Şuşaya həsr olunmuş "Sən azadsan" kitabı təqdim olunub
Oktyabrın 7-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Sən azadsan" kitabının təqdimat mərasimi baş tutub.
Mərasimi giriş nitqiylə açan Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri, kitabın tərtibçisi və redaktoru Fərid Hüseyn bildirib ki, "Sən azadsan" kitabı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının "Şuşa İli"nə töhfəsidir. Nəşrdə 44 günlük Vətən müharibəsinə, möhtəşəm zəfərimizə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin 20-yə yaxın gənc yazarın həsr etdikləri 30-dan çox ədəbiyyat nümunəsi - şeir, poema, məqalə, esse, reportaj, hekayə, məktub və memuarlar toplanıb. Sözügedən kitabdakı ədəbiyyat nümunələri haqqında məlumat verən F.Hüseyn bu əsərlərin həm də Vətən müharibəsinə, Şuşanın azadlığına gənclərin baxışı olduğunu vurğulayıb.
Layihənin rəhbəri və ideya müəllifi, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov çıxışında kitabın araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsə və müəlliflərə öz təşəkkürünü bildirib. Qeyd edib ki, kitabın adı Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinə müraciətlə dediyi "Əziz Şuşa, sən azadsan!" fikrindən götürülüb.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin rəhbəri Akif Maarifli Vətən müharibəsinə və Qarabağın azadlığına həsr olunmuş bu cür layihənin önəmindən danışıb və Nazirliyin hər zaman belə layihələrə dəstək olduğunu vurğulayıb.
Daha sonra kitabda əsərləri çap olunan müəlliflərdən Emin Piri, İntiqam Yaşar, Şahanə Müşfiq, Nargis, Gülnar Səma, Elmin Nuri, Ramil Əhməd və başqaları çıxış edərək Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük qələbəsindən, "Sən azadsan" kitabının məziyyətlərindən danışıb, kitabda çap olunan şeirlərini səsləndiriblər.
MEHRİ
525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 9.