YAP - Cənubi
Qafqazın ən böyük aparıcı siyasi qüvvəsi
Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətdə olan qüvvələrin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meylləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.
YAP Cənubi Qafqazın ən böyük partiyasıdır. Bu partiya ümumxalq partiyasıdır. Bu partiyada cəmiyyətin bütün təbəqələri iştirak edir və hər zaman islahatlara açıq olan partiyadır.
Ulu öndər Heydər Əliyevin yaratdığı partiya onun öz sözlərində deyildiyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır".
Prezident İlham Əliyev isə deyib ki, bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil: "Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir".
Prezident İlham Əliyevin bu fikirləri Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır.
Güclü lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirdi və siyasi səhnədə yüksəlişə keçərək layiqli yer tutdu. Bunu mümkün edən bir çox strateji faktor var idi. Ən əsası o idi ki, Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz dövrün çağırışlarına, reallıqlarına uyğun müəyyənləşdirmişdi, YAP, sözün əsl mənasında, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qəytiyyətli müdafiəçisinə çevrilmişdi. Digər tərəfdən, Ulu öndərin yüksək nüfuzu, xalqın ona böyük inamı, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu. Partiyamız qısa müddət ərzində milli seçim - Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.
Hələ yarandığı vaxt öz məqsədyönlü, nümunəvi fəaliyyəti ilə müxalifətçiliyin sivil qaydalarını və normalarını müəyyənləşdirən Yeni Azərbaycan Partiyası yeni siyasi mədəniyyət nümunəsi ortaya qoydu. YAP nümayiş etdirdi ki, müxalifətçilik dövlətin maraqlarına zidd mövqe tutmaq üçün deyil, iqtidar partiyası kimi fəaliyyət göstərmək, hər şeydən əvvəl, məhz xalqa xidmət etmək, onun mənafeyini qorumaq prinsiplərinə əsaslanmalıdır. Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin institusional sütunlarından olan siyasi sistemin təşəkkül tapması baxımından da əlamətdar idi. Çünki o zamana qədər Azərbaycanda sivil siyasi münasibətlərdən - siyasi qüvvələr arasında inkişafa xidmət edən sağlam rəqabətdən, milli məsələlərə rasional və konstruktiv yanaşmadan söhbət belə gedə bilməzdi. Yeni Azərbaycan Partiyası məhz bu ictimai-siyasi ənənələri yaratdı, Azərbaycanın gələcək demokratik inkişafının siyasi özülünü qoydu. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə, əslində, siyasi sistemin yaradılması demək idi: "Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir".
Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərini rəhbər tutaraq öz fəaliyyətini bu ideologiya əsasında qurub.
Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər", - deyə bildirmişdi. Zaman Ümummilli liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla - yüksələn xətt üzrə davam edir.
Yeni Azərbaycan Partiyası müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən dinamik ictimai-siyasi qüvvədir. Partiyamızın siyasi dinamizmini təmin edən mühüm amillərdən biri uğurlu gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə güclü ictimai dəstək nümayiş etdirməsidir. Bunun nəticəsi özünü gənclərin Yeni Azərbaycan Partiyasına daimi və sürətli axınında göstərir.
Bu gün YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun inkişafına xüsusi diqqət yetirib. Partiyamız tarixi ənənələrə, müasir çağırışlara və mütərəqqi dəyərlərə əsaslanan fəaliyyəti ilə milli həmrəyliyin ideoloji düsturu olan azərbaycançılıq məfkurəsinin geniş təbliğinə və mənimsənilməsinə vacib töhfələr verir. Dünya azərbaycanlılarının, o cümlədən, mütərəqqi qüvvə olan gənclərin milli ideologiyanı əxz edərək yüksək vətənpərvərlik nümayiş etdirməsində YAP-ın bu istiqamətdə məqsədyönlü fəaliyyətinin müstəsna rolu var. Bu, həmçinin, Azərbaycanın sabitlik adası və təhlükəsizlik məkanı kimi sürətli və dayanıqlı inkişafına etibarlı zəmin yaradır.
Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. Daha dəqiq desək, Azərbaycanın davamlı, dayanıqlı və dinamik inkişafına ardıcıl töhfələr verməyi başlıca strateji vəzifə və fəaliyyət istiqaməti kimi müəyyənləşdirən YAP, həmçinin, ölkənin inzibati-coğrafi sərhədlərindən - respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Xüsusi vurğulamaq lazımdır ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.
Beləliklə, Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan və müasir Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında misilsiz xidmətlərə imza atan Yeni Azərbaycan Partiyası öz müzəffər liderinin -Prezident İlham Əliyevin rəhbərliyi altında yeni tarixi vəzifələrin icrası prosesinə böyük töhfələr vermək iqtidarında və niyyətindədir. Bu, ilk növbədə, 30 illik erməni işğalından azad edilmiş Qarabağın bərpası və yenidənqurulması kimi tarixi missiyanın icrası, habelə epoxal uğurlarımızın təminatında müstəsna əhəmiyyətə malik olan siyasi dialoq mühitinin qorunması və dərinləşdirilməsi prosesinə yüksək səviyyəli dəstəyin verilməsi anlamını özündə ehtiva edir.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 6 oktyabr. S. 12.