"Yox olsun başından duman, Təbrizim!"  

 

XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİN CƏNUB MÖVZULU ŞEİRLƏRİ BU GÜN DƏ AKTUAL VƏ HƏRARƏTLİ SƏSLƏNİR

"

"O gün gələcək, Araz çayının iki yerə böldüyü xalq birləşəcək, bütöv,vahid Azərbaycan olacaqdır". Bu sözləri Xalq şairi Süleyman Rüstəm 1986-cı il aprel ayının 11-də Azərbaycan Politexnik İnstitutunda özünün 80 illiyinə həsr olunmuş yubiley tədbirində çıxışı zamanı böyük ümidlə söyləyib.

Çağdaş Azərbaycan ədəbiyyatında cənub mövzusu dedikdə, ilk növbədə gözlərimiz önünə Xalq şairi Süleyman Rüstəm gəlir. Hərçənd, bu mövzuda çox ədibimiz əsərlər yazıb. Lakin bu mövzuya ən çox müraciət edən, gözəl şeirlər silsiləsi yaradan məhz S.Rüstəm olub. Bu mövzunu onun qədər ürək ağrısı ilə, poetik notlarla yazan ikinci bir ədib yoxdur desək, yəqin ki, yanılmarıq. Geniş oxucu cənublu bacı-qardaşlarımız, ədiblərimiz, eləcə də şəhərlərimiz haqqında məlumatı demək olar ki, ustad sənətkarın şeirlərindən öyrənirdi. Həqiqətən də, S.Rüstəmin Cənub mövzusunda yazdığı əsərlər sirri açılmamış xəzinədir. Əsərlərilə tanış olduqda belə bir nəticəyə gəlmək olur ki, ədibin şah rejimi zamanı soydaşlarımıza mənfi münasibəti necə idisə, o, bu gün də İranda mövcud olan mollakratiya rejimindəki münasibətlə eynilik təşkil edir.

Ömrü boyu cənub həsrətini, cənub ağrısını qəlbində gəzdirən şair hər zaman öz müqəddəs arzusunu dilə gətirərdi:

 

Bir arzum da var dünyada,

Bir gün məni salıb yada.

Kitabımı Arazdakı körpü üstdən assınlar,

Gənc nəsillər unutmasın bu şairin şərtini:

Tez köçərsəm bu dünyadan başdaşıma yazsınlar

İki yerə parçalanmış ürəyimin dərdini.

 

II Dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S.Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrin gözləri ilə görmüş, milli zülmə, istibdada qarşı geniş xalq kütləsinin etiraz səsini dinləmiş, imperializm əleyhinə mübarizənin canlı şahidi olmuşdu.

Cənub mövzusu şairin yaradıcılığında sanki ikinci nəfəs açıb. Şairin bu mövzuda şeirlərini diqqətlə oxuyanda görürsən ki, onun etiraz dolu hayqırtıları həm o taydakı, həm də bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər və iradə tələb edirdi. Lakin S.Rüstəm öz həyatını təhlükəyə ataraq, bir vətəndaş kimi, xalqının mübariz oğlu kimi bu prosesdə geridə qalmadı. "O tay, bu tay", "O sahil, bu sahil", "Bakılı, Təbrizli", "Vətənin birliyi", "Bütöv millət" və sair terminləri həm dilimizin əzbəri oldu, həm də beyinlərimizə, şüurumuza nüfuz elədi.

Arazın o tayında qanına qəltan edilən cənublu soydaşlarımızın qəlbində sağalmaq bilməyən yaraların acısını duyan şair bir zaman onlarla Xudafərində görüşlərini xatırlayır, Vətən torpağının tapdaqda olması ilə barışa bilmirdi:

 

Tapdaq altındadır Vətən torpağı,

Hələ sağalmayıb sinəmin dağı.

Qardaş həsrətilə hər bahar çağı,

Yarası lalətək açılan mənəm!

 

S.Rüstəmin cənub mövzusunda yazdığı əsərlərinin şahı, məncə, "Təbrizim"dir. Şair burada Azərbaycanın qədim paytaxtlarından biri, inqilablar beşiyi, elm, mədəniyyət, sənətkarlıq mərkəzi olan, hüsnünə, gözəlliyinə baxmaqdan doymaq mümkün olmayan gözəl Təbrizə xitab edir. Təbrizə öz dərin, sonsuz, məhəbbətini bildirən şair ürək sözlərini, duyğularını ustalıqla dilə gətirir:

 

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman, Təbrizim,

Yox olsun başından duman, Təbrizim!

 

Təbrizin şanlı qəhrəmanlıq tarixini xatırladan şair şeirdə vətənin birliyi, bölünməzliyi ideyasını, bütöv Azərbaycan ideyasını oxucuya daha dolğun şəkildə çatdırır. Şeirdə dilimizin zənginliyi, bir-birindən təsirli ifadə vasitələri böyük ustalıqla seçilib:

 

Ağlasan, ağlaram, gülsən, gülərəm,

Yaşasan, yaşaram, ölsən, ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir də üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!

 

Cənub mövzusunda yazmaqla, Azərbaycan poeziyasına yeni bir poetik çələng bəxş edən S.Rüstəm digər şeirlərində də cənub dərdini, nisgilini böyük ürək ağrısı ilə təsvir edirdi. Araz qırağına gəlib həsrətlə o tayı seyr edən şair ürək sözlərini misralara köçürərək təsəlli tapırdı.

"Ucan durnaların lələklərindən, hicran məktubları asılan mənəm" - deyən S.Rüstəm bir an belə ümidini itirmirdi. Təbrizlə görüşəcəyi günü intizarla gözləyirdi:

 

Mənin təlaşımı sanmayın hədər,

Səbəbsiz deyildir bu dərd, bu kədər

Təsəlli taparam bəlkə bir qədər

Ürəyi yaralı Təbrizi görsəm.

 

"Qəfəsdən qurtulmuş yaralı şirəm" - deyən S.Rüstəm bu həsrətə, bu amansız ayrılığa son qoyulmasını dünyaya çar çəkirdi:

 

Süleymanam, dözümlüyəm firqətə,

Zaman gərək son versin bu həsrətə.

Ürəyim bir xəritədir, xəritə,

Orda əziz vahid Vətən özü var.

 

"Vüsal həsrəti" şeiri çoxdan yazılsa da, sanki bu gün İranda azadlıq mübarizəsinə qalxan cənublu bacı-qardaşlarımızın etiraz dalğasını uzaqgörənliklə təsvir edirdi:

 

 

Qəflətdən oyanmış görürəm sizi,

Dağ kimi dayanmış görürəm sizi.

Al qana boyanmış görürəm sizi,

Dərdiniz dərdimdir, yaranız yaram.

 

 

"Niyə quşlar kimi qanadım yoxdur. Niyə o sahilə uça bilmirəm?" - deyən şair azadlığın bayrağını ürəkdən öpərək, haqq yolunda canlarından keçməyi bacaran soydaşlarımzı şeirlərində mübarizəyə səsləyirdi:

 

Səttarxanın bayrağını qəlbindən asan,

Millətinin şöhrətini günəşə yazan.

Əliqanlı cəlladların qəbrini qazan

Ağ günləri salamlayan sən deyilmidin,

Alnı açıq o qəhrəman sən deyilmidin?

 

S.Rüstəmin cənublu ədiblərlə yazışmaları da diqqət çəkir. Şəhriyar, Səhənd, Cavad Heyət və digərlərinə şeirlə müraciətlərində S.Rüstəm cənub ağrı-acısını onlarla bölüşür, bu yolla azacıq da olsa könül rahatlığını tapırdı.

Şair bu azadlıq savaşında Təbrizdə qara matəm çadralara bürünmüş cənublu ana-bacılarımızın, qız-gəlinlərimizin fədakarlığını da qüurla qələmə alırdı:

 

Ürəyimə sığmayır Təbrizin qanlı yası,

Əksilmir küçələrdən coşan insan dalğası,

Qeyrətə bax, qeyrətə, nümayişdə çadrası

Al qanına boyalı bacılarımı gördüm!

 

Bu gün Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə ayağa qalxan, mübarizə aparan, çadralarını atan ana-bacılarımızın təsviri deyilmi? S.Rüstəm şeirlərində nə qədər həsrətdən, intizardan söz açsa da, heç bir zaman ümidini itirmirdi. Vüsal həsrətinə son qoyulacağının ümidi ilə yazıb-yaradırdı:

 

Mən ümidsiz deyiləm, könlüm ümid məskənidir,

Xoş vüsal arzulu şeirimdə qızıldan yeri var.

Şeirə həsrətlilərə şeir oxumaqçün ucadan,

Bir qarış olsa da, Təbrizdə Süleyman yeri var.

 

S.Rüstəmin 1940-cı ildə işıq üzü görən "Qaçaq Nəbi" pyesində də ədib çox incəliklə, ustalıqla cənub məsələsinə toxunmuşdur. Arazın o tayında - cənubda soydaşlarımızın öz ev-eşiklərindən zorla çıxarılmaları haqqında Şahın fərmaişini canfəşanlıqla, qəddarlıqla yerinə yetirməyə çalışan ərbabla Qaçaq Nəbi arasındakı dialoq xüsusi diqqət çəkir. Ərbabın Qaçaq Nəbiyə xitabən "Arazın o tayının dərdi səninçün azlıq edir ki, hələ bu tərəfə də əl uzadırsan?.." - dediyi sözlərini eşidən Qaçaq Nəbi əsəbi halda ona tutarlı cavab verir: "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin də o baş-bu başı olmaz. Bunu sırğa elə, as qulağından..."

84 illik ömrünü cənub həsrəti, cənub dərdi ilə yaşayan şair bu dünyadan nigaran köçdü. Özünü o taylı-bu taylı vətənin şairi hesab edən Süleyman Rüstəm bütöv, vahid Azərbaycan sevdalısı idi. Şair "Vəsiyyət" şeirində məzarı üstünə gül-çiçək əvəzinə, Arazdan gətirilmiş su səpilməsini vəsiyyət edirdi:

 

Su səpin qəbrimə, dincəlim bir az,

Təzədən başlayım, sonra söhbəti.

Sizdən bir ricam da, dostlar budur, bu -

Kürdən yox, Arazdan gətirin suyu.

Arzuma bələddir bu torpaq anam,

O yaxşı bilir ki, mən Süleymanam.

 

Bəli, Xalq şairi Süleyman Rüstəm bütün varlığı ilə, qəlbən vahid, bütöv Azərbaycanın olacağı günə inanırdı. O, inanırdı ki, tezliklə, cənublu bacı və qardaşlarımız istibdaddan, zülmdən qurtulacaq, azadlığa, müstəqilliyə qovuşacaqlar. Bu, onların əlahəzrət haqqıdır.

Ümid edirik ki, ölməz ustad sənətkarımız, Xalq şairi Süleyman Rüstəmin ruhu tezliklə rahatlıq taparaq şad olacaq.

 

Qafar ƏSGƏRZADƏ

Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet.- 2022.- 30 noyabr.- S.11.