Dünya mətbuatı
Ermənistanın Edillidəki cinayətlərindən
yazıb
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın müharibə cinayətlərinin növbəti sübutudur. 30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibələrində hərbi cinayətlər törədərək dinc insanları hədəfə alıb, Xocalı kimi dəhşətli qətliam törədib, beynəlxalq konvensiyaları pozaraq əsirlərə, girovlara qarşı misli görünməmiş işgəncələr verib. Üstəlik, işğaldakı ərazilərimizə qarşı da terror həyata keçirib, şəhərlərimiz, kəndlərimiz tamamilə dağıdılıb, təbii sərvətlərimiz talan edilib, mədəni-dini irsimizə, təbiətə qarşı ubisid həyata keçirilib. Edillidəki kütləvi məzarlıqda hərbçi olduqları ehtimal edilən 12 azərbaycanlının əlləri, qolları bağlanaraq torpağa basdırılıb. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərir. Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır beynəlxalq cinayətdir.
Bu gün bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparan, "saxta" görüntüləri tirajlayan Ermənistan illərlə törətdiyi müharibə cinayətlərinə görə cavab verməli olacaq. Çünki bu amansız, qəddar hərəkətlər, cinayətlər bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır.
Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı məlumatlar dünya mətbuatının da diqqət mərkəzindədir. Bir sıra aparıcı KİV-lər, o cümlədən, Türkiyənin Anadolu və DHA xəbər agentlikləri, "TRT Haber", "TGRT", "TRT Avaz", "CNN Türk" və başqa telekanallar, "Milliyet", "Yeni akıt", "Star", "Vatan" və digər qəzetlər erməni vandalizminin daha bir nümunəsi olan işğaldan azad edilən Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər. Qeyd olunub ki, məzarlıqda aşkar edilən geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Skeletlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri var ki, bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir.
Fransanın "Frans-Press" agentliyi, "20 Minutes", "Le Progres", "Durabull-products" və digər portalları da Edillidə aşkarlanan ikinci kütləvi məzarlıqdan yazıblar. Vurğulanıb ki, bu ilin fevralında Edillidə işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıq tapılıb. Həmçinin, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 minə yaxın azərbaycanlı haqqında hələ də məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina edir.
Qətərin "Əl-Cəzirə" agentliyi Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilərin işgəncələrə məruz qalaraq edam edildiklərini yazıb.
"Thesundaily" nəşri, "news7d.com", "barrons.com", "move-artistic.com", "inversezone.com" portalları Edilli aşkarlanan kütləvi məzarlıqla bağlı xəbərləri "Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir" sərlövhəsi ilə dərc edib.
Xarici media yazılarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı tviter hesabındakı paylaşımına istinadla qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı hərbçilər işgəncə verilərək qətlə yetirilib. Vurğulanıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı hərbçi və mülki şəxsin taleyi barədə məlumat yoxdur və Ermənistan kütləvi məzarlıqların yerini bildirməkdən yayınır.
Moldovanın "Noi", "Dosarmedia" və digər xəbər portalları da bu mövzuda yazıb, Azərbaycanın Hərbi Prokurorluğunda müvafiq maddələr üzrə cinayət işinin açıldığı vurğulayıb.
Qeyd olunub ki, istintaq zamanı Xocavənd rayonunun Edilli kəndi ərazisinə bu il fevralın 23-26-da baxış keçirilərkən kütləvi məzarlıqdan 7 şəxsə aid, sentyabrın 14-30-da isə 18 şəxsə aid insan sümük qalıqları aşkar edilərək götürülüb. İş üzrə zəruri ekspertizalar təyin edilməklə sümük qalıqlarından nümunələr götürülüb və məhkəmə molekulyar-genetik tədqiqatına təqdim edilib. Həmin hadisələrin şahidi olmaqla 1993-cü il avqustun 28-dən 1994-cü il dekabrın 14-dək Ermənistanda əsirlikdə olmuş və müxtəlif növ işgəncələrə məruz qalmış Füzuli rayon sakini Şəmsi Şıxəliyev zərərçəkmiş şəxs qismində tanınıb.
İspaniyanın EFE informasiya agentliyi, "SWI swissinfo.ch" xəbər və informasiya onlayn-xidmətinin ispandili versiyası (İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) beynəlxalq onlayn platforması, MSN xəbər portalı mövzu ilə bağlı "Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş insanlar - sağalmayan yara" sərlövhəli məqalələr dərc ediblər.
Məqalələrdə Azərbaycanın 2020-ci ildə işğaldan azad olunmuş Xocavənd rayonunun Edilli kəndində bu yaxınlarda üç kütləvi məzarlığın aşkar edilməsinin Qarabağda Birinci müharibə zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi ilə bağlı uzunmüddətli prosesdə daha bir addım olduğu qeyd edilib.
Azərbaycanın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Tibbi Məhkəmə ekspertizası şöbəsinin müdiri Nuranə Hüseynova EFE-nin jurnalisti ilə söhbətində deyib ki, üç kütləvi məzarlıqda hərbçilərə aid olduğu ehtimal edilən 18 cəsəd aşkar edilib. Ekspertizanın rəyindən sonra bu insanların taleyi ilə bağlı daha dəqiq təsəvvürümüz olacaq. Həmçinin, vurğulanır ki, bu ilin fevralında Edillidə mülki şəxslərə aid olduğu ehtimal edilən 7 nəfərin qalıqları aşkarlanıb, onların identifikasiyası prosesi hələ başa çatmayıb.
EFE agentliyin müsahibəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Namiq Əfəndiyev bildirib ki, itkin düşmüş insanların axtarışı - Birinci Qarabağ müharibəsindən geri dönməyi bacaran azərbaycanlı hərbi əsirlər və girovların ifadələrinə əsaslanır və bu, çətin işdir: "Şahid ifadələri və digər məlumat əsasında müəyyən olunub ki, Birinci Qarabağ müharibəsi zamanı əsirlər və girovlar ətraf ərazilərdən Edilliyə gətirilmişdi. Burada yerləşən bölüşdürücü məntəqədən onlar daha sonra Qarabağın digər rayonlarına və Ermənistana göndərilirdi. Ermənilər şəhərdə qalan hərbi əsirləri yol təmirində işləməyə məcbur edirdilər. Təmir işlərində isə münaqişə zamanı dağılmış azərbaycanlı evlərinin daşlarından istifadə olunurdu".
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva hesab edir ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda basdırılması insanlıq məvhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərin kobud formada pozulmasıdır. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.
O deyib ki, müasir beynəlxalq hüququn xüsusi sahəsi olan beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr, yaxud hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir. Bu qaydalar döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin, münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən müvafiq beynəlxalq konvensiyaları pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərir: "Edilli kəndi ərazisdində aşkar edilmiş kütləvi məzarlıqla bağlı hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır. Düşünürəm ki, məsələ müvafiq beynəlxalq instansiyalar səviyyəsində qaldırılacaq və Ermənistan törətdiyi ağır hərbi cinayətlərə görə cəzalandırılmalıdır".
S. Fətəliyeva qeyd edib ki, hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar edib, onlara işgəncələr verərək, qətlə yetirib: "Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib. Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiqdir. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirir".
Pərvanə
525-ci qəzet.- 2022.- 7 oktyabr. S. 5.