Florensiya şəhəri və Mediçi sülaləsi  

 

 

(Əvvəli ötən çərşənbə sayımızda)

Padaqralı Piero

Padaqralı Piero 48 yaşında öz atası Böyük Kozimonun yerini tutdu. O, yaxşı xarakterə malik idi və bu, hamı tərəfindən qəbul edilirdi. O, qabiliyyətli və olduqca istedadlı adam olsa da, atasının qardaşı Covanniyə güzəştə getməsinə dözürdü.

İlk dəfə xalq qarşısına çıxanda o, elə də populyar deyildi. Güclü tacir olmaqla, öz maliyyə işlərini yaxşı idarə edirdi. Öz mülkiyyətində olan hər şeyi uçota almaq qərarına gəldi, bu, təşviş doğuran və çox sayda debitorlarının əhvalını pozan bir iş idi, çünki onlar da təsiretmə gücündən xali deyildilər. Ancaq bu tədbiri ilə də o, vətəndaşların ehtiramını qazandı və 1461-ci ildə onun bayraqdara çevrilməsinə icazə verdilər.

1466-cı ildə ona qarşı sui-qəsd təşkil olunmuşdu, bir il sonra isə sürgünlə üzləşməli oldu. Lakin onun müxalifləri məğlub oldular, öz yerinə isə əlverişli hesab etdiyi adam seçildi.

Bir məsələni də qeyd etmək lazımdır ki, o, Kozimo tərəfindən varis kimi nəzərdə tutulmamışdı, atası Covanniyə üstünlük verirdi, onu daha sağlam adam hesab edirdi. Piero alim və etibara layiq adam idi, yaxşı latınist olmaqla atasını səfərlərdə uğurlu qaydada müşayiət etmişdi. Kozimo ona çox ciddi və mürəkkəb işlərdə inanırdı. Digər dövlətlərin rəhbərləri ilə görüşdə belə mühüm tapşırıqları yerinə yetirmişdi. O, Venetsiyada olmuş, Milanda Françesko Sfortsa ilə, Fransadakı kral XI Lui ilə görüşmüşdü.

Elə bir diplomatik iş yox idi ki, o, bunu nəzakətlə yerinə yetirməsin. Nəticədə, xüsusən Parisdə elə görkəmli mövqeyə sahib olmuşdu ki, Fransa kralı gənc kübara valeh olduğunun əlaməti kimi, imtiyaz şəklində onun Mediçi zirehli paltarının bəzəyində öz, əslində, Valua sülaləsinin simvolu olan zanbaq çiçəyini yerləşdirmişdi.

Atası Kozimo tikinti işini sevdiyi halda, Piero yalnız tikilini bəzəməyi, qızıl suyuna çəkməyi sevirdi. Təbii olaraq o, özünün xoşagələn rəsmlərinə malik idi, lakin o, cəmi beş il ərzində hökmranlıq etmişdi.

Möhtəşəm Lorentso

Pieronun qərarına görə, oğlu Lorentso, 21 yaşlı bir gənc kimi onun yerini tutmalı idi. "Möhtəşəm" adını ona müasirləri vermişdi. Bu bir faktdır ki, öz diplomatik qabiliyyəti hesabına o, Florensiyanı xeyli inkişaf etdirmişdi. Onun qeyri-adi merkantil siyasəti bu şəhəri "Yeni Afina"ya çevirmişdi.

Piero öləndə onun düşmənləri Mediçi ailəsini aşağı endirməyə cəhd etsələr də, buna qadir olmadılar. Mediçilər Florensiyanın avtokratik meyilli vətəndaşları arasında iri tərəfdarlar ordusuna malik idi. Lakin onun müxalifləri arasında Luna Pitti daha görkəmli şəxsiyyət kimi tanınırdı. Üstəlik, Lorentso özü də Pittinin qabiliyyətinə yaxşı bələd idi. Göstəriş verdi ki, pul və şərəf nümunələri təklif edilməsi ilə onu neytrallaşdırsınlar. Beləliklə, o, antimediçi fraksiyasından uzaqlaşdırıldı.

Lakin Lorentsonun özünə qarşı sui-qəsddə məhkum edilənlər ondan heç bir mərhəmət görmədilər. Luna Pitti də sui-qəsddə iştirakına görə ölüm cəzasına məhkum edildi. Bu yolla antimediçi fraksiyası parçalandı və ləğv olundu. Öz xəyanətinə görə Pitti də məsuliyyət daşımalı olmaqla, edam edildi.

Lorentso bəyan etdi ki, "Yalnız o adam ki, qalib gəlməyə qadirdir, o, həmçinin, bağışlamağa da layiqdir".

Hakimiyyətin böyüməsi ilə yaranan böhranı həll etməyi də o, tezliklə bacardı. Kommunal institutuna yumşaq əlavələr etməklə, onun üzərində nəzarəti əldə etməyə nail oldu. Öz hakimiyyətindəkiləri birləşdirməklə, onu dəstəkləmiş az sayda inanılmış müttəfiqlərinə hər il mühüm vəzifələr verdi. Vətəndaşların siyahısını hazırlamaq işinə də girişmişdi. O, kifayət qədər hiyləgər idi, siyasi baş məclisi tərk etdi ki, onun rolu məsələləri müzakirə edən orqandan sadəcə məsləhət verənə, bir  məşvərətçi hüququnun sahibinə çevrilsin. Kommunanın daha çox nümayəndəlik magistratlarını isə sadəcə hakimlərə çevirməyi bacardı.

1471-ci ilə qədər Florensiyadan sürgün olunanlardan bir hissəsinin xeyli cəhdlərinin acığına siyasi tarazlığı dəstəklədi, bunun hesabına Florensiya və Neapol Venetsiyanın əleyhinə olmaqla, müttəfiqlərə çevrildilər. Papa II Paul öldükdən sonra yeni seçilmiş papa IV Siksi vəzifəsindən istifadə edib, Pontifik Dövləti yaratmaq istədi. Onun ambisiyalarına tərəfdar olan qohumlarının təsiri ilə Papalıq Neapolla ittifaq bağladı və bu vaxt siyasi situasiya Florensiya üçün daha təhlükəli oldu.

Lorentso, ekstarazlığı bərpa etmək cəhdi ilə Liqanı açıq şəkildə inkişaf etdirmək istəsə də, uğursuzluğa düçar oldu. Bu vaxt Romada Mediçilərin rəqibləri Lorentso və onun qardaşı Culianonun əleyhinə sui-qəsd təşkil etdilər. Bütünlükdə o, sui-qəsdin əleyhinə olduğu halda, onun qarşısını ala bilməmişdi. Lorentsoya və Culianoya Florensiya Dumasında keçirilən Pasxa messası vaxtı hücum edildi. Culiano öldürüldü, Lorentso isə ancaq yüngülcə yaralandı.

Florensiya xalqını bu hadisə qəzəbləndirdi, həm də onların reaksiyası dəhşətli nəticələrə səbəb oldu. Üç gün ərzində əsl vəhşilik aktları davam etdi. Yaxşı tanınan yüz və daha çox vətəndaş edam edildi və ya qətlə yetirildi. Bütöv ailələr, demək olar ki, bütünlüklə məhv edildi. Yepiskop Salvatinin bədəni digər cəsədlər içərisində Vekkio sarayının pəncərəsindən asılıb, yırğalanırdı. Lakin sağ qalanların da ovlanması davam edirdi. Pattsi tərəfdarları "Azadlıq, azadlıq" deyə haray çəkirdilər.

Papa bu xəbərləri eşidəndə, ən azı iki bilavasitə sürətli ödənilməli olan təzminat tələb etdi: onun şəhəri tabe olmağa inandırmaq cəhdi etmək üçün Florensiyaya kardinal Leqatı qaytarıldı, lakin həmin dövrün xronikaları bu barədə yazırdı ki, onlar Romaya sağ şəkildə deyil, daha çox ölü kimi geri döndülər. Papa həm də Lorentso de Mediçinin sürgün edilməsini tələb edirdi. Lakin Lorentso xalq arasında populyarlığa və möhkəm dəstəyə bel bağlayıb, Florensiyada qaldı. IV Sikstin qisas yanğısı isə sönmək bilmirdi. O, öz ordusunu Neapol kralı Ferrante qüvvələri ilə birləşdirib, Toskanaya yürüş etdi.

1479-cu ilin yayında papanın və Neapolun qüvvələri Florensiyanın birbaşa özünə yürüşə başladılar. Lorentso bu vaxt nəyə görə "Möhtəşəm" adını almağını bir daha nəzərə çarpdırdı. Həmin vaxt Neapola getməyi qərara aldı ki, qəddar monarxın əksinə hərəkət etsin və onun papa ilə hərbi ittifaqının dağılmasına cəhd etsin. Neapol Florensiya ittifaqı, bir çox cəhətlər nəzərə alındıqda həm də zəruri xarakter daşıyırdı. Lorentso sübut edirdi ki, bu, bütün İtaliyanın müstəqilliyini qoruyub saxlamaq üçün də vacibdir. Lorentsonun cəsarətli hərəkəti uğurlu oldu. Əslində, sadə bir parlaq əməliyyat hesabına, çünki bu, gözlənilməyən və ətrafa səs salan bir müvəffəqiyyət idi, vəziyyət tamamilə dəyişmişdi, əvvəlkinin əksinə çevrilmişdi. Əlbəttə, Lorentsonun yüksək diplomatik qabiliyyətli buna oxşar digər şəraitlərdə də dəfələrlə özünü büruzə vermişdi.

Bu hadisədən sonra o, italyan siyasətində "tərəzinin iynəsi" kimi tanınmağa başlandı. O, bu qeyri-adi tədbiri ilə, heç şübhəsiz, yarımadanın taleyinə böyük fayda gətirdi.

Makiavelli Lorentsonun İtaliya dövlətlərinin səmərəli müstəqilliyinin yeganə qarantiyasını qabaqlayan faktoru nəzərə alan bir siyasətçi kimi xarakterizə edirdi. O yazırdı: "İtaliyanın dağılması heç bir səbəblə deyil, onun çox illər ərzində muzdlu ordulardan asılı olması faktı ilə əlaqədar idi". Milli ordu olmadan, müharibələr lap başlanğıcdan uduzulurdu və hətta Lorentsoya bənzəyən elə bir adam yox idi ki, onları udmağa qabil olsun.

Lorentsonun tənqidi definitsayasını, tarixçi Fred Berense vermişdi. "O, elə bir adam idi ki, heç nəyi itirməmişdi, heç nəyin ona yad, heç nəyin ona iyrənc olmadığı bir adama, heç nə o qədər də nəcib və ya qəbul edilməyən deyildi".

Florensiyanın yaradıcı ziyalılarına gəldikdə, Dantenin şərəfli günlərində Bokkaçço və Petrarka xeyli geridə idilər, lakin Mediçilər evinin himayəsi altında, xüsusən Lorentsonun hesabına nümunə kimi ad-san qazanmışdılar və onun inadkar, müdrik elmi sözləri və yaxşı zövqü ilə yenidən şərəfə nail olmuşdular.

Lorentsonun müəllimləri ona yüksək alim təhsili vermişdilər. Fəlsəfi toqquşmalar da burada az rol oynamamışdı. Bəzi alimlər məhz Lorentsonun məsləhət ilə dini ordenlərə daxil olmaq barədə qərar vermişdilər. Florensiya Platonik Akademiyası, onu Lorentso özü yaratmışdı, bütpərəst müəlliflərin də əsərlərini öyrənirdi, katolik keşişlərlə müqayisədə onların rolu elə bir əhəmiyyət daşımırdı.

Ədəbiyyatı və mədəniyyəti irəlilətmək üçün hələ Kozimonun əsasını qoyduğu humanist dairə çox sayda istedadlı adamları özünə cəlb etdi. Beləliklə, Kozimonun məktəbi göstərirdi ki, o, bir institut kimi qəbul edilsin. İstedadlı yunan filosofu Pletoni tərəfindən ona yeni Neoplatonik möhürü vurulmuşdu. O, 1453-cü ildə türklərin işğalından sonra Konstantinopoldan qaçıb, Florensiyada digər Bizans filosoflarına qoşulmuşdu. Bu vaxt Florensiyaya Konstantinopoldan alimlərin əsl qaçqın axını meydana gəlmişdi. Akademiyada yunan filosofları ilə Şərq intellektualları arasında sağlam rəqabət gedirdi. Onların arasında Pike della Mirandola və gənc Mikelancelo da var idi.

Akademiya yunan fəlsəfəsini öyrətmək üçün ictimai məktəblərin yaradılmasını həvəsləndirirdi, onlarda xristianlıq və bütpərəst fəlsəfə arasında əlaqələrin qiymətləndirilməsi sahəsində qızğın müzakirələr gedirdi.

İnqilabi texniki irəliləyiş çap işinin tətbiq edilməsi hesabına baş verməklə, çox sayda ədəbi əsərlərin yayılması üçün müstəsna dərəcədə faydalı oldu. Florensiyalılar və italyanlar yeni ixtiradan, xüsusən əla fayda götürdülər, bu iş Akademiyanın çox sayda üzvləri tərəfindən hərarətlə qarşılandı.

Akademiyanın diskussiyalarının çoxu konkret olaraq xristianlığın bütpərəst fəlsəfə ilə müqayisə olunması imkanlarının müzakirəsinə həsr olunurdu. İki fəlsəfi doktrinanın müqayisəli öyrənilməsinə ciddi diqqət verilirdi. Bəzən isə alimlərin yeretik adlandırılması riski də meydana gəlirdi.

Pletonidən sonra Akademiyanın liderliyinə gəlmiş üç məşhur alimin arasında Mirandola da var idi. Onlardan birinin atası qətlə yetirildikdən sonra qaçıb, Florensiyaya gəlmişdi. Lorentso burada onun hamisi olmağa başlamış, onu daim öz evində qonaq kimi qəbul etmişdi. O, 1470-ci ilə Homerin "İliada"sını latın şairinə tərcümə etmişdi və bunu öz böyük hamisinə həsr etmişdi.

Lorentsonun özü şair idi, qabiliyyətli müəllif kimi o, müxtəlif janrlarda yazırdı. Onun ucadan oxunan karnaval nəğmələri də var idi. Eklektik bəstəkar kimi o, musiqili şeirlər yazırdı, bunun üçün o, Petrarkaya borclu olsa da, sırf özünə məxsus olanları da yazmağa qadir idi.

Onun papa qaydalarına tabeliyi yaxşı məlum idi. Culianonun Florensiyadan uzaqlaşdırılmasına nail olduqdan sonra papa onun şərəfinə artıq elə bir qısqanclıq etmirdi, onu Parmanın və əlavə iki şəhərin hökmdarı etdi. Baxmayaraq ki, birbaşa Culianonun öz etirafına görə, onu Urbino hersoqu etməyə qadir olmamışdı. Culiano özü ancaq başqasını qanuni hersoq kimi tanıdı.

Lorentsonun dini şeirləri də diqqəti cəlb edirdi, həyatı araşdırmağı da bacarırdı. Onun bir şeirində deyilirdi ki, "gənclik necə də gözəldir. Lakin necə də tez yoxa çıxandır / Əgər sən xoşbəxt olmaq istəyirsənsə, onda elə indi xoşbəxt ol, / Çünki sən sabah barədə heç nə bilməyəcəksən".

Saray bayramları, ovçuluq kimi idman növü, prosessiyalar və rəqslər eranın fəlsəfi və əxlaqi nöqteyi-nəzərindən bir xüsusiyyət qazandı və bu, unikal olaraq qaldı. Bu, Möhtəşəm Lorentsonun özünün içərisində yaşadığı bir reallıq idi, axı onları o, özü həyata gətirmişdi. O, Florensiyanı möcüzəli bir şəhərə çevirmişdi. Bizim dövrümüzdə də belə nümunələr mövcuddur və onların müəllifləri hətta paxıllar dəstəsi mövcud olsa da, yalnız yüksək ehtirama layiqdirlər. Lorentso şəhəri gözəllik məkanına çevirdiyinə görə böyük hörmətə sahib olmuşdu. Həqiqət müqayisədə bilindiyindən, yazırdılar ki, "İtaliya ölkəsi dünyanın ən intellektual hissəsidir, Toskana İtaliyanın ən intellektual hissəsidir və Florensiya isə Toskananın ən intellektual şəhəridir".

 

 (Ardı var)  

Telman ORUCOV

525-ci qəzet.- 2022.- 30 noyabr.- S.14.