44 günlük
şanlı tariximiz -
Vətən müharibəsi
27 sentyabr 2020-ci il tarixi Azərbaycanın zəfərinin başlanğıc günüdür. İki il əvvəl bu günlərdə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti, Ordusu ətrafında bir yumruq kimi birləşərək, 44 günlük çətin, ağrılı, eyni zamanda, şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılacaq bir mərhələyə qədəm qoydu. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. Sentyabrın 27-də Ordumuz uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttini yararaq, altı kəndin - Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd kəndlərini, Murov zirvəsini işğaldan azad etdi.
Azərbaycan Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması, torpaqlarımızın işğaldan azad edilməsi üçün 30 ilə yaxın aparılan danışıqlar prosesində iştirak etməklə, sülhə sadiqliyini göstərmişdir. Lakin qarşı tərəf ötən müddət ərzində danışıqlar prosesində irəliyə getmək üçün hər hansı addım atmadı. Ermənistanda uzun illər cinayətkar xunta rejimlərinə rəhbərlıik etmiş Robert Köçəryan, Serj Sarkisyan münaqişənin dondurulmasına, mövcud status-kvonun saxlanılmasına, beləliklə də, Qarabağ məsələsini tamamilə beynəlxalq gündəmdən çıxartmağa, unudulmasına çalışırdılar. 2018-ci ildə hakimiyyətə gələn Paşinyan isə təxribatçı bəyanatları ilə sülhə ümumiyyətlə zərbə vurdu. Bütün bunlar isə Bakının əsəblərini tarıma çəkirdi. Təxribatlar hərtərəfli davam edirdi - həm verilən bəyanatlarla, həm işğaldakı Azərbaycan ərazilərinə ardıcıl qanunsuz səfərlərlə, eləcə də cəbhə boyunca...
İrəvanın 2020-ci il sentyabrın 27-də növbəti dəfə genişmiqyaslı hərbi təxribatı isə son damla oldu. Həmin gün Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayılın işğalda olmayan yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutdular. Nəticədə hərbi qulluqçularımızla yanaşı, 11 dinc sakin, o cümlədən, 2 uşaq həlak oldu. Nəhayət, Ermənistanın cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 27 sentyabrda xalqa müraciətində bildirdi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak oldu: "Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olub. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı".
Dövlət başçısı deyib ki, avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərildi. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı, onun ifadəsində açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlib: "Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar".
Prezident bildirdi ki, Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi. İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın baş naziri deyirsə ki, "Qarabağ Ermənistandır", onda hansı danışıqlardan söhbət gedə bilər?!".
Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarında urbisid həyata keçirərək, şəhərlərimizi, kəndlərimizi, yaşayış məntəqələrini tamamilə dağıdaraq, mədəni-tarixi irsimizi məhv edib, qanunsuz məskunlaşma aparıb. Məscidlərimizi təhqir edərək, orada inək, donuz saxlayıb. Bu, bütün müsəlman aləminə böyük təhqir idi. Dünyanın hər bir nöqtəsindən azad edilmiş ərazilərə dəvət edilən rəsmilər, diplomatlar, ekspertlər, jurnalistlər erməni vandalizmini, vəhşiliyini öz gözləri ilə görərək, heyrətlərini gizlətmirlər. Hətta müharibələr görmüş jurnalistlər, fotoqraflar belə vəhşiliklə ilk dəfə qarşılaşdıqlarını etiraf edirlər.
44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən, otuz il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Azərbaycan Ordusu 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə 5 şəhər, 4 qəsəbə, 286 kənd, bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata müvafiq olaraq, Ağdam, Kəlbəcər və Laçın hərbi əməliyyatlarsız azad olundu. Eyni zamanda bu il avqustun 26-da üçtərəfli bəyanata uyğun olaraq, Laçın şəhəri, Zabux və Sus kəndləri dövlətimizin nəzarətinə keçdi.
Azərbaycan Ordusu 44 gün ərzində öz qəhrəmanlığı, şücaəti, döyüş qabiliyyəti ilə tarix yazdı. Torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Eyni zamanda, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsini Bakı özü təkbaşına icra etdi.
İkinci Qarabağ müharibəsində 2907 hərbçimiz şəhid oldu, mindən çox əsgərimiz yaralandı, 6 nəfər isə hələ də itkin sayılır. Azərbaycan xalqı, dövləti hər zaman şəhidlərimizin xatirəsini əziz tutur, qazilərimizin dövlət qayğısı ilə əhatə olunması üçün lazımi addımlar atılır. Prezident İlham Əliyevin 27 sentyabr tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir.
Dövlət başçısı Anım Günündə Füzuli rayonuna səfəri və Vətən müharibəsinin ilk şəhidlərinin olduğu yerdə - Qaraxanbəyli kəndində xatirə lövhəsi önündə çıxışı zamanı deyib ki, şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: "Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə ardıcıl tikinti-bərpa işləri davam edir. Həmin ərazilərin yenidən dirçəldilməsi, cənnətə çevrilməsi üçün layihələr həyata keçirməkdədir.
Dövlət başçısı bu barədə danışarkən bildirib: "Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur".
Azərbaycan bu gün quruculuqla, sülhyaratma ilə məşğuldur, dünyaya verdiyi mesajlar bunlardır. Regionda gərginliyin qalmasında maraqlı olan Ermənistan isə qəbilə, vəhşi təfəkkürünü davam etdirir, təxribatlara əl atır. Amma onu da aydın şəkildə başa düşür ki, Azərbaycanla nə hərb, nə siyasət meydanında mübarizə aparmaq, uğur qazanmaq iqtidarında deyil.
525-ci qəzet.- 2022.- 1 oktyabr. S. 4.