Ömürlər haqqında əbədilik
nəğməsi
İkinci Qarabağ müharibəsinin
ilk gülləsi də
tarixdi, sonuncu gülləsi də. Ömür
bu tarixlərə sədaqətdi - müharibə
də döyüşdü,
ruhən döyüşənlərin
sırasında olmaqdı,
müharibədən sonra
döyüşlərdən dönənlərə - qazilərə,
döyüşlərdə şəhid olanlara sevgiylə ötüşən
aylardı, döyüşləri,
döyüşənləri bu aylarda yaşatma
səadətidi...
Döyüşənlər Vətənin qurtuluşu üçün döyüşürdülər. Azərbaycançılığın erməniliklə döyüşü olan bu döyüşlərdə
xalqın qələbə
ruhu döyüşlərin
ilk gülləsindən sonuncu
gülləsinə kimi
ruhən döyüş
bayrağı oldu.
İkinci Qarabağ müharibəsində,
mahiyyəti etibarilə
Vətən müharibəsində
Azərbaycan Ordusu düşmənin işğal
müddətində yaratdığı,
möhkəmləndirdiyi, təkmilləşdirdiyi
müdafiə sədlərini
dağıdırdı, döyüşə-döyüşə
qələbələr qazanırdı,
qələbələr qazana-qazana
döyüşürdü.
Azərbaycan Ordusu şəhidlikdən
keçibən döyüşürdü.
Respublika
Xatirə kitabının
hazırladığı "Vətən daşı"
sənədli filmlərə
(5 film) baxırsan, düşünürsən, bir
daha əmin olursan ki, hər
şəhid hər birimizin əzizidi - şəhid ömrü ömürlərdə yaşayır.
Filmlərin ssenari müəllifi
(və rejissoru) yazıçı Vüsal
Nuru filmlərdə şəhidliyin fəlsəfəsinin
dərki üçün
maraqlı (və gərəkli!) detallara istinad edib. Təhkiyyələr səmimidir. Səmimi təhkiyyələrin hər
biri (filmin müəllifi olmaq etibarilə deyilənlərdən
şəhidlik fəlsəfəsinin
mahiyyətiylə uzlaşanları
seçmək səlahiyyəti
də filmin ədəbi, mənəvi-psixoloji,
bəlkə də bəşəri uğurunu
təmin edib.
Filmlərə seçilən ad tanış (və doğma!) addır; filmlərə baxırsan,
baxdıqca böyük
Məmməd Arazı,
Məmməd Arazın
canım misralarını
xatırlayırsan:
Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı!
Və bu misralara qədərsiz sevgi yaşadan Vüsal Nuruya, filmlərin layihə rəhbəri və direktoru şair Nəzakət Məmmədliyə
"Sürünüz yerisin,
axar sularınız qurumasın, çiçəkləriniz
ləçək tökməsin!" - deyirsən.
Hər döyüş
tarix oldu. İllər keçsə
də, o döyüşlər
unudulmur, unudulmayacaq; qəhrəmanlıqlar, qəhrəmanlar
həm tarixdə yaşayacaq, həm də yaddaşlarda. Ömər Rəhimli də döyüşüb, qəhrəmanlıqla
döyüşüb, qəhrəmanlıqla
şəhid olub.
Tarix müəllimi Könül
Cəfərova Ömərin
qürurlu şagird olmasından danışır,
bu qürurun heysiyyət çalarından
söz açır.
Kəlmələr bir ömürə
düşən işıq
misallıdı - dinləyənin
könlünə sərilir.
"Torpaqlarımızın
işğalı Ömərin
qəlbini qana döndərmişdi..." - kəlmələrin
mahiyyətini bu fikirlə ifadə etsəm, kimsə məni qınamaz; Ömər yeniyetməliyindən
Vətənin nə olduğunu gözəl dərk edib. Zənnimcə, bu amil sənədli filmin ideyası üçün
gərəkli remarkadır
- bu dərk həm də şəhidliyin dərkinə
vasitədir.
Ömər Rəhimli yaralı olsa da, yaralanmış
komandirini ölümdən
xilas etmək istəyir. Bu istək
azərbaycançılığın istəyiydi, hərbi anda sədaqətin istəyiydi, Qələbəyə
inamın istəyiydi.
Ömər şəhid oldu,
istəyi - qazi. Onun istəyi işğaldan azad edilmiş ərazilərimizdə bayraqlaşdı.
"Vətən daşı"
sənədli filmləri
bu bayraqlaşmanın
əsəridi...
Hərbi tapşırığı yerinə
yetirəndə dumanlıqda
meşədə azıblar. Bu, gerçəkliyə istinad
edilmiş ideyalı fikir düşündürücüdür.
Duman - ermənilikdir, Ömərlər erməniliklə
döyüşüb, azərbaycançılıq
əsgəri kimi döyüşüb. Bu sənədli
filmlərin mahiyyəti
deyir ki, yüz illər ərzində Azərbaycanı
bürüyən, Azərbaycanın
dağına-daşına, torpağına can atan ermənliyi Azərbaycan əsgərinin qətiyyəti,
cəsarəti, Vətənə
sevgisi, şəhidliyi
ömür bilməsi
dağıtdı; ötən
əsrin əvvəllərində
Sarıqamış, Çanaqqala
döyüşlərini xatırlayıram
(şübhəsiz, bu
fikir, bu ideya filmin ssenari
müəllifinin də
düşüncələrinin ağ işığı
olub). Bu səbəbdən
filmlərin xalqın filmləri olduğuna inanırsan; gördüklərin
inandırır, eşitdiklərin
inandırır...
Sənədli filmlərdə yuxu
amili var. Bu, gerçəkliyin
dərkinə yönəldən
gerçəklik istinadıdır
sanki; yuxu yozulur, hər yozum yuxunun mahiyyəti
ilə səsləşmir;
analarda oğullarıyla
əlaqəli yuxulara münasibətdə Yusif peyğəmbərin qüdrətinin
zərrəsi var, - deyərdim. Bu sənədli
filmlərin ikisində
yuxu şəhidliyin fəlsəfəsinin dərkinə
yönəldilmiş ruhi-mənəvi
amilin təsirindədir,
müəllif bu amildən də ədəbi material kimi istifadə edib.
"Vətən daşı"
sənədli filmləri
ayrılıqda da, birlikdə də görənə (gördüklərini
düşüncələrinə köçürənlər) bir
gerçəklik də
yaşadır: ömür
Vətən üçün
yaşanılmış illərdi,
aylardı; "Vətən
daşı" sənədli
filmləri ömür
haqqında əbədilik
nəğməsidi. Filmlər Azərbaycan
əsgərinin döyüş
yoludur, müharibə
tariximizdir, müharibə
tariximiz - Zəfər
tarixi. Müəlliflər
"Vətən daşı"nı Zəfər tariximiz kimi təqdim edə biliblər; bu tarixdə qazilik də var, şəhidlik
də. "Vətən
daşı" sənədli
filmlərinin mahiyyəti
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin şəhidlərə
ünvanladığı bir
kəlamla mənən
səsləşir: "Biz bu qələbəyə görə onlara borcluyuq..."
"Vətən daşı"
sənədli filmləri
Azərbaycan əsgərinin
- İkinci Qarabağ müharibəsində (mahiyyəti
etibarilə Vətən
müharibəsində) şəhid
olan döyüşçülərimizin
xarakteri haqqında sənət əsəridir,
tarixin özünün
tarixləşdirdiyi hadisələr
haqqında qürur - elegiyadır (elegiya-qürurdur). Sənədli filmlərin poetikası da könüləyatımlıdır.
Deyilənlərin səmimiliyi, deyilənlərin
bir-biriylə məntiqi
uyğunluğu, hər
kəlmənin ruhmisal
işığı əsərlərin
fəlsəfi qayəsini
səxavətlə açır.
Ssenari müəllifi kimin nəsə deməsini əvvəlcədən müəyyənləşdirir,
nə deyiləcəyini
bilmir. Bilir ki, işıqlı
ömürlər haqqında
işıqlı fikirlər
deyiləcək. O gözəl
gümanlar gərəkli
(və gerçək!)
fikirlərlə tamamlanır
- sənədli film yaşarı
əsər kimi düşüncələrə hopur.
"Vətən daşı"
sənədli filmlərində
şəhidlər dürüst,
səmimi, qətiyyətli
epitetləri ilə tanıdılır. Əslində, sənədli filmlərdə
şəhidlərimiz bu
ortaq ifadələrlə
obrazlaşdırılır.
Vüsal Şükürov həqiqi hərbi xidmətdə Aprel döyüşlərinin iştirakçısı olub. O da rəşadətlə döyüşüb. İkinci Qarabağ müharibəsi başlayanda o da döyüşlərə getmək istəyib - gedib. Döyüşüb. Alxanlıda ağır döyüşlərin iştirakçısı olub. Cəbrayılda da döyüşüb, Şuşada da. Son döyüşü Şuşada olub Vüsalın; Vüsal Şuşanın işğaldan qurtuluşunu görüb. Bir ürək tutumunca o da sevinib. Son nəfəsi də Şuşaya qismət olacaqmış...
Ssenari müəllifi bu məqamın bir sevgi elegiyası kimi təqdiminə nail olub. Bu sevgi Vətənə sevgidi. "Vətən daşı" sənədli filmləri həm də Vətən haqqında dünyəvi duyğular əsəridir. Gümüş üzüklər haqqında səslənən fikirlər də sənədli filmin milli mentalitetdən rişələndiyinin təsdiqi kimi dinlənilir (və belə də yaşadılacaq!).
"Vətən daşı" sənədli filmləri istər ayrılıqda, istərsə də vəhdətdə ideyalı, sənətkarlıqla hazırlanmış əsərlərdir. Baxırsan və filmlər sənə deyir ki, "Vətən daşı" şəhidlik - əbədilik qafiyəsinin poetikasıdır. Bu poetikada elegiya çalarları yoxdu, qürur var. Filmlərin aşıladığı gərəkli (və tarixi!) ideyaya görə qəhrəmanlığın qüruru qələbənin qürurudur. Bu məqamı "Vətən daşı"nın uğurlarını şərtləndirən amillərdən biri bilirəm. "Vətən daşı" sənədli filmləri ruhun ruhlarla kəlmələşməsidi sanki. Bu filmlər həm də deyir ki, şəhidlərimiz qəhrəman olmaq üçün döyüşməyiblər, qəhrəmanlıqla döyüşüblər...
"Vətən daşı" ömürlər haqqında əbədilik nəğməsidi. Bu nəğmə sənədli filmlərin yaradıcılarının İkinci Qarabağ müharibəsində qazanılan Zəfərə ehtiramlarıdı, Azərbaycançılığa ehtiramdı, Vətən daşı olmağa çağırışın ehtiramıdı...
"Vətən daşı" sənədli
filmləri şəhidliyə ehtiramdır. Respublika Xatirə
kitabının hazırladığı bu
sənədli filmlər Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin şəhidliyə ehtiramına ehtiramdır və
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu layihənin
davamlı olmasını təmin edəcəyinə də
inanırıq...
Rəşid FAXRALI
525-ci qəzet.- 2022.- 30 noyabr.- S.13.