Ən şərəfli
peşənin sahibləri
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
NESCO-nun 1966-cı ildə qəbul etdiyi qərara əsasən
hər ilin oktyabrın 5-i dünyada Beynəlxalq Müəllimlər
Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanda
bu bayramın keçirilməsi ilə bağlı sərəncamı
Ulu öndər Heydər Əliyev verib.
Peşə bayramı münasibətilə yazılan bu məqalə fədakar Azərbaycan Müəlliminə həsr olunur.
Dünyadakı bütün peşələri sadalamaq, yəqin ki, mümkün olmaz. Bu peşə sahiblərinin bəziləri ilə tez-tez rastlaşırıq, bəzilərini arabir görürük, bəzilərini isə heç vaxt görməmişik, onlar haqda ancaq eşitmişik. Şübhə yoxdur ki, bütün peşələr zərurətdən yaranmışdır, ancaq onlara bəşəriyyətin ehtiyacı olsa da, bu peşələrdən heç biri - mühəndis, musiqiçi, memar, hətta həkim də olmasa, insanlar birtəhər ötüşə bilər. Yer üzündə bircə peşə var ki, onsuz cəmiyyət mövcud ola bilməz, onsuz nəsillər arasında əlaqə kəsilər, heç bir inkişafdan, hətta insanlararası münasibətlərdən də söhbət gedə bilməz. Bu, müəllimdir!..
Müəllimlik dünyanın ən qədim peşələrindən biridir. Məlumdur ki, ibtidai icma quruluşunda uşaqdan böyüyədək icmanın bütün üzvləri qida əldə etmək üçün birgə çalışırdılar - həyat uğrunda amansız mübarizə belə tələb edirdi. Ancaq insanlar əvvəlki nəsillərin təcrübəsini uşaqlara öyrətməyə başladıqda əmək münasibətləri dəyişdi. Uşaqlar ovçuluğun, meyvə toplamağın sirlərini öyrəndikcə daha çox ərzaq əldə edə bilir, müxtəlif bacarıq və vərdişlərə yiyələnərək əmək alətlərini təkmilləşdirir, nəticədə həyat getdikcə rahatlaşırdı. Artıq cəmiyyətin xəstə və yaşlı üzvlərini işə cəlb etmir, onları "evdə" saxlayır, uşaqlara baxmağı onlara tapşırırdılar. Cəmiyyət bir qədər də təkmilləşəndən sonra isə qəbilə rəhbərləri tərəfindən iş bölgüsü aparılmağa, ovçuluğa, balıqçılığa, əkinçiliyə adamlar ayrıldığı kimi, yeganə vəzifəsi təcrübəni öyrətməkdən, gənc nəslin düzgün, tərbiyəli, həyata hazırlıqlı böyüməsindən ibarət olan insanlar da ayrılmağa başladı. Uşaqlarla ünsiyyət qurmağı bacaran və öyrətməkdə xüsusi uğurları ilə seçilən insanlar fərqləndirildi, onlara "pedaqoq", yəni "uşaqları yönəldən" deməyə başladılar. Bununla da dünyanın ən qədim peşələrindən biri olan pedaqoqluq (müəllimlik) anlayışı yarandı. Bu sosial qrupun yaranması ilə tədricən təhsil insan fəaliyyətinin mühüm bir sahəsinə çevrilməyə başladı.
Qədim yunan dilində "sxole" (asudə vaxt, istirahət) sözü var, bu gün Avropa dillərində olan "skuul", "okul", "şkola" (məktəb) kimi sözlər də oradan yaranmışdır. Yunanlar əmin idilər ki, insan nə ilə isə məşğul olanda istirahət edir. Ona görə də, məktəbi məşğuliyyət yeri kimi "sxole" adlandırırdılar.
Bu tarixi həqiqətlər göstərir ki, müəllim peşəsi həyati zərurətdən yaranmışdır. Əgər gənc nəsil özündən əvvəlki irsi yaradıcılıqla mənimsəməsəydi və ona qədərki təcrübədən istifadə etmədən hər şeyə yenidən başlamalı olsaydı, cəmiyyət inkişaf edə bilməzdi. Deməli, müəllim peşəsinin yaranmasının obyektiv əsasları və cəmiyyətin inkişafında əvəzsiz rolu vardır.
Əziz dostlar! Heç kəsə sirr deyil ki, ötən minilliklər ərzində insanın formalaşmasında, onun şəxsiyyət kimi yetkinləşməsində və bugünkü səviyyəyə gəlib çatmasında müəllimin mühüm rolu olmuşdur. Müəllim həm də bəşəriyyətin bugünkü iqtisadi və elmi uğurlarına rəvac verən, ölkələrin ictimai-siyasi həyatının məcrasını müəyyən edən, böyük kəşflərin, nəhəng ixtiraların, dünyanı dəyişən inqilabların beşiyi başında dayanan şəxsiyyətdir.
Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini fanatikcəsinə sevən şəxsiyyətdir, yeni nəsli xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Əlbəttə, bir neçə kəlmə ilə əsrlərlə insanları tərəqqiyə qovuşdurmuş, xalqların milli inkişafının, ziyalı təbəqəsinin, mədəniyyətinin formalaşmasında mühüm xidmətlər göstərmiş bir peşə sahibini səciyyələndirmək müşkül məsələdir. Müəllim gənc nəslin mənəvi aləminin və təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Tarixin bütün dönəmlərində cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini və gələcəyini müəllimə etibar etmişdir. Məktəbin, müəllimin məqsədi, vəzifəsi xalqın, dövlətin gələcəyini formalaşdırmaq, "Təhsil haqqında" qanunda təsbit olunduğu kimi, "Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir".
Bəli, müəllimlik çox şərəfli peşədir, məsuliyyətli vəzifədir, şərəfi və məsuliyyəti eyni dərəcədə yüksək olan mürəkkəb bir sənətdir. Azərbaycan tarixinin son minillik dövründə ən mühüm hadisələrdən biri hesab edilən Vətən müharibəsindəki parlaq qələbəmizin qazanılmasında, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsində şücaət göstərən igidlərimizin zəfərində də müəllimlərimizin öz payı, öz xidməti vardır. Məhz müəllimlərimizin aşıladığı vətən sevgisi, ilk olaraq bizə "ana" kəlməsi ilə "vətən" sözünü öyrətməsi, siniflərdə asılan Qarabağ nisgilli plakatlar, "öncə Vətəndir" hayqıran tədbirlər, şüurlarımıza həkk olunan "Vətəni sevməyən insan olmaz" həqiqəti gənclərimizi inanılmaz qəhrəmanlıqlara apara bildi. Müəllimlərimizin xalqımızın taleyindəki əvəzsiz roluna belə böyük sevgi ilə yanaşmaq və onu yetərincə qiymətləndirmək bizim milli mentalitetimizdən irəli gəlir. Dünyanın, bəlkə də yeganə xalqıyıq ki, ən hörmətli insanlara "cənab", "müsyo", "pan", "ağa" yox, məhz "müəllim" deyə müraciət edirik. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.
Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olmuşdur. Dövrün sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan bu zümrə cəmiyyətin hər cür hörmət və qayğısına layiq görülmüşdür. Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirən bu insanlar qədirbilənlər tərəfindən həmişə yüksək qiymətləndirilmişlər. Bu və ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd etmişlər.
Təsadüfi deyil ki, müdriklər "müəllim sözü müqəddəs sayılmaya da bilər, ancaq müəllimlik müqəddəsdir" - demişlər. Yəni müqəddəs olanlar öz vəzifələrini layiqincə yerinə yetirən insanlardır. Müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, illər ötdükcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqlardır müəllimlər.
Müəllimlik şərəfli işdir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir. Müəllimlik həm də məsuliyyətli işdir, çünki o, ən qiymətli kapital olan insanla işləyir, bu işdə isə səhvə yol vermək olmaz. Müəllimlər həmişə cəmiyyətdə ən dəyərli peşə sahibləri sayılmışlar. Hər bir inkişaf prosesinin önündə gedən kadrları və peşəkar mütəxəssisləri müəllimlər hazırladığından ümumi tərəqqinin başlanğıc nöqtəsi də təhsil və müəllim əməyidir. Müəllim milli şüuru inşa edən sosial mühəndisdir. Müəllim dövlətimizin və millətimizin mənəvi təhlükəsizliyini qoruyan mənəviyyat keşikçisidir.
Müəllimlik ən qədim peşələrdən biri olmaqla yanaşı, bəşəri və əbədi peşədir. 100, 300, 500 ildən sonra hansı peşələrin sıradan çıxacağını, hansı yeni peşələrin yaranacağını demək çətindir. Lakin bir həqiqəti inamla demək olar, nə qədər ki, insanlıq mövcuddur, o qədər də müəllimlik mövcud olacaqdır.
Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını demək çətindir. Lakin bir şey aydındır ki, müəllim və şagirdlər həmişə olub və qətiyyətlə demək olar ki, o, yeganə dəyərdir ki, zamandan asılı olmayaraq, daim olacaqdır. Çünki insan yalnız bilik, bacarıq, səriştə və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Bunları gələcək nəsillərə ötürmək missiyası isə məhz müəllimin üzərinə düşür.
Bu da bir həqiqətdir ki, dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri də müəllim yetişdirmişdir. Yeri gəlmişkən, müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Düşünürəm ki, zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət və həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə də bütün peşələrin zirvəsində dayanacaqdır.
Əsrimiz elmi-texniki tərəqqi, informasiya və kommunikasiya texnologiyaları əsridir. Doğrudur, son zamanlar təhsildə müasir İKT vasitələrindən istifadəyə geniş yer verilir, hətta belə fikirlər də səslənir ki, yaxın gələcəkdə virtual dərslər canlı müəllimləri əvəz edəcəkdir. Düşünürəm ki, canlı müəllim sözünü, nəfəsini, ünsiyyətini, şagirdlərlə qarşılıqlı münasibətini, mənəvi keyfiyyətlərin formalaşmasındakı təsirini və s. heç bir maşın, mexanizm, İKT əvəz edə bilməz.
Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfi, yüksəkliyi barədə müdrik kəlamlar söylənmişdir.
Məsələn, İslam dininin banisi Həzrəti Məhəmməd Peyğəmbər hədislərinin birində biliyi bilməyənlər arasında yaymağı ən böyük sədəqə hesab edir, bilikli adamın üzünə baxmağı, onunla oturub-durmağı ibadət sayır, bilik öyrədən və bilik öyrənən arasında xoş münasibəti vacib hesab edirdi: "Kimdən bilik öyrənirsinizsə, ona hörmət edin, ona qarşı mehriban olun. Kimə bilik öyrədirsinizsə, ona qarşı da diqqətli və mehriban olun".
Dünyanın fatehi Makedonyalı İsgəndər öz müəllimi Aristotel haqqında demişdir: "Valideynlərim məni göydən yerə endirdi, müəllimim işə yerdən göyə qaldırdı".
Görkəmli Azərbaycan alimi Nəsrəddin Tusi özünün "Əxlaqi-Nasiri" əsərində müəllim peşəsinə yüksək qiymət verərək yazmışdır: "Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəflisi nə ola bilər?"
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk müəllim şəxsiyyətinə böyük önəm verərək demişdir: "Milləti yalnız və yalnız müəllimləri xilas edə bilər. Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ehtiyacı var, onlar cəmiyyəti həqiqi millət halına gətirirlər".
Ümummilli lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq".
Prezident İlham Əliyev müəllim əməyinə yüksək qiymət verərək demişdir: "Bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri sayılan, xalqımızın intellektual potensialının formalaşmasında, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın inkişafında böyük xidmətləri olan müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti bu gün əldə etdiyimiz uğurların əsasında durur".
Hörmətli oxucu! Dünyada tanınmış insanların, böyük alim və mütəfəkkirlərin müəllim haqqında deyimləri daha çoxdur və mən onlardan yalnız bəzilərini Sizin diqqətinizə çatdırdım.
Tarixin müxtəlif dönəmlərində yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl Müəllim milli sərvət kimi qəbul edilmişdir.
Xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir.
Müəllim peşəsini digərlərindən fərqləndirən daha bir cəhət də ondan ibarətdir ki, o, bütün insanların həyatında olur. Elə insanlar var ki, onlar həyatları boyu həkimə, mühəndisə, rəssama, vəkilə və digər peşə sahiblərinə müraciət etmirlər. Ancaq istəsə də, istəməsə də, müəllimlə hər kəsin ünsiyyəti olur. Bizim kəndin ağsaqqalları bir söhbət danışırdılar ki, beyni qızan cavanlardan biri belə sözləri eşidib yaşıdları ilə mərc gəlir ki, müəllimə heç vaxt işi düşməyəcək. Bu iddia ilə məktəbdən, oxumaqdan uzaqlaşıb çobanlıqla məşğul olmağa qərar verir. Ancaq çobanlığın incəliklərini, sirlərini öyrənmək üçün təcrübəli çobanların yanına gedib bir müddət onların yanında qalmağa məcbur olur. Onlardan öyrəndiyi bilikləri tətbiq edərkən yaşıdları gəlib ona mərci uduzduğunu bildirirlər. Çobanlığı da öyrənmək lazım gəldiyini görən cavan həmin sözlərin həqiqət olduğunu etiraf etməyə məcbur olur.
Bəs insanlar nə üçün çox çətin olan müəllim peşəsini seçirlər? Fikrimcə, bu sualın cavabı əsl müəllimlərin sayı qədər çoxdur. Aydın olan odur ki, həmin insanlar müəllim kimi doğulurlar, sonradan onu arzu edirlər və talelərini bu peşəyə bağlayırlar. Təsadüfi deyil ki, əsl müəllimlər üçün başqa peşə olmur, onlar heç bir zaman öz sevimli peşələrini dəyişə bilmirlər.
Uzun müddət təhsil sistemində, onun idarə olunmasında çalışan bir şəxs kimi müəllimlərlə tez-tez ünsiyyətdə olmuşam, müxtəlif tədbirlərdə onları dinləmişəm, fərqli məsələlərin müzakirəsində iştirak etmişəm, təhsilə və məktəbə aid müxtəlif problemlərlə bağlı rəylərini öyrənmişəm. Məktəbdə müəyyən müddət işləmiş və təcrübə qazanmış müəllimlər qeyd edirdilər ki, pedaqoji fəaliyyətin əsasını təşkil edən həlledici amil şagirdləri və öz peşəsini sevməkdir. Kimin ki, ürəyində uşaqlara məhəbbət hissi yoxdur, o, müəllim işləməməlidir. Nahaq deyilməmişdir ki, biz kimlərdən öyrəniriksə, onları bizim müəllimlərimiz adlandırırıq, lakin hər öyrədən bu ada layiq deyil. Bu ada layiq olmaq üçün mənəviyyatda və təlimdə kamilliyə çatmaq lazımdır.
Təhsil tarixinə nəzər yetirdikdə, öz həyatı, fəaliyyəti və nümunəsi ilə insanların qəlbində iz qoymuş müəllimləri yad etdikcə bir daha bu peşə sahiblərinə qibtə edirsən, insanın formalaşmasında, ümumilikdə cəmiyyətin inkişafında müəllimin necə böyük rol oynadığını duyaraq heyrətə gəlirsən.
Belə müəllimlərdən bəzilərini hörmətli oxucuların diqqətinə çatdırmağı vacib hesab edirəm. Cənubi Qafqazda ibtidai siniflər üçün müəllim hazırlayan ilk təhsil müəssisəsi olmuş Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin məzunları müəllim adını yüksək zirvələrə qaldırmaqla yanaşı, maarifçilik hərəkatının inkişafında misilsiz xidmətləri ilə təhsil tariximizdə böyük iz qoymuşlar. Onların arasında Üzeyir Hacıbəyov, Teymur bəy Bayraməlibəyov, Səfərəli bəy Vəlibəyov, Mahmud bəy Mahmudbəyov, Firudin bəy Köçərli, Əhməd ağa Mustafayev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla Şaiq və digərləri müəllim adını yüksək zirvələrə qaldıraraq əbədiləşdirmişlər.
Hörmətli oxucu, "Yaxşı müəllim nə deməkdir?" sualına məşhur pedaqoq Vasili Suxomlinski belə cavab verirdi:
"O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub.
İkincisi, yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, ona vurğunluqla onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir, o elmin yeniliklərindən də xəbərdardır. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüşu şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər...
Üçüncüsü, yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss və dərk edən insan olmalıdır.
Dördüncüsü, yaxşı müəllim öz peşəsinin ustası olmalıdır".
Sovet dövründə də öz fəaliyyəti ilə müəllim adını zirvələrə yüksəldən şəxsiyyətlər olmuşdur. Görkəmli maarif xadimi Mehdi Mehdizadə müəllimlikdən elmin ən yüksək zirvəsinə - akademikliyə, nazir vəzifəsinədək yüksəlmişdir. Bütün ömrünü məktəbli gənclərin təlim-tərbiyəsinə həsr etmiş Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev dövrün ən yüksək mükafatlarına - Sosialist Əməyi Qəhrəmanı və Əməkdar Müəllim fəxri adlarına layiq görülmüş, Zahid Şöyübov SSRİ Xalq Müəllimi fəxri adını almışdır.
Qürur hissi ilə demək olar ki, bu
gün də təhsil müəssisələrimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, həqiqətən şagirdlərin və tələbələrin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı, səriştəli müəllimlər az deyildir, onlar indi də fədakarlıqla çalışırlar.
Onu da qeyd etmək lazımdır ki, uzun müddət ərzində müəllim ideal şəxsiyyət olmuş, həm şagirdlərdə, həm valideynlərdə, həm də bütövlükdə cəmiyyətdə müəllimə böyük hörmət göstərilmişdir. Müəllim sözü, onun söylədiyi fikirlər, verdiyi məsləhətlər birmənalı şəkildə qəbul edilmişdir. Cəmiyyətdə, ailə və məişətdə bir çox çətin məsələlərin, konfliktlərin həll edilməsi məqsədilə müəllimə müraciət edilmiş, onun sözü həlledici olmuşdur. Təsadüfi deyil ki, hətta küçədə müəllimlə rastlaşanda şagirdlər hörmət əlaməti olaraq onun qarşısında təzim etmişlər. Müəllim şəxsiyyətinə o qədər hörmət olmuşdur ki, onun adi insanlardan fərqli olduğu barədə rəylər də yaranmışdır. Əlbəttə, müəllim şəxsiyyətini belə nüfuza, hörmətə qaldıran, zirvəyə ucaldan onun özü olmuşdur.
Yeri gəlmişkən, kiçik bir haşiyə çıxaraq xatırladığım bir məsələni yazmaq istəyirəm. 1930-1940-cı illər mənim doğulub boya-başa çatdığım Qərbi Azərbaycanın Qaraqoyunlu kəndlərində təhsilin inkişafının dönüş illəri kimi yadda qalmışdır. Həmin illərdə İrəvan, Qazax və Gəncə şəhərlərindəki müəllim seminariyalarını bitirib məktəblərdə dərs demək hüququ qazanmış müəllimlərin sayı artmışdı. Ən xoşa gələn hal isə o idi ki, kəndlərdə valideynlərin təhsilə, məktəbə və müəllimlərə münasibətləri çox yüksək idi. Dünyagörüşləri daha geniş olan valideynlər yaşadığı kəndlərdə əhalini maarifləndirməyə çalışır, adamlara tövsiyə edirdilər ki, "bizləri mədəniyyətə, elmə, savada ancaq təhsil, məktəblər və müəllimlər çatdıracaqdır. Məktəblərə, orada dərs deyən müəllimlərə rəğbət bəsləyin, hörmət edin, onlara hər cəhətdən kömək göstərin, onlar balalarımızı yeni ruhda tərbiyə edənlərdir. Bizim gələcək həyatımızın mədəni, savadlı qurulmasında onların rolu böyükdür".
Belə yanaşmanın nəticəsi idi ki, həmin illərdə camaat arasında müəllimlərin nüfuzu xeyli yüksəlmişdi, müəllim ləyaqəti, müəllim şərəfi, müəllim adı heç bir zaman bu illərdəki yüksəkliyə qalxmamışdı. Sonralar - 1950-1960-cı illərdə özüm bu mühitin iştirakçısı kimi, hamı tərəfindən müəllimə belə dərin məhəbbətin olduğunun canlı şahidi olmuşam. Həmin illərdə təhsilə, məktəbə və müəllimlərə təkcə valideynlər tərəfindən deyil, həm də rayon və kənd rəhbərləri tərəfindən də böyük hörmət edildiyini müşahidə etmişəm. Bu illərdə müəllimin xüsusi nüfuza sahib olmasının bir neçə səbəbi var idi. İlk növbədə müəllimlər özlərinə böyük hörmət qoyur, özlərini əsl ziyalı kimi aparır, öz geyimləri, davranışları, adamlara münasibətləri ilə hamıdan fərqlənirdilər. Ölkədə savadsızlığın tam ləğv edilmədiyi, kəndlərdə radio, televiziya, qəzet və kitab oxuyanların olmadığı illərdə camaat baş verən hadisələr haqqında ilk və dolğun məlumatı yalnız müəllimdən alırdı. Adamlar ən sadə sənəddən - ərizə, müraciət, məktub yazmaqdan öz hüquqlarının qorunması ilə bağlı ən mürəkkəb məsələlərə kimi müəllimlərə müraciət edirdilər. Bu illərdə müəllim hamının məsləhətçisi, hər kəsin ilk müraciət etdiyi şəxs idi. Müəllim kəndin ağsaqqalı, hüquqşünası, mirzəsi, notariusu, tərbiyəçisi, məsləhətçisi və daha neçə-neçə ciddi ehtiyac olan vəzifələrin daşıyıcısı idi.
Kənd əhalisi müəllimlərə hər yerdə hörmət edir, onlara daim qayğı göstərirdilər. Övladları oxuyan ailələr tez-tez məktəbə gedər, müəllimlərlə əlaqə saxlayar, uşaqlarının necə oxumaqları ilə maraqlanardılar. Valideynlərin bu münasibətlərini hiss edən müəllimlər şagirdlərin təlim-tərbiyəsinə, öz işlərinə daha məsuliyyətlə yanaşar, tədrisin keyfiyyətinin yüksəlməsinə çalışardılar. Bu barədə açıq danışılmasa da, hamı yaxşı başa düşürdü ki, uşağın oxuması və təlim-tərbiyəsi ilə təkcə məktəb və müəllimlər deyil, həm də valideynlər yaxından məşğul olmalıdırlar. Dərsə hazır gəlməyənlər eyni gündə həm də valideyn danlağına məruz qalırdı. Həmin gün valideyn uşağını da götürüb məktəbə gəlir, müəllimlə əlaqə saxlayır və uşağın dərsə hazır gəlməməsinin səbəbi aydınlaşdırılırdı. Ailədə uşağın nalayiq hərəkətləri olduqda valideyn bunu müəllimə, məktəbdə olduqda isə müəllim valideynə çatdıracağını bildirərdi. Hər iki tərəfin sinxron, eyni yanaşmada olması uşaqların məsuliyyətini artırır, uşaqlar bu xəbərlərin qarşı tərəfə çatmaması üçün yersiz hərəkətlərdən çəkinirdilər. Hətta ən savadsız ailədə də uşağa yanaşma müəllimlə, məktəblə eyni idi, ailədə uşağın nöqsanları "müəllimlərinə deyərəm"lə, məktəbdə isə "valideynlərinə deyərəm"lə islah edilirdi.
O dövrlərdə biz ailədə ata-anamızı, məktəbdə isə müəllimlərimizi ilahi varlıq hesab edirdik. Müəllim-valideyn adı ən yüksək ad kimi bizim qanımıza hopmuşdu. Bu dövrün insanları, təkcə məktəblilər deyil, bütün kənd adamları müəllimə böyük hörmət bəsləyər, onlara xüsusi rəğbətlə yanaşardılar. Hər hansı məclisdə olursa olsun, müəllim başda oturdular, ona xüsusi qulluq göstərilərdi. Biz şagirdlər isə yalnız məktəbdə deyil, kənd arasında, küçədə, ümumiyyətlə harada müəllimi görsək, papağımızı başımızdan götürüb, əlimizi yanımıza salıb farağat vəziyyətdə müəllimə təzim edərdik. Müəllimin yanında nəinki yemək yeməz, su içməz, dillənməz, müəllim sözünü qurtarmamış danışmaz, heç müəllim olan məclisə getməz, dərsdən kənar vaxtlarda onun gözünə görünməməyə çalışardıq. Müəllimin hər hansı müraciətini həmişə sözsüz yerinə yetirirdik. Biz müəllimi ideal varlıq hesab edər, düşünürdük ki, görəsən, müəllim də xörək yeyirmi, çay içirmi, yatırmı və s. Evdə valideynlərimiz hər bir söhbət zamanı bizə müəllimlərimizə həmişə hörmət etməyi tapşırırdı, bizim yanımızda müəllimin ünvanına xoşagəlməz söhbətlər etməzdilər. Biz hər hansı müəllimin kiçik də olsa, nöqsanlı davranışı barədə valideynlərimizə danışmaq istəyəndə onlar qəzəblənməz, soyuqqanlılıqla, sakitcə bizə deyərdilər: - Müəllimdən şikayət etmək, gileylənmək olmaz. Müəlliminiz sizin mənəvi atanızdır. O, sizə qarşı nə edirsə, sizin yaxşılığınıza görə edir. Onun sərt davranışlarına da tabe olmalısınız. Biz valideynlərimizdən müəllimlərimizin ünvanına heç vaxt gileyli söhbətlər eşitməzdik.
Hörmətli oxucu! Bu xatirəni ona görə yazdım ki, müəllim nüfuzunu qorumaq, onu inkişaf etdirmək üçün o dövrlərdə müşahidə etdiyim müəllim-cəmiyyət birliyinə bu gün də ciddi ehtiyac vardır. Düşünürəm ki, həm müəllimlər, həm də bütövlükdə cəmiyyət bu vacib məsələyə daha məsuliyyətlə yanaşmalıdırlar.
Bir faktı da diqqətinizə çatdırım ki, təxminən bir əsr əvvəl ölkəmizdə məktub oxumaq üçün bütöv bir kənddə savadlı insan tapılmırdı, indi yazıb-oxumağı bacarmayan şəxs yoxdur. Hamı bilməlidir və yaddan çıxarmamalıdır ki, xalqımızı bu səviyyəyə çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman fədakar əməklərinə görə onlara borcluyuq.
Heç vaxt unutmamalıyıq ki, bu gün dünyanın nüfuzlu universitetlərində müvəffəqiyyətlə təhsilini davam etdirən minlərlə azərbaycanlı tələbə, dünyanın aparıcı şirkətlərində yüksək peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızı azad edənlər də Azərbaycan müəlliminin yetirmələridirlər.
Misir MƏRDANOV
525-ci qəzet.- 2022.- 5 oktyabr. S. 10-11.