Ədalətli rəhbər
Ədalət xanım Abdiyeva haqqında yazmaq mənim üçün həm asan, həm də çətindir. Asandır ona görə ki, bu illər ərzində ona kifayət qədər bələd olmuşam. Çətindir ona görə ki, dəyərli insanlar haqqında yazmaq məsuliyyətli işdir, yazdığın gərək ona layiq olsun. Ədalət xanım Allah adamıdır. Bağışlamağı bacarır. Əminəm ki, nəsə xoşuna gəlməsə, güzəşt edər.
Ədalət Abdiyeva 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1968-1978-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə orta təhsilini Bakıda başa vurduqdan sonra Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olub.
Danılmaz faktdır ki, keçmiş Sovet İttifaqının elmin, təhsilin inkişaf səviyyəsi ilə fəxr etməyə haqqı vardı. Moskva, Leninqrad, Kiyev və başqa şəhərlər dünyanın elm, təhsil mərkəzləri idi. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olunub, oranı bitirmək yüksək savad və bilik tələb edirdi. Ədalət xanım da bu savad və biliyə sahib idi.
1989-cu ildə isə "Asudə vaxt kateqoriyasının sosial mahiyyəti" mövzusunda dissertasiya işi müdafiə edib, fəlsəfə elmləri namizədi olub.
Təhsilini başa vurduqdan sonra o, doğma Bakıya qayıdıb və Azərbaycan Dillər Universitetində pedaqoji fəaliyyətə başlayıb.
Azərbaycan Dillər Universitetində Fəlsəfə kafedrasında laborant kimi işə başlayan Ədalət xanım 1996-cı ildə həmin kafedranın dosenti, 2004-cü ildə kafedra müdiri olub. 2005-ci ildən Azərbaycan Dillər Universitetində Elmi Şuranın elmi katibidir.
Çoxları Ədalət xanımı bəxti gətirən adam hesab edir. Amma bilmirlər ki, "bəxti" onun özü gətirib. Bəziləri elə bilirlər ki, onun arxasında duran "nəhənglər" var. Onun arxası isə yalnız özü və sidq ürəkdən inandığı Allahdır. O, Allahın sevimlisidir. Odur ki, Allah heç nəyini ondan əsirgəməyib.
O, rəsmi olaraq fəlsəfə elminin alimidir. Lakin mübaliğəsiz demək olar ki, çalışdığı çox axəli bütün sahələrin alimidir. Odur ki, məşğul olduğu bütün sahələrdə onun professionallığı, bənzərsiz təşkilatçılıq, idarəetmə qabiliyyəti, üsulları, qoyduğu dərin izlər açıq-aydın görünür.
Mənim üçün o, ilk növbədə görkəmli alimdir. Bilərəkdən "görkəmli filosofdur" yazmadım. Çünki mən bununla onun istedadını çərçivəyə salardım. Onun istedadı isə çərçivəyə sığan deyil. Amma əlbəttə, onun düşüncə tərzi, məntiqi, dərin zəkası fəlsəfədən qidalanır.
Onun tükənməz enerjisinə yaxşı mənada həsəd aparmaq olar. O, tanınmış ictimai xadim kimi respublikamızın həyatı ilə bağlı mərasimlərə qatılır, beynəlxalq seminarlarda çıxış edir, xarici mötəbər universitetlərdə mühazirələr oxuyur. Ədalət xanım vaxtının hər dəqiqəsinin qədrini bilir, başqaları kimi vaxt çatışmazlığından şikayətlənmir.
18 ildən çoxdur, Ədalət xanım Azərbaycan Dillər Universitetinin "Fəlsəfə və ictimai elmlər" kafedrasına müdirlik edir. Lakin "Kafedra müdiri f.ü.f.d., dosent Abdiyeva Ədalət" yazılmış kabinetinə rast gəlməzsiniz. Çünki belə bir kabinet yoxdur. O, müəllimlərlə birlikdə oturur. Bəlkə ona görədir ki, müəllimlər ona səmimi hörmət, ehtiram bəsləyirlər.
Ədalət xanımın hərəkətlərindən, davranışından, göstərişlərindən, tapşırıqlarından əsl rəhbər təmkini, müdrikliyi duyulur. Mən onun kiməsə səsini ucaltdığını görməmişəm. Tapşırıqlarını, göstərişlərini, xahişlərini elə tərzdə deyir ki, onları yerinə yetirməmək mümkün olmur. Tələbələrdən tutmuş müəllimlərə, işçilərə qədər hamının öz müdirlərinə səmimi məhəbbətini, hörmətini hiss etmişəm. Rəhbər üçün bundan yüksək mükafat olarmı?
Yüksək vəzifə sahibi, alimin ala biləcəyi bütün titulları qazanan bu insanın sadəliyi insanda ona qarşı xoş hisslər yaradır.
Məddahlıq, yaltaqlıq, riyakarlıq, əyrilik, "deyiləsi sözü unutmaq", bəzi "alim"lərə xas olan paxıllıq, intriqa, qərəzçilik ona yaddır. Özündən razılıq, "hamıdan ağıllı görünmək", başqasının fikrinə laqeyidlik ona xas olan xüsusiyyət deyil. O, səmimiliyi, sadəliyi, təvazökarlığı ilə seçilir, lovğalıqdan uzaqdır. Ədalət xanım həmsöhbətini sona qədər dinləməyi bacarır.
İşçi üçün ən böyük xoşbəxtçilik rəhbərinə qarşı sevgi, hörmət duymaqdır. Ədalət xanımla ilk dəfə tanış olanda mənə elə gəlirdi ki, mahir mühazirəçinin, ustadın mühazirəsini dinləyir, natiqin çıxışına qulaq asıram. İlk dəfə idi, belə zəka, istedad sahibinə rast gəlirdim. Onun mütəxəssis professionallığı, məsələnin araşdırmaq məharəti, fikrini aydın, səlis ifadə etmək qabiliyyəti, daha mühüm, vacib məsələləri ayırd etmək bacarığı, əsl ziyalıya xas olan xüsusiyyətləri məni valeh etmişdi. O, əsl Azərbaycan ziyalısıdır. Bu zəmanədə əsl ziyalılığı saxlamaq çətin işdir. Lakin Ədalət xanım buna qadirdir.
Ədalət xanımı fərqli edən cəhət onun düşüncə tərzi, istedadı, məntiqi, ensiklopedik biliyi, tükənməz enerjisi, universallığı, qətiyyəti, dönməzliyi və mübarizliyidir. O, hər şeyi düşünərək gündəliyə gətirir, odur ki, düşündüyündən heç vaxt geri çəkilmir. Əlbəttə, bu onun üçün həmişə asan olmur. O, öz qətiyyətini həmişə göstərməli olur.
Ədalət xanımı hamıya sevdirən əsas cəhəti onun insani keyfiyyətləri, ailəsinə, övladlarına münasibətidir. O, əsl Azərbaycan xanımıdır.
Ədalət xanım varlığı ilə yaradıcı insandır. O, həyatının məğzini qurub yaratmaqda, həyatda bir iz qoymaqda görür. Onun hər şeyə fərqli baxışı və sözü var. Yüksək intellekti, biliyi, bacarığı, iti zəkası, dünyagörüşü hər şeyin mahiyyətini olduğu kimi açmağa imkan yaradır. Bu isə heç də hamı üçün əlçatan deyil.
100-ə yaxın elmi məqalə, çoxsaylı elmi konfranslarda, konqreslərdə, simpoziumlarda etdiyi məruzələr, yeni layihələr, təkliflər yuxusuz gecələrin, böyük zəhmətin, zəngin biliyin nəticəsidir. Çoxsaylı monoqrafiyaların, elmi məqalələrin müəllifi olan Ədalət xanımın elmi, ictimai fəaliyyəti Azərbaycan və dünya elm və tədqiqat mərkəzləri, universitetləri tərəfindən yüksək qiymətləndirilib.
Əlbəttə, görkəmli alim, gözəl insan olan Ədalət xanım haqqında çox yazmaq olardı, lakin bu yazdıqlarımız da onu tanıtmağa kifayət edər.
Bilirik ki, 1966-cı il oktyabrın 5-də YUNESKO Beynəlxalq Müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı verib. İndi oktyabrın 5-ni dünyanın 100-dən artıq ölkəsi müəllimlərin peşə bayramı kimi qeyd edir. Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu öndər Heydər Əliyev verib. Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev deyirdi: "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır".
Bu yazı da həmin günə təsadüf etdi. Azərbaycanın dəyərli ziyalısını - Ədalət xanımı ölkəmizdə daha da tanıtmaq çox qürurvericidir.
Peşə bayramı münasibəti ilə başda Ədalət xanım olmaqla bütün müəllimləri təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm.
Kəmalə XƏLİLQIZI
525-ci qəzet.- 2022.- 4
oktyabr. S. 14.