Nazim Hikmətlə unudulmaz görüş

 

Görkəmli türk yazarı Əziz Nesin Nazim Hikmət haqqında: "Nazim Hikmət dünyanı dolaşan Türkiyə şarkısıdır", - deyir. Fikrimcə, Nazim Hikmətin ədəbi irsinin türk musiqisi qədər uzunömürlülüyünü işarələyən bu fikirlər ədibin yaradıcılığının mahiyyətini tam dolğun ifadə etməklə yanaşı, onun yaradıcılıq coğrafiyasını da müəyyən edir. Şübhəsiz ki, Nazim Hikmətin "dünyanı dolaşan" yaradıcılıq miqyasında Azərbaycan özünəməxsus yer tutur. O da şübhəsizdir ki, Azərbaycan mövzulu şeirləri şairin yüksək poetik istedadı üçün geniş imkanlar açır. Belə ki, "günəşli buğda zəmisi"nə bənzətdiyi Azərbaycanın paytaxtı Bakı vətən həsrətli şairin xatirələrin ağuşunda boğulduğu mənəvi duyğusallıq anında üz tutduğu həmdəm, həmsöhbətdir:

 

Gecə vaxtı, zil qaranlıqda

ulduzsuz ağır dənizə qədər

günəşli buğda zəmisidir Bakı şəhəri.

Təpədəyəm

ovuc-ovuc çarpar üzümə işıq dənələri

havada rast peşrəvi Bosforun suları kimi axar.

Təpədəyəm

uzaqlaşır ucsuz-bucaqsız ayrılıqda

bir sal kimi ürəyim,

gedər xatirələrin gerisinə,

ulduzsuz, ağır dənizə qədər

zil qaranlıqda.

 

 Digər şeirində, "yaşıllığı pul-pul, göylüyü azacıq..." olan Xəzərə həsr etdiyi "Qapalı dəniz"də o, yalnızlıqdan, təklikdən söhbət açır:

 

Keçdim Xəzər dənizindən onun ipəkli bir günündə.

Durmaqdaydı gəmimizin önündə

qanadsız bir qapı kimi apaçıq.

Hansı dəniz onun kimi qapalı,

hansı dəniz onun kimi dənizlərdən xəbərsiz,

hansı dəniz onun kimi tək-tənha?!

 

 Tənhalıqdan gileylənir şair... Bəlkə Xəzərin timsalında öz tənhalığına qəm ortağı arayır? Bəlkə elə "Hansı şair Nazim kimi tək-tənha?!" demək istəyir. Bəlkə... Kim bilir?

"Bakıya gəldim, dünyalar mənim oldu", deyir Nazim Hikmət. Və onun Azərbaycana ilk gəlişi 1927-ci ilə təsadüf edir. Milli poeziyamıza yeni ruh gətirən, bir çox şairlərin yaradıcılıq yoluna işıq tutan 26 yaşlı şairin "Günəşi içənlərin türküsü" kitabı da 1928-ci ildə məhz Azərbaycanda nəşr olunur. Ən böyük arzusu yenidən Azərbaycana gəlmək olsa da, tale yalnız otuz ildən sonra ədibin bu böyük arzusunu gerçəkləşdirə bilir. Həmin gəlişin bir epizodunu ədibin yaradıcılığının yorulmaz tədqiqatçısı, professor Aqşin Babayev Nazim Hikmətin 110 illik yubileyinə həsr olunmuş "Ad günün mübarək, ustad!" adlı məqaləsində belə təqdim edir: "1957-ci il... Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti F.Ə.) iclas salonu, Nazim Hikmət kürsüdədir. Biz tələbələr uzaqdan-uzağa seyr edirik onu. Gur səsi dalğa-dalğa yayılır: "Bu müqəddəs, bu qüdsal evinizə darülfünunuza çağırdığınız üçün təşəkkürlər edirəm. Məni dünyanın ən bəxtiyar insanlarından biri yapdınız. Və mən indi burada düşünürəm ki, bəlkə mən görmədim, amma oğlum görəcək, necə İstanbulda da, bizim universitetdə də belə bir salon olacaq, oraya da Azərbaycandan bir şair gələcək, məsələn, indi burda şeir oxuyan bu qızcığaz gələcək. Siz məni necə qarşılayırsınızsa, onlar da onu elə qarşılayacaqlar. O şairdən bir istəyim var. O, oraya getdiyi vaxt mənim istanbullu gənclərimə desin ki, bizə də sənin Nazimin gəldi. Biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şeyi öyrətdik. Nə öyrəndisə bu dünyada, çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın. Və məndən salam söyləsin. Çünki bəlkə mən məmləkətinəmi qovuşa bilmədim. Amma o mənim məmləkətimi görəcək".

Həmin görüşdə iştirak edən tələbələrdən biri olduğum üçün özümü şanslı insanlardan biri hesab edirəm. O zaman mən Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin dördüncü kursunda oxuyurdum. Bir gün ətrafa səs yayıldı ki, böyük türk sənətkarı Nazim Hikmət tələbələrlə görüşmək üçün universitetə gəlir. Bizi dekanlığa çağırıb məlumat verdilər ki, ədib biz tələbələrlə görüşüb söhbət edəcək. Nazim Hikmətə gül dəstəsini təqdim etməyi mənə tapşırdılar. Mən gül dəstəsini təqdim edərkən eyni zamanda şair haqqında ürək sözlərimi, düşüncələrimi də söyləməli idim. Görüş zamanı şairə yaxınlaşıb gül dəstəsini təqdim etdim və dedim: "Sizin hikmətli kəlamlarınız biz tələbələrə doğru yol göstərir. Məhz buna görə də Sizi sevirik. Siz də biz oxucuları yüksək dəyərləndirirsiniz. Bugünkü görüş də bunun əyani sübutudur". O, məni diqqətlə dinlədikdən sonra soruşdu: "Adın nədir?" Mən cavabında: "Fatma"  dedim. O duruxdu və əlavə etdi: "Fatma yox, Fatimə. Görürsən, necə incə səslənir?" Sonra üzünü yanımda dayanmış tələbə yoldaşıma tutaraq: "Bəs sənin adın nədir?" deyə soruşdu. Rəfiqəm: "Ofeliya", dedi. Şair etirazını bildirərək: "Ofeliya ingilis adıdır. Qoy bu adı onlar qoysun. Kaş ki, sənə Xədicə adını qoyardılar", - dedi. Biz uzun-uzadı söhbət etdik.

Universitetdə bolqar tələbələrindən şəxsən tanıdığım Xədicə, Ləman, Həlimə, Aytən və başqaları təhsil alırdılar. Bir də gördük ki, onlar Nazim Hikməti dövrəyə alıb ədibin yaradıcılığına hərarətli şəkildə sevgilərini bildirirlər. Biz tələbələr, sonralar uzun müddət bu görüşün təsirindən çıxa bilmədik.

Bu unudulmaz hadisənin üstündən artıq 65 il keçir. Bu uzun zaman məsafəsinə baxmayaraq hər dəfə böyük Nazim Hikmətin adı çəkiləndə bu əzəmətli insanın siması ilk görüşdəki kimi gözlərim önündə canlanır və hələ də bu görüşün xoş təəssüratından qurtula bilmirəm. Şanslıyıq ki, "Bu dünyadan Nazim keçdi"(Vala Nürəddin) və o Nazim biz tələbələrin də könül dünyasının qonağı oldu. Və illər keçdikcə daha da əmin oluram ki, Nazim Hikmət 61 illik qısa ömrünü hədər yaşamadı, həyatını "qaranlıqların aydınlığa" çıxması yolunda şam kimi əritdi, cismani yoxluğu yaradıcı varlığını üstələyə bilmədi. Vətən həsrəti ilə yaşadı, bu həsrət "saçlarının ağı"na, "ürəyinin infarktı"na, "alnını qırışları"na çevrildi, cismani yoxluğuna cığır açdı:

 

 Məmləkətim, məmləkətim, məmləkətim!

Nə səndə tikilən papağım qaldı,

yollarını ölçmüş ayaqqabım.

Şilə malı - son pencəyim

köhnəldi, düşdü çiynimdən.

Sən indi qalmısan ancaq

saçlarımın ağında,

ürəyimin infarktında,

alnımın qırışlarında, məmləkətim!

Məmləkətim, məmləkətim!

 

 Doğma məmləkətində - Türkiyədə doğuldu, lakin dünyanın şairi, bəşəriyyəti hürr yaşamağa dəvət edən humanist ruhlu dünya şairi oldu. Əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olundu, pyesləri dünyanın bir çox səhnələrində tamaşaya qoyuldu. Ədəbi irsinə maraq azalmadı, əksinə ildən-ilə daha da artdı. Və 120 yaşlı Nazim Hikmət cismani yoxluğundan sonra keçən 59 il ərzində də dünya insanları ilə birgə addımladı.

Cismani yoxluğundan on il əvvəl, 1953-cü ildə qələmə aldığı "Vəsiyyət" şeirində Nazim Hikmət yazır:

 

 Anadoluda

bir kənd qəbristanında basdırın məni

təsadüfən

başım üstündə bir çinar olarsa

daş-maş da istəməz.

 

Vəsiyyəti reallaşmadı, Moskvada "Novodeviçye" qəbiristanlığında dəfn olundu. Sözsüz ki, həsrət, nisgil içində yaşasa da, azad ruhu hələ də hər zaman varlığıyla bağlı olduğu doğma Türkiyəsinə pənah gətirir, Anadolunun mavi səmalarında dolaşır. Bir vəsiyyəti də vardı. Vaxtilə Bakı Dövlət Universitetinin iclas salonunun kürsüsündə o vaxkı gənclərə ünvanladığı vəsiyyət... Kim bilir, Nazim Hikmətin hərarətli, bir o qədər də nisgilli çıxışının təsirindən qurtula bilməyən, sonralar ölkənin ictimai, siyasi, elmi, ədəbi həyatında mühüm yer tutan neçə-neçə insan sanki bu böyük vətənpərvərin vəsiyyətini yerinə yetirmək üçün hər dəfə onun ruhunun dolaşdığı Türkiyəyə, əsərlərində sevə-sevə təsvirini verdiyi, lakin qovuşa bilmədiyi məmləkətini görməyə can atıb, neçə-neçə Azərbaycan insanı istanbullu gənclərə onun salamını yetirib?!

 

Fatma ƏLİYEVA

525-ci qəzet.- 2022.- 6 oktyabr. S. 15.