətin idi və yol çəkilmədi. Amma cənab Prezident üç ilə oranın
yolunu çəkdirdi, açılışında da
iştirak etdi. Müstəqillik bax, budur.
- Həmin
ərəfədə Almaniyada təhsil də
almısınız...
- 80-ci illərin
sonunda bazar iqtisadiyyatına keçid adlı mərhələ
başladı və SSRİ Ali Sovetinin qərarına əsasən
hər respublikadan bir və ya iki nəfər bu prosesi öyrənmək
üçün Almaniyaya təhsil almağa göndərilməli
idi. Azərbaycandan məni göndərdilər.
Bu, bütün respublikalara şamil olunduğundan Ermənistandan da nümayəndə
var idi. O zaman artıq biz münaqişəli tərəflər
olduğumuz üçün qrafiki elə qurmuşdular ki, bu
iki ölkənin nümayəndəsi rastlaşmasın.
Üç il mərhələli təhsil
alırdıq deyə, biz gedəndə onlar
qayıdırdı və əksinə olurdu. Sonda
Bonn Menecment İnstitutunu bitirib menecment-iqtisadçı beynəlxalq
diplomunu aldım.
- Müstəqil
Azərbaycanın baş nazirinin birinci müavini Vahid Əhmədov...
-
Çox çətin, ağır və gərgin dövr idi.
Hər yerdən iqtisadi əlaqələr kəsilmişdi.
Azərbaycan iqtisadiyyatını vəziyyəti
heç də yaxşı deyildi. Mitinqlər,
istehsalatın dayanması çıxılmaz hədd yarada
bilmişdi. Əhalinin əksər hissəsi işsiz
idi, amma maaş istəyirdi, yəni
qarışıq bir durum hökm sürürdü. Dövlətin xəzinəsi boş idi, ölkədə
taxıl problemi vardı. Xalq Cəbhəsi
artıq hakimiyyətdə idi. Taxıl məsələsini
necə həll etmək üçün Əbülfəz
Elçibəy məni çağırıb
çıxış yolunu soruşdu. O zaman biz Türkiyə
və Rusiyadan vəsait almaqla bu problemi həll edə bilərdik.
Elçibəy, mən, Pənah Hüseynov
Türkiyəyə getdik. Süleyman Dəmirəl
250 milyon kredit ayırdı bizə. Bu vəsaitin
hesabına Batumidən keçməklə ölkəyə
taxıl gətizdirdik. Amma Batumidən
taxılın hamısı Azərbaycana gəlib çatmırdı.
O zaman Heydər Əliyev Naxçıvanda idi və xahiş
etdim ki, taxılı əvvəl onlar götürsün,
çünki bölgə blokada şəraitində idi. İran vasitəsilə Naxçıvana yanacaq
daşınması üçün 70-ə qədər
maşın ayırmışdım. Təbii
ki, bunlar Əbülfəz Elçibəylə
razılaşdırılmışdı. Daha
sonra Rusiyadan götürdüyümüz kredit hesabına
ölkəyə taxıl daxil olmağa başladı. Vəziyyətin
çətinliyi bununla bitmirdi ki... Qarabağ
kimi böyük problem vardı, müharibə gedirdi, ordu pərakəndə
vəziyyətdə idi. Müstəqil Azərbaycan
başlanğıcda çox çətin və ağır
bir yolla yürüyüb.
-
Ömrü qısa olsa da, Xalq Cəbhəsi hakimiyyətə
gəldi...
- Gəldi
və çoxlu səhvlər ucbatından çox davam gətirə
bilmədi. Xüsusilə kadr seçimi sahəsində.
Təcrübəli, peşəkar kadrları
çıxartdırıb öz adamlarını mütləq
şəkildə ora təyin etməkdə israrlı idilər.
Zavod rəhbəri bir il ərzində
yetişmir, buna kifayət qədər müddət
lazımdır. Onu çıxarıb yerinə naşı bir
adamı qoymağın ancaq ziyanı ola
bilərdi. Bunun belə davam edə bilməyəcəyini
görüb Əbülfəz Elçibəyə məruzə
edib vəziyyəti anlatdım və o da göstəriş verdi ki, Vahid Əhmədovun
razılığı olmadan heç kəsə
toxunulmasın. Onların nəzərində idarəçilik
çox asan iş idi. Onlar hakimiyyətə
hazırlıqsız gəlmişdilər və nətəcə
də belə oldu.
-
Əbülfəz Elçibəy Vahid Əhmədovun nəzər
nöqtəsində...
-
Elçibəy çox millətçi, təmiz, müstəqillik
uğrunda mübarizə aparan insan idi. O, hakimiyyətə gələndə
iki ciddi məsələ qoydu. Birincisi, rus
ordusunun Azərbaycandan çıxarılması, ikincisi, qəbul
imtahanlarında test üsulunun tətbiq olunması,
çünki kasıb təbəqənin
uşaqlarının təhsil almasına şərait
yaradılması bu yolla mümkün idi. Rəhmətlik
Vurğun Əyyub, Kamran İmanov və mən bu məsələ
üzərində birlikdə işlədik. Elçibəy hakimiyyətdə çox
qalmayacığını bilirdi və bunu deyirdi də.
O üzdən bu iki məsələnin mütləq həllinə
çalışırdı. Rus ordusunun
çıxarılması çox ağır məsələ
idi. Onlara toxunmasa idi, bəlkə də
yerində qala bilərdi, lakin o, bu fikrindən dönmədi.
O, sona qədər millətinin taleyini və gələcəyini
düşündü və çox düzgün qərar verərək
ölkəni Heydər Əliyevin idarəçiliyinə verdi.
-
Sözü verək millət vəkilinə...
- Millət
vəkili millətini sevən, onun tələblərini yerinə
yetirən, milləti uğruna çalışan adi bir vətəndaşdır.
Lakin bu adi vətəndaşın
qarşısında böyük öhdəliklər var ki,
onları yerinə yetirməlidir, çünki onun xalq
adlı seçiciləri var. Millət vəkili çox məsuliyyətli
bir vəzifədir. Lakin onu da bilmək
lazımdır ki, millət vəkili o qədər də
böyük səlahiyyətlərə malik deyil və
seçici bununla çox vaxt barışmaq istəmir. Mənim üçün bir qədər fərqlidir.
Zamanında tutduğum vəzifə sayəsində
qurduğum əlaqələr, münasibətlər bu gün
bir millət vəkili kimi mənim üçün bir problem
yaratmır. Mənə təkcə öz
seçicilərim müraciət etmir. Ayda
bir dəfə Qubada yerləşən ofisdə seçicilərlə
görüşürəm və mənə Xaçmazdan,
Şabrandan, Siyəzəndən, hətta Bakıdan da
müraciət edənlər olur. Elə
Bakıda da gündə iki-üç nəfər qəbul
edir, şikayətlərə qulaq asır və lazımi
köməkliyi göstərirəm. Bir
millət vəkili kimi Azərbaycan vətəndaşının
bugünkü iqtisadi durumu məni qane etmir. Bu istiqamətdə fikirlərimi həmişə
bildirirəm. Biz aztəminatlı ailələri,
aşağı məvacib və pensiya alanları daha çox
düşünüb nəzərə almağa
çalışırıq ki, onların güzaranı qənaətbəxş
olsun. Lakin bir şeyi də unutmaq olmaz ki,
Azərbaycan müharibə aparan bir dövlətdir. Ordu quruculuğuna, ölkənin təhlükəsizliyinə
kifayət qədər vəsait ayrılır. İşğaldan azad olunan ərazilərdə
böyük quruculuq işləri gedir. 2026-cı
ilə qədər "Böyük qayıdış"
proqramı başa çatmalıdır ki, insanlar öz
torpaqlarına qayıdıb heç bir çətinliklə
üzləşməsinlər.
- Bir tərəfdən
də artan qiymətlər...
- Qiymətlərin
azaldığı vaxt olub ki? Dünyada baş
verən proseslər bizdən asılı deyil. Dünyanın düzəni dəyişib. Əvvələr bir SSRİ vardı, bir də qərb
dövlətləri, Amerika var idi və müəyyən
tarazlıq mövcud idi. İndi o tarazlıq
pozulub. Qafqazda əvvəl rus var idi, indi ordusu dünyada
4-cü yerdə dayanan
türk var. Bizim Prezidentimizin və Türkiyə
Cümhurbaşqanının səyi ilə "Türk
Dövlətləri Təşkilatını"
yaradılıb. Bunun özü artıq
çox mətləblərdən soraq verir. Hələ ki Rusiya və Ukrayna arasında müharibə
davam edir. Ona görə qiymət
artımı davam edəcək. Milli Məclis
bu problemlər ətrafında müzakirələr aparır,
məsələlər qaldırır və iki xristian ölkəsi
arasında gedən müharibə bitərsə,
düşünürəm ki, bu məsələ stabil həllini
tapacaq.
- Azərbaycan
və özünütəminat...
- Azərbaycan
özünü təmin edəcək gücə malikdir, bu
bir. Ən əsası isə Azərbaycanın kifayət qədər
vəsaiti var. Yaxınlarda cənab Ərdoğan dedi ki,
2023-cü ildə ərzaq qıtlığı gözlənilir.
Amma mən deyirəm ki, Azərbaycanın belə
bir problemi olmamalıdır, çünki külli miqdarda
ehtiyatımız var və ehtiyac yaranarsa, dünyanın istənilən
nöqtəsindən istənilən ərzaq məhsullarını
alıb ölkəyə gətirə bilərik. Bizim buna imkanımız yol verir. Amma bizim idxalımız da
çox böyükdür. Böyük istehsal
müəssisələri dağıldıqdan sonra biz
lazım olan məhsulları xaricdən almaq məcburiyyətindəyik.
Lakin zamanla bu da öz həllini tapacaq. Tanrı bizə neft və qaz kimi qiymətli sərvətlər
bəxş edib ki, onun hesabına biz Azərbaycanı qururuq,
tikirik, yaradırıq.
- Azərbaycan
və keçid dövrü...
- Faktiki
olaraq Azərbaycan o dövrü keçib. Bu
gün Azərbaycanın iqtisadiyyatı o səviyyədədi
ki, geriyə addım yoxdu, yol yalnız irəliyədi. Bu gün Qarabağa investisiya qoymaq istəyənər
çoxdur. Lakin Qarabağa yalnız 44 günlük
müharibədə Azərbaycanın yanında olan ölkələr
buraxılacaq. Bu, dövlət
başçısının göstərişidir. Qarabağın dirçəlişi dövlət
büdcəsinin daha da artması deməkdir. Yəni biz artıq keçid dövründən
inkişaf dövrünə keçmişik.
-
Ömrümüzdən keçən 44 gün...
- Tarixdə heç bir torpaq müharibəsiz nə alınıb, nə də verilib. Düzdür, sonda sülh sazişi adı ilə bir masaya oturub nə isə imzalayırlar. Bu Vətən müharibəsi mütləq olmalı idi. Bizim müəyyən torpaqlarımız hələ qalıb, guya sülhməramlıların nəzarətindədir, amma onu bizə dinc yolla çətin ki, versinlər. İki il əvvəl imzalanan üçtərəfli sazişə bizdən başqa riayət edən yoxdur. Nə qədər ki, Qarabağda rus sülhməramlıları var, orada sakitlik olmayacaq. Biz qardaş Türkiyədən savayı, çox bədnam qonşuların əhatəsindəyik. Azərbaycanı sevməyən, dövlət başçısının apardığı müstəqil siyasəti qəbul etməyən, özü müsəlman ölkəsi olduğu halda erməniyə havadarlıq edən qonşulardan hər cür naqislik gözləmək olar. Mən 44 gün ərzində və ondan sonra əmin oldum ki, bizim gənclik hər şeyə qadirdir. Azərbaycan dövlətçiliyini qoruyub saxlamaq üçün onlar hər fədakarlığa getməyə hazırdırlar. Onlardan narazı olmağa haqqımız yoxdur. Şəhidlərin böyük qismi, qazilərimizin əksəriyyəti hamısı gənclərdir və onlarla öyünməyə dəyər. Ölkə başçısını, Ali Baş Komandanı xüsusi vurğulamaq lazımdır. Müharibə ərəfəsində onun mətbuata verdiyi müsahibələr müharibənin yarısını udmaq demək idi. Bütün dünyaya, Azərbaycan ictimaiyyətinə gedən prosesləri çox böyük ustalıqla çatdıra bilirdi, jurnalistlərin qəliz suallarına məharətlə cavab verirdi. Bir Ali Baş Komandan kimi müharibəni bacarıqla idarə edirdi. Bunu tək biz yox, bütün dünya gördü.
- Yaşadığınız zaman kəsiyindən geri boylanaq...
- Heç nə üçün heyfsilənmirəm. Düzdü, çox çətinliklər olub, əziyyətlər çəkmişəm, siyasətdə amansızlıqlar görmüşəm, insanları tanımışam. Bunu Tanrının mənim üçün yazdığı bir yol qəbul etmişəm. Əgər insanın üzərində Allahın nəzəri varsa, onu heç nədən qorumaq lazım deyil. İki dəfə açıq ürək əməliyyatı keçirmişəm. Deməli ki, ilahi qüvvə məni qoruyur. Buna da hər gün şükr edirəm.
- Boş vaxtınız...
- ...olmur, olsa onu yalnız nəvələrimə həsr edərəm, çünki onları hədsiz sevirəm. Beş nəvəm var, böyüyü artıq Türkiyədə ali təhsil alır. Bir də yürüməyi sevirəm. Hər gün səhər 5-də oyanıb 1-2 saat gəzirəm. Zavodda işlədiyim vaxtlardan bir adət formalaşıb məndə - doqquzun yarısı iş başında olmalıyam. Milli Məclisin iclası var, ya yoxdur, fərq etməz. Bu, artıq mənim həyat tərzimdir.
P.S. Vahid müəllim üçün hazırladığım sualların ikisini ünvanına çatdıra bilmədim, çünki mənə ayrılan vaxt bitdi. Lakin cavabsız suallarımın cavabını almağa mütləq çalışacağam.
Tamilla M-zadƏ
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.14-15.