Şuşa divarlarında müəllim adları

 

Mövzumuz hökmdar şairlər idi. Müəllimimiz bu qəbildən olan şairlərin məziyyətlərindən uzun-uzadı danışdı. Nitqinin sonunda isə heç bir test tapşırığına düşməyən, ancaq çoxumuzun böyük arzularının qatili olan acı bir həqiqəti üzümüzə şillə kimi çəkdi:

"Əslində, təkcə istedadlı olduqları üçün yox, həm saraylarda doğulduqlarına görə biz bu gün onlardan danışırıq. Fəqir-füqəranın başlıca dərdi bir tikə çörəkdir. O, özünü tapıb, içindəki işığın izinə düşənə qədər iş-işdən keçmiş olur çox vaxt. Amma saraydakılar... Onların ən xırda qığılcımı belə tez bir zamanda alovlanır, gördükləri təhsil, zamanında tanıdıqları müəllimlər bu işığı qoruyur, ona yön verir alovlanmasına kömək olur".

Müəllimin insan həyatındakı rolunu ilk dəfə onda anlamışdım. Həyatın lazımi məqamında yanında olan, səni həyata hazırlayan bir adamın olması neçə uğurun təməli olurmuş. Addison deyirdi ki, heykəltaraş mərmər üçün hansı rolu oynayırsa, müəllim uşağın həyatında həmin rolu oynayır. Deməli, vay pis heykəltaraşın əlinə düşən mərmərə.

Bir Şuşa divarlarında oxuduğum müəllim adları. İkinci dəfə müəllimin mahiyyətini mən o divarlara yazılan hərflərdə anladım. Odun-alovun içindən keçən əsgər - cəngavər sahibinin bəlkə , heç vaxt görməyəcəyi bir adı dolanbac küçələrin uçuq divarlarına yazır. Sevdiyi qızın, ata-anasının yox, məhz öz müəlliminin adını. Bu yazı səmimiyyətin himnidir.

Heç taleyimizə belə yazılmayan adları azmı yazdıq daş-divara? Bu əməl səmimiyyətdən doğan məhrəmlikdir. Ağacla, divarla sənin aranda olan məhrəmlik...

Qəhrəman əsgərlərimizin Şuşa divarlarına yazdıqları müəllim adlarını görəndə Şuşa uğrunda döyüşlərdə şəhid olan məktəb direktoru Elvin İmaməliyev yadıma düşdü. Görəsən, sağ qalsaydı, o, yazardı bu divarlara? Elvin müəllim şəhid olanda cəmi 31 yaşı vardı, geriyə iki körpə balası qaldı, arzuları qaldı, bir xatirələri.

O xatirələrdən danışan şagirdləri müəllimlərinin necə vətən sevdalısı olduğunu təkrar-təkrar vurğulayırdılar. Elvin İmaməliyev öz sözlərini canı-qanı bahasına təsdiqlədi. Dostlarının da dediyi kimi, qələmini silaha dəyişən müəllim bu dəfə dərsi düşmənə keçdi.

Vətənpərvər, vicdanlı, ən əsası peşəsinin vurğunu olan müəllimlərimiz o qədərdir ki. Onlar bizim gələcəyə olan etimadımızdır.

Yoxdurmu pis müəllimlər? Əlbət ki, var. Hamımızın yaddaşında bu kürsünü zəbt edən tapılar. Məsələn, ilk məqaləmi yazanda məni az qala bütün məktəbə örnək göstərən tarix müəllimimi qədər çox sevirəmsə, çəkdiyim rəsmi "Bu rəsm çəkməkdir" - deyib məni fırçadan soyudan rəsm müəllimimə eyni qədər nifrət edirəm. Dedim axı, hamısı yaxşı deyil, yaxşı olmur, ola bilməz; müəllim insandır - bütün insanlar kimi, onun da pis olmaq ehtimalı var.

Çağdaş dövrün yenilikləri isə insanın qüsurunu daha tez faş edir. Məsələn, şagirdini döyən müəllimlərin vaxtaşırı sosial şəbəkələrdə yayılan görüntüləri bunun bariz nümunəsidir. Amma ümidsiz olmaq olmaz. Mütləq yaxşılar da var, sadəcə biz onları belə asanlıqla görə bilmirik. Çünki yaxşılar sakitcə öz işləri ilə məşğuldurlar.

Şagirdinə övladı kimi yanaşıb, dəstək göstərən, onun uğuruna öz uğuru kimi sevinən bir müəllimin qarşısında necə ehtiramla dayanmayasan? "Təsəvvür elə, hərfləri bir-bir öyrətdiyin o uşaq bir gün hansısa sözü tam oxuyur. Elə gözəl duyğudur ki, buna şahid olmaq" - belə demişdi özünü "Çalıquşu" hesab edən rəfiqəm. Bu söhbətin üstündən illər keçib, indi onun öz uşaqları da var, ancaq o, daha belə şeylər danışmır. Məsələn, onunla axırıncı söhbətimizdə qızına ala bilmədiyi qırmızı ayaqqabılardan danışırdı...

Bəs yaxşı, müəllimin öz uşaqları? Görəsən, o müəllim öz uşaqlarını rahat böyüdə, istədiyi kimi yedirib, istədiyi kimi geyindirə bilirmi? Hələ bir onun Cəbiş müəllimin arvadı kimi bir arvadı varsa? Sabahlarını məhrumiyyətlər işərisində açan o arvadın nəyinə lazımdır Namiqlə Makedonun necə oxuması. Haqsızammı?

Müəllim maaşı əksər müəllimlərin arvadını gec-tez Cəbiş müəllimin arvadı edir. Axı o pulla o arvad bazardan alsın? İndi pencəyini satsan, uzağı bir bozbaşın ərzağını alarsan. Niyə axı belə bir çətin, şərəfli məsuliyyətli peşə sahibi maddi sıxıntı çəkməli, ikinci gəzməli, şair demiş, cibindən üşüməlidir? Bu suala cavab axtararkən elə bu ilin ixtisas seçimində bəlli olan bir nəticəni xatırlayıram; riyaziyyat müəllimi ixtisası üzrə keçid balı hüquqşunaslıq ixtisasının balından yüksək olub. Deməli, heç bir əngəl, yoxsulluq bu sənətə olan sevgini azalda bilmir.

Cəbiş müəllimdən söz düşmüşkən, uzun illər o, müəllim adının incəsənətdəki tərcüməsi olub, bu peşədən danışarkən ağıla ilk o gəlib. Amma lakin artıq Cəbiş müəllim mənim qəhrəmanım deyil. Çünki bu gün mən müəllim adlarını şəhid siyahılarından oxuyuram. Cəbiş müəllim cəbhəyə sabun göndərirdisə, onlar cəbhəyə özləri gedirdi. Cəbiş müəllim şəhid xəbəri çatdırırdısa, onların şəhid xəbərini çatdırırdılar. ən əsası onlar real qəhrəmanlardır.

Vüqar Vəliyev, Famil Əhmədzadə, Rəşad Məmmədov, Elvin İmaməliyev, Etiram Hüseynli, Qoşqar Ömərov, Vidadi İsrafilov, Elxan Rzayev, Xalid Nəciyev, Elgün Quliyev, Tural Rəhimov, Rəvan Lətifov, Əvdil Quliyev, Rabil İsmayılov, Emil Qurbanov Kənan Müzəffərli... Cəbiş müəllim, görün mənim qədər qəhrəmanım var, inciməyin, siz artıq mənim qəhrəmanım deyilsiniz. Cəbiş müəllim, axı siz ədalətli adamsınız, gəlin sizə şəhid müəllim Elvin İmaməliyevin döyüş yoldaşı Teyyub bəyin mənə dediklərini danışım. Əminəm, onda siz mənə haqq verəcəksiniz:

"Döyüş bölgəsinə ilk girəndə orada bir lövhə gördük. Lövhədə yazılmışdı ki, ata, özündən muğayat ol. Onda Elvin qardaşım mənə dedi ki, inşallah, övladlarımız bizi görər, ancaq həyatdır, dönə bilməsək, övladlarımız bizimlə qürur duymalıdır".

Əziz şəhidim, nur üzlü şəhidim, indi təkcə övladların yox, biz hamımız səninlə qürur duyuruq. Bu gün sənin günündür: peşə bayramın mübarək!..

 

Aytac SAHƏD

525-ci qəzet.- 2022.- 5 oktyabr. S. 8.