RÜBAİLƏR

 

 

Az qalıb səksənə çatmağa yaşım,

 

Cücərməz torpağım, göyərməz daşım.

 

Başımı qar alıb, yetişib qışım,

 

Bitibdir çıxışım, artır təlaşım.

 

lll

 

Dünyamız fırlanır zaman içində,

 

Əlində ələkdir, saman içində.

 

İnsanlar ələnir bir-bir ələkdən,

 

Ülgüdə, ölçüdə, yaşda, biçimdə.

 

lll

 

Bu dünyadan o dünyaya səs çatır,

 

Ora gedən, yollanan hər kəs çatır.

 

Bu dünyadan köç eyləyən, gedən çox,

 

Qismətinə bir torpaq qəfəs çatır.

 

lll

 

Bir ürək görmədim ola kədərsiz,

 

Qüssəsiz insanlar olar təpərsiz.

 

Qəlblərdən sevinc və kədər silinsə,

 

Hamı yaşayacaq duyğusuz, hissiz.

 

lll

 

Olar eniş-yoxuş həyatda yolun,

 

Qaranlıq, ya işıq olacaq sonun...

 

Qaranlıqdan qorunmağa nə var ki,

 

Çalış qatı zülmətindən sən qorun.

 

lll

 

Qulaq as, gör sənə nə deyir ürək,

 

Nə deyir müqəddəs o kitab görək:

 

Haram tikə yeyən, nahaq qan tökən

 

Məkkəyə heç zaman getməsin gərək!

 

lll

 

Demə ki, ölümə çatmayır yaşın,

 

Bu fikir yanlışdır, sən ondan daşın.

 

Sağlamlıq olmasa, ölüm gələcək,

 

Bişəcək taledən turşulu aşın...

 

lll

 

Hər fəsil ömürdə yerini bilir,

 

Hər biri vaxtında görüşə gəlir.

 

Bahar gül-çiçəklə çıxır qarşıma,

 

Qış paltarında üzümə gülür.

 

lll

 

Üstümüzdə bu dünyanın yükü var,

 

Çox böyük bir şələsi var, çəki var.

 

Çoxları hələ də dərk eyləməyib,

 

Dünyanın əliboş, yüksüz tərki var.

 

lll

 

Yaxşılıq düzlərdən, doğrudan gələr,

 

Yamanlıq əyridən, oğrudan gələr.

 

Hər nəyin səbəbi, nəticəsi var,

 

Xəstəlik başlayan ağrıdan gələr. 

 

lll

 

Yoxdur sənə bu dünyada tay, dünya,

 

Eşit bizim səsimizi, ay dünya.

 

Kim nə sayır, öz işidir, qoy saysın,

 

Əsas odur, sən saydığın say, dünya!

 

lll

 

Ölüm baxmaz nə nökərə, əmirə,

 

Hər kəsi göndərir bir son səfərə.

 

Ehtiram göstərin məzarıstana,

 

Məzarlar nöqtədir sanki ömürə.

 

lll

 

Dünya çürük qoz kimidir, a qardaş,

 

Dünya yoluq qaz kimidir, a qardaş.

 

Öz başına çara qıla bilməyir,

 

Haqdan ölüb, buz kimidir, a qardaş! 

 

lll

 

Sev məni, ürəyim olsun dağ boyda,

 

Sev məni, sevinsin ulduz da, ay da.

 

Sevginin çox böyük hörməti vardır,

 

Sev məni, qaynanam ağlasın toyda.

 

lll

 

Tamah salma dünyanın daş-qaşına,

 

Çox bəlalar gəlib çıxar qarşına.

 

Nəfsi endir ayağının altına,

 

Endirməsən, bir daş salar başına.

 

lll

 

Kişi xırdalanmaz, kişi bölünməz,

 

Kişilik əbədi, kişilik ölməz.

 

Kişilər içində nakişi də var,

 

Nakişi olmasa, kişi bilinməz.

 

lll

 

Qocalıq yaxandan yapışsa əgər,

 

Boynuna yük qoyar, belin bükülər.

 

Elə qəfil zərbə alarsan ondan,

 

Ağzında dişlərin birdən tökülər.

 

lll

 

Nəyinə gərəkdir artıq simu-zər,

 

Onunla nadanlar üstünü bəzər.

 

Köhlənin yəhərin qızıldan etsən,

 

Belini əzər o, könlünü üzər.

 

lll

 

Qəlbin gərək ayna tək təmiz ola,

 

Məhəbbəti, sevgisi hədsiz ola.

 

Kükrəyən dəniz tək hey aşıb-daşa,

 

Hamıya gərəkli, çox əziz ola.

 

lll

 

Ürəyimdə yerin vardır, a gözəl,

 

Düşünmə ki, yerin dardır, a gözəl.

 

Sevən ürək dünya qədər genişdir,

 

Ora düşən bəxtiyardır, ay gözəl!

 

 

Qəhrəman ƏLİYEV

525-ci qəzet.- 2022- 7 oktyabr. S.15.