Dillər Universitetində erməni dili ixtisası
Universitetdə erməni
dili üzrə tərcümə ixtısasının açılması
ilə bağlı Elm və Təhsil nazirliyinə müraciət
edilib
Azərbaycan Dillər Universitetində erməni dili üzrə tərcümə
ixtisanının açılması
gözlənilir. Artıq bununla bağlı
Elm və Təhsil Nazirliyinə müraciət
də olunub. Ermənistanda hələ
2008-ci ildən Azərbaycan
dili kursu açıldığını, 2012-ci ildən isə "Azərbaycan dili" dərsliyinin nəşr olunduğunu xatırladan Azərbaycan Dillər Universitetinin tərcümə
fakültəsinin dekanı,
filalogiya üzrə fəlsəfə doktoru, dosent Bənövşə
Məmmədova təmsil
etdiyi universitetdə erməni dili üzrə tərcümə
ixtisanının açılması
ilə bağlı hazırlıq işlərinin
getdiyini bildirib:
- Söz var, deyir,
düşmənə qalib
gəlmək istəyirsənsə,
onun dilini və mədəniyyətini
öyrənməlisən. Ermənistanda
artıq neçə
illərdir Azərbaycan
dilinin öyrənilməsi
istiqamətində məqsədyönlü
iş aparılır,
Azərbaycan dilini və Osmanlı türkçəsini öyrədən
mərkəzlər fəaliyyət
göstərir. Bundan başqa,
Ermənistanda Azərbaycan
dilində çox səlis və təmiz danışan ermənilər var. Orada əhalinin yarıdan çoxu Azərbaycan dilində və türk dilində danışa bilir. Düşmən bizim dili öyrənirsə, biz niyə
onların dilini öyrənməyək? Dövlət orqanlarında, güc strukturlarında, eləcə
də digər önəmli qurumlarda erməni dili bilən kadrlar lazım olur.
Düzdür, bizdə də Bakı Dillər Universitetində, Azərbaycan
İqtisad Universitetində,
eləcə də xüsusi xidmət orqanlarında erməni dili öyrənilir. Azərbaycan Dillər
Universitetində də
uzun illərdir Beynəlxalq münasibətlər
və idarəetmə
fakültəsində Qafqazşünaslıq
ixtisasının tərkibində
erməni dili tədris olunur. Burada sadəcə qafqazşünaslıqda
erməni dili öyrədilir. Biz isə erməni dili üzrə tərcüməçi hazırlığı
ilə məşğul
olmaq, sırf tərcüməçi kadrlar
yetişdirmək istəyirik.
Qeyd edim ki, bizim universitetin
Tərcümə fakültəsində
hazırda 7 dil tədris olunur: italiyan, ispan, Koreya, alman, ingilis, fransız və keçən ildən etibarən ərəb dilləri üzrə kadr yetişdiririk. Dövlət qurumlarından bizə
olan müraciətlərə
əsasən qərara
almışıq ki, dünyanın aparıcı
dili olan Çin dilini və müharibə şəraitində yaşadığımız
qonşu Ermənistanın
dövlət dilini də tədris edək. Artıq bu barədə
Elm və Təhsil Nazirliyinə də müraciət etmişik.
Ümid edirik ki, nazirlik
bizə dəstək olacaq. Əgər erməni dili üzrə tərcüməçi
kadrı hazırlığı
ilə bağlı qəbul planında yer ayrılmasına icazə verilsə, qısa zamanda tədrisə başlaya bilərik.
- Azərbaycanda erməni dili üzrə mütəxəssis çatışmazlığı
yaşanırmı?
- Ölkədə erməni
dilini bilən mütəxəssislər çox
azdır. Biz yeni
açılacaq ixtisas
üçün belə
mütəxəssislər tapmaqda
çətinlik çəkirik.
Sırf bu səbəbdən də Azərbaycan Dillər Universiteti olaraq bu ildən yeni
tədris ili
üçün qəbul
planı vermişik. Əsas məqsədimiz 4 il ərzində
universitetdə erməni
dili üzrə yaxşı kadr hazırlamaq, magistratura təhsili aldıqdan sonra isə onları öz universitetimizdə müəllim
kimi işlə təmin etməkdir. Bir sözlə, bu sahədə mütəxəssislər,
müəllimlər yetişdirməyi
düşünürük.
- Tələbələr arasında
bu sahəyə maraq varmı?
- Əlbəttə, var. Hətta
3-4 il bundan
qabaq bizim ingilis dili ixtisası
üzrə təhsil alan bir tələbəmiz
ərizə yazıb bizdən xahiş etmişdi ki, öz dərsindən əlavə olaraq Qafqazşünaslıq ixtisası
üzrə təhsil alan tələbələrlə
birlikdə erməni dili dərslərində otursun. Bu, onun
ixtisası deyildi, lakin öyrənməyə
bu qədər həvəsli idi. Erməni dilinə maraq göstərən başqa
tələbələr də
var.
- Erməni dili ixtisasının tədrisinə
başlanacağı təqdirdə
tələbələr yetərli
vəsaitlərlə təmin
olunacaqlarmı?
- Biz bu məsələlərin hamısını nəzərə almışıq. Düzdür, əvvəl-əvvəl dərs vəsaiti və müəllim çatışmazlığı yaşana bilər. Lakin bu riski gec-tez mütləq gözə almaq lazımdır. Sözügedən ixtisas tədris olunamağa başlayandan sonra 4 il müddətində öz tələbələrimiz arasından ən az beş nəfər müxətəssis yetişdirə bilsək, bu sahədə uğurlu addımlar ata bilərik. Hazırda dərsliklər, əlbəttə ki, var. Məsələn, Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərovun yazdığı "Erməni dilinin qrammatikası" dərsliyini göstərə bilərik. Tərcümə ixtisasının xüsusi spesifik sahəsi olan siyası-ictimai tərcümə, tibbi tərcümə və s. həmin dildən götürülmə materiallar əsasında tədris olunur. Təbii ki, gələcəkdə tərcümə fakültəsi üçün də yeni dərsliklər yazılacaq.
- Sizcə, tələbələr erməni dilinin öyrənilməsinin vacibliyini anlayırlarmı?
- Bəli, məncə, anlayırlar. Bu, elə bir dildir ki, bunu niyə öyrəndiyini dərk edib gəlməlisən. Bu, ingilis dili deyil ki, tələbə beynəlxalq dildir deyə öyrənmək üçün gəlsin. Yəni bu dillə bağlı məsələ fərqlidir. Əgər tələbə özünü hansısa lazımlı qurumda, eləcə də hərbi sahədə kadr olaraq görürsə, çox güman ki, bu ixtisası seçməyə üstünlük verəcək.
- İlkin mərhələdə ixtisas qəbulu və tədris necə olacaq?
- Tələbənin seçdiyi dil baza dil deyilsə, o zaman onun tədrisinə sıfırdan başlanır. Baza dillər ingilis, fransız və alman dilləridir. Bu dillər məktəblərdə tədris olunur. Əgər məktəbdə sözügedən dil keçilməyibsə, tələbələr birinci kursda bir il müddətində sırf dil öyrənirlər, yəni sıfırdan başlanaraq tələbələrə o dilin əlifbası və qrammatikası öyrədilir
İxtisasa qəbul üçün isə abituriyentlər 3-cü qrup üzrə imtahan verəcəklər. İxtisas seçimində digər ixtisasları necə seçirlərsə, bunu da elə seçim edə biləcəklər. Heç bir fərqlilik yoxdur. Qəbul imtahanında xarici dil olaraq isə ingilis dilindən imtahan verəcəklər.
Sevil SEYMUR
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.13.