20 il insan haqlarının müdafiəsində
Müasir dövrdə insanın hüquq və
azadlıqları, onların təmini və səmərəli
şəkildə müdafiəsi, həmçinin, dövlət
tərəfındən qanunvericilikdə təsbiti hər bir
dövlətin və cəmiyyətin inkişafının
mühüm faktoru kimi çıxış edir. İnsan hüquqları
insanın təbiətinə məxsus olan hüquqlardır və
onlara hörmət olunması, riayət edilməsi və
müdafiəsi dövlətin ən ali vəzifəsidir.
İnsan hüquqlarının daha dolğun və
səmərəli təmin edilməsi məqsədilə
bütün inkişaf etmiş demokratik ölkələrdə
hüquqi dövlətin mühüm atributlarından sayılan
Ombudsman institutu fəaliyyət göstərir.
Azərbaycanın Avropa hüquq məkanına doğru
inteqrasiya prosesində həyata keçirdiyi islahatların ən
mühüm mərhələlərindən biri məhz
Ombudsman institutunun yaradılması oldu. Ümumilikdə, Müvəkkilin
fəaliyyətinin nəticələri bu təsisatın
ölkədə zərurətdən doğduğunu, qısa
müddət ərzində əhalinin rəğbətini
qazanmaqla qurulmaqda olan hüquqi dövlət və vətəndaş
cəmiyyətində ona ehtiyac duyulduğunu, dövlət, o
cümlədən, hüquq-mühafızə və yerli
özünüidarə orqanları, beynəlxalq və milli
qeyri-hökumət təşkilatları ilə səmərəli
əməkdaşlıq mexanizmlərinin hazırlanaraq
uğurla həyata keçirildiyini göstərib. Azərbaycanda bu institutun təsis olunması və səmərəli
fəaliyyəti həqiqətən də ölkənin
hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolunda olduğunu göstərən ən
mühüm amillərdəndir. Ölkədə insan
hüquq və azadlıqlarının təmini istiqamətində
aparılan hüquqi islahatların tərkib hissəsi kimi,
insan hüquqlarının səmərəli müdafiəsinin
təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə
"Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya
Qanunu da qəbul edilib. 5 mart 2002-ci ildə isə
ölkə başçısı tərəfindən bu
Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanıb, beləliklə
də, təsisatın yaradılması və fəaliyyət
göstərməsi üçün hüquqi baza
yaradılıb. Azərbaycan Respublikasının ilk
Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis
tərəfindən Prezidentinin təqdim etdiyi üç namizəd
arasından seçilib. Müvəkkilin seçilməsindən
üç ay sonra, 2002-ci il oktyabrın
28-də artıq Ombudsman Aparatında ərizəçilərin
qəbuluna və şikayətlərin
araşdırılmasına başlanılıb.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili haqqında Konstitusiya Qanununun müəyyən
etdiyi mandata uyğun olaraq onun fəaliyyətinin əsaslarını
açıqlayan birinci maddəsində göstərilir ki,
Müvəkkil vəzifəsi Azərbaycan Respublikasının
Konstitusiyasında və ölkənin tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
təsbit olunan və dövlət və yerli
özünüidarə orqanları, vəzifəli şəxslər
tərəfindən pozulan insan hüquq və
azadlıqlarının bərpa edilməsi üçün təsis
edilib. Buradan göründüyü kimi, Müvəkkilin
fəaliyyətinin əsas istiqamətlərindən biri
hüquqları pozulan vətəndaşların fərdi
şikayət və ərizələrinə baxmaq, pozulan
hüquqları bərpa etməkdən ibarətdir.
Konstitusiya qanununa əsasən, Müvəkkilin hər-hansı
bir əlamətə görə -milli, dini, etnik, dil və s.
ayrı-seçkilik olmadan Azərbaycan vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, habelə hüquqi şəxslərin
hüquqlarının pozulmasına dair şikayətlərə
baxmaq hüququ var.
Müvəkkilin fəaliyyəti insan
hüquqlarının müdafiəsini, pozulan insan hüquq və
azadlıqlarının bərpasını təmin edən digər
dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır
və əvəz etmir. Müvəkkilin insan
hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının qorunmasını, ona əməl edilməsini,
təmini vəziyyətinin öyrənilməsini, monitorinqini
və təhlilini, habelə çatışmazlıqların
və pozuntuların aşkar edilməsini, pozulmuş
hüquqların bərpasını və pozulmasının
qarşısının alınmasını özündə
ehtiva edir.
İnsanlar öz şikayətlərini Müvəkkilə
müxtəlif vasitələrlə verə bilərlər. Aşkarlıq, şəffaflıq,
qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
fəaliyyət göstərən Müvəkkil Azərbaycan
vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, hüquqi şəxslərin insan
hüquqlarının pozulmasına dair şikayətlərinə
baxır.
Artıq
Ombudsmanın işinin mexanizmi göstərir ki, onun fəaliyyətinin
səmərəli olmasında müvafiq dövlət
qurumları ilə əməkdaşlığın olduqca
böyük əhəmiyyəti var. Bu baxımdan
Ombudsmanın dövlət qurumları, o cümlədən,
hüquq-mühafizə orqanları, aparıcı nazirliklər
və dövlət komitələri ilə əməkdaşlığı
onun işinin təşkili və pozulan insan
hüquqlarının bərpasında əvəzolunmaz rolu olub.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sözlərinə
əsasən, Azərbaycan Respublikasının
Konstitusiyasında məhz vətəndaş
hüquqlarının, azadlıqlarının, layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda
insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin olunması sahəsində son
illərdə böyük irəliləyişlər əldə
olunub. Vətəndaş cəmiyyətinin və
demokratik hüquqi dövlətin bərqərar olunması,
habelə hər bir şəxsin hüquq və
azadlıqlarının təmin edilməsi, eyni zamanda
demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının
inkişafı sahəsində mühüm addımlar
atılıb: "Dövlətin insan hüquqlarına verdiyi
dəyərin bariz təzahürüdür ki, Prezident
İlham Əliyevin 2007-ci 18 iyun il tarixli Sərəncamına əsasən,
insan hüquqlarına dair ilk strateji sənəd hesab olan həmin
Dövlət Proqramının qəbul edildiyi 18 iyun tarixi Azərbaycanda
İnsan Hüquqları Günü kimi qeyd olunur.
Ombudsmanın da əsas qayəsi - hər bir kəsin
ayrı-seçkiliyə yol vermədən bütün
hüquqlarını təmin etmək naminə fərdlə
dövlət arasında körpü rolunu oynayaraq, nəticədə
demokratik idarəetməni təkmilləşdirmək, dövlət
qurumları tərəfindən insan hüquqlarının təmin
edilməsi, qanunun aliliyinin bərqərar olunması ilə
dövlətdə sabitlik və hərtərəfli
dayanıqlı inkişafa dəstək verməkdir. Bu məqsədlə
ölkənin bütün şəhər və
rayonlarını əhatə etməklə sistemli, dinamik
iş aparılır. Azərbaycan Respublikasının
Konstitusiyasına və milli qanunvericiliyə,
qoşulduğumuz beynəlxalq müqavilələlərə
uyğun olaraq dövlətimizin ali məqsədi olan insan və
vətəndaş hüquqlarının,
azadlıqlarının təmin edilməsi istiqamətində
uğurla fəaliyyət göstərən Ombudsman təsisatı
öz işini aşkarlıq, şəffaflıq,
qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
həyata keçirir, hər bir kəsin, əhalinin
bütün qruplarının hüquqlarının müdafiəsinə
xidmət edir".
Azərbaycan
Respublikasının Prezidenti yanında Əfv Məsələləri
Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar
Fondunun prezidenti Əliməmməd Nuriyevin sözlərinə
görə, Azərbaycan Respublikası Konstitusiyanın
bütün bir fəsli məhz insan hüquq və
azadlıqları və onun qorunmasının təminatlarına
həsr olunub: "Azərbaycan dövlətinin əsas fəaliyyəti
istiqamətlərindən biri insan hüquq və
azadlıqlarının qorunması və layiqli həyat səviyyəsini
təmin etməkdir. O baxımdan da, Azərbaycanda insan
hüquq və azadlıqlarının təmin olunması
istiqamətində mühüm addımlar atılıb və
davamlı olaraq da bu addımlar atılır".
Əliməmməd Nuriyev vurğulayıb ki, Ombudsman tərəfindən
ölkədə insan hüquq və azadlıqlarının
müdafiəsi istiqamətdə mühüm işlər
görülüb. Eyni zamanda bu sahədə nəinki ölkə
daxilində qanunvercilik bazasının formalaşdıraraq,
institusional strukturlar yaradıb, həmçinin, bu istiqamətdə
olan bütün beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan dövləti insanların hüquq və
azadlıqlarının müdafiəsi istiqamətində
konkret addımlar atıb. Bugün də
insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan
dövlətinin diqqət mərkəzindədir. Dövlətin əsas hədəfi vətəndaşlarının
hüquq və azadlıqlarını qoruyub, onların layiqli həyat
tərzini təmin etməkdir.
Millət
vəkili Şahin İsmayılov deyir ki, Azərbaycan dövləti
insan hüquq və azadlıqlarının müdafiəsini təmin
etmək üçün bütün zəruri tədbirləri
həyata keçirir: "İstər qanunvericilik
bazasının təkmilləşdirilməsi, istər
mövcud qanunvericiliyin tətbiqi baxımından kifayət qədər
uğurlu işlər görülür. Son
dönəmdə İnsan Hüquqları üzrə Müvəkkili
institutunda dəyişikliklərin müsbət dinamikası
daha çox nəzərə çarpır. 44 günlük Vətən müharibəsi
zamanı ölkəmizə qarşı sərgilənən qərəzli
mövqelər, düşmən diasporunun təxribatları
ifrat dərəcədə idi. Bu zaman
Ombudsmanın qarşısında çox ciddi vəzifələr
dururdu. Görülən işlərin nəticəsində
bütün bu vəzifələrin yüksək səviyyədə
icrasının şahidi olduq. Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili ölkədə insan hüquq və
azadlıqlarının qorunmasında mühüm rol oynamaqla
yanaşı, yaranmış əlverişli mühitlə
bağlı reallığı əks etdirən hesabatları
hazırlayaraq təqdim edir. Azərbaycan
dövləti bu sahəni xüsusilə diqqətdə
saxlayır. Dövlətin ayrı-ayrı
strukturları bu istiqamətdə
çatışmazlıqların aradan qaldırılması
üçün işlər görür. Ombudsmanın ixtisaslaşdırılmış şəkildə
həyata keçirdiyi fəaliyyət isə bu işdə
dövlət siyasətinin icrasına böyük töhfələr
verməkdədir. Azərbaycanda
Ombudsmanın vətəndaşların və eyni zamanda
dövlətin mənafeyinə hesablanmış fəaliyyəti
şəffaflığı ilə seçilir".
Millət
vəkili Fatma Yıldırımın sözlərinə
görə, Ombudsmanın fəaliyyəti insanların dövlət
orqanlarına müraciətlərinin vaxtında
cavablandırılmasına, məlumatlılıq səviyyəsinin
artırılmasına, vəzifəli şəxslər tərəfindən
vətəndaşlara diqqət və qayğı ilə
yanaşılmasına istiqamətlənib: "İlk növbədə
müraciətlərə operativ və dəqiq
baxılmasına məsuliyyətli yanaşma ortaya qoyulub. Bu, Prezident İlham Əliyevin şəffaf cəmiyyət
quruculuğu siyasətinə və "bizim siyasətimizin mərkəzində
vətəndaş amili dayanır" yanaşmasına tam
uyğundur, dövlət ilə vətəndaş arasında
inamın gücləndirilməsinə xidmət edir.
Ötən il ərzində dövlət və
yerli özünüidarə orqanları, vəzifəli şəxslər
tərəfindən pozulan insan hüquqları və
azadlıqlarının bərpasına xüsusi diqqət
göstərilməsi həm də hüquqi dövlət
quruculuğuna və qanunun aliliyi prinsipinin qorunmasına
mühüm töhfədir. Ombudsmanın və
təsisat əməkdaşlarının cəzaçəkmə
müəssisələrinə, istintaq təcridxanalarına,
müvəqqəti saxlama yerlərinə, hərbi hissələrə,
təhsil və tibb, habelə sosial xidmət müəssisələrinə
başçəkmələri də hüquqların
qorunması və pozulmuş hüquqların bərpası
baxımından önəmlidir".
Millət
vəkili qeyd edib ki, Ombudsmanın fəaliyyətində diqqəti
cəlb edən mühüm məqamlardan biri də cəmiyyətin
bütün təbəqələrindən olan insanlarla daimi təmasda
olmaq və onların problemlərinin həllinə təsisatın
səlahiyyətləri çərçivəsində
yardım göstərməkdir:
"Xüsusilə, həssas qruplardan olan insanlar, şəhid
ailələri və müharibə veteranları, o cümlədən,
müharibə əlilləri ilə daim təmasda olan
Ombudsmanın onların hüquqlarının təmin edilməsi
istiqamətində zəruri tədbirlər görməsi təqdirəlayiqdir. Mərkəzi
aparatda və regional mərkəzlərdə pandemiya şəraitinə
görə canlı qəbulun keçirilməməsinə
baxmayaraq, şəhid ailələrinin üzvləri və
müharibə veteranlarının müxtəlif vaxtlarda
Ombudsman tərəfindən şəxsən qəbul edilməsinə
ayrıca diqqət yetirmək istəyirəm. Onların şikayətlərinin dinlənilməsi,
problemlərinin həlli məqsədi ilə səlahiyyətli
dövlət qurumlarına müraciətlər edilməsi,
hesab edirəm ki, həm dövlət siyasətinə dəstək,
həm də milli həmrəyliyin qorunmasına vacib töhfədir.
Bunlarla
yanaşı, Ombudsmanın Ermənistanın hərbi cinayətləri,
erməni vandalizmi ilə əlaqədar beynəlxalq ictimaiyyətə,
ayrı-ayrı ölkələrin ombudsmanlarına, beynəlxalq
təşkilatlara, parlamentlərə və s. müraciətləri
də çox mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın haqlı və ədalətli
mövqeyinin dünya ictimaiyyətinə
çatdırılması, erməni yalanlarının
ifşası üçün önəmli olmaqla
yanaşı, işğalçı dövlətə
qarşı beynəlxalq birlik tərəfindən təzyiq
göstərilməsi və sanksiya tətbiq olunması
üçün hüquqi əsaslar yaradır. Ombudsmanın xarici nümayəndələrlə
görüşü və beynəlxalq tədbirlərdə
iştirakı zamanı bu məsələləri daim diqqətdə
saxlaması da faydalı və əhəmiyyətlidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 29 noyabr.- S.12.