Son çağın Güney Azərbaycan nəsri
(Əvvəli ötən sayımızda)
Orijinal təhkiyə tərzi, tarixi və milli koloriti əks etdirmək baxımından Ruqiyyə
Kəbirinin Marksizm fəlsəfəsinə, şamanizm
və Mirəli Seyidovun "Qam-şaman"
əsərindəki bilgilərə
söykənərək, həmçinin,
Modern romançılığın qaydalarına əsasən
qələmə aldığı
"Evim" romanı
ilin ən yaxşı romanlarından
biri sayılır. "Evim" gənc
bir qızın İrandakı "Evin"
adlı dustaqxanada keçirdiyi məşəqqətli
günlərin hekayətidir.
Güney
Azərbaycanda "dirəniş
rəmzi olan bu romanın baş qəhrəmanı
məhbəsin bütün
məhrumiyyətlərinə dözməkdən daha çox qadınlığını
müdafiə etmək"
istəyi, amacı ilə uğraşır.
N.Əzhərinin obyektiv şair adlandırdığı Ruqəyyə
Kəbirinin əsərlərindən
anlaşılır ki,
xanım yazar hər nə qədər özünə
qapanıq olsa da, duyğularının gözü ilə real həyata baxa, röyalarını ayıqlıqda
da görə bilir. Ruqiyyə xanım maraqlı
təhkiyə qurur, romanda ölkəsinin siyasi görüşlü
qız və qadınlarının durumunu
xarakterizə edən
tam bir mənzərə
yarada bilir. "Evim" romanı bütünlüklə toplumun
aşağı qatında
yaşayan, uşaqkən
atasını itirən
və öksüz qalan bir qızın
qarşılaşdığı yoxsulluq və aclıqdan, sürünə-sürünə
yaşamaqdan qurtulmaq üçün solçuluğa
yol alan
və bu səbəbdən də zindana düşən gənc bir qızın
yaşam öyküsü,
həyat hekayəsidir.
Həmid
bəy Arğışın
(Rüstəmi, 1976-cı il,
Xoy) 1921-2001-ci illərdə
qırx Güney Azərbaycan yazarının
türkcə qələmə
aldığı əlli
hekayəni qapsayan, Abbas Pənahi, Həbib Sahir, Gəncəli Səbahi, M.Zəhtabi, N.Mənzuri, S.Behrəngi kimi klassiklərlə yanaşı,
1990-cı illərdən bəri
yaranan gənc yazarlar dalğasının
ünlü nümayəndələrinin
də əsərlərindən
örnəklər verilən
"80 il hekayəmiz"
antologiyası son dönəm
Güney Azərbaycanda
mühüm ədəbi
hadisələrdən biri
sayılır. O, kitabdakı
yazıları iki yerə bölür və ön sözləri I, hekayə və qaynaqları isə II bölümdə
yerləşdirir. H.Arğış
antologiyadakı əsərlərin
toplanmasına 1992-93-cü illərdə
başlasa da, nəşri 20 il
çəkib. Çünki
Güney Azərbaycanda
yaşayıb-yaradan və
elə açıq fikirliliyinə, demokratik düşüncələrinə görə başlarının
üstündən Domokl
qılıncı asılmış,
yəni hər dəqiqə həbs, sürgün, təqib olunmaq təhlükəsi ilə üz-üzə qalan və elə
bu şərtlər altında da fədakarcasına çalışan
digər aydınlarımız
kimi, Həmid bəyin də tutulması və tutuqlandığı zaman
kompüterinin də müsadirə olunması kitabın materiallarının
da gedər-gəlməzə
yollanmasına səbəb
olur. Nəşrə yazdığı ön sözündə Həmid Arğış Güneyda nəsr janrının tarixən necə inkişaf etdiyindən və bugünkü səviyyəyə
çatması prosesindən
söz açır.
"80 il hekayəmiz"
antologiyası "Güney
Azərbaycanın genəlliklə,
nəsr tarixində, özəlliklə hekayə
tarixində iz qoyan bir kitabdır.
Belə kitabların yazılıb
yayılmasını yeri,
hər zaman boş görünüb.
Kitabın başqa vurğulanacaq dəyəri,
Arğışın, tanıtdırdığı
yazıçıların yazdıqlarını
olduqları kimi, əl dəyilmədən
gətirməsidir..."
Adətən, ədəbiyyatda yeni janrlar kiçik, yığcam əsərlərlə
təşəkkül tapır. 2013-cü ilin çap məhsulları içərisində
bu sıradan olan nəsr əsərləri də özünəməxsus yer
tutur. Onlardan ikisinin üzərində bir az ətraflı dayanmaq istəyirəm. Ramin Cahangirzadənin "Qapı"
minimal hekayəsində hakim rejimin məhkəmə qərarına əsasən
güllələnmə cəzasına
məhkum edilmiş bir insanın ölümdən qabaqkı
düşüncələri insanın ruhunu üşüdür, acı
gerçəyin lakonik
bədii təcəssümü
və "cəzalının"
cəsarətlə verdiyi
ölüm qərarı
damarlar-da qanı dondurur.
Xosrov Barışanın
şifahi xalq yaradıcılığı nümunəsi
əsasında yazdığı
"Balta" hekayəsini
2013-cü ildə uşaqlar
üçün nəzərdə
tutulmuş nəsr əsərləri içərisində
ən uğurlusu hesab etmək olar. Əfsanənin məzmununa
yeni çalarlar əlavə edən Xosrov meşənin ən qoca ağacı
olan "Girdəkən
(qoz) dədə"nin
dili ilə balaca oxucularını insanı məhvə sürükləyən paxıllıq,
həsəd, xəbislik,
lovğalıq, etibarsızlıq
kimi hisslərdən uzaq olmağa səsləyir, sanki onlara yaşayış, həyat dərsi verir, davranışlarında
düşüncəli olmağı,
dost və düşməni
yaxşı tanımağı,
öz soydaşlarına,
doğmalarına, eyni
zamanda xalqına arxa çevirməməyi,
yalan vədlərə
aldanmamağı, el malına
göz dikməməyi
tövsiyə edir...
Qadir Cəfərinin "Tuva türklərinin musiqisini dinlədikdən sonra"
adlı essevari hekayəsində isə türkün qədim və şanlı tarixinə bir nəzər var: "Demirəm ən doğmamsan mənim. Ancaq bir parçam. Hardasa yaddaşımda izin var, bilirəm. Hansı uzaqlar burulğanında itirmişdimsə də, yenidən tapılır, cücərirsən. Hardan doğuldun
yenə məndə sən? Nayman, məni buraxsana! Burası şaxtadır. donuq bağırtılar
sarayıdır. Səsim üşüdü.
Sızıltılarımı Vərziqana qusdum,
ağılarımı Qarabağa.
Artıq,
Aral quruluğundan Urmu
gölünə dammağına
inanmışam. Bu nə coşğudu səndə? Bir an dayan, mən
unutqanam. Yuvan-yuvanlar qəbiləsinə yalamanam. Çoxdandı ormanlara yadırğamışam.
Beləcə kişnərtmə atını ərənlər
sayaq. Qışqırmaq
Koroğlu dolu nostalgiyamdı mənim..."
Rəsul
Məlikoğlu "Yeddi"
adlı kiçik həcmli hekayəsinə Bəxtiyar Vahabzadənin
"Vaxtsız açan
çiçək xar
olmalıymış..." misrasını epiqraf seçib və elə bu epiqraf
əsərin ideyasını,
mövzusunu və müəllifin hədəfini
bəlləyir...
Çağdaş dövrün ədibləri əsərlərində həyatın dibinə enir, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada ədəbiyyata gətirirlər... Bəzi söz ustaları ən qısa həcmli - kibriti şeir və hekayələr, eləcə də hekayənin çox sıxılmış formasında əsərlər - Flash fiction, yəni sözlərin sayına əsaslanan, bir çox xüsusiyyətləri nəzərə alınan qısa hekayənin daha da sıxılmış formasını yaradırlar. Belə ki, xüsusi söz sayından asılı olmayaraq flaş bədii hekayəni mümkün olan ən az sözə çevirməyə çalışır. Başqa bir şəkildə nəzərdən keçirmək üçün, flaş kurgu müəyyən bir söz sərhədi içində mümkün olan ən böyük, ən zəngin, ən mürəkkəb bir hekayəni izah etməyə çalışır... Məlihə Əzizpurun "Kibriti hekayələr" silsiləsindən on beş öyküsü Flash fiction-un ən gözəl örnəklərindən sayıla bilər.
Əksər tədqiqatçı və yazarlar, ümumiyyətlə, Azərbaycan ədəbiyyatında tarixən poeziyanın üstünlük təşkil etdiyini dönə-dönə vurğulamış, səbəblərini şərh etməyə çalışmışlar. Bu mənzərə "Azərbaycan xalqı şair xalqdır" istilahında da qorunur. Ancaq böyük Vətənimizin Quzey parçasında durum fərqlidir və güclü nasirlərimizin roman yaradıcılığı burada nəsrin hansı səviyyədə inkişaf etdiyinin göstərgəsidir. Güneydə isə, göründüyü kimi, nəsr yaradıcılığında bir lənglik, gecikmə olmuşdur. Nəsrdə mövcud olan boşluğu hələ sağlığında ikən ustad Şəhriyar da hiss etmiş, bu boşluğu doldurmaq üçün roman janrında qələmini sınamaq istəmiş, ancaq məlum səbəblər üzündən məqsədinə çata bilməmişdir. G.Gəncalp, Nazlı və Yüksəlin ustad şairlə söyləşilərində durumun səbəbləri Şəhriyarın öz dili ilə açıqlanır: "Anamdan, nənəmdən, ağsaqqallardan eşitdiyim nağıllar əsasında roman yazmaq istəyirdim. Dilimizdə nəsr yazmaq fürsətini bizə tanımadılar. O qədər ədəbi yaradıcılıq arzularım içimdə dəfn olundu ki. Siz çox gəncsiniz və bir də tanınmırsınız. Tanınmış olsanız, sizlərə də əziyyət edərlər. Qoymazlar ana dilinizdə yazasınız. "Heydərbabaya salam" əsərinə görə məni çox incitdilər. Kimsə bilmir bunları. Həm incitdilər, həm də sosial imkanlardan məhrum etdilər. Ancaq mənim milli vicdanım o əsərləri (Azərbaycan türkcəsində olanları) yazmağa əmr çıxarmışdı öz içimdə. Mən əlimdən gələn xidməti dilimizə etdim. Bu qədərini başardım. Bəlkə ana dilimizdə az yazdım, bunun uzun səbəbləri var. Ancaq elə bir mərhələ gəlmiş ki, dilimiz nəsrdə də təcrübə qazanmalıdır. Ancaq bəzi millətlər nəsrə çox gec keçirlər. Hətta bu gün də elə millətlər var ki, onların dili mənsur ədəbiyatda hələ təcrübə qazanmamışdır. Ancaq şeirdə demək olar ki, bütün dünya dillərinin təcrübəsi var. Bizim də dilimizin ən azından İran mühitində nəsr sahəsində təcrübəsi yoxdur..."
Elşən Böyükvəndin Azərbaycan türkcəsində Güneydə roman yaradıcılığının zəif inkişaf etməsinin səbəblərini açıqlayan fikirləri də bir gerçəkdir. Gənc şair"Ana dilində yazmamaq, yaxud iki və bir neçə dildə yazmaq məsələsi Batı ölkələrində olduğu kimi, Doğu ölkələrində də görünən məsələdir. Güney Azərbaycanda 1360-cı (1981-ci) illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbini Rza Bərahəni, Səməd Behrəngi və Qulamhüseyn Səidinin bacarıqsızlığı, laqeydliyi və Ana dillərinə "sevgi və şuur" bəsləməməyin sonucu kimi görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxuma-maq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın sonucudur. 1981-ci ilə qədər Ana dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq (qəvvaslıq) etməli idi, amma pəhləvilərin Ana dilimizə tutduqları divanın içində roman yazmağa heç bir imkanatın olmaması və Ana dilimizdə roman kitablarının yoxluğunu unutmamalıyıq. Enis Batur, "Ana dil, ögey dil və ötəki dil" başlıqlı məqaləsində Dante, Petrark, Cioran, Beckett, Pound, Nabokov, Conrad və Kundara kimi... ikidilli və çoxdilli yazarlardan danışır, amma Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur. Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideolojik xarakter verməkdən çəkinir. Güney Azərbaycandan fərqli olaraq hər iki dövrün yazarları (Osmanlı və yeni Türkiyə dövrü) öz Ana dillərində təhsil almaq imkanına malik olduqlarına heç bir şübhə yoxdur..."
Güney Azərbaycanda son illərin ədəbi yekunlarına nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü, ədəbiyyatı, kitab mədəniyyəti, sözyaratma qüdrətinin olduğu apaydın görünür. Gələcəyə ümidsizliyin artdığı kürəsəlləşmə//qloballaşma dönəmində, 2020-ci ilin vəhşəti-korona pandemiyası dövründə belə, Güney Azərbaycanda ədəbiyyat ümidsizliyə təkan vermir, əksinə, insanı ümidsizlikdən ötəyə çatdırır, gələcəyə, ulusumuzun sabahına ümidi artırır... Ənənəvi şeirlə yanaşı, nəsr, modern, postmodern və metamodern ədəbiyyat dinamik inkişaf etməkdədir...
Demək ki, möhtəşəm
mədəniyyət yaradan bir
xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək
istəyən şairləri olan xalq isə dünya tarixindən
heç vaxt silinmir, əbədiyaşarlıq qazanır.
Esmira FUAD
525-ci qəzet.- 2022.- 29 noyabr.- S.13.