Yad
Esse
"Bir gün küçələrin
doğmalığı tanış
üzlərin çoxluğu
ilə ölçüləcək..."
Orxan Həsəni
Bir gün küçələrdəki yad
üzlər bizə dünyanın qəribliyini
yenidən xatırladacaq. Gəzdiyimiz
küçələrdə heç kim
olmaq, salam verdiyimiz adamların soyuqluğu, göz-gözə
gəldiklərimizin baxışlarındakı
boşluq hər şeyi lap əvvələ
- heç kim olduğumuz günlərə
qaytaracaq. Siqaret tüstüsü meyxoşluğumuza yox, keçib gedən zamanın faniliyinə qarışanda hiss edirik ki, dünya sonsuz sayda tənhaların
kövrək ruhlarının
yetimxanasıdır. Əl verib
görüşdüyümüz adamlar çox qədimdə qaldı.
Elə bil, hamı yuxu idi - oyandıq ki, heç kim yoxdur.
Fürsət tapıb beş-on kəlmə kəsə bilmədiyimiz nə qədər adamın yaxınlığını, doğmalığını
unutmağa başlayırıq. Dəyərbilməzlik insanoğlunun qədimyanə
vərdişidir, unuda
bilmir. Hər şeyi yadından
çıxarır, hər
şey toz dənəsi kimi küləklə sovrulub gedir, içimizdə qalan yekə bir vecsizlik ölənə
qədər bizimlədir.
Yaşamaq yazmağın yerini alanda həyatın hərflərin təmtəraqlı
karnavalından daha qorxunc olduğunu başa düşürük. Hamı üçün
burnumuzun ucu göynəyir. Əlimizi atanda
yapışa bilmədiyimiz,
əvvəllər saman
çöpü bildiyimiz
şeylər gəlir
ən son ümid yerimiz olur. Amma nafilə.
Aydınlanma dönəmi insanı
"Tanrını, ya
da Mütləqi" axtarmaqdan vaz keçirdi. Böyük həqiqətlər yerini balaca suallarla
doldurdu. Böyük adamlar
reklamın əsirinə
çevriləndə başa
düşdük ki, bütün böyük fikirlərin arxasında tənhalıqdan qurtulmaq, çilçıraqlı salonlara
qarışmaq, maskalı
karnavalların bir hissəsi olmaq dayanır. Küçələrdə
heç kimin hamı olduğu zamanlar, meqapolislərdə
hamının heç
kim olduğu
saatlarla əvəzləndi.
Tarix də sürətli maşınlara və ölüm döşəyində
nəfəsini israf etməkdən qorxan xəstələrə çevrildi.
Kimdir müqəssir?! Bilmirik...
Yadlaşmaq həyata. Kimdənsə, nədənsə qaçıb qurtulmaq.
Baş götürüb tanımadığın
sahillərə qaçmaq.
Tanımadığın kəslərin arasında
yerimək, tanımadığn
təamların dadına
baxmaq, tanımadığın
şüşələri başına
çəkib tanımadığın
tütünə ciyərlərində
yer eləmək.
Adı tanış
gəlməyən balaca
bir meyxanadan adını hələ də əzbərləyə
bilmədiyin küçələrə
atılmaq. İndi də belə
yaşamaq.
Keçmiş üçün darıxmaq,
onu qoyduğun yerlərdə axtarmaq, tapmayanda üzülmək,
tapanda sevinmək bizi formalaşdıran xarakterin bir formasına çevrilməkdədir.
Hər kəslə
keçmişdə dost olmaq
daha asan gəlir. Xatırlamaq yaşamaqdan daha az əzabvericidir.
Yeni tanışlıqlar
bir az
da yorur məni, səni, bizi. Tez unutmaq və
unutduğumuz andan yada salmağa çalışırıq adamları.
İnsan
kədər və onun bütün məziyyətləri üçün
yaşayır. Başqa bir
amalın olmadığı
dünyanın sakinləriyik
hamımız.
Son vaxtlar çoxlu
bioqrafiyalar oxuyuram. Yazıçıların,
şairlərin, bəstəkarların,
aktyorların, futbolçuların,
siyasətçilərin, din adamlarının özləri,
həyatı və nəhayət aqibət duyğunu yaşadığı
günləri oxumaq əvvəl-axır Allahdan
borc alıb Allaha qaytaracağımız
balaca bir ömrün balaca nişanələridir.
Ətrafımda onlarla öz ölkəsindən qaçmış, siyasi səbəblərdən yana gəlib Mərmərənin sahilində kiçik bir şəhərdə özünə yuva qurmaq istəyən gənclər var. Əfqan, suriyalı, aclığın yağır elədiyi Afrika ölkələrinin vətəndaşları həyata on-sıfır geridə başlamağın ağır nəticələrindən danışdıqca yadlığı başqa rakurslardan görürəm. Mən dostlarım üçün, sevgilim üçün, şəhərim üçün darıxanda onlar xoşbəxt həyatları və ailələri üçün darıxırlar. Mən onlara bir gün qayıdacağım evimdən, onlar da bir gün yaşayacaqları rahat günlərdən danışırlar. Sahildə özünə əbədi yer eləmiş nəhəng qaya prçalına çırpılan dalğalar söhbətimizin ən şirin yerində ağzımızdan vurur. Heç kim ən gözəl arzuları eşitmir. Bir-birimizə kar olub dənizə qulaq asırıq.
Səhvlərimiz yadımıza düşür, gözlərimizi göyə dikib kimisə axtaranda qara bulud təzədən günəşin qabağını kəsir. Buludlardan o tərəfdə kim varsa, hamısı gizlənir bizim günahlarımızdan. Onlar yenidən bulaşmaq istəmir boz şəhərin rəngli adamlarına. Yağış başlayır. Kiminin makiyajını, kiminin də üzündəki kubik tozunu yuyub aparır. Yağışlar Allahın adamları görmək üçün tutduğu ən yaxşı güzgülərdir. Maşınların təkərlərindən sürüşüb çıxan palçıq mahiyyətimizə qaytarır bizi.
Günlər əl-ələ verib "sizdən bizə kim düşər?" ritorikasında hər gün bir nəfəri bizdən alıb aparır. Ya içimizdən, ya çölümüzdən, ya yanımızdan, ya xatirələrimizdən. Elə adamları elə yerdə itirmişəm ki, xatırlayanda "niyə var idi o günlər, nə istəyirdik onda həyatdan?" sualı boğazımdan yapışıb boğur məni. Bu, yadlığın həmişəlik formasıdır.
Yenə özümü
sarı divarları olan içi
mavi kirayə qaldığım evdən
küçə atacağam. Sahildə isti çayla payıza hələ
yaşamaq və xatırlamaq istədiyimi
pıçıldayıb işə gedəcəm. Və
küçə boyu
tanımadığım adamlar mənə
tanıdığım adamların yoxluğunu,
bu balaca şəhərdəki
yadlığımı xatırladacaq.
Rəvan
CAVİD
525-ci qəzet.- 2022.- 1 dekabr.- S.14.