VIII Bakı Beynəlxalq
Kitab Sərgisində yeni təqdimatlar
Oktyabrın 5-dən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Ekspo Mərkəzində təşkil etdiyi VIII Bakı Beynəlxalq Kitab Sərgisi maraqlı tədbirləri, görüşləri və kitablara olan böyük endirimləri ilə davam etməkdədir.
Sərgi çərçivəsində türk tarixçi, böyük elm xadimi İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda İlber Ortaylı Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında çıxış edib. O çıxışında bildirib ki, Türkiyə və Azərbaycan arasında həmişə dostluq, qardaşlıq olub. Bu baxımdan Türkiyə ilə Azərbaycan birliyi siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.
İlber Ortaylı çıxışında türk ədəbiyyatı və tarixi ilə bağlı bir çox konseptual məqamlara toxunub.
Daha sonra tarixçi alim ona ünvanlanan sualları cavablandırıb, iki qardaş ölkənin tarixi-ədəbi mətnlərini ortaq ədəbiyyat kontekstindən təhlil predmetinə çevirib. Görüş İlber Ortaylının təqdim etdiyi yeni kitabını imzalamaqla başa çatıb.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan "İrəvan necə varsa: keçmişdən bu günə" kitabı da sərgi çərçivəsində təqdim olunub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvandakı mədəni irsimizin öyrənilməsinə və təbliğinə böyük önəm verilir. Həmçinin qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən qonşu ölkələrin arxivlərində araşdırmalar aparılacaq.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov, tarixçi Səbuhi Hüseynov kitab haqqında danışıb, önəmindən bəhs ediblər.
Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın qərarına əsasən, "Aspoliqraf LTD" MMC-nin mətbəəsində çap olunub. Kitabın elmi məsləhətçisi mədəniyyət naziri Anar Kərimov, layihənin rəhbəri və elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovdur.
Oktyabrın 6-da sərgi çərçivəsində mərkəzi "Natəvan" guşəsində yazıçı Varislə görüş və imza saatı keçirilib.
Görüş zamanı Varis ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb, Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılıq qabiliyyətinə önəm verib. O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən, habelə səsli kitabların gündəmimizə necə sürətlə daxil olmasından danışıb.
Görüşdə daha çox sual isə yazıçının dövlət sifarişi ilə çap edilən, Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kampaniyası çərçivəsində təbliğ olunan "Qırmızı ləçəklər" kitabı ilə bağlı olub.
Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.
Eyni gün sərgidə uşaq yazarı Nazilə Cavadbəylinin "Balaca qırmızı balıq" kitabının təqdimatı da baş tutub. "Təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru Sevinc Nuruqızı, rəssamı Tahirə Quliyevadır.
"Təhsil" nəşriyyatının direktoru Tural Axundov, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova kitabın uşaqlara aşıladığı tərbiyəvi xüsusiyyətlərdən bəhs ediblər.
Nazilə Cavadbəyli VIII Bakı Beynəlxalq Kitab Sərgisinə Təbrizdən qatıldığını deyib və yaradılan şəraitə görə təşkilatçılara təşəkkürünü bildirib.
Kitab sərgisinin ikinci günündə rus yazıçıları Nina Daşevskaya və Maksim Zamşev "ədəbiyyatda musiqi" mövzusunda fikir mübadiləsi aparıblar.
Bakı Ekspo Mərkəzindəki Rusiya Federasiyasının stendi qarşısında keçirilən tədbirdə yazıçılar əsərlərində söhbət açdıqları musiqi mövzusuna toxunub, qəhrəmanların musiqi dünyasından danışıblar.
Həmçinin, oktyabrın 6-da VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nurlan Məmmədzadənin "İpək yolu" nəşriyyatında çap edilmiş "El üçün ağlayan gözlər" kitabı da təqdim olunub.
Tədbirdə türk yazar Salih Zeki Meriç türk xalqının kitaba bəslədiyi hörmətdən danışıb.
"İpək yolu" nəşriyyatının əməkdaşı Əziz Soltan çıxışında atalara göstərdiyi hörmətə görə müəllifə təşəkkürünü bildirib.
Bütün iştirakçılara minnətdarlığını bildirən müəllif növbəti kitabının mövzusundan danışıb. Bildirib ki, "Çay söhbətləri" adlı kitabını yaxın aylarda tamamlayacaq.
Sonra müəllif təqdimatını keçirdiyi kitabını oxuculara hədiyyə edib, onlarla xatirə şəkli çəkdirib.
525-ci qəzet.- 2022- 7 oktyabr. S.16.