Müəllim nüfuzu
və ona təsir göstərən amillər
Bundan əvvəlki məqalədə müəllimin cəmiyyətdəki rolundan, onun peşə xüsusiyyətlərindən, müdrik şəxsiyyətlərin müəllim sənətinə verdikləri yüksək dəyərlərdən və müəllimliyin digər məziyyətlərindən geniş söhbət açmışdıq. Təəssüf ki, bununla yanaşı, son dövrlərdə müəllim nüfuzunun aşağı düşməsi barədə bəzi mülahizələr səslənməkdədir. Hesab edirəm ki, bu fikirlərin müəyyən obyektiv və subyektiv səbəbləri, əsasları da vardır.
Bu yazıda uzun illər ərzində müşahidə etdiyim həmin səbəblərin bəziləri haqqında şəxsi fikirlərimi hörmətli oxucularla bölüşmək istərdim.
Azərbaycan təhsil tarixini araşdıran şəxslərdən biri kimi belə qənaətə gəlmişəm ki, uzun əsrlər boyu cəmiyyətdə müəllim nüfuzu çox yüksək olmuş, XX əsrin ortalarına qədər inkişaf etmişdir. XIX əsrin əvvəllərində Azərbaycanın şimal hissəsinin Rusiyaya ilhaq edilməsindən sonra təhsil sisteminin Avropa standartlarına (xüsusən Almaniya təhsil şəbəkəsinə) uyğunlaşdırılması ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə bərabər, müəllim nüfuzunun qalxmasına böyük təkan verdi. Bu yüksəliş XX əsrin əvvəllərində, xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də sürətlə davam edirdi. Lakin 1920-ci ilin aprel işğalından sonrakı dövrlərdə bütün keçmişə (ən yaxşı ənənələr də daxil olmaqla) xətt çəkib yeni cəmiyyət, yeni dəyərlər qurmaq istəyən bolşevik hökuməti özünəməxsus təhsil sistemi tətbiq etməyə başladı. Bu zaman təhsilin klassik tələbləri "qulaqardına vurularaq" plan doldurmaq, müəllimlərin və savadlıların sayına görə dünya ölkələrini ötmək iddiası təhsil sisteminə tədricən təsadüfi adamların gəlişinə rəvac verdi. Bir illik (bəzən 6 aylıq), iki illik "kurslarda" "baş girləyib" müəllim diplomu alan minlərlə insan barmaqla sayılan millət fədailərinin-müəllimlərin sırasına qoşuldu. 1930-cu illərin sonlarında sürətlə artan məktəblərdə yaranan kadr çatışmazlığı ilə əlaqədar 7 şəhərdə - Gəncədə, Şəkidə, Şuşada, Ağdamda, Qazaxda, Qubada, Naxçıvanda ikiillik müəllimlər institutları fəaliyyətə başladı.
Dövrün şəraitinə görə isə müəllim kənd yerlərində (elə şəhərlərdə də) ən hörmətli və nüfuzlu şəxs hesab edilirdi. Gecə-gündüz çalışan, yayın istisində, qışın soyuğunda səhərdən axşamadək əlləşən və zəhməthaqqı kimi yalnız ərzaq məhsulları- yağ, pendir, buğda, kartof, meyvə-tərəvəz və sair alan kənd camaatından fərqli olaraq, bəzi adamların nəzərində "əli cibində bəy balası kimi gəzən" müəllimin zəhməti pulla ödənilirdi. Digər üstünlükləri ilə bərabər, camaat uşaqlarının gələcəyi asılı olan müəllimlərə yalnız ziyalı kimi hörmət etmirdi, həm də kənddə pulu olan yeganə adam kimi ona möhtac idi. Xəstəsinə dərman, uşağına ayaqqabı, evinə qənd almaq istəyən pul üçün müəllimin qapısına gedirdi. Bu baxımdan da hamı müəllimi üstün görür, özünü müəllim görmək üçün həmin "kursları" oxumaq, ya uşağını orada oxutmaq istəyirdi. Bu zaman pedaqoji işə maraq, müəllimlik həvəsi, yüksək savad və digər amillər nəzərə alınmırdı. Dövləti isə bu vəzifənin mahiyyəti yox, zahiri tərəfi maraqlandırırdı, hətta bundan "ədalətli dövlət" imici yaratmaq üçün yararlanmağa çalışırdı. Əmək qabaqcılları, Sosializm yarışının qalibləri, bir qədər sonra İkinci Dünya müharibəsindən yaralı qayıdanlar və digərləri heç bir ölçü meyar nəzərə alınmadan bu kurslara göndərilib iki ildən sonra məktəbdə (bəzən bu kurslarsız sadəcə orta təhsili olanlar) müəllim kimi fəaliyyətə başlayırdı. Beləliklə, müəllim sıralarına sürətlə bu peşəni qəlbən sevənlər, gənc nəslin gələcəyini düşünənlərdən daha çox, təsadüfi adamlar, burada özlərinə rahatlıq, nüfuz, qazanc axtaranlar qoşulurdu. Ədalət naminə demək lazımdır ki, bunların arasında əsl müəllim adına layiq olanlar, millətin gələcəyini düşünənlər, fədakar insanlar, həyatlarını uşaqlara və təhsilə həsr edənlər də az olmadı. Ancaq...
Əvvəllər ibtidai, bir az sonra natamam orta, daha sonra orta təhsilin icbari olması (ölkəmizdə 1926/27-ci tədris ilindən icbari ibtidai təhsilə, 1934/35-ci tədris ilindən icbari yeddiillik təhsilə, 1966/67-ci tədris ilindən isə icbari orta təhsilə keçilmişdi) ilk dövrlərdə savadsızlığın azalmasına gətirib çıxarsa da, sonrakı mərhələlərdə savadsız orta təhsilli "attestatlıların" sayını kütləvi surətdə artırdı, həmin adamlar da müxtəlif üsullarla ali məktəblərə yol taparaq "diplomlu müəllimlərin" sayını çoxaltdı. Ən pisi o oldu ki, zaman keçdikcə "kursları" bitirib şöhrətli "müəllim" adının arxasında daldalananlar özlərini "təcrübəli müəllim" kimi təqdim edərək yerlərini daha da möhkəmlətdilər. Cəmiyyət, siyasi quruluş isə plan tələb edirdi - çoxlu müəllim, çoxlu savadlı, çoxlu diplom, attestat və s. Daha dəqiq desək, kəmiyyətin keyfiyyəti üstələməsi müəllim nüfuzunun aşağı düşməsinə əsas səbəblərdən biri kimi öz təsirini göstərməyə başladı. Təhlillər göstərir ki, ölkəmizdə 1920-ci illərdə ümumtəhsil məktəblərində müəllimlərin sayı 5 min nəfərə yaxın olduğu halda, 1941/42-ci tədris ilində 20 min, 1981/82-ci tədris ilində 101 min, 1991/92-ci tədris ilində 130 min, 1995/96-cı tədris ilində 158 minə çatmışdı. Daha dəqiq desək, 70 ilin ərzində müəllimlərin sayı 30 dəfədən çox artmışdı, bu da, əlbəttə, keyfiyyət baxımından öz sözünü deyirdi...
Əlbəttə, mən bu sahəyə az-çox bələd olan şəxs kimi o fikrin tərəfdarı deyiləm ki, müəllimlərimizin sayı elə 100 il bundan əvvəl olduğu qədər - yəni 5 min nəfər olsun. Bu zaman cəmiyyətin ziyalı təbəqəsindən, onun inkişafına misilsiz xidmətlər göstərən mütərəqqi dünyagörüşlü, yüksək mədəniyyətli, vətənpərvər minlərlə, milyonlarla şəxsiyyətdən və onları yetişdirən əsl müəllimlərdən söhbət gedə bilməzdi. Məni narahat edən 1960-cı illərdən etibarən tam formalaşan ali təhsil şəbəkəmizin bütün imkanlarından yaxşı müəllim hazırlığı üçün istifadə edilməməsidir.
Ötən əsrin 60-70-ci illərindən başlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada müəllim nüfuzunun surətlə aşağı düşməsi müşahidə edilməyə başlanmışdır. Bu barədə düşünərkən, Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsindəki qonşu Polad kənd orta məktəbində oxuduğum illəri xatırlayıram. O zaman həm biz özümüz, həm bizə dərs deyən müəllimlər, həm də kənd camaatı bilirdi ki, kim orta təhsilini sona qədər davam etdirə bilər, kim IX sinifdən sonra məktəbdən ayrılıb kənddə müəyyən işlərlə məşğul olmalıdır, kim ali məktəblərə sənəd verə bilər və qeyd edim ki, bu ictimai rəy hamı tərəfindən ciddi gözlənilirdi. Beləcə həyat davam edirdi. Təəssüf ki, sonralar yuxarıda haqqında danışılan "plan doldurmaq" və digər məsələlər bu təbii meyarları da pozdu və demək olar ki, orta məktəbləri bitirən hər kəs müxtəlif yollarla ali məktəblərə daxil olmağa cəhd göstərdi, yüksək savad yox, ali təhsil haqqında diplom aldı. Beləliklə, ölkədə guya alitəhsillilərin sayı artdı, ancaq əslində, ali təhsil haqqında diplomluların sayı artdı və onların əksəriyyəti, təəssüf ki, məktəblərdə müəllimlik etməyə başladı.
Doğrudur, əsasən Alman və Çar Rusiyasının təhsil sistemi əsasında "alayarımçıq" formalaşmış Sovet təhsil sistemində ali məktəblərdə müəllim hazırlığı ilə bağlı da ciddi bir siyasət həyata keçirilmirdi. Onu da yaxşı xatırlayıram ki, həmin dövrdə ölkəmizdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti), Həsən bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti), Naxçıvan Pedaqoji İnstituttnda (indiki Naxçıvan Dövlət Universiteti) və Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ümumtəhsil məktəbləri üçün müəllim kadrları hazırlanırdı. Bir qayda olaraq, Azərbaycan Dövlət Universitetini əla qiymətlərlə bitirənlər müəllimliyə deyil, elmi tədqiqat institutlarına və Bakı şəhərində yerləşən digər müəssisələrə, aşağı qiymətlərlə oxuyan məzunlar isə təyinatla orta məktəblərə müəllim göndərilirdilər. Bundan əlavə, qəbul imtahanları zamanı universitetə (indiki BDU) müsabiqədən keçə bilməyən abituriyentlər APİ və GPİ-də boş qalmış yerlərə qəbul olunurdular. Bu hallar da, müəllim sıralarına qoşulanların keyfiyyətinə öz təsirini göstərirdi.
Ali təhsil aldığım illərdə bununla bağlı bir məsələni də yaxşı xatırlayıram. Müəllim hazırlığına laqeyd münasibətin nəticəsi idi ki, universitetdə oxuyanda sonuncu - beşinci kursun yalnız ikinci semestrində bizi bir neçə həftəlik pedaqoji praktikaya aparırdılar. Pedaqoji praktikaya Həndəsə kafedrasında saathesabı müəllim işləyən (ştatlı müəllim yox!) bir nəfər rəhbərlik edirdi, praktika keçdiyimiz məktəbdən də bir nəfər bu işə qatılırdı. Pedaqoji praktikanın sonunda hərəmiz cəmi bir sınaq dərsi deyirdik və bununla da hesab olunurdu ki, məzun olduqdan sonra məktəbdə müəllim işləyə bilərik. Diplomumuza da ixtisas olaraq "Riyaziyyatçı-riyaziyyat müəllimi" yazılırdı.
Yuxarıda adlarını çəkdiyim pedaqoji ali məktəblərdə də müəllim hazırlığı təxminən belə aparılırdı. Bu barədə fikirlərimi yekunlaşdıraraq demək istəyirəm ki, həmin dövrdən başlayaraq müəllim peşəsinin nüfuzu bir qədər də aşağı düşdü. Doğrudur, o illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutu fəaliyyət göstərsə də, orada da bu işə məsuliyyətlə yanaşılmırdı. Başqa sözlə, müəllim öz peşəsini dərs deyə-deyə öyrənirdi.
Digər bir problem də ondan ibarət idi ki, sonrakı illərdə ali təhsil sistemində də keyfiyyət məsələləri unudularaq, kəmiyyətə üstünlük verilməyə, məktəblərin sayı ilə bərabər, institutların (universitetlərin) sayı, mövcud olan ali məktəblərdə təhsil alanların sayı da sürətlə artmağa başladı. Məsələn, bizim tələbəlik illərində, yəni 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsinin Azərbaycan bölməsinin bir kursunda 75 nəfər (50 nəfər Riyaziyyat, 25 nəfər Mexanika ixtisaslarında) təhsil alırdı. Onlara əsas kurslardan mühazirələri - həndəsədən Maqsud Cavadov, riyazi analizdən Arif Babayev, ali və xətti cəbrdən Rüstəm Sultanov, diferensial tənlikdən Qoşqar Əhmədov və Kazım Həsənov, Riyazi-fizika tənliklərindən Məcid Rəsulov, Funksional analizdən Zahid Xəlilov və Əşrəf Hüseynov, Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsindən Əmir Həbibzadə və Karlen Xudaverdiyev, kompleks dəyişənli funksiyalar nəzəriyyəsindən Arif İsmayılov kimi, deyərdim ki, dünya səviyyəli alim və müəllimlər oxuyurdular. Bir müddət sonra isə qəbul planı artırıldı və həmin fakültənin Azərbaycan bölməsinin hər kursunda 200 nəfər təhsil almağa başladı. Təbii ki, onlara yuxarıda adlarını çəkdiyim fənlərdən mühazirələri oxumağa həmin şəxslərin imkanı çatmazdı. Belə olan halda, universitetdə müəllimlərin sayı birdən-birə artmağa və kəmiyyət keyfiyyəti üstələməyə başladı. Bu da kadr hazırlığına və müəllim nüfuzuna öz mənfi təsirini göstərməyə bilməzdi.
Bir məsələni də xatırlayıram ki, müstəqilliyin ilk illərində özlərini təhsil eksperti hesab edən bəziləri Azərbaycanın hər 100 min nəfərə düşən alitəhsillilərin sayına görə bir sıra olkələrdən geridə qaldığını əsas gətirərək ali məktəblərin sayını və onlara tələbə qəbulu planını artırmağı tələb edirdilər. Həmin ekspertlər "bəs o tələbələrə dərsləri kimlər deyəcək?" sualına cavab verə bilmirdilər, ancaq inad edirdilər ki, ali məktəblər və onlara tələbə qəbulu planı artırılsın. Əlbəttə, mən ölkəmizdə alitəhsillilərin sayının artmasının əleyhinə deyildim, ancaq bu artımı etməzdən əvvəl həmin ali məktəblərin maddi-texniki bazasının və elmi-pedaqoji potensialının olmasını zəruri hesab edirdim. Təəssüf ki, nəticədə sonralar böyük çətinliklərlə bağlanmasına nail olduğumuz özəl "universitetlər" açıldı, təsadüfi adamlar orada müəllimliyə dəvət olundu, oraya müxtəlif yollarla qəbul olunmuş tələbələr isə məzun olduqdan sonra orta məktəblərdə müəllimlik etməyə başladılar və bu amil də təhsildə kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini üstələməsinə daha bir səbəb oldu, beləliklə, həm təhsilimizin keyfiyyəti, həm də müəllim nüfuzu aşağı düşməkdə davam etdi.
Əlbəttə, təhsil müəssisələrinin və təhsil alanların sayının artması hər bir millətin baş ucalığıdır. Ancaq həmin müəssisələrdə dərs deyəcək müəllimlərin hazırlanması, maddi texniki bazanın müvafiq tələblərə cavab verməsi bundan da vacibdir.
Müəllim nüfuzuna mənfi təsir göstərən amillər sırasına 1988-ci ilin qışında Ermənistanda yaşayan 300 minə yaxın soydaşımızın bir neçə gün ərzində zorla öz ata-baba yurdundan qovulmasını, 1988-1992-ci illərdə Dağlıq Qarabağ ətrafında baş verən məlum hadisələr nəticəsində bir milyona yaxın insanın məcburi köçkünə çevrilməsini, baş vermiş siyasi hadisələrin iqtisadi durğunluğa, kəskin maliyyə problemlərinə gətirib çıxarmasını, müəllimlərin sosial vəziyyətlərinin aşağı düşməsini, buna görə də istedadlı, yüksək peşəkarlıq qabiliyyətinə malik (kişi) müəllimlərin əksəriyyətinin təhsil sistemini tərk etməsini də daxil etmək lazımdır. Yenə də yaranan müəllim çatışmazlığının yerini təsadüfi adamlar, pedaqoji fəaliyyətə ürəyinin çağırışı kimi yox, "birtəhər gün keçirmək" kimi baxan minlərlə insan tutdu, bu da öz növbəsində müəllim nüfuzuna kəskin mənfi təsirini göstərdi.
Onu da qeyd etmək lazımdır ki, 1992-ci ildə qəbul edilmiş Təhsil Qanununa müvafiq olaraq ümumtəhsil məktəblərində pedaqoji işçilərin həftəlik tarif stavkasının 18 saatdan 12 saata endirilməsi, əslində, mütərəqqi addım idi və müəllimlərin dərs yükünün optimallaşdırılmasına, öz peşəkarlıq səviyyəsinin artırılması imkanlarının genişləndirilməsinə, eyni zamanda, mövcud qanunvericilik çərçivəsində dərs yükünün artırılması vasitəsilə onların sosial müdafiəsinə yönəlmişdi. Lakin bu mütərəqqi addım da bir sıra yeni problemlərin yaranmasına gətirib çıxardı. Belə ki, məktəblərdə kütləvi surətdə yeni müəllimlərin işə qəbuluna şərait yaradıldı. Əksər hallarda ixtisaslı kadrlar olmadığı üçün qeyri-ixtisas sahibləri, hətta qeyri-pedaqoji təhsillilər də haradansa sertifikatlar əldə edərək məktəblərdə müəllim işləməyə başladılar. Ölkədə müəllimlərin sayı kəskin şəkildə artdı, müəllim-şagird nisbəti aşağı düşdü. Təsəvvür edin ki, əgər 1991/92-ci tədris ilində ümumtəhsil məktəblərində 130 min müəllim fəaliyyət göstərirdisə, 1995/96-cı tədris ilində, cəmi 4 ildən sonra onların sayı 28 min nəfər artaraq 158 minə çatmışdı.
İnformasiya kommunikasiya texnologiyalarının sürətlə cəmiyyətimizə daxil olması da müəllim nüfuzuna öz təsirini göstərmişdir. Bir tərəfdən yaşlı müəllimlərin (bəzən gənclərin də) müasir texniki vasitələrdən istifadə edə bilməməsi, bir tərəfdən bəzi kənd məktəblərində internetin, yaxud kompüterlərin olmaması, digər tərəfdən isə gənclərin virtual dünya ilə sıx ünsiyyəti nəticəsində məktəb, müəllim, təhsil haqqında olan təsəvvürlərinin dəyişməsi özünəməxsus problemlər yaratmışdır.
Daha bir amil uzun müddət abituriyentlərin seçdiyi əsas peşə üzrə kifayət qədər bal toplamadıqda pedaqoji ixtisaslara qəbul edilməsi olmuşdur. Məsələn, həkim olmaq istəyənlər az bal toplayanda biologiya, ya kimya müəllimliyinə, hüquqşünas olmaq istəyənlər tarix, ya ədəbiyyat müəllimliyinə "düşürdü". Bu gənc müəllimliyi özünə gələcək peşə kimi qəbul etmir, ömrü boyu daxil olmaq istədiyi ixtisasın nostaljisi ilə yaşayırdı. Mən təhsilə rəhbərlik etdiyim illərdə dəfələrlə auditoriyalarda "kim müəllim olmaq arzusu ilə bu fakültəyə qəbul olunub?" sualını vermişəm, demək olar ki, heç kəs əlini qaldırmayıb, hamısı başqa ixtisas almaq üçün imtahanlara qatıldığını bildirib. Təəssüf ki, yüzlərlə tələbə könülsüz olaraq müəllimlik ixtisasında təhsil alıb, qeyd edilən səbəblərə görə oxuduğu müddətdə də müəllimlik peşəsini sevə bilməyib, universiteti "birtəhər" başa vurub, nəticədə isə müəllim işləməli olub. Beləliklə, pedaqoji sahəni təsadüfən seçən, qəlbən, ruhən deyil, yalnız diplomuna görə müəllim olanların sırası ilbəil çoxalıb.
Qeyd edilənləri ümumiləşdirərək son 80 ilə yaxın bir müddətdə ölkəmizdə müəllim nüfuzunun aşağı düşməsinə aşağıdakı amillərin səbəb olduğunu söyləmək olar: müxtəlif obyektiv və subyektiv səbəblərdən müəllimlərin sayının artırılması və beləliklə, onların sırasına təsadüfi insanların daxil olması; müəllimlərin sosial müdafiəsi sahəsində vaxtında təsirli tədbirlərin görülməməsi; müəllim hazırlığının kifayət qədər təkmil olmaması, təhsil müəssisələrində pedaqoji fəaliyyətə hazırlanan müəllimlərin ixtisası üzrə biliklərinin, peşəkarlıq səviyyəsinin aşağı olması; müəllim olmaq istəyənlərin seçim mexanizminin təkmil olmaması; uzun illər ərzində ali məktəblərə sənəd verən abituriyentlərin seçim zamanı pedaqoji ixtisasları siyahının sonunda "hər ehtimala qarşı" göstərməsi; bir çox hallarda cəmiyyətin inkişafında təhsilin rolunun və müəllimin missiyasının layiq olduğu səviyyədə qiymətləndirilməməsi; müstəqilliyin ilk illərində məktəbə və təhsilə münasibətin mənfi istiqamətdə dəyişməsi, dağıdıcılıq meyllərinin təhsil sisteminə də sirayət etməsi, bu səbəbdən müəllimlərin, xüsusən təcrübəli kadrların kütləvi şəkildə digər sahələrə və xarici ölkələrə üz tutması; informasiya cəmiyyətinin yaranması ilə müəllimə olan tələblərin dəyişməsi və s.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu önəmli sahənin problemlərinin həllini daim nəzarətdə saxlaması son illərdə pedaqoji kadr hazırlığında, müəllimlik peşəsinə maraqda ciddi dəyişikliklər yaratmışdır. Ölkəmizdə son illərdə strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması istiqamətində ciddi islahatlar həyata keçirilir, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün idarəetmə sistemi yenidən qurulur, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi önə çəkilir. Ümid edirəm ki, bu dəyişikliklər böyük ənənələri olan Azərbaycan təhsilinə öz müsbət təsirini göstərəcək, cəmiyyətimiz həmişə olduğu kimi məktəbə, müəllimə dərin rəğbət duyğusu ilə yanaşacaq, müəllim nüfuzu bərpa ediləcəkdir.
Misir MƏRDANOV
525-ci qəzet.- 2022.- 6 oktyabr. S. 10-11.