Sönməyən "Ulduz" - 55

 

"Yer kürəsinə ən yaxın ulduz Günəşdi. O, bizi ilin 2 fəsli 149.600.000 km uzaqdan isidir. Azərbaycana ən yaxın ulduz "Ulduz" jurnalıdı. O, bizi ilin bütün ayları yaxından isidir..." (Q.Ağsəs). "Ulduz" həm bizə sinəmizdəki ürək qədər yaxındı, damarımızdakı qan qədər istidi.

Ədəbi nəsillər "Ulduz"la böyüyüb, qocalıb, dünyadan köçüb. İndinin özündə "Ulduz"la doğulan, böyüyən yazarlar pərvəriş tapmaqdadır. Gerçək olan budur ki, bütün qələm əhlinə məlum olan bir həqiqət var - taleyi "Ulduz"dan keçənlər dünyadan köçəndən sonra da yaşamaq hüququ qazanır. Uzun sözün qısası,  həqiqətə nəfəs qədər yaxın olan ulduzlardan yayındırmayaq fikrimizi, "Ulduz" onu yaşadanları yaşadır, bu, "Ulduz"un ona sadiq qalanlara bir vəfa borcudur. Əslində, sadalanan bütün könülaçan fikirlər bir sevincli xəbərə hədəflənib: "Ulduz" jurnalının sentyabr-oktyabr sayı işıq üzü görüb. 55 illik yubileyini silsilə layihələrlə ağırlayan dərgi, sözügedən xüsusi sayını ötən illərdə səhifələrində dərc edilmiş seçmə yazılara həsr edib. Nostalji duyğulara köklənib "Ulduz" bu dəfə, xatırlatmaq üçün, unutdurmamaq üçün! Tarixində ilk dəfə böyük həcmdə fərqli formatda nəşr edilmiş xüsusi nömrənin ideya müəllifi jurnalın baş redaktoru Qulu Ağsəsdir. Dərgi filologiya elmləri doktoru Abid Tahirlinin "Ulduzlar: parlayan, sayrışan ... sönənlər" başlıqlı yazısı ilə açılır. Yazıda mətbuatımızın, eləcə 55 illik şərəfli layiqli yol keçmiş  "Ulduz"un tarixinə nəzər salınır, dərginin hazırda həyata keçirdiyi perspektiv layihələrindən söhbət açılır.

Dərc edilmiş yazılara gəlincə, ilk öncə 1967-ci ilin fevral sayından unudulmaz yazıçı Mir Cəlalın "Abadlıq", 1973-cü ilin dekabr sayından Xalq yazıçısı İsmayıl Şıxlının "Mənim rəqibim", 1990-cı ilin fevral sayından Afaq Məsudun "Qəza" hekayələri diqqəti cəlb edir. Nurəddin Babayevin 1971-ci ilin noyabr sayında dərc edilmiş "Qızlar, sözüm sizədir" yazısının əsasını müəllifə yazılmış iki məktub dövrün gəncliyi haqda yazıçı mülahizələri təşkil edir. 1971-ci ilin dekabr sayında yer almış "Ustad" məqaləsi Xalq şairi Osman Sarıvəllinin Aşıq Ələsgərin 150 illik yubileyi haqda təəssüratlarını, korifey bəstəkarımız Qara Qarayevin 1975-ci ilin dekabr sayında dərc edilmiş "Üzeyir Hacıbəyov haqqında söz" sərlöhvəli yazısı isə böyük bəstəkarın anadan olmasının 90 illiyi ilə əlaqadər düşüncələrini özündə ehtiva edir. Eləcə teatrşünas jurnalist Qulam Məmmədlinin 1981-ci ilin iyun sayında dərc edilmiş "Gənclərin "Molla Nəsrəddin" müəllimi" məqaləsi eyniadlı jurnalın 75 illiyinə həsr edilib. Habelə Firudin Şuşinskinin uzaq 1977-ci ilin oktyabr sayında işıq üzü görmüş  "Qarabağın "Şur"u" adlı yazısı "Şur" ansamblının keçdiyi 25 illik tarixinə işıq tutur. 1978-ci ilin iyul sayında Dilbər Axundzadə ömür-gün yoldaşı Mikayıl Müşfiqi "Müşfiqli günlərim" deyə xatırlayır. Yazıçı Elçin Əfəndiyev 1982-ci aprel sayında "Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr" tənqidi məqaləsi ilə ədəbiyyatşünaslığın bu sahəsinin tarixinə nəzər salır, təhlillər aparılır inkişaf yolları axtarılır. Yazıçı Anarın 1985-ci ilin avqust sayında təqdim edilmiş "Qarabağ şikəstəsi" reportaj-yazısı müəllifin Ağdama, Şuşaya, Laçına səfəri ilə bağlı təəssüratları ilə çərçivələnmir, maraq kəsb edən bir sıra tarixi məqamlara aydınlıq gətirir. Şair Qabilin "Fayton", Musa Yaqubun "Nazim həsrəti", Seyran Səxavətin "Duman nənəm", Aşıq Şəmşirin "Ulduz"un qonağıyam", Ramiz Əliyevin "Bakı-Ağdam", Nüsrət Kəsəmənlinin "Anama", Əli Kərimin " xoşbəxt imişəm bir zaman", Vahid Əzizin "Lövhələr", Xəlil Rzanın "Kişi əlləri", Zəlimxan Yaqubovun (Yaqub) "Üç telli durna", Məmməd Arazın "İlhamım", Dilsuzun "Sevdiyim şairə məktub" , Eldar Baxışın "Davalı günlərin gözləri acdı", Şamxal Rüstəmin "Bircə biləydim məni kimin qarğışı tutdu", Adil Cəmilin "Bu yoxuşu çıxasıyam", Paşa Əlioğlunun "Naxçıvanda dağlar, buludlar, torpaq ağaclar", Oqtay Rzanın "Səs", Məmməd İsmayılın "Bir adam yol gedir məndən qabaqda", Akif Səmədin "Sən Arazdan keçəmməzsən", Bəxtiyar Vahabzadənin "Qorxu" kimi yaddaqalan poeziya nümunələri jurnalın 67-80-ci illər aralığındakı fərqli saylarında dərc edilib. "Ulduz"un redaktorlarından" bölməsində isə müxtəlif zamanlarda jurnala rəhbərlik etmiş Yasif Nəsirlinin (1967-1968), Cabir Novruzun (1968-1972), Akif Hüseynovun (1972-1973), Əhməd Cəmilin (1973-1976), Yusif Səmədoğlunun (1976-1987), Abbas Abdullanın (1987-1992), Ələkbər Salahzadənin (1992-2004), Elçin Hüseynbəylinin (2004-2014) hazırkı baş redaktor Qulu Ağsəsin müvafiq olaraq şeir, hekayə publisistik yazıları təqdim edilib.

"Dərgidə kitab" rubrikasında Əflatun Amaşovun "Qoşa Qarın adamları şeytanları" romanı yer alıb. Qeyd edək ki, romanın ilk hissəsi bundan əvvəl dərginin yanvar sayında, "Qanıq Hasan, bir Qaragöz" adı altında dərc edilmişdi. "Ulduz"un xüsusi nömrəsi jurnalın veteran əməkdaşı Ədalət Həsənin rəsmlərindən ibarət "Dərgidə sərgi" ilə tamamlanır.

 

T.MANSUR

525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 9.