Onun Sumqayıtı və Sumqayıtın
Eyruzu
O,
yazmağa erkən başlayıb. Yazmağa deyəndə
ki, mətbuatda, hamının oxuya biləcəyi
yazıları ilk dəfə dərc olunanda onun 15-16
yaşı vardı və artıq əlli ildən çoxdur
yazıb-yaradır. Sıra-sıra romanları, povestləri,
publisistik əsərləri, məqalələri var. Və
kitablarından birinin də adı "Sumqayıtım mənim"dir
(1999-cu il "Qızıl Şərq"
mətbəəsi, Bakı şəhəri).
Onun ömrü bu şəhərdə keçib. Amma yalnız həmin səbəbdən
"Sumqayıtım mənim" demir.
Bir məkana "mənimkisən" deyə bilmək
üçün hələ onu sevmək azdır. Gərək səndən
ötrü əziz olan yerin, sevimli yurdun üçün
iş də görəsən, fədakarlıq da göstərəsən.
Məşhur
"Torpaq əgər uğrunda ölən varsa Vətəndir"
misrası hərdən yanlış olaraq Tofiq Fikrətə
aid edilən türk ədibi Mithat Cemal Kuntay hələ 1930-cu
illərin sonlarında yazdığı hərarətli
şeirində sınanmış doğrunu təsdiqləyirdi:
Göylər,
çıxa bildin, uça bildinsə, sənindir,
Tarixini kəndin yazar isən, əsərindir.
Əsrin
yaşamaq haqqını verməz sənə kimsə,
Sən əsrini
üstündə izin varsa, mənimsə!
Yazıçı,
jurnalist, publisist Eyruz Məmmədov sevimli Sumqayıtı
üçün çox iş görüb. O, bu şəhərin
salnaməsini yaradıb. Bu şəhəri kərpic-kərpic
ucaldanları tarixiləşdirib.
Sahilində qərar tutduğu Xəzərin suları
qumları yuyub üstündəki izləri apardığı
kimi, vaxtın dalğaları da yaddaşdakı çox surətləri,
çox hadisələri silib aparır. Qələmin
də sehri zamanı üstələmək, tarix qəlpələrini
unuduluşdan xilas edə bilməkdir. Eyruz
Məmmədov doğma Sumqayıtının həm şirin,
həm acı günlərinin olmuşlarını ən uzaq
gələcəklərə də ötürməkçün
körpülər yaradıb.
O, həmişə
yaşayacaq Sumqayıt filmlərini, Sumqayıt
kitablarını araya-ərsəyə gətirib. Hərəsi
bir sevgi abidəsi!
Sabahlar
içərisində Eyruzun yazdığı kitabları
oxuyanlar, onun ssenari müəllifi olduğu "Sumqayıt -
azadlığın əks-sədası", "Cəbhə
bölgəsində", "Sumqayıtın bir
axşamı" filmlərinə baxanlar Sumqayıtı bir az
da yaxşı tanıyacaq, bir qədər dəartıq sevəcəklər.
İnsanlara sevgilər bağışlamaqdan
böyük nə məmnunluq olar ki?!
...Sumqayıt
mənim yaddaşıma, düşüncələrimə
uşaqlıq vaxtlarımdan daxil olub. Təbii
ki, hələ Eyruzu tanımağımdan çox əvvəl.
Hələ heç məktəbə də getmirdim. Bizim qohumlardan
biri Sumqayıta köçmüşdü, orada işə
düzəlmişdi, yaşayırdı. İndi,
yəqin, əqrəbası, nəvə-nəticəsi yenə
orada yaşayır. Beləcə həmin
mehriban şəhərə başqa yerlərdən pənah gətirmiş
digər neçələri kimi, bu nəsil də
çevrilib olub sumqayıtlı.
Əslində elə Eyruzgil də belə olublar.
lll
Eyruzla illərdir ki, hər görüşümüzdə
nədən danışırıqsa-danışaq, söz hərlənib-fırlanıb
mütləq Sumqayıtın üstünə gəlib
çıxır.
Yəqin,
bunu bir az elə Eyruzun özü edir -
içərisindəki Sumqayıt sevgisi sözün məcrasını
bu səmtə yönəldir. Amma bu, həm də
sövq-təbii baş verir - elə öz-özünə.
Çünki yalnız sevgi məsələsi də
deyil. Sumqayıt Eyruzun ömrü, həyat
yolu deməkdir. Bu yaşa gəlib çatan ömrü əvvəldən
indiyəcən bu şəhərlə bağlıdırsa,
onun cazibəsindən necə qurtula bilərsən ki!
Eyruz deyir ki, çox xarici ölkələrdə
olmuşam, çox yaraşıqlı şəhərlər
görmüşəm. Ancaq mən Sumqayıtı heç bir
şəhərlə dəyişmərəm. Sumqayıt mənim canıma elə hopub ki, bu şəhərdən
ayrıla bilmirəm.
Onun bu etirafının səmimiyyətini Sumqayıtla
bağlı söhbətlərindəki hər heyran cizgidən
duyuram.
Sumqayıtın 1960-70-ci illərdə ad
çıxarmış "Polad"ından bəhs edəndə
elə iştahla, elə şövqlə danışır
ki, sanki bu futbol komandası Braziliyanın yığma
komandasına bərabərmiş.
Söhbət dənizdən düşəndə
Sumqayıtın ləpədöyənini, suyun
ilıqlığını, dənizin havasının
saflığını elə tərifləyir ki, sanki əsl
və əsas Xəzər elə onların payına
düşən hissəymiş.
Bu şəhərə sonsuz məhəbbətindəndir
ki, günlərin birində başlayıb Sumqayıtın tərcümeyi-halının
çoxlarına görünməyən, bilinməyən
gizlin qatlarını da araşdırmağa.
Eyruz mətbuata erkən gəlib - 15 yaşında. Təbii,
Eyruzun Sumqayıtın dünəni və sabahına məxsusi
marağının arxasında peşənin diktəsi də
olmamış deyil. Axı Eyruz yeniyetmə vaxtından
Sumqayıtda işıq üzü görən "Sosialist
Sumqayıtı" qəzetinin müxbiri, daha sonra şöbə
müdiri, bir az da ötüncə rusdilli "Gxo Sumqaita"
qəzetinin 1990-cu ildən 2003-cü ilə qədər
baş redaktoru işləyib. Odur ki, mütəmadi
olaraq həm insanlarla görüşüb, həm cari
yazıları qələmə alıb, həm
vaxtaşırı arxivləri qaldırmalı olub.
Və hər dəfə Eyruzla görüşəndə
əmin oluram ki, Sumqayıtı, hər halda ən azı bu
şəhərin son 60-70 illik tarixini onun kimi dəqiqliyi və
təfərrüatı ilə bilən yoxdur. Xüsusən
indi, nəsillər dəyişəndən sonra.
Olsun ki,
2000-ci illərin əvvəllərinədək, köhnə
sumqayıtlılar, bu şəhərin quruculuğu
ömrünün ayrılmaz parçası olanların
neçəsi həyatda ikən Eyruzdan savayı da
yaddaşında Sumqayıtın həyatının çox səhifələrini
daşıyanlar az deyilmiş. Ancaq bir-bir getdilər və Eyruzun müstəsnalığı
ondadır ki, elə həmin adamların əksəri ilə
görüşüb, xatirələrini dinləyib, qələmə
alıb. Odur ki, indi Eyruzun Sumqayıt
söhbətlərini dinləmək elə o köhnə
kişiləri də dindirmək kimidir.
...Artıq
ahıl çağında Eyruz əziz şəhəri barəsində
eşitdiklərini, gördüklərini, toplayıb öyrəndiklərini
bir kitabda qovuşdurub. Vətənnaməsinin də
adını "Sumqayıt - sabahın şəhəri"
qoyub.
Çoxları da təsdiqləyir ki, adı dübbədüz
tapıb, bu, həqiqətən, belədir.
Sumqayıt şəhər statusunu 1949-cu ildə alsa da
(o hesabla şəhər Eyruzdan 4-cə yaş
böyükdür), şəhərin özülü 1930-cu
illərin ortalarında qoyulub. O vaxt SSRİ Xalq
Komissarlığı, indiki deyişlə Nazirlər Kabineti
Sumqayıta böyük bir nümayəndə heyəti
göndəribmiş ki, Abşeron yarımadasında bir sənaye
şəhəri salınsın. Həmin nümayəndə
heyəti Azərbaycan hökumətinin təmsilçiləri
ilə birlikdə Sumqayıt yarımadasından tutmuş
Şabran rayonuna qədər yerləri gəzib-dolaşır,
torpaqdan, dənizin suyundan nümunələr
götürürlər ki, araşdırıb görsünlər
Sumqayıtda iqlim şəraiti necədir, torpağın
davamlılığı nə səviyyədədir.
Bunları
aydınlaşdırandan sonra yuxarılarda qərara gəlmişdilər
ki, Sumqayıt məkan olaraq iki istiqamətdə inkişaf eləsin:
bir səmtdə şəhər salınsın, o biri yanda sənaye
müəssisələri tikilsin.
Və gələcək
şəhərin quruculuğu burada istilik-elektrik
stansiyasının tikilməsinə qərar verilməsindən
başlanır...
Eyruz Məmmədovgilin ailəsi Sumqayıta 1957-ci ildə
köçüb və elə o vaxtdan da indiyəcən elə
ilk yerləşdikləri mənzildədirlər.
Yəni Sumqayıtın ay-ay, il-il necə böyüməsini
hər gün açıq pəncərələrindən
görüblər, keçdikləri küçələrdən
seyr ediblər, axarında olduqları gündəlik
yaşayışdan biliblər.
O
istilik-elektrik stansiyası ki 1930-cu illərdə tikilməsi qət
edildi və inşası da tezliklə başa
çatdırıldı, onun əsas hədəfi Bakı neftçilərinə
işıq vermək idi və xüsusi diqqət mərkəzində
olmasına bir nişanə də budur ki, həmin müəssisə
işə salınanda Kremldən - Stalindən təbrik
teleqramı da gəlibmiş.
Sumqayıtın işığı bu minvalla yanmağa
başlayır və 1941-45-ci illər müharibəsindən
sonra isə şəhər əsl dirçəlişini
yaşayır.
Yerli işçilər öz yerində, amma nəzərdə
tutulan quruculuqların sürəti istəklə ayaqlaşa
bilsin deyə buralara əlavə qüvvələr də cəlb
edilir.
Alman əsirlərindən tutmuş dustaqlaracan - nəyə
inkan çatır, yönəldirlər nəhəng tikinti
meydanına çevrilmiş Sumqayıta.
Sumqayıt asta-asta inkişaf etməyə
başlayır. Niyə "asta-asta"sını mənə
Eyruz söyləyib. Deyir, Moskvanın fikri beləymiş
ki, Sumqayıtda cəmi iyirmi min insan yaşasın:
onlarçündə ikimərtəbəli taxta baraklar
tikilsin.
Alüminium
və sintetik kauçuk zavodları, həmçinin, onlara tay bir yığın irili-xırdalı müəssisənin
hər biri zəhərli idi, havanı, torpağı, dənizi
mütəmadi çirkləndirirdi. Ona görə
Sumqayıtı böyük şəhər deyil, kiçik qəsəbə
kimi nəzərdə tuturlarmış.
Sumqayıtın sonra gördüyümüz-bildiyimiz
böyük Sumqayıt, Bakıya, vəzifə yüksəlişlərinə
doğru bir tramplinə çevrilən Sumqayıt olması
mübarizələr hesabına başa gəlib.
Sovetin müvəqqəti baraklardan ibarət kiçik sənaye
şəhərciyi kimi düşündüyü yerə gənclik
şəhəri statusu qazandıraraq onu sabahkı yüksəlişlərinə
doğru irəliləyən perspektivli şəhərə
döndərmək heç də asan məsələ deyildi.
Eyruz bu şəhərin təmənnasız qurucularından
olan Kamran Hüseynovla söhbətlərini xatırlayır. Kamran müəllim
yada salırmış ki, biz xəstəxanalar, məktəblər
tikirdik, ancaq məktəbdə müəllim
çatışmırdı, xəstəxanada həkim bəs
eləmirdi.
Durub gedir təhsil nazirinin yanına, oradan da səhiyyə
nazirinin qəbuluna. Xahiş edir ki, hər iki nazirlik builki
buraxılışın hamısını göndərsin
Sumqayıta, ta kadr çatışmazlığı məsələsinə
biryolluq son qoyulsun.
Və həmin
gələnlərin də neçəsi sonradan dönüb
olur sumqayıtlı, daha buranı heç vaxt tərk etməyəcək
etibarlı sakinlər...
lll
Eyruzun
atası 30 il Sumqayıt mətbəəsinin
rəhbəri olub. Nağıl edirmiş ki, bir
gün tikinti trestinin partiya komitəsi katibi Ərşad müəllim
gəlir onun yanına. O çağlarmış ki,
sonraların adı bəlli üzvi sintez zavodu yenicə tikilməkdəymiş.
Bu zavod ümumittifaq komsomol təşkilatının
təşəbbüsü ilə tikildiyindən diqqət
altındaymış və cavanları ruhlandırmaq
üçün Azkonsertdən tez-tez müğənnilər
gəlir, konsertlər verirmişlər. Həmin
Ərşad müəllim də mətbəəyə elə
bu cür konsertlərdən birinin ərəfəsində təşrif
gətiribmiş. Xəbər verir ki,
müğənni Lütfiyar İmanov qonağımız
olacaq, istəyirəm onun afişalarını buraxaq, şəhərdə
yayaq.
Surxay kişi digər işləri qoyur bir kənara,
təcili başlayır afişa ilə məşğul
olmağa. İstəyir ki, afişa lap cəzbedici
alınsın deyə orada Lütfiyarın qəşəng
şəklini də versin. O vaxtlarsa belə idi ki,
çap ediləsi hansısa foto əvvəlcə dəmir
lövhə üzərinə köçürülməli
idi. Bunu isə Bakıda tək olan sinkoqrafiya
sexində edirdilər. Mətbəə müdiri
artıq əziyyətə qatlaşmaqdan çəkinmir, yaxşı
şəkil tapır, gedir Bakıya, sinkoqrafiya sexində də
təvəqqe edir ki, vaxtı lap azdır, yolu da uzaq, onu get-gələ
salmasınlar, neçə saat lazımdır gözləyər,
sifarişi elə bu gün hazır edib onu yola salsınlar.
Böyük
sənətkarımız Lütfiyar İmanovun sevərək
məlahətli avazı ilə canlandırdığı
"Sumqayıt" nəğməsinin sədaları
hamımızın qulaqlarındadır:
Canlanır
hər qarış çöl Sumqayıtda,
Xariqələr yaradır el Sumqayıtda.
Elə bilirsiniz Lütfiyarın bu Səid Rüstəmov
nəğməsini Sumqayıtı hər dinləyənə
elə qaibanə sevdirəcək ehtirasla oxuması səbəbsizdir?!
Şəhər
boyu yapışdırılmış afişalar o konserti elə
izdihamlı edibmiş, minnətdar alqış selləri
Lütfiyar İmanovu necə riqqətə gətiribmişsə,
o da bu yeni dikələn şəhərə, bu şəhərin
zəhmətkeş, sadə sakinlərinə qəlbən vurulubmuş,
sonralar da illər boyu burada nəğmələriylə qonaq
olmağı xoşlarmış...
Qınamayın ki, mətləbdən aralı
düşürəm. Axı bu yazdıqlarımın hər sözü
Sumqayıtın tarixi olduğu kimi, elə
sumqayıtlıların da, bizim Eyruzun da ömrüdür...
lll
Bir Azərbaycan vətənpərvəri və
Sumqayıtsevər qələm sahibi olaraq Eyruzun
yaradıcılığında ağır gələn hissə
illərcə bu şəhərin qurucularından və
quruculuğun parlaq səhifələrindən bəhs etmək
olubsa, onun qələminin tuşlandığı digər
önəmli xətt də Sumqayıtın dağıdıcıları
ilə bağlı araşdırmalardır.
1980-ci illərin sonlarında Ermənistanın və erməniçiliyin
Azərbaycana qarşı qəsbkar niyyətləri
addım-addım qəmli fəsadlarıyla üzə
çıxmağa başladıqca əsas qarşıdurma
meydanlarından biri mətbuat idi.
Eyruz da "Gxo Sumqaita" - "Sumqayıtın səsi"
qəzetində həmin dövrdə mübarizəsini daim cəsarətlə
aparmışdı.
Lakin erməniçiliyin Azərbaycana, eləcə də
bilavasitə Sumqayıtın timsalında insanlarımıza bədxah
tərpənişlərinə Eyruzun qələmi ilə
qarşıdurmaları daha əvvəllərdən, hələ
münaqişə alovunun alışmasından xeyli öncə
- düşmənin üzə gülə-gülə saman
altından su yeritməklə işini gördüyü əyyamlardan
başlanmışdı.
1965-80-ci illərdə SSRİ Kimya Sənayesi Nazirliyinə
rəhbərlik edən, daha sonra SSRİ Nazirlər Soveti sədrinin
müavini işləyərək yenə həmin sahəni nəzarətində
saxlayan bir Türkmənistan ermənisi vardı - Leonid
Konstandov. Bu erməni nazir Sumqayıtı məqsədli şəkildə
əhalinin sağlamlığına qarşı ciddi təhlükə
ocağına, 1970-ci illərdən başlayaraq əsl kimya
poliqonuna çevirmək üçün cidd-cəhdlə əlləşib.
Onun
yönəldiciliyiylə zəhərli sexlərin sayı
qısa müddətdə durmadan nəzərəçarpacaq
dərəcədə artır: Sumqayıt Kimya Zavodunda bir civə
sexi varmış, daha ikisinin də yaradılmasına nail olur.
Xlor sexi varmış, daha ikisini tikdirtdirir, sulfat
turşusu sexi birmiş, iki edir.
1980-1990-cı illərin əvvəllərində
Sumqayıta yolu düşənlər, yəqin ki,
xatırlayar.
İnsanların ciyərlərinə,
varlığına göz görmədən hopan zəhər
zərrələri hər halda həm də
görünürdü. Zəhər tozu
qarışmış yağışlar Sumqayıt binalarında
qara izini qoyurdu. Bu, zəhərin
binaların divarlarındakı aşkar, əyani ləpiri idi,
görünməyən öldürücü, bir çox xəstəliklərin
təməlini qoyan izlərsə insanların içərisində
idi.
O erməni
hökm sahibinin Sumqayıtda saldırdığı
flor-alüminium sexinin gətirdiyi bəla isə daha
ağırmış - bu sexdə işləyənlərin
qısa müddətdən sonra sümükləri əriməyə
başlayırmış.
Eyruz o zaman "Gxo Sumqaita" qəzetində öz
"redaktor köşəsi"ndə bütün bu rəzaləti
ifşa edən yazı dərc edir.
Yarınmaq mərəzli sapı özümüzdən
olan baltalar həmin düşmən xislətli Leonid Konstantovu
rəsmən - Sumqayıt şəhər xalq deputatları
sovetinin qərarı ilə "Sumqayıtın fəxri vətəndaşı"
(1981, mart) elan ediblərmiş.
Eyruz
arxivdən Sumqayıt rəhbərliyinin o erməni nazirə təqdim
etdiyi fəxri fərmanın surətini də tapıb üzə
çıxarır və 1991-ci il fevralın 12-də "Gxo Sumqaita" qəzetinin
birinci səhifəsində "Redaktorun fikri" rubrikası
altında onun "Situaüiə Trevojnaə" - "Həyəcanlı
vəziyyətdir" sərlövhəli məqaləsi dərc
edilir. Yazır ki, Sumqayıtı kimya poliqonuna
çevirmiş SSRİ kimya naziri Konstantova Sumqayıtın fəxri
vətəndaşı adının verilməsi bütün
sumqayıtlılara, o cümlədən, Sumqayıt
kimyaçılarına böyük bir təhqirdir.
Bu ləkəni silməkçün məsələ
qaldırır ki, Şəhər İcraiyyə Komitəsi həmin
təhqiramiz fərmana əncam qılsın.
Və
Sumqayıt Şəhər İcraiyyə komitəsi 1991-ci
ilin axırlarında Konstantovun fəxri vətəndaş adına layiq görülməsi haqda sərəncamı
ləğv edir.
Tək bu
məsələ deyildi ki!
Eyruz Sumqayıtın hər sızıldayan yarası ilə
bağlı kəsərli sözünü deməkdən
usanmırdı.
Bir çoxlarının hali olduğu, amma deməyə,
yazmağa cürət tapmadığı ayrı
müdhiş məsələ ilə bağlı həyəcan
səsini qaldırır.
1980-ci illərdə
Sumqayıt uşaq xəstəliklərinin geniş
yayılması baxımından SSRİ-də öncüllərin
sırasında gedirdi, amma o rəqəmlər gizlədilirdi.
Eyruzun bu haqda ilk yazıları işıq üzü
görüncə Sumqayıt şəhər doğum evinin
baş həkimi onunla əlaqə saxlayır və acı təfərrüatları
açır.
Xəbər verir ki, sizə deyəcəklərimin
hamısı gizli saxlanılır, SSRİ Nazirlər Sovetinin
qərarı var ki, bax bu siyahıda əksini tapan sexlərdə
qadınların işləməsi tibbi baxımdan yolverilməzdir.
Lakin bizdə bunun qarşısı
alınmır, əksinə, qadınların əmək fəaliyyətinə
cəlb olunması qadağan edilən belə sexlərdə
işləməsi haqda məlumatların məxfi saxlanması
tələb edilir.
Eyruz araşdırma aparır, bəlli olur ki,
qadınların işləməsi qadağan edilən zəhərli
istehsalat sahələrinin hamısı Sumqayıtda var və
hamısında da işçilərin xeyli hissəsi məhz
qadınlardır.
Eyruz bu acınacaqlı gedişatın faciəli
ayrıntılarını bilincə həqiqətləri dərhal
mətbuata çıxarmasının həmin qadınları
sarsıdacağını düşünərək öncə
müəssisə rəhbərlərinin
görüşünə gedir.
"Mən rəva görmərəm ki, qızım,
bacım belə zəhər içində, onu xəstə
uşaqlar dünyaya gətirməyə məhkum edən, sabah
isə ana olmaq imkanından məhrum edəcək yerdə
işləsin.
Zənnimcə, siz də öz əzizlərinizə
belə tale arzu etməzsiniz".
Müəssisə
rəhbəri qayıdır ki, bəs axı neyləyim,
iş də getməlidir.
Eyruz da şərt qoyur ki, ya həmin qadınların
hamısını zəhərli sexlərdən
çıxarıb başqa işlə təmin edirsiniz, ya da
bütün bunları qəzetdə yazacağam.
Bir-iki ayın ərzində illərcə davam etmiş və
yenə də əvvəlki qaydada davam edəcək
üzüntülü bir qəziyyəyə son qoyulur.
Beləcə, Sumqayıtı ölüm şəhərinə
çevirmək yolunda qara əllər onillərcə
çirkin siyasətlərini aparmışdı.
lll
1988-ci ilin son fevral günlərində - ayın 27-si -
29-u arası bu şəhərdə törədilən
kütləvi iğtişaşlar Azərbaycana qarşı
çoxgedişli mənfur erməni layihəsinin həlledici
halqasına çevrilir.
1988-ci ilin sazaqlı qış günlərində Ermənistandan
zorla qovulmuş yüz minlərlə azərbaycanlının
41 mini Sumqayıta yönəldilmişdi. O zaman bir sıra
ziyalılar, siyasi xadimlər təkidlə
qaçqınların Dağlıq Qarabağa yerləşdirilməsini
təklif və tələb etmişdilərsə də, bu
çağırışlara məhəl
qoyulmamışdı.
Bu seçimin də niyəsi tezliklə əyan oldu. İradə
Azərbaycan rəhbərliyinki yox,
Moskvanınkıymış. Tələ
belə qurulur, hiylə bu təhər ayaq üstə
qoyulurmuş. Bütün bunlar 1988-ci ilin
fevralında Sumqayıtda törədilməsi
planlaşdırlan və 32 nəfərin ölümü ilə
(onlardan 26-sı erməni, 6-sı azərbaycanlı idi) nəticələnəcək
qondarma və qurama iğtişaşlara tədarükmüş.
Və əslində hadisələr zəncirinin bir ucu
daha uzaqlara gedir. Moskva, orada müxtəlif yüksək səlahiyyətli
qurumlarda təsir imkanları çox olan erməniçilik hələ
1983-cü ildən dəbərişməyə başlayıbmış.
1983-cü
ildə Azərbaycan DTK-sının Gəncə şöbəsində
çalışmış və söylədiklərinin həqiqəti
məndə heç bir şübhə doğurmayan dostum mənə
deyib ki, həmin il Xankəndidə olan bir erməni informatoru
ona xəbər verir ki, Dağlıq Qarabağda narahatlıq
var, İrəvandan şübhəli adamlar gəlib-gedirlər,
Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsini
qaldırmaq ətrafında gizli iş aparılır, hətta
onun özünə də bu haqdakı petisiyaya imza atmaq təklif
olunub.
Əlbəttə ki, həmin dostum bu xəbəri nəngimədən
öz rəisinə çatdırır, sonra da Bakıya -
komitə sədrinə. Qabaqca məsələyə tərəddüdlü,
bir az inamsız yanaşılır. Dəqiqləşdirməkçün həmin məlumat
çatdıranla dəqiqləşdirmə
görüşü təşkil edilməsini istəyirlər.
Dostum, həmin informator, DTK rəhbərliyinin
müəyyən etdiyi daha bir əməkdaş Ağdamda
görüşürlər.
İrinli nöqtənin varlığına əmin
olandan sonra Azərbaycan DTK-sı məlumatı Mərkəzə
- Moskvaya ötürür. Oranın cavabı isə mütəəssir
edir: "Boş şeydir, bənd olmayın".
Sonrakı
illərin hündürlüyündən pırtlaşıq
Qarabağ düyününü saf-çürük edərkən
anlayırsan ki, bütün bunlar Moskvanın istehza ilə
"boş şey" adlandırmasına rəğmən, əsla
xırda məsələlər deyilmiş, elə cərəyan
edən gedişatda öz barmaqları da varmış ki, hətta
ciddi siqnalları da qulaqardına vurmağa, diqqəti
yayındırmağa çalışırmışlar.
1983-cü
il idi, hələ üzdən baxanda səma
aydın idi, zahirən hələ nə qara buludlar
görünürdü, nə yağış əlaməti
vardı.
Alt qatdasa
sabah alışacaq ocağı ahəstə-ahəstə
tüstüləndirməyə başlayırmışlar...
Eyruzun
xalqımıza, tariximizə ən layiqli töhfələrindən
biri, bəlkə də ən vacibi həmin məkri, eləcə
də o fitnənin məntiqi davamı kimi törədilən
1990-cı il 20 Yanvar Bakı qətliamını dəqiqliyiylə
araşdırmaq, bu hadisələrin üstünə məqsədli
şəkildə örtülmüş müəmmalar pərdəsini
yırtmaq, əsl sifarişçiləri, təşkilatçıları,
icraçıları danılmaz sübutlarla, dil açıb
danışan dəlillərlə və canlı şahidlərin
ifadəsi ilə bugünümüz və gələcək
üçün sənədləşdirməsidir.
Eyruz,
unudulmaz rejissor və jurnalist Davud İmanovla birlikdə (rəhmətlik
Davud repressiya qurbanı ailənin övladı idi, 1945-ci ildə
sürgündə, Qazaxıstanın Akmola rayonunda
doğulmuşdu, 2002-ci ildə də həyatı ağır
xəstəlikdən insafsızca erkən qırıldı)
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdan, Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibləri Yeqor Liqaçovdan, Aleksandr Yakovlevdən, SSRİ
Ali Sovetinin sədri Anatoli Lukyanovdan, Azərbaycan paytaxtında
günahsız insanları görünməmiş qəddarlıqla
qanına qəltan etmiş sovet ordu hissələrinin bilavasitə
rəhbəri, SSRİ müdafiə naziri Dmitri Yazovdan,
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri
Vladimir Kryuçkovdan və daha neçələrindən
onları küncə dirəyən kəskin, burcutmağa yer
qoymayan, bir növ, dindirmə protokollarındakı sayaq cod
suallar qoyaraq həmsöhbətlərdən misilsiz tarixi
sübutlara çevrilən etiraflı cavablar qoparmağa nail olmuşdu.
"Gxo Sumqaita" - "Sumqayıtın əks-sədası"
sənədli filminin çəkilişləri 1991-1994-cü
illərdə Moskvada aparılmışdı və filmin
böyük maraqla qarşılanan 1-ci hissəsi 1992-ci ildə,
2-ci hissəsi isə 1994-cü ildə AZTV-də göstərildi.
Əlaqə
qurulması, yaxın düşülməsi heç də
asan olmayan o mühüm həmsöhbətlərin telefon
nömrələrini əldə etmək, onlarla ilkin
danışıqlar aparıb görüşə, müsahibəyə
razılıq almaq məsələsində Rusiyadakı Azərbaycan
icmasının ən seçmə təmsilçilərindən
olan yazıçı və jurnalist, o dövrdə Moskvadakı
Azərbaycan səfirliyində mətbuat katibi işləyən
unudulmaz Fərhad Ağamalıyevin müstəsna vasitəçilik
köməkləri minnətdarlıqla yada
salınmalıdır.
Eyruz həmin filmlərlə də kifayətlənmədi. Toplanmış son dərəcə
qiymətli məlumatların təməlində o, "28-dən
29-na keçən gecə" (1998-ci il,
"Qızıl Şərq" nəşriyyatı, Bakı
şəhəri) "Sumqayıt 1988 - cinayət və cəza"
(Ramazan Məmmədovla birgə, 2014-cü il, "Nurlar nəşriyyatı",
Bakı şəhəri) kimi gələcəkdə həm də
özləri mötəbər qaynaq olası kitablar doğurdu
və bütün bunlar sadəcə
araşdırıcılıq, jurnalistlik, publisistlik deyil,
sözün gerçək mənasında Vətənə
xidmətdir.
Həm də bu işləri yerinə yetirmək məqsədilə
edilən səfərlərdə nə qədər çətinliklər,
maneələrlə, bir sıra hallarda isə ciddi həyati təhlükələrlə
üzləşdiklərini Eyruz mənə
xırdalıqları ilə söyləyib ki, həmin
söhbətlərin özü ayrıca bir hünər hekayətidir.
Elə
bircə bunu bilməniz yetər ki, Sumqayıt hadisələrinin
təşkilatçısı və əsas
icraçılarından olan Eduard (Edik) Qriqoryandan (Stavropol
vilayətinin Budyonvsk şəhəri, 1991-ci il iyun) müsahibə
götürməkçün Rusiyadakı cəzaçəkmə
məntəqəsinə gedərkən başda Eyruz Məmmədov
olmaqla çəkiliş qrupuna qarşı muzdlu KQB əməkdaşları
və onlarla xosunlaşan erməni quldurlarının əli ilə
qəsd törətmək
düşünülürmüş.
Bu fədakar cavanları xilas edən o dövrdə
Sumqayıt ispalkomuna - şəhər icariyyə komitəsinə
rəhbərlik edən əqidəli vətənsevər Rasim
Eminbəylinin ehtiyatlı tərpənərək Sumqayıt
DTK-sının rəisi Vladimir Lebedevlə
danışması, uşaqların təhlükəsizliyinin
axıracan təmin edilməsi üçün ciddi
tapşırıq verməsi olur.
Yaxşılıq,
düzlük, mürəkkəb tarixi dönüş
anlarında vicdanlı hərəkətlər gərək
unudulmaya və tarixin hafizəsində qalsın deyə
yazıla - əslən ukraynalı olan Vladimir Lebedev o günlərdə
mərdlik, sədaqət göstərir, rusiyalı həmkarlarını
xəbərdar edir ki, əlimizdə məlumat var, Azərbaycandan
gedən çəkiliş qrupunu ermənilərlə əlbir
işləyən bəzi qıraqdan idarə olunan KQB əməkdaşları
elə yoldaca aradan götürməyi planlaşdırır. Buradan gedənlər dövlət səviyyəsində
diqqətdədirlər, mənə şəxsən tapşırılıb
ki, onların başından düşəcək hər
tükə cavabdehəm.
(O vaxt
Eyruzun özünə qarşı qəsdi gerçəkləşdirmək
mümkün olmayıbsa da, hər halda Sumqayıt hadisələri
ilə bağlı yazıları, filmləri, kitabları
bir-birinin ardınca ortaya çıxınca Eyruzun qələminə
sui-qəsd edilir. "Gxo Sumqaita" qəzetinin
redaksiyasındakı kabinetində kimliyi indiyəcən də
bilinməyən qüvvələr yanğın törədir,
otaqdakı kompüterlər də, bir çox sənədlər
də yanıb külə çevrilir).
Erməni
olanda nə olar! Onlardan da öyrənməli cəhətlər
var. İllah da dünya boyunca təşkilatlanmış bir
xalq kimi ermənilərin milli heysiyyətin, milli maraqların
qorunması naminə daim sərvaxt olmalarından, onlarla
bağlı hər məsələyə,
başqalarının söylədiyi, yazdığı
toxuntulu sözlərə anındaca münasibət bildirmək
keyfiyyətlərindən ibrət götürməyin yeri var.
1990- ildən - Eyruzun Sumqayıt hadisələri ilə
əlaqədar ermənilərin və erməniçiliyin
paxırını açan ifşaçı yazıları
yayılmağa başlayınca onun ünvanına Armavirdən
tutmuş Moskvaya və ta Kanadayacan müxtəlif ermənilərdən
qeyzli məktublar axışmağa üz qoyur (və o
çirkab seli indiyədək də kəsilməyib).
Yazırlar ki, sizin qeyd etdikləriniz əsası olmayan
boş dedi-qodulardır. Ona qalsa, biz də yaza bilərik ki,
Sumqayıtdan bir qrup ekstremist gəlib Yerevana, tutalım ki,
kinoteatrı partladıb. Siz əgər belə
iddiaları həqiqət kimi yazırsınızsa, konkret nişan verməlisiniz ki, o ekstremist qruplar kimlərdən
ibarət idi?
Və daim axtarışda olan Eyruzun əlinə yeddiqat
qıfıl altındakı arxivlərdən tam məxfi,
daşdan keçən öldürücü sənədlər
düşür.
40-dan artıq ekstremist
qrupun siyahısı. Bu siyahıdakı adlar bir-birindən
diksindirici idi - Dağlıq Qarabağdakı Dövlət Təhlükəsizlik
Komitəsi əməkdaşlarından biri, İrəvan Rabitə
Nazirliyinin əməkdaşlarından biri, İrəvanda nəşr
edilən ermənicə "Kommunist" qəzetinin iki əməkdaşı
və nə qədər allı-güllü isimlər.
Siyahılarda
hamısının familiyası, adı, atasının
adı, vəzifəsi və Sumqayıtdakı təxribat əməliyyatı
əsnasında yerinə yetirəcəyi vəzifələr: kim narkotiklər paylayacaq, kim spirtli içkiləri
yayacaq, kim azyaşlı uşaqları təhrik etməlidir və
belə-belə.
Layihə müfəssəl və bitdə-bitdə
cızılıbmış. Möhürlü-blanklı,
imzalı sənəd!
Hər sətri
qızıla bərabər sənəd!
Bu sənədi
KQB-yə bir ara hansısa cinayətinə
görə Dağlıq Qarabağda həbsdə
yatmış və bundan dolayı quyruğu qapı
arasında olan Serj Sarkisyan ötürübmüş.
...Böyük
Cəfər Cabbarlının yeniyetməlik illərində mətbuata
gəlişinin tarixçəsindən bəhs edən
"Mövzu özü məni tapdı" adlı
yazısı var.
Həqiqətən də, bəzən anlaşılmaz
bir cazibə ilə axtarışlarda olana sarı sanki ona gərək
olan mühüm məlumatlar özləri
yaxınlaşır.
Elə Məhəmməd Peyğəmbər deyən
sayaq ki, tapanlar axtaranlardır.
Yəni atalar sözündəkindən daha dəqiq bir
deyiliş. Hər axtaran, olsun ki, tapmaz, amma o kəslər ki
tapırlar, demək, mütləq vaxtilə arayıblar və
heç bir tapıntı öz-özünə sırf təsadüflə
gəlib ovcuna qonmaz. Müdam inadla məqsədə
doğru irəliləyəndə bir də onu görürsən
ki, heç gözləmədiyin səmtdən intizarında
olduğun, bəlkə heç
qarşılaşacağına ümid də bəsləmədiyin
nələrsə, kimlərsə izahsız bir cazibənin
hökmü ilə sənə doğru tələsir.
Təzə
əsrin ikinci onilinin bitəcəyində Ukraynada yaşayan,
artıq yaşı səksəni adlamış DTK Sumqayıt
bölməsinin sabiq sədri Lebedev Azərbaycana, vaxtilə
birgə işlədiyi və aralarında dost münasibətləri
olan Sumqayıtın keçmiş icraiyyə komitəsi sədri
Eminbəyliyə zəng vurur, maraqlanır ki, o vaxt o sənədli
filmi çəkənlərdən Sumqayıtda kim qalıb? Eminbəyli də deyir ki, rejissor vəfat edib, amma
ssenarini yazan jurnalist Eyruz sağ-salamatdır. Lebedev rica edir ki, məni hökmən onunla
calaşdırın, deyiləsi lazımlı sözlərim
var.
Kim bilir, Ukraynadakı bu həngamələrdən sonra
indi Lebedev yaşayırmı? Amma 2017-ci ildə onun
skayp vasitəsilə Eyruzla etdiyi iki saatdan artıq söhbət
bundan belə nə silinib-pozulandır, nə itib-batan.
(Həmin
müsahibə bütünlüklə Eyruzun
"Sumqayıtım, dünənə boylan" adlı
kitabında yer alıb - "Azəri nəşriyyatı",
Sumqayıt şəhəri, 2019-cu il).
O namuslu
insan - gerçək
zabit Lebedev sanki vəsiyyətini edirmiş, ürəyindən
və yaddaşından asılan daşdan azad olurmuş,
mühüm sirri bunu başqalarına da çatdıra biləcək
bir kəslə bölüşmədən özü ilə
aparmaq məsuliyyətindən qurtulurmuş.
Deyir ki, mən artıq qoca adamam şəkərim var,
bir ayağımı da kəsiblər. Bu tək
ayağım da yarı buradadır, yarı gorda. O vaxt
danışa bilmirdim, indi kim mənə
neyləyəcək, qorxum-hürküm yoxdur. O vaxt bizə məlum
idi ki, burda onun zəhərlənə biləcəyindən
ehtiyatlanaraq yeməyini Kaliforniyadan yollayırdılar,
Tapşırıblarmış ki, burda heç kimdən
heç bir pay qəbul etməsin. Qriqoryana hər
ayın 1-də Los-Ancelesdən xüsusi bağlamalarda ərzaq
gəlirdi. Bağlamanın içində
yemək-içməkdən tutmuş, diş məcununa, alt
paltarına qədər hər şey olurdu. Üstəlik,
ayda bir dəfə də Almaniyadan onun adına
xüsusi dava-dərman bağlaması göndərilirdi.
Lebedev bu sirri də açır ki, o vaxt əlində
daha bir vacib sənəd varmış.
Deyir ki, Qriqoryan fevralda iki dəfə Xankəndiyə
gedibmiş. Onda Serj Sarkisyan Dağlıq Qarabağda idi, həm də
orada olanda hansısa bir cinayət üstündə həbsdə
yatmışdı. Sumqayıt təxribatlarındakı
pozucu qrupların və əməliyyat təfərrüatlarının
siyahısı da ondaydı.
Növbəti kitabında Eyruz bu sensasion soraqları da əks
etdirir.
Artıq Serj Sarkisyan Ermənistan prezidentiymiş və
tezliklə Yerevandan Eyruz Məmmədovun elektron poçtuna
prezidentin mətbuat katibinin ard-arda yazdığı iki məktub
daxil olur ki, bəs siz bizim dövlət
başçısına şər atırsınız,
böhtanlı kitabınıza görə sizi beynəlxalq məhkəməyə
verəcəyik.
Kim ki haqqa söykənər, başı göylərə
çatar.
Eyruz da arxayın idi. Erməni ha şikayət
edir-etsin. Hüquqşünas dostlar da onu əmin
edirlər ki, əlindəki sənəd daşdan keçər.
Qoy versinlər Avropa Məhkəməsinə, bu sənədi
təqdim edəcəksən, qarşı tərəfin
iddiası rədd ediləcək, bir az da
artıq biabır olacaqlar...
lll
İçərisi odla dolu olsa da, Eyruz sakit, həlim təbiətli,
təvazökar bir insandır.
Onun etdiklərinin ondabirini indi ifrat bolluğundan bezdiyimiz
hay-küyçü dil pəhləvanlarından hansısa
etmiş olsaydı, televiziya ekranlarından düşməzdi,
birinin üstünə beşini də qoyaraq özünü
qəhrəman sayardı, şəstindən öz vücuduna
da sığmazdı.
Eyruzsa
dünənki, srağagünkü və neçə il əvvəlki kimi başını
aşağı salıb təmkinlə, səbirlə, yurda və
xalqa məhəbbətlə faydalı işlərini yerinə
yetirməkdədir.
Böyük işlər görənlərin və həm
də bunu ürəyinin səsinə qulaq asıb edənlərin
ağlına heç vaxt gəlməz ki, həmin əməllərini
aləmə car çəksinlər, özlərini gözə
soxsunlar, "baxın ha, bu mənəm" eyhamı vursunlar.
Mənəviyyatın
sağlamdırsa, əqidən dürüstdürsə, qəlbin
el-obanla birgə vurursa, elə o cür işləri görməyin
zövqü sənə bəs edir!..
lll
Eyruz ikidillidir - həm rus, həm Azərbaycan dillərində
yazır. Bunu o səbəbdən ayrıca vurğulayıram
ki, jurnalistikadakı, müəyyən qədər də
publisistikadakı gah o, gah bu dildə yazmaqla bədii
yazıdakı ikidillilik fərqlidir. Bədii
əsər dili yaxşı bilməkdən savayı, həm də
yazdığın dilin plastikasına yetərincə vaqif
olmağı və bunu ustaca ifadə etməyi umur. Ona görə də tanıdığım bəzi
yazıçılar ruscanı kifayət qədər bilsələr
də, bəzi publisistik yazılarını elə birbaşa
rusca qələmə alsalar da, ana dilindəki bədii əsərlərini
ruscaya özlərinin deyil, başqasının, həmin dilin
stixiyasına daha artıq varidlərin çevirməsini məqsədəuyğun
hesab edirlər.
Eyruzun
indiyədək 15 romanı nəşr edilib - "2-ci
paralel", "Anata", "Bir, iki, üç... və
yaxud Dağ çiçəyi", "Gecə... İncə
gecə", "Zəhra və Kənan",
"Qaranlığın çırağı", "Sən
kimsən, Armando"... Hamısı ana dilində.
Lakin camaatın pandemiya səksəkəsində ev-eşiyinə
çəkildiyi dövrdə o, bekar qalmayıb, yeni bir roman
da yazıb - rusca və Fransa həyatından:
"Kurtizankanın qızı".
Məhz fransız həyatından süjet seçməsi
də qəribə görünməsin. Eyruz
fransız ədəbiyyatını çox oxuyub və
yaxşı bilir.
Eyruz bu
yeni kitabını dostların tövsiyəsi ilə
Bakıdakı Fransa səfirliyinə də yollayır ki, əvvələn,
bilsinlər, bizdə - Azərbaycanda Sumqayıtda otura-otura elə
Fransanın içərisindəymiş kimi oranın həyatından
da bədii əsər yazanlar var, digər baxımdan da
özünü yoxlamaq istəyib ki, qoy bir oxuyub fikir bildirsinlər
- nəyi düz, nəyi yanlış etdiyimi söyləsinlər.
Və
çox keçmədən xoş təəssüratların
ifadəsi olan müsbət rəyli cavab məktubu alır...
lll
Eyruz yeddi
onilə sığan və erkən başlamış əmək
həyatı boyunca çox iş yerləri
dəyişib. Ona görə yox ki, bir yerdə
qərar tuta bilməyib. Sadəcə,
iş işi çəkib, digər bir yerdə ona daha
artıq ehtiyac duyulub və gedib faydasını orada verməyə.
Çalışdığı idarə və
müəssisələrdə, redaksiyalarda bir həmkar və
insan kimi necə davranıb, yadda necə qalıb sualına
Eyruz haqqındakı çoxsaylı yazılarda qədərincə
cavablar var. Amma birini də şəxsən özüm
müşahidə etmişəm. Həm də
indi yox, bir əsr və bir minillik əvvəl.
Xatırlayıram, 1987-ci ilin payızında məni Sumqayıta görüşə dəvət etmişdilər. "Vaxtdan uca" kitabımın təzəcə nəşr edildiyi vaxtlar idi. Kitab çox sevilmişdi, əl-əl gəzirdi və az qala hər həftə müxtəlif təhsil ocaqlarında, fabrik və zavodlarda, mədəniyyət müəssisələrində mənimlə iki-üç izdihamlı oxucu görüşləri təşkil edilirdi. O çağlar idi ki, Azərbaycanda böyüklü-kiçikli hamı oxuyurdu, əksəriyyət kitab aludəsi idi. Sumqayıtdakı görüşün təşəbbüsçüsü Eyruz olmuşdu. Onda artıq qəzet redaktoru idi və görüşümüz Sumqayıtın aparıcı sənaye müəssisələrindən olan superfosfat zavodunda keçirilirdi. Eyruz bir müddət qabaq burada Azad Həmkarlar Komitəsinin sədri olmuşdu. Zavodda olduğum bir neçə saat ərzində onu sezdim ki, Eyruz sanki heç buradan getməyib, elə hər gün buradadı və fəhləsindən tutmuş direktoradək hamı onu yalnız keçmiş iş yoldaşı kimi deyil, ən simsar adamı kimi əziz tutur.
Belə təmənnasız istəyi qazanmağın qiyməti isə adamlıq aləmində çox bahadır.
lll
...Günlərin birində hansı ilhamlı dostusa Eyruza növbəti yuvarlaq ildönümlərindən birində şeirlə təbrik yazmaq istəsə, müşkülə düşməyəcək.
Dilimizdə "Eyruz" kəlməsinə qafiyə sarıdan uyğun gələn, bu sözlə səsləşən sıra-sıra adlar var: Firuz, İmruz, Piruz, Siruz, Feyruz, Novruz, Simruz...
Bu adların hər birində "ruz" sözü var. "Ruz" "gün" deməkdir.
Gün həm axarında olduğumuz gündür - həyatdır, ömür-gündür, həm içərisində yaşadığımız təqvimdir, həm də başımızın üstündəki Günəş.
Hər üçü işığın timsalıdır.
Və bizim Eyruz da bütün varlığı ilə işıq, bütün yaratdıqları ilə işıq daşıyıcısı dəyərli bir insandır.
Bu işıq həmişə onunla olsun!
10 noyabr, 2022
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2022.- 29 noyabr.- S.10-11;15.