Nəfəs dərmə...

 

Son zamanlar dünya elə qarışıq, elə gərgindir, eşitdiyimiz, oxuduğumuz xəbərlər o dərəcə düşündürücüdür ki, insan çaş-baş qalır, bilmir, sabahkı günəşin rəngi, hərarəti vərdiş etdiyi kimi olacaq, ya yox. Ukraynada, Rusiyada, İranda, nəhayət, Ermənistanda cərəyan edən hadisələrə baxanda, elə ABŞ-da baş verənlərə nəzər salanda... (Cümləni tamamlamamış qulağımda dıqqıltı oxucunun səsi cingildədi: ABŞ-ın bura nə dəxli var?) oxucunun bu sualı ani olaraq məşhur bir pritçanı yadıma saldı. Həmin pritça belədir:

Dünyada dəhşətli olaylar baş verirmiş. Bütün baş verənlərə görə hamı şeytana nələt oxuyurmuş. Ardı-arası kəsilməyən lənət sədaları hər tərəfə yayılsa da, şeytan uzaq bir kahada sevimli arvad-uşağı ilə birlikdə şad-xürrəm, kefi kök, firavan yaşayırmış. Bir gün bani insanın söyüşlərindən cana yığılmış oğullarından biri şeytandan soruşur: bu insanlar niyə elə hey  səni lənətləyirlər?  Sənin ki onlarla heç bir işin yoxdur, kahada özün üçün oturmusan? Şeytan oğlunun cavabında şeytancasına gülümsəyib (istəsə də başqa cür gülümsəyə bilməzdi) deyir: Oğul, mən burda otursam da, barmağım ordadır.

Nə isə... İndi elə zəmanədir, kimin barmağının harada olduğunu barmaq sahibindən başqa heç kəs bilmir.

Barmaq öz yerində... biz onu qurdalamayaq, olduğu yerdə qalsın, amma belə dövrlərdə, insan, təlatümlü ürəyinə bir anlığına dinclik versin deyə katarzis axtarır. Mən də yaşımı, başımı unudub katarzis xətrinə sevgi-məhəbbətdən yazmaq fikrinə düşdüm.

Sevgi nədir? İnsan neçə dəfə sevə bilər, bu suallar tez-tez gənclərin, bəzən böyüklərin də gündəmində olur.

Bu suala cavab axtararaq yeniyetməlik çağımda baş vermiş bir hadisəni xatırladım:

Bir dəfə yayın qızmar günündə bir nəfər cavan çoban at belində çaylaq boyunca salınmış yola üz qoyub yaylağa gedirdi. Çobanın yolu xeyli uzaq idi. Yolun bir hissəsində onun qənşərinə qeyri-adi mənzərələr axtarışına çıxan, yayın bürküsündə həkdən düşmüş tələbə rəssamlar çıxdı. Tələbələrin arasında qızlar da var idi, təbii ki, dağa tərəf gedən çaylaq yol oğlanlardan daha çox zəif cinsin nümayəndələrini yormuşdu. Odur ki, rəssam oğlanlardan biri çobandan xahiş edir ki, rəssam qızlardan birini tərkinə götürüb onların yolları ayrılana qədər aparsın. Gənc çoban məmnuniyyətlə razı olur. O, cəld bir hərəkətlə atdan yerə atılıb, qıza ata minmədə kömək edir, yəni əllərini qızın qoltuqlarına salıb onu at belinə qaldıraraq tərkinə alır, sonra özü də yəhərə qalxıb atı mahmızlayaraq yoluna davam edir. Sözsüz ki, at yırğalandıqca təcrübəsiz qız cavan çobanı arxadan qucaqlayaraq əllərini onun sinəsində çarpazlayır.

Bu minvalla az gedirlər, üz gedirlər, daşlı-çınqıllı yolu düz gedirlər...

Bir müddətdən sonra arxada qalan rəssamlar onu haraylayırlar ki, oradan o yana onların yolu başqa səmtə dönür. Çoban atı saxlayıb rəssam qızı düşürməli olur, yəni yenidən qızın qoltuğundan tutub atdan düşməyinə kömək edir.

Atdan düşürmə prosesi də ata mindirmə prosesi kimi cəmi bir an çəkir.

Cəmi bir an... amma bir azdan gedib mənzil başına çatan çoban həmin bir anı, onu arxadan qucaqlayan rəssam qızın qolları arasında getdiyi qısa yolda keçirdiyi hissləri, çobanın fikrincə, həmin məqamda qızın canından keçən atəşli lərzələri (ilk baxışda gözə görünməyən incəlikləri və təfsilatı ilə) bir saat, bir saatdan sonra iki saat danışır, çözələdikcə çözələyir. Axşama tərəf həmin bir an və qısa yol "sərgüzəştləri" uzun bir əhvalata çevrilir.

Bu əhvalatı xatırlayarkən öz-özümə düşünürəm: qızı ata mindirib, atdan düşürmə anını böyüdə-böyüdə əbədiləşdirən gənc çobanın ürəyindən keçənlər özünəməxsus məhəbbət deyil, bəs nədir?

Bu barədə yazarkən şən bir əhvalat da yadıma düşdü. Mövzuyla bilavasitə əlaqəli olduğundan həmin əhvalatı da söyləyim, olsun əsl katarzis:

Bir dəfə tanınmış bir yazıçı oxucularla görüşür. Görüşün sonuna yaxın, adətən olduğu kimi, sual-cavaba keçirlər. Tədbirin şirin yerində bir nəfər gənc xanım zalın ortasında oturduğu yerdən qalxıb yazıçıdan soruşur: Qadın neçə dəfə sevə bilər? (Elə bilməyin uydururam, olmuş əhvalatdır). Yazıçı bu sualı qulaqardına vurub növbəti sualı cavablandırır. Həmin xanım isə təmkinini pozmadan bir də ayağa durub - qadın neçə dəfə sevə bilər? - deyə sualını təkrarlayır. Yazıçı cavabdan yenə yayınır. Amma qadın da inadından əl çəkmir, iki dəfə cavabsız qalan sualını üçüncü dəfə də verir: Qadın neçə dəfə sevə bilər? Çarəsiz qalan yazıçı əsəbi halda dilinə gələn ilk rəqəmi deyir: iki dəfə! Bunu eşidən xanım yerindən cəld durub - üçüncü dəfə sevsə necə? - deyə soruşur. Yazıçı da həmin tərzdə cavab verir: Üçüncü dəfə əxlaqsızlıq olar. Qadın - aydındır, - deyib oturur.

Fani dünya necə gərgin olursa olsun, insanlar sevir, sevgi uğrunda yaşayır, lazım gəlsə, sevgi uğrunda da ölürlər. Zatən insan uğrunda yaşadığı şeyin uğrunda da asanlıqla candan keçir. Kimsə günəş qədər işıqlı bir anı əbədləşdirir, ömürlük sevgi məşəlinə çevirir; kimsə illəri saya-saya həmin anın təkrarlanacağını gözləyir.

 

İmir MƏMMƏDLİ

525-ci qəzet.- 2022.- 4 oktyabr. S. 15.