Mehdi Məmmədovun ömür və sənət yolu "Cənnətim Qarabağ"da

 

"Şuşa İli" çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən "Cənnətim Qarabağ" adlı rubrika davam edir.

Muzeydən 525.az-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan teatrının görkəmli sənətkarlarından biri olan rejissor, aktyor və pedaqoq Mehdi Məmmədova həsr olunub.

Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il may ayının 22-də Azərbaycanın dilbər güşələrindən biri olan və musiqi beşiyimiz sayılan Şuşa şəhərində anadan olub. Onun teatr sevdasına düşməsinə aktyor Cəlil Bağdadbəyovun təsiri olub. Sonralar dostu vasitəsilə rejissor Həbib İsmayılovla tanışlığı onu yenidən bu sənətə cəlb edib. Onun qayğısı ilə Mehdi Bakı Türk İşçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxmağa başlayıb. 1932-ci ildə Bakı Teatr Məktəbinə daxil olur. Buranı bitirdikdən sonra 1935-40-cı illərdə Moskva şəhərindəki A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda ali rejissor təhsili alır. 1945-ci ildə o, dostu Rza Təhmasibin vasitəçiliyi ilə Teatr İnstitutuna rejissorluqdan və aktyor sənətkarlığından dərs demək üçün müəllim vəzifəsinə götürülür. Ardınca 1946-cı ildən Azərbaycan Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayır. Onun bu sənət ocağında ilk işi Uilyam Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olur. Azərbaycanın mədəni həyatında böyük hadisəyə çevrilən həmin tamaşa iki il ərzində düz 100 dəfə göstərilmişdi. Rejissor müəyyən fasilələrlə milli, rus və qərb dramaturgiyasının ən gözəl nümunələrini tamaşaya qoyub. "Dəli yığıncağı" tamaşası öz səhnə həllinə görə Azərbaycan teatrında parlaq hadisə kimi qarşılanıb.

Mehdi Məmmədov dedikdə bir çoxları onu rejissor kimi xatırlasa da, əslində o, öz yaradıcılığına aktyor kimi başlayıb. O, müxtəlif illərdə bir sıra sənət ocaqlarının səhnələrində Karl Moor, Hacı Əhməd, Yevstiqneyko, Neznamov, Bəxtiyar, Eldar, Söhbət, doktor Karton, Əbdək, Kamalov, Terenti Teterov, Protasov, Xəyyam kimi obrazları böyük ustalıqla ifa edib.

1959-cu ildə "Onu bağışlamaq olarmı?" bədii filmində canlandırdığı Qaya Mürşüdov obrazı ilə tamaşaçıların sevgisini qazanan aktyor 1963-cü ildə "Alov" tamaşasında yenidən müstəntiq obrazında səhnəyə çıxıb.

Zəngin elmi təfəkkürə malik olan M.Məmmədov ömrünün sonunadək Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib. Milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında özünəməxsus rol oynayıb. Onun müəllifi olduğu "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski", "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov", "Rejissor sənəti", "Sabit Rəhman", "Həyat və sənət yollarında", "Mah teatr" və digər kitablar bu gün də teatr sənəti üzrə dəyərli tədqiqatlar sırasındadır.

Mehdi Məmmədov 1949-cu ildə Əməkdar incəsənət xadimi, 1958-ci ildə Xalq artisti və 1974-cü ildə isə SSRİ Xalq Artisti fəxri adlarına layiq görülüb. Ömrünün sonlarına yaxın Azərbaycan Dövlət Akademik Dram Teatrında hazırladığı H.Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı ilə təltif olunub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də qəfil ürək tutmasından dünyasını dəyişib, Birinci Fəxri Xiyabanda dəfn olunub.

 

 

525-ci qəzet.- 2022.- 4 oktyabr. S. 9.