Şərqşünaslıq İnstitutunda Mirzə Kazımbəy ilə bağlı konfrans keçirilib

 

Sentyabrın 30-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli şərqşünas və maarifçi Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar "Mirzə Kazımbəy - 220" adlı beynəlxalq elmi konfrans təşkil edilib. Konfransa Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus və Misirdən 36 alim qatılıb.

Konfransın açılışı AMEA-nın əsas binasının akt zalında baş tutub. İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva iştirakçıları salamlayaraq, bildirib ki, Mirzə Kazımbəyin 220 illik yubileyinə həsr olunmuş bu konfransın beynəlxalq səviyyədə keçirilməsi Azərbaycan mədəniyyətinin Avropa mədəniyyətinə inteqrasiyasının iki əsr bundan əvvəl başlamasının təsbiti kimi qiymətləndirilə bilər. Daha sonra akademik G.Baxşəliyeva "Mirzə Kazımbəy - 220" mövzusunda məruzəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Məruzədə Mirzə Kazımbəyin geniş elmi və pedaqoji fəaliyyətindən danışaraq, görkəmli alimin bir neçə Şərq və Qərb dillərini mükəmməl bilən incə dil duyumuna malik gözəl dilçi, yüksək poetik istedada malik, bacarıqlı tərcüməçi, tarixçi və nəhayət, mahir bir pedaqoq olduğunu qeyd edib. Akademik G.Baxşəliyeva Mirzə Kazımbəyin həm öz müasirləri, həm də sonrakı nəsillər üçün zəngin elm mənbəyinə çevrilmiş, Yaxın Şərq xalqlarının dilinə, ədəbiyyatına, tarixinə, eləcə də ədəbi tənqidə, hüquqa, mifologiyaya, etnoqrafiyaya, etimologiyaya, fəlsəfəyə, etikaya, pedaqogikaya və humanitar elmlərin başqa sahələrinə dair əsərləri haqqında söhbət açıb.

Sonra Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan Türk dünyasının görkəmli ziyalıları Mirzə Kazımbəy və Şokan Ualixanovun fəaliyətlərinin müqayisəsinə, Misir parlamentinin üzvü Əmirə Əhməd Camal Əbdülhəkim görkəmli alimin Rusiya ərəbşünaslıq məktəbinin inkişafındakı roluna həsr olunmuş məruzələri ilə çıxış ediblər. Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin "Mirzə Kazımbəy və tatar maarifçiləri" mövzusunda məruzəsinin videoyazısı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan dosent Faiq Ələkbərli "Mirzə Kazımbəyin yaradıcılığında dini-fəlsəfi məsələlər", Şərqşünaslıq İnstitutunun əməkdaşlarından dosentlər Xanımzər Kərimova "Mirzə Kazımbəy yaradıcılığında Şərq ədəbiyyatı", Günay Verdiyeva "Görkəmli alim Mirzə Kazımbəyin iranşünaslığın inkişafında rolu" mövzusunda məruzə ediblər.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda 4 bölmədə davam etdirib.

 

525-ci qəzet.- 2022.- 1 oktyabr. S. 13.