Şəhid Ceyhun
dastanı
Ceyhun Nüsrət oğlu Şalıyev II Qarabağ müharibəsi Qəhrəmanı, Füzuli cəbhəsində şəhadətə yüksəlib. Onun həyatı haqqında "Şəhid Ceyhun dastanı" adlı 220 səhifəlik kitab yazmışam. Bu il Ceyhun ailəsindən ayrılalı 2 il olur. Ceyhun haqqında yazmağa davam edirəm.
Ceyhun, deyirlər ki, Səndən - Sizdən elə yazmaq lazımdır ki, oxusunlar. Düşü-nürəm, Səni deyə-yaza bildim. Səndən, ananın yanğısından yazdım: nə artırdım, nə əskiltdim, olduğun kimi yazdım, anan Sənsiz necə yaşayırsa, eləcə də yazdım.
Səni oxuyacaqlar, Səndən öyrənəcəklər, Qəhrəman Ceyhun!
lll
Ceyhun Nüsrət oğlu Şalıyev 20 may 1994-cü ildə Gəncə şəhərində anadan olub. Atası Şalıyev Nüsrət Həsən oğlu 1992-93-cü illərdə I Qarabaq müharibəsində iştirak edib. Müharibədən sonra bəzi səbəblərdən ailə Rusiya Federasiyasının Voronej şəhərinə yollanır və orada yaşayır. 6 yaşında bütün uşaqlar kimi əlinə çanta alıb məktəbə gedir. Bütün uşaqlar kimi I sinifə yox, nadir uşaqlar kimi birbaşa II sinifə...
...Və 2007-ci il. Şalıyevlər ailəsi Azərbaycana qayıtmalı olur. Ceyhun həyatına doğma Vətənində davam edir. 7-ci sinifdən Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksində oxuyur, səhadətnaməsini bu məktəbdə alır, sonra (məktəb təmir olunduğu üçün) isə Baxıxanov qəsəbəsi 94 saylı məktəbə gəlir və orta təhsilini bu məktəbdə bitirir. Ceyhun 2011-ci ildə 16 yaşında ən yüksək balla Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin rus bölməsinə qəbul olunur. Uğurla Ali məktəbi bitirdikdən sonra Vətənə ər borcunu yerinə yetirmək üçün 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanır. Bir ay Lənkəran şəhərində xidmətdə olur (müdddəti hərbi xidmətdə olduğu zaman əsgər yoldaşları ona "Prokuror" deyə, müraciət edərdilər) və sonra Ağdam-Xocavənd hərbi hissələrində xidməti borcunu yerinə yetirməyə davam edir. Ceyhun həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra proqram üzrə internet üzərindən imtahan verir və iki ölkədə - Almaniya və Kanadada magistraturaya qəbul olunur. Sonra nə düşünürsə, magistraturada oxumaq fikrindən daşınır... Ceyhun Sabunçu rayonu Hərbi Komissarlığının çağırışına səs verir və bir zəngə Hərbi Komissarlığa gedir. 21-26 sentyabr tarixlərində təlimdə olur. Və müharibə başlayan gün - 27 sentyabr tarixində müharibəyə gedir...
26 il 4 ay 10 gün 4 saat dürüst və şərəfli ömür yaşayan Ceyhun ömrünün 14 ilini Azərbaycanda - Bakıda - Sabunçu rayonu Bakıxanov qəsəbəsi Hacınski 2/12 ünvanında yaşayır. Bu illərin 4 ilini Bakı Dövlər Universitetinin sanballı və nüfuzlu fakultəsində - hüquq fakultəsində tələbəlik həyatı yaşayır. Həqiqi hərbi xidməti dövründə aprel ayında 4 gün Ağdam-Xocavənd istiqamətlərində gedən ağır və qanlı döyüşlərin, canlı müharibənin şahidi və iştirakçısı olur. Həqiqi hərbi xidmət keçdikdən sonra həyatının 4 ilini böyük həvəslə, coşquyla Bakı şəhərində yaşayır. Ölümə - şəhidliyə gedən yolun son 6 gününü öz mənzilində deyil də, müharibəyə hazırlıq məqsədilə hərbi təlimə çağırılan çağırışçılarla birlikdə keçirir, onlarla yaşayır və ən nəhayət, həyatının son 4 gününü 44 günlük Vətən müharibəsində Füzuli cəbhəsində gedən ağır döyüşlərdə vuruşur və 2020-ci il oktyabr ayının 1-də səhər saat 4-də elə döyüş meydanında da fədakarlıq göstrərək həlak olur. Və nəhayət, Ceyhun 26 illik ömrünün son 4 günlük həyat yolu, ömür xatirəsi Füzuli torpağında qırmızı qanla tarixə yazıldı. Ceyhun Vətən müharibəsində canıyla, qanıyla yeni Qarabağ tarixi yazdı - Şəhidlik zirvəsinə ucaldı. Və bu millətin, xalqın Oğlu oldu, Azərbaycanın qəhrəman Oğlu oldu, Vətənin Oğlu oldu, Vətənə Oğul oldu. Hamının Oğlu oldu!
Ceyhun ata-ananın, qardaşlarının əziziydi, indi isə hamının doğmasına çevrildi. Əbədi olaraq əbədiyyətə qovuşdu Ceyhun!
Ceyhunsuz yaşanan həyat davam isə edir...
Göllər gözəli Göy Gölün ətəyində yerləşən, uzun illərdir nalə qoparan "Sənsiz"in müəllifi böyük Nizaminin vətənində Gəncə şəhərində bir may səhərində anadan olan, məhəbbət aşiqi "Məcnun"u bizə tanıdan nəhəng Füzulinin adını daşıyan torpaqda, bir soyuq payız səhərində səhər açılar-açılmaz şəhid olan və Ceyhuna məzar yeri olan Füzulidə ömrü sönən Ceyhunsuz yaşanan 2 İL! II Qarabağ müharibəsi qurbanlarından olan ölümünün iki ili qeyd olunan 26 yaşlı Şəhid Ceyhunsuz yaşanan 2 İL! Ədalət üçün mücadilə edən, zəkalı və ağıllı, nadir istedad sahibi, peşəsini dərindən bilən, çiçəkdən cavan ömrünün nəğməsi yarımçıq qalan, ilhamı, təbi bitib-tükənməyən, təkbaşına qurduğu evi-ocağı Ceyhunsuz qalan Ceyhunsuz yaşanan 2 İL! "Yüz" yaşamaq istəyən, ancaq dolu-dolu yaşamadan, arzularına çatmadan, yaşlanmadan, qocalmaq fikrindən imtina edən, ağlının, ürəyinin hökmünə baş əyən 26 yaşında yaşamına son qoyan həyatsevər Ceyhunsuz yaşanan 2 İL! Qələbənin əzəmətinə, təntənəsinə, insanların sevincinə abidə qoyan, özünü düşünmədən ürəyindəkiləri boğan və bu yolda fəda olan Şəhid Ceyhunsuz yaşanan 2 İL! Tarixin ən böyük müharibəsində qalib gələn Ceyhunsuz yaşanan 2 İL! Qanla yazılan tarixdə qanı tökülən və bu qələbədə qanı, qanlı imzası olan Ceyhunsuz yaşanan 2 İL! Azərbaycana - Bakıya bağlılığı ilə nağıl kimi dillərə düşən, ömrünün sonunda isə Azərbaycanın Oğlu olan qonur gözlü Ceyhunsuz yaşanan 2 İL! ...
...Ceyhunun qara xəbəri üstünə gələn, bala dağı görən Ana 2 ildir Ceyhunsuz yaşayır... 2 ildən sonra - Ceyhundan sonra Ceyhundan nişanə qalmasa da, bu həyata küsən, Allahdan küsən bir gözüyaşlı, ağsaçlı övlad odunda yanan Ana qaldı. Ana övlad dərdinin ovçusu oldu, şikarına Ceyhun dərdi düşdü və əlində bu dərdi qanaya-qanaya tutur, qanadıqca Ananın ürəyini yandıra-yandıra həyatda addımlayır. Ananın fəryadı göydə çaxan şimşək kimi guruldayır... Ana 2 ildir durmadan, dayanmadan ağlayır və deyir ki:
Dərdim çoxdur, yatmaram,
Dərdi batman-batmanam.
Sən dərdimi, ay Ceyhunum,
Heç dərdlərə qatmaram.
Bu dağdan bir can getdi,
Ürəyindən qan getdı.
Mən Ana nə cür ağlamayım,
Ceyhun adlı Oğlum getdi.
Əzizim yüz il yanar,
Yüz həftə, yüz il yanar.
Ceyhun tək Oğlu ölən mən Ananın
Ürəyi yüz il yanar...
Ana Oğlundan danışır və dayanmadan göz yaşı tökür. Ananın gözündən süzülən yaşlar ürəyinin yaşıdır. Ananın ürəyi də gözləri kimi bax belə ağlayır. Elə bil göz yaşı da dərdin ağır və acı olduğunu bilir. Yağışa bənzəyən bu göz yaşı elə Şəhid övladı üçün Ananın gözündən yağan yağışdır... Göz yaşının dili yoxdur, göz yaşı - matəm göz yaşı hər kəsin gözündən eyni rənglə, eyni dildə və eyni anlamla axır. Və bu göz yaşı hər kəsə hər şeyi anladır. Ancaq bəzən bəzi göz yaşı adamı elə yandırır, elə acışdırır ki... Bax, Ananın Ceyhunu üçün tökdüyü göz yaşı kimi...
Ana Oğlundan danışır, heç yorulmur... Ana Oğlu ilə danışır, ağlayır:
"Oğlum, biz bir şəhərdə, bir qəsəbədə yaşayırıq, ancaq bir-birimizin üzünü görə bilmirik, səsimizi eşitmirik. Elə bilirdik ki, bir-birimizə yaxınıq, ancaq daha da uzaq olduq. İndi də ayrı-ayrı dünyalarda yaşayırıq biz. Sən haqq dünyada, mən nahaq dünyada. İllər ötür, heç görüşmürük biz...
Oğlum, gözümü zilləyib şəkillərinə baxıram, insanların Səni adlandırdığı kimi "nur üzlü Ceyhunum" - mən hər gün göz yaşlarımda boğula-boğula Səninlə danışı-rammış kimi öz-özümə danışıram, Səndən danışıram, Səninlə danışıram. Aldığım hava kimisən, hara gedirəmsə orda varsan, yanımdasan. Səni ömrümdə yaşadıram, Sənin ömrünlə yaşayıram. Sən ürəyimi deşib sağalmayacaq yara toxumu əkmisən. Həmin o gündən Sənin üçün ağlayıram, sızlayıram. Ceyhunum, bu saat Səni xəbər alan olsa, ürəyim hardadır, Sən ordasan, ürəyimin mərkəz nöqtəsində. Sən ordasan, ürəyin də ordadır. Oğlum, mən bir Şəhid qəbrini qucaqladığım gündən Sənin dərdini qundaq kimi, bələk kimi ürəyimə bələdim, bəxti, muradı talan olan Ceyhunum! Sən ürəyimdə ən isti, ən etibarlı və güvəncli yerdəsən, Oğlum! Şəhid qəbrini qucaqladığım gündən Sən mənim kirpiyimdən sallanan yaş oldun. Sənin məzarın torpaqda deyil də, sinəmdə qazıldı. Oğlum, Sən getsən də, ürəyimdə şəklini çəkmişəm. Bax, sinəmdə o məzarın sakini ilə birlikdə yaşayıram. Yaddaşımda sıralanan xatirələrinlə yaşayıram... Elə bilirsən, Ceyhunum, yoxluğuna dözə bilirəm?! Yoxluğun üşüdür məni, Oğlum! Oğlum, Ceyhunum, nələr çəkdiyim Sənə əyandırmı? Ürəyimdə yuva salan, qat bağlayan "Ceyhun" adlı dərdimin qatlarından xəbərin varmı?!
Bəs əzizlədiyim, bəslədiyim gül ətirli, gül təravətli, bal dadlı Balam niyə soldu, niyə qurudu?! Gül Balam, gülü solan Balam, gül kimi solan Balam niyə soldu?!
Sənsiz yaşayıram. Sənli dünyada Sənsiz qalmışam. Sənsiz necə yaşayıram?! Sənsiz necə yaşamaq olarsa, elə yaşayıram... Bax mən söyləyim, Sən eşit, gəncliyindən nəsibini almayan Oğlum. Sənsiz yaşayıram - İçdiyim suya qarışan, yediyim çörəyi damlasıyla isladan göz yaşlarımla; Səndən danışanda titrəyən dodaqlarımdan süzülüb sözlərimə qarışan göz yaşlarımla; hər gün Sənin yanına Səni itirməklə yeni izini tapdığım təzə yola, qara bəxtinin yoluna düşüb ağır addımlarla ləngimədən, yorulmadan keçərək, Səni axtara-axtara məzarlığa gəldiyim yollara damla-damla düşən göz yaşlarımla, məzarını qucaqlayanda qara daşındakı şəklini islatdığım göz yaşlarımla, bəzən də gözlərimdən ürəyimə axan yaşlarımla...
Ölümün məni yaman yandırır, Ceyhunum! Özünü oda atdın, sönməyən bir od qaladın. Azadlıq üçün yandığın odun içində özün gur yandın, mənim köksümdə çatdığı odda isə mən hər gün yanıram. Elə bir oddu düşmüşəm ki, alışıram, yanıram Sən qaladığın odda, yanıb da qurtara bilmirəm. Övlad yanğısıyla yanmağı Sən başıma gətirdin, Sən öyrətdin. Sən yandın, Sən də yandırırsan, Ceyhunum!
Baxıram məzar daşına, düşünürəm. Allahın bu qara məzar daşı da Sənə baş əyir, Sənin ruhun qarşısında baş əyir, Ceyhunum! Bu necə qürurlu duruşdur, Oğlum?..
Oğlum, bir onu bil ki, ölənəcən bu səssiz-sakit, kiçik məzarına çəpər olacağam!
Bir də bu məzar daşın gör nə deyir: əvvəllər məni ağıllı, savadlı Ceyhunun xoşbəxt anası deyə bilirdilər. İndi "xoşbəxt Ana" sözünün yanına "Şəhid Anası" sözünü yazdırdın, Ceyhunum!.."
Başdan-başa sınaq, qan olan tarixdə sınaqdan üzüağ çıxdın və tarix yazdın. Sən böyük tarix yazdığın kimi Özün də tarix oldun, Ceyhunum! Zaman var olduqca Səni unutmayacaq yazdığın tarix! Yaşadığın, yazdığın qanlı tarix tarixlərə ötürəcək Səni! Millətimiz uludur, çox insanlar qalmasa da, ancaq Sən haqlı ölümünlə tarixdə qalacaqsan. Bu gün üçün tarix olan Oğlum, tarix dastanı yazan Oğlum sabah üçün tarixdə əbədisən. Zirvələrdə yaşayan Oğlum, yaşın tarixin yaşıyla ölçüləcək, Ceyhunum!
Tarix-tarix əbədiyyən yaşayacaqsan, Böyük İnsan, Ceyhunum!
Azərbaycan tarixi əbədi yaddaşına həkk etdi Səni, Ceyhunum!
Sənin haqqın ödənilməz, fədai Oğlum, mübariz Oğlum!"
Ana ağlayır... Ana danışır...
Ceyhunun məzarı susur... Ceyhun məzarında susur...
Xeyr, Ceyhun danışır! Sükutun mənalı dili ilə danışır...
Sözün bitdiyi yerdi. Söz bitdisə, qələmin günahı yoxdur.
Qələmim yazmır daha...
Rəna Əlyar, Bakı Slavyan Universitetinin dosenti
525-ci qəzet.- 2022.- 4
oktyabr. S. 12.