Öz möhtəşəmliyi ilə zirvədə
dayanan nadir şəxsiyyət
Azərbaycan
xalqı xoşbəxtdir ki, onun XX əsrin son 30 ilinə və
XXI əsrin əvvəlinə təsadüf edən tarixi və
taleyi Ümummilli lider Heydər Əliyev şəxsiyyəti və
onun əzəmətli ideyaları üzərində qərar
tutur. Azərbaycanın
indiki əzəmətli inkişafı fonunda müasir
tariximizin bu həqiqəti daha aydın, daha bariz şəkildə
qavranılmaqdadır.
Bu gün ötən sərin 70-ci illərini təhlil edərkən
qətiyyətlə demək olur ki, Heydər Əliyev bu millətin
inkaredilməz qürur mənbəyi,
qazandığımız bütün nailiyyətlərin səbəbkarı,
uğurlu günlərimizin təməlini qoyan alternativsiz
lider, millət atasıdır. Bugünkü Müstəqil
Azərbaycan və onun əldə etdiyi uğurlar isə
Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin
şah əsəridir. Danılmaz həqiqətdir
ki, Vətənimiz, xalqımız, millətimiz,
bütövlükdə isə bütün türk, müsəlman
dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən
olmuşdur. Öz zamanında, əqidə və fəaliyyəti
ilə belə ad-san qazananlar, həyatlarını xalq, Vətən
yolunda sərf edənlər heç vaxt unudulmur, xatirələrdən
silinmir, həmişəyaşar olurlar...
Dünyanın ən qədim xalqlarından biri olan
xalqımız bəşəriyyətə çox
böyük dühalar, dahilər, elm, poeziya, sənət
korifeyləri bəxş etmişdir. Azərbaycan
torpağı çox görkəmli, yenilməz, zəkalı,
istedadlı sərkərdələr, dövlət və
ictimai-siyasi xadimlər yetirmişdir. Xalqımız
4 min ildən artıq yaşı olan dövlətçilik
tariximizdə dahi şəxsiyyətlərin adlarını
qoruyub-saxlamış, nəsildən-nəslə, əsrdən-əsrə
keçirmiş, onlara əbədiyyət heykəli
ucaltmışdır. Belə şəxsiyyətlərə
Manna dövlətinin başçısı İranzunu,
Atropatena dövlətinin yaradıcısı Atropatı,
Albaniya hökmdarı Cavanşiri, öz bacarığı,
kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər
dövlətini yaratmış Şəmsəddin Eldəgizi,
milli Azərbaycan Səfəvilər dövlətinin banisi I
Şah İsmayıl Xətaini, Azərbaycan Xalq Cümhuriyyətinin
qurucuları Məhəmməd Əmin Rəsulzadə,
Əlimərdan bəy Topçubaşov, Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli, XX əsrin əvvəllərində
sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbərlik
etmiş doktor Nəriman Nərimanovu və
başqalarını misal göstərmək olar.
Onlar xalqın milli dəyərlərini, dilini, dinini, mənəvi
dünyasını qoruyub saxlamış, onu daha da inkişaf
etdirmiş, bununla da xalq rəhbəri olmuşlar. Mübaliğəsiz
deyə bilərik ki, Heydər Əliyev xalqımızın bu
ulu, nəhəng övladları içərisində öz
möhtəşəmliyi ilə zirvədə dayanan nadir
şəxsiyyətdir.
Ümummilli
lider 70-ci illərdə Azərbaycanı gözlənilməyən
bir cəsarət və məharətlə idarə etməyə
başlayaraq neçə illərin sükunətini pozdu və
onu hərəkətə gətirdi, milləti oyatdı,
türk düşüncəsini silkələdi, ictimai əxlaqı
tərpətdi... Heydər Əliyev bu vaxta qədər
İttifaq miqyasında, demək olar ki, adı çəkilməyən
bir ölkəni SSRİ-nin ən qabaqcıl respublikasına
çevirdi; on ildən artıq müddətdə Ulu öndərin
Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi
üçün gördüyü işləri o zaman SSRİ
respublikalarından heç birinin rəhbəri görməmişdi.
Heydər Əliyev artıq müəyyən
taktiki məqsədlərlə Moskvanın gözlərini
qamaşdıraraq mənsub olduğu millət
üçün çox böyük işlər
görür, strateji planları həyata keçirirdi. Həmin
planlardan birincisi isə xalqın özünü özünə
tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa
etmək idi... Onun 1969-cu ilin noyabrında Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində
çıxış etməsi, gözlənilmədən
müxtəlif müəssisələrə gedib zəhmətkeşlərlə
tez-tez görüşməsi, bacarıqlı milli kadrları
respublikanın idarə olunmasına cəlb etməsi, ölkənin
ictimai-siyasi həyatında xüsusi xidmətləri olan
insanların əməyini vaxtında və layiqincə qiymətləndirməsi
və digər yeni yanaşmaları isə bədxahları
qıcıqlandırırdı.
Özünə
möhkəm yer eləmiş, gedəni söyüb, gələni
öyməklə neytrallaşdıran, müxtəlif millətlərdən
ibarət məmurlar şantaja, böhtana əl atdılar,
lakin bu rəhbər o biri rəhbərlərdən deyildi... Türk hökmdarlarının böyük ənənələrini
davam etdirən Azərbaycan rəhbəri qətiyyətlə
öz böyük amallarını həyata keçirirdi.
Rəhbərlik etdiyi ilk gündən Heydər
Əliyev mədəniyyətimizin tərəqqisi,
inkişafı üçün çox işlər
gördü. Onun təşəbbüsü
ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə
abidələr, heykəllər ucaldıldı. Bu gün
ölkəmizi bəzəyən Nəriman Nərimanova,
İmadəddin Nəsimiyə, Şah İsmayıl Xətaiyə,
Molla Pənah Vaqifə, Hüseyn Cavidə, Cəfər
Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm
heykəl və abidələr Ulu öndərin
yadigarlarıdır.
Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin yalnız
tarixi ilə deyil, bugünü ilə də sonsuz enerjiylə
məşğul olan, Azərbaycan yazıçıları, mədəniyyət,
incəsənət xadimləri ilə ardıcıl
görüşən, onların qurultaylarında fəal
iştirak edən respublika rəhbəri millətin
yaradıcı qüvvələrini əvvəlki illərin ətalətindən
çıxardı, onlarla görkəmli yazıçı,
incəsənət, mədəniyyət, elm xadiminin sədası
məhz respublika rəhbərinin nüfuzu sayəsində
qısa bir zamanda SSRİ-nin mərkəzindən gəlməyə
başladı. Yəni Azərbaycan Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə təkcə
nefti, pambığı, üzümü ilə deyil, mənəvi-intellektual
sərvətləri ilə də ittifaq miqyasında məşhurlaşmışdı.
Respublikanın
müxtəlif rayonlarında dünya mədəniyyətindən,
demək olar ki, təcrid edilmiş şəkildə
yaşayan, lakin zəhmətkeş, istedadlı xalqın Azərbaycanın
mərkəzi ilə əlaqələrinin genişlənməsində
də Heydər Əliyevin mühüm xidmətləri
olmuşdur, məhz bu görkəmli şəxsiyyətin,
böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində
Bakı "beynəlmiləl" şəhərdən milli
şəhərə çevrilirdi.
Görkəmli dövlət xadimi kimi Heydər Əliyev
şəxsiyyətinin möhtəşəmliyinin və dəmir
iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə
edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi
Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini kimi yüksək post tutan Heydər Əliyev
velikorus şovinizmi və böyük dövlətçilik
psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu
rejimin yaratdığı təqiblər və
ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir
qüvvə onun zəngin, tükənməz və hərtərəfli
dövlət idarəçiliyi istedadının
qarşısını almağa qadir deyildir. Tənəzzülə
başlamış nəhəng imperiyanın ən
ağır sahələrinin idarə edilməsində
böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində keçmiş
SSRİ-də böyük nüfuz qazandı. Həmin
dövrdə Heydər Əliyev Siyasi Büroda bütün
Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən
çıxarmağa qadir olan yeganə dövlət xadimi idi.
Odur ki, səriştəsiz və
bacarıqsız Kreml rəhbərləri, xüsusilə
Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib
hesab edirdilər. O illərdə Moskvada baş verən
hadisələri daha yaxşı təsəvvür etmək, həmçinin, xalqımızın bu dahi
övladının nə qədər unikal bir şəxsiyyət
olduğunu bir daha görmək və Heydər Əliyev
fenomenini daha yaxşı tanımaq üçün bir zamanlar
oxuduğum kitabdan bəzi hissələri olduğu kimi oxuculara
təqdim etmək istəyirəm:
"Sovet
dövlətinin tanınmış siyasi xadimlərindən
biri, uzun illər SSRİ-nin Xarici işlər naziri, sonra
SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində
işləmiş Andrey Qromıkonun oğlu, siyasi jurnalist
Anatoli Qromıko yazdığı "Kremlin labirintlərində"
adlı kitabında yazır ki, 1985-ci ildə Baş katib
Çernenkonun vəfatından sonra Mərkəzi Komitənin
Siyasi Bürosunda ən yüksək posta yalnız iki nəfərin
namizədliyi barədə düşünürdülər. Onlar ya SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini Heydər Əliyevin, ya da Mərkəzi Komitə
katibi Mixail Qorbaçovun namizədliyini müzakirə edirdilər.
Kitabda yazılır ki, Heydər Əliyev digər
tanınmış siyasi xadimlərdən istedadı, yüksək
şəxsi keyfiyyətləri və bacarığı ilə
fərqlənirdi.
Böyük
şəxsiyyətin SSRİ-də populyarlığını
bu fakt da göstərir ki, 80-ci illərdə Rusiyanın
nüfuzlu telekanallarından olan Rusiya İctimai
Televiziyasının məşhur aparıcısı Leonid
Yakuboviç "Pole çudes" proqramında belə bir
sual qoymuşdu: "Dünyanın ən nüfuzlu siyasətçisi
kimdir?" Suala "Heydər Əliyev"
cavabını verən qadın qalib olaraq bahalı avtomobil
udmuşdu.
...Dövlət
başına keçən qisasçı Qorbaçov tezliklə
Heydər Əliyevə və Azərbaycana qarşı
kompromatlar və irimiqyaslı hücum planı
hazırladı. Bu işdə öz maraqları
olan ermənilər də ona canfəşanlıqla kömək
göstərirdilər. Akademik
Aqanbekyanın Fransanın "Humanite" qəzetinə
verdiyi müsahibə heç də təsadüfi deyildi.
O, Dağlıq Qarabağ problemini qabartmaqda Qorbaçovun
razılığını almışdı.
Moskvada SSRİ rəhbərliyi tərəfindən Heydər
Əliyevə güclü təzyiqlər göstərilirdi. "Yuxarının"
göstərişi ilə Azərbaycandan onun haqqında
böhtan və "şikayət" məktubları təşkil
edilir və qəzetlərdə məqalələr dərc
olunurdu. Ancaq fəaliyyəti həmişə
billurtək şəffaf olan Heydər Əliyevə heç nə
yapışmırdı, hücumların qarşısında
polad iradə ilə dağ kimi dayanmışdı.
Mixail Qorbaçov hakimiyyət başına keçsə
də, anlayırdı ki, Heydər Əliyevə kompromatlarla,
böhtan və şantajla qalib gələ bilməyəcək. İki rəhbər
şəxsiyyət arasında narazılıqlar artır,
uçurum getdikcə dərinləşirdi. 1986-cı il aprelin 26-da Çernobıl Atom-Elektrik
Stansiyasında dəhşətli qəza baş verdi. Heydər Əliyev Siyasi Büroda xalqa bu barədə
dərhal məlumat verilməsini tələb etdi. Ancaq
Qorbaçovun təkidi ilə məlumat gizlədildi və
yalnız beş gündən sonra, yəni
1 May bayramından sonra xalqa açıqlandı.
Alkoqolizmə qarşı mübarizə
üçün üzüm plantasiyalarının məhv
edilməsi məsələsində də iki rəhbərin
fikirləri bir-birinə tamamilə zidd oldu. Qorbaçovun yenidənqurma
planındakı səhvləri göstərməklə Heydər
Əliyev böyük risk edərək özünün
haqlı olduğunu sübut etdi. Siyasi Büronun
iclasındakı məruzəsində Heydər Əliyevin
arqumentləri o dərəcədə güclü idi ki, Mixail
Qorbaçov etiraz və ya düzəliş etməyə bəhanə
tapa bilməmişdi. Beləliklə,
qisasçılıq Qorbaçovda siyasi rəqibinə
qarşı kin-küdurəti daşdırdı. Qarşısındakı məğlubedilməz
şəxsiyyətdən yaxa qurtarmaq üçün sivil
mübarizədə ard-arda uduzurdu. Qalırdı
yalnız istefa məsələsi. Ona da əsas
bəhanə fiziki durum idi, ancaq Heydər Əliyev dövlət
rəhbərləri arasında fiziki cəhətdən ən
sağlam, tükənməz enerjili və gümrah idi.
İstefaya göndərmək üçün isə onda ağır
xəstəlik tapılmalı idi...
O zaman
Siyasi Büro üzvlərinin sağlamlığına, mətbəxinə,
səfərlərinə, işə gedib-gəlmələrinə
ayrı-ayrı mühafizə dəstələri nəzarət
edirdilər. SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi
9-cu idarəsinin əməkdaşı, Heydər Əliyevin
mühafizə şöbəsinin rəisi Aleksandr İvanov
Moskvada nəşr olunan "Versiya" qəzetinə
açıqlamasında bildirib ki, Heydər Əliyevin səhhətində
heç vaxt, heç bir qüsur aşkar edilməmişdi.
1987-ci il mayın 11-də, yəni ad
gününün səhəri günü saat 6-da həmişə
olduğu kimi, yatağından qalxıb geyindi, idmanla məşğul
olub yeməyə getdi. Adəti üzrə kəsmik,
sıyıq və südlü çay sifariş etdi. Yeməkdən sonra qəflətən halı pisləşdi,
yaxasını açıb uzandı. Sonra Heydər
Əliyev katibliyin müdiri Valeri Qridnevi, o da Nazirlər
Sovetinin növbətçi həkimini, həkim isə
SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin həkimlərini
çağırdı… Onu infakt diaqnozu ilə xəstəxanaya
apardılar.
Aleksandr
İvanov söyləyib ki, mən xəstəxanaya gələndə
Heydər Əliyev huşsuz vəziyyətə
düşmüşdü və iki gün bu vəziyyətdə
qaldı… Ancaq bu izaholunmaz vəziyyət necə
yaranmışdı? Bunun səbəbini
öyrənməyə çalışırdı.
Ancaq o şəraitdə bunu kimdənsə öyrənmək
qeyri-mümkün idi... Həmin ilin noyabrında
Heydər Əliyev istefa ərizəsi yazmalı oldu.
Mühafizə rəisi Aleksandr İvanov xatırlayır
ki, Heydər Əliyev istefa ərizəsini yazandan sonra bağ
evinə gəldi. Xeyli susub fikrə getdi və nəhayət, mənə
dedi:
-
Saşa, sən cavansan, bəlkə də baş verənləri
yaxşı başa düşmürsən. Amma
üç ildən sonra bu yenidənqurmanın nə ilə
qurtaracağını görəcəksən.
Bu, hələ 1987-ci ilin soyuq noyabr günündə
deyilmiş uzaqgörən sözlər idi və üç
ildən sonra SSRİ dağılmağa başladı.
Allahın heç nə əsirgəmədiyi dahi Heydər
Əliyev bütün dövrlərdə əlçatmaz zirvədə
dururdu. O, bəşərin
fövqünə ucalmış fenomen dövlət xadimi kimi
xalqın yaddaşında və Azərbaycan tarixində əbədi
olaraq yaşayacaqdır!"
Yəqin oxucularımız üçün şahidi
olduğum bir hadisə də maraqlı olar. 1997-ci ildə
mən Bakı Dövlət Universitetinin rektoru olarkən Heydər
Əliyevlə birgə Qazaxıstana gedən nümayəndə
heyətinin tərkibinə daxil edilmişdim. Çox zəngin proqramda Ulu öndərin
Qazaxıstan Parlamentində çıxışı da nəzərdə
tutulmuşdu. Onun
çıxışından sonra yaşlı bir qadın (səhv
etmirəmsə, parlamentin sabiq deputatı idi) əl
qaldırıb söz istədi. Dedi ki, Siz Heydər
Əliyevi hələ yaxşı tanımırsınız.
Qazaxıstanın keçmiş dövlət
başçısı Dinmühəmməd Kunayev vəfat edərkən
məni çağırıb dedi ki, sənə son sözlərimi
deyirəm, bunu xalqımıza çatdırarsan. Bil ki, Heydər Əliyev türk
dünyasının, bəlkə də bütün
dünyanın ən müdrik və qeyrətli şəxsiyyətidir.
1986-cı ildə Qazaxıstanın çox
çətin günlərində SSRİ-nin rəhbəri
Qorbaçovla cəsarətlə döş-döşə gələrək
Qazaxıstanın milli mənafelərini müdafiə etdi,
bura başqa millətdən başçı göndərilməsinə
etirazını bildirdi. Belə qüdrətli
insanlar min ildə bir dəfə yetişir. Qazax xalqı belə türk oğlu ilə həmişə
fəxr etməlidir.
Doğrusu,
bu barədə eşitmişdim, ancaq canlı şahidin
sözləri məni həm qürurlandırdı, həm də
bir az kövrəltdi. Bu xatirə ilə
bağlı 13 noyabr 1996-cı il tarixində
Türkiyənin TQRT telekanalının "Üz-üzə"
proqramına Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin müsahibəsindən bir hissəni
oxucularımızın diqqətinə çatdırmaq istərdim:
"- O vaxt Qorbaçovla Sizin aranızda narazılıq
başladı.
Bu, nədən oldu?
-
1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər
Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini
çıxarıb, onların yerinə rusları və
başqa millətdən olan adamları təyin etməyə
başladı. Mən ona anlatdım ki, belə
etmək olmaz. Onunla bir neçə dəfə
belə söhbətim oldu. Nəhayət,
1986-cı ilin dekabrında Qazaxıstanın rəhbəri
Kunayevə qarşı ədalətsizlik oldu. Kunayev qazax, türk idi. O, 22 il
orada bu vəzifədə çalışmışdı. Onun vaxtı gəldi, yəni o, vəzifədən
istefa verməli idi. Mən ona qarşı
olan ədalətsizliyə etiraz etdim. Digər
tərəfdən, o, istefa verəndən sonra onun yerinə
Moskvadan Qorbaçova yaxın, rus millətindən olan bir
adamı təyin etdilər. Mən
Qorbaçova söylədim ki, bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o, 22 ildir ki, oraya rəhbərlik
edib. Bundan əvvəl də bu respublikaya rəhbərlik
edənlər qazaxlar olublar. Amma indi
Qazaxıstana başqa millətdən olan bir adamı rəhbər
göndərmək doğru deyil. O, mənə dedi ki,
qazaxlar özləri bunu rica ediblər. Ancaq
yanlış deyirdi, əslində belə şey yox idi. Mən bilirdim ki, bunu qazaxların hamısı istəmir.
Ola bilər, bəziləri istəsinlər, amma
hamısı istəmir. Bu, doğru siyasət
deyil.
Qazaxlar yeni təyin olunan adamı qəbul etmədilər. Orada gənclər
ayağa qalxıb üsyan etdilər. Onların
bir çoxlarını həbs etdilər, bəziləri həlak
oldular. Sonra araşdırmalar aparıb
"Qazaxıstan millətçiliyi" barədə qərar
qəbul etdilər. Yəni qazax xalqına
qarşı bir qərar çıxardılar. Mən buna qarşı da etiraz etdim.
Tək bu deyildi. Şimali Qafqazda bir çox kiçik
müsəlman respublikaları var. Məsələn,
Kabardin-Balkar Muxtar Respublikasının rəhbəri Malbaxov da
müsəlman idi. Qorbaçov onu
çıxarıb, yerinə Sibirdən bir rusu gətirib
qoymaq istəyirdi. Mən buna da, digər
belə məsələlərə də etiraz etdim. Siyasi Büroda mənim - bir türkün, müsəlmanın
olması onlar üçün əlverişli deyildi".
Xalqımızın böyük oğlu o zaman, həm də,
Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa
çalışan erməni millətçilərinin
qarşısında qüdrətli maneə, keçilməz sədd
idi. Elə
buna görə də, hələ Stavropoldan başlayaraq erməni
mafiyasının əlində itaətkar alət olan
Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə
nail ola bildi: xalqımızın dahi
oğlu SSRİ-yə rəhbərlikdən
uzaqlaşdırıldı. Bu, əslində
bütün sovet hakimiyyəti illəri ərzində
xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra
Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri
Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq
üçün fəal mübarizəyə başladılar.
Dahi şəxsiyyətimiz bu dövrdə həm
öndən - Moskvadan, həm də arxadan Azərbaycandakı
dönüklərdən vurulan ağır zərbələrə
məruz qaldı. Ömrünün bütün dövrlərində
olduğu kimi, Heydər Əliyev həmin illərdə də
doğma xalqı üçün yaşamış, nəhəng
Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə
öz Vətəni üçün çıxış
yolları axtarmış, özünün zəngin dövlətçilik
təcrübəsi, müdrik məsləhətləri ilə
Azərbaycanı düşdüyü ağır böhrandan
çıxarmaqdan ötrü bütün qüvvəsini sərf
etmişdir. Lakin o zaman Azərbaycana
başçılıq edən səriştəsiz rəhbərlərin
Moskva qarşısındakı mütiliyi və xəyanətkar
siyasəti nəticəsində Azərbaycan xalqı bu
dövrdə öz böyük oğlunun zəka
potensialından məhrum edilmişdi.
Heydər Əliyevin Azərbaycana
başçılıq etdiyi Birinci dövrlə İkinci
dövr arasındakı illər, sözün əsl mənasında,
tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül
illəri idi.
Xüsusilə, Azərbaycanın tarixinin
1990-1993-cü illəri xalqın yaddaşında ən
ağır fəlakət illəri, "olum, ya
ölüm" dövrü kimi qalmışdır. Azərbaycan Cənubi Qafqazın xəritəsindən
silinmək üzrə idi. Ölkədə,
sözün əsl mənasında, hakimiyyətsizlik idi.
Siyasi hərc-mərclik, hərki-hərkilik
baş alıb gedirdi. Bölgələrimizdə,
rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində
faktiki olaraq silahlı quldur dəstələri
hökmranlıq edirdilər. Xalq vahimə
və təşviş içərisində idi. Atışma səslərindən camaat evində
rahat yata bilmirdi. Faktiki olaraq dövlət
yox idi. Ölkəni xalq adından idarə
edən, əslində isə heç bir səriştəsi
olmayan, ən adi idarəçilik qaydalarının belə nə
olduğunu bilməyən və xaricdəki
ağalarının göstərişi ilə hərəkət
edən məhdud bir qrup məmləkəti milli fəlakət
həddinə çatdırmışdı. Ölkə vətəndaş müharibəsi və
etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə
açıq idi. Ulularımızın
müqəddəs əmanəti olan Vətən torpaqları
hərraca qoyulmuşdu. Torpaqlarımızın 20 faizinin
işğal olunması, 200 minə yaxın
soydaşımızın Qərbi Azərbaycandan deportasiya
edilməsi, bir milyondan çox qaçqın və məcburi
köçkünün yaratdığı problemlər
ölkəni surətlə uçuruma sürükləyirdi. Müxtəlif sərsəm bəyanatlar Azərbaycanın
xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə məhv
etməkdə idi. Bu zaman Vətənin
ümid çırağı, əliyalın, başsız
qalan xalqın yeganə qələbə silahı Heydər
Əliyev zəkası idi.
Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.
Ümummilli lider Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalacaqdır. Bu uğur magistralında bizə Ulu öndərin layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik və cəsarətli lider ləyaqətlə rəhbərlik edir. Son 19 ildə Heydər Əliyev siyasi irsini bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları məsələsi prioritet mahiyyət kəsb edir.
Dövlət başçısı verdiyi hər bir vədə sadiqlik nümayiş etdirərək ictimai həyatın müxtəlif sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılmasını - qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, iqtisadiyyatın tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atmışdır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşmışdır - bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Çünki Prezident İlham Əliyev Ulu öndərin məktəbinin yetirməsi, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Prezident İlham Əliyev həm də praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir: "Biz 30 ilə yaxın idi ki, həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq". Ancaq indi Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində biz bu gün həmin torpaqları erməni işğalçılarından geri almışıq. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu öndərin arzusunu reallaşdırdı. Bununla da Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, xalqımızın qəhrəmanlıq səlnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Həmçinin, bütün dünya Azərbaycan dövlətinin ədalətli mübarizəsinin bir daha şahidi oldu.
Bu qələbə də, indiyədək
iqtisadiyyat, siyasət, mədəniyyət, elm, təhsil, idman,
səhiyyə və digər sahələrdə
qazanılmış uğurların əsası olan Heydər
Əliyev məktəbinin daha bir qələbəsi kimi tarixə
yazıldı.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.- 2022.- 26 noyabr.- S.10-11.