Sonsuz ehtiramla anılan ədib

 

 3 oktyabr Azərbaycan ədəbiyyatının və teatrının böyük nümayəndəsi, öz yaradıcılığı ilə nəsrimizin və dramaturgiyamızın inkişafına 50 ildən çox layiqli töhfələr vermiş ustad nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür.

İ.Əfəndiyev gənc yaşlarından qələmə aldığı ədəbi nümunələrlə imzasını tanıtmağı bacarıb. Onun ilk mətbu əsəri "Buruqlar arasında" oçerki 1938-ci ildə, eləcə də "Berlində bir gecə" adlı ilk hekayəsi "Ədəbiyyat qəzeti"nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.

25 yaşında çap etdirdiyi "Kənddən məktublar" kitabı isə onu "ədəbiyyat dünyası"nın sakininə çevirir. Bu ilk kitabında toplanmış hekayələri onun fərqli yaradıcı təxəyyülünün, zəngin istedadının, orijinal ifadə tərzinin əsas göstəricisi idi.

1943-cü ildə Mehdi Hüseynlə birlikdə yazdığı ilk dram əsəri - "İntizar" pyesi isə yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsasını qoyur. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdır, əsərləri haqqında mətbuatda yazılar dərc olunur.

XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və digər roman və povestləri, dramaturgiyasına "İşıqlı yollar", "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Mənim günahım", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Qəribə oğlan", "Mahnı dağlarda qaldı", "Bağlardan gələn səs" və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb, "İlyas Əfəndiyev teatrı" yaradıb.

Öz fikir zənginliyi, qaldırılan problemlər ilə hər zaman tamaşaçıda maraq oyadan və bu gün də aktual mövzularına görə teatr səhnəmizdə dönə-dönə müraciət olunan pyesləri zamanında ekranlara da yol açmışdı.

90-cı illərdə ədib "Hacı Axundun cənnət bağı necə oldu" hekayəsini, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı" povestini dərc etdirib, "Tənha iydə ağacı", "Dəlilər və ağıllılar" "Hökmdar və qızı" və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.

Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri zamana və məkana sığmır, nə vaxt və harda oxunmasından asılı olmayaraq, aktuallığını qoruyur.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar 1996-cı il oktyabrın 3-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

525-ci qəzet.- 2022.- 1 oktyabr. S. 13.