Görkəmli alim Həsən
Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi
konfrans
Noyabrın 29-da Azərbaycan Dövlət
Pedaqoji Universitetində
Əməkdar elm xadimi,
"Şöhrət" ordenli,
görkəmli dilçi
alim, professor Həsən
Mirzəyevin 95 illik yubileyinə həsr olunan "Müasir Azərbaycan dilçiliyinin
aktual problemləri"
mövzusundakı ikigünlük
beynəlxalq elmi konfransı öz işinə başlayıb.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış
elm və mədəniyyət
xadimləri, eləcə
də alimin yetirmələri əvvəlcə
universitetin foyesində
Həsən Mirzəyevə
həsr edilən sərgiyə baxıblar.
Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından
söz açıb. O bildirib
ki, Həsən Mirzəyev 1927-ci il
noyabrın 26-da Dərələyəz
mahalındakı Qovuşuq
kəndində anadan olub. Orta məktəbi
bitirdikdən sonra
1948-1950-ci illərdə Naxçıvan
Dövlət Müəllimlər
İnstitutunda, 1951-1955-ci illərdə
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunda ali təhsil
alıb.
Əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi
kimi başlayan Həsən Mirzəyev
1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957-1959-cu illərdə
isə məktəb direktoru işləyib. 1959-1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən
sonra ömrünün
sonunadək həmin institutda çalışıb.
O, müxtəlif illərdə
müəllim, baş
müəllim, dosent,
professor, kafedra müdiri
və dekan vəzifələrini tutub:
"1990-cı illərin əvvəllərində
ölkədə cərəyan
edən ictimai-siyasi proseslər zamanı Həsən Mirzəyev fəal vətəndaşlıq
mövqeyi nümayiş
etdirib, taleyüklü
hadisələrə münasibətdə
Azərbaycan xalqının
milli mənafelərinə
daim sadiq qalıb. Ölkənin ictimai-siyasi həyatında
yaxından iştirak edən alim 1998-ci və 2000-ci illərdə
iki çağırış
Milli Məclisin deputatı seçilib.
Bütün bu dövr ərzində öhdəsinə
düşən hər
bir işə dərin məsuliyyətlə
yanaşaraq, fəaliyyət
göstərdiyi sahələrdə
yüksək peşəkarlıq
nümayiş etdirib".
AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli bildirib ki, Həsən Mirzəyev Azərbaycan dilçilik elminin bir çox sahələri ilə
professional şəkildə məşğul olub. Onun sözlərinə
görə, H.Mirzəyev
Azərbaycan feilşünaslığına
öz möhrunu vurub. Həsən Mirzəyev adını
Azərbaycanın elm tarixinə
böyük hərflərlə
yazdırmış alimlərdəndir. Həsən Mirzəyevin dilçiliyin
müxtəlif problemlərinə
dair bir sıra sanballı tədqiqatlarının, alimin
xüsusən Qərbi
Azərbaycanın yer adları ilə bağlı araşdırmalarının
milli tariximizin öyrənilməsi baxımından
xüsusi əhəmiyyət
kəsb etməsindən
söz açıb.
Akademik İsa Həbibbəyli Həsən Mirzəyevin bədii yaradıcılıqla
da məşğul olduğunu, folkloru gözəl bildiyi, aşıq yaradıcılığı
ilə bağlı tədqiqatlar apardığını
da nəzərə çatdırıb: "Onun
elmi irsinə
bir kompleks halında yanaşsaq görərik ki, professorun elmi-bədii külliyyatı xüsusi monoqrafik tədqiqat obyektidir. Bununla belə düşünürəm
ki, hər bir alimin elmi
irsinin bir şah əsəri olur. Professorun əsərləri arasında özünəməxsus
elmi çəkiyə
malik olan şah əsəri
1986-cı ildə nəşr
etdirdiyi "Azərbaycan
dilində feil" monoqrafiyasıdır. Yazılışından otuz ildən çox zaman keçmişdir, amma əminliklə söyləyə
bilərəm ki, Həsən müəllimin
"Azərbaycan dilində
feil" monoqrafiyası
elmi aktuallığını
bu gün də qoruyur. Onun Azərbaycan dilçiliyinin
demək olar ki, bütün sahələrinə həsr
olunmuş monoqrafik tədqiqatları vardır,
lakin "Feil"i o, ayrı bir şövqlə
işləyib. Monoqrafiyanın
hər səhifəsində
müəllifin can yanğısını,
ruhunu hiss etmək mümkündür".
Bakı Dövlət Universitetinin
(BDU) rektoru Elçin Babayev Həsən Mirzəyevin Azərbaycanın
ictimai-siyasi həyatında
fəal iştirak etdiyini xatırladıb. Rektor bildirib
ki, onun yazdığı məqalələr,
etdiyi çıxışlar
Azərbaycanın inkişafı
üçün əhəmiyyət
kəsb edib. Qeyd edilib ki, H.Mirzəyevin
Azərbaycan folkloruna şərəfli xidməti
hər kəsə örnəkdir.
Azərbaycan Dillər Universitetinin
(ADU) rektoru, akademik Kamal Abdullayev qeyd edib ki,
Azərbaycan filologiyasının
inkişafında böyük
xidmətləri olan
professor Həsən Mirzəyev
mövzu seçərkən
həmişə mübahisəli,
tədqiq olunmamış,
dilçilərin və
folklorşünasların toxunmadığı
məsələləri tədqiqata
cəlb edib. O, Azərbaycan dilçiliyində
feil bəhsi üzrə məktəb yaradıb, monoqrafiyalar yazıb, 150 ildən bəri türkologiyada mübahisə doğuran bir çox mövzuları araşdırıb
və mübahisələrə
son qoyub.
Akademik Nizami Cəfərov Həsən Mirzəyevlə bağlı xatirələrindən söz açıb, onun səmimiliyindən, sadəliyindən, istiqanlılığı ilə hamının hörmətini, məhəbbətini qazanmasından danışıb. Bildirib ki, Həsən Mirzəyev milli dəyərləri, milli adət-ənənələrimizi sevən, onları elmində, bədii əsərlərində, sazında-sözündə böyük mühafizəkarlıqla qoruyub saxlayan şəxsiyyət idi.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, ümumən filologiya elmində dərin izlər buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən də gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.
Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki xidmətlərinə görə professor Cəfər Cəfərov, professor Asəf Zamanov, professor Mahirə Hüseynova, professor Ahmet Duran, professor Hülya Kasaboğlu, dosent Cumali Şabanov, dosent İlkin Qulusoy və Gürcüstan Dövlət Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.
Sonda professor Həsən Mirzəyevin ailəsi adəndan çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.
Konfrans bu gün öz işini davam etdirəcək.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 30 noyabr.- S.8.