Üzeyir Hacıbəyli festivalında türk yurdu musiqisinin təntənəsi

 

Azərbaycanda musiqili payızın ilk ayını musiqi kəhkəşanının parlaq ulduzu Üzeyir Hacıbəyli işıqlandırır. İllərdir ki, Bakıda, Azərbaycanın digər şəhərlərində dahi sənətkarın adını daşıyan beynəlxalq musiqi festivalı onun dünyaya gəldiyi sentyabr ayında keçirilir, bizi yeni adlar, yeni əsərlərlə görüşdürür. 2022-ci ildə baş tutan  sayca 14-cü festival da istisna olmadı,  musiqi cameəsində canlanma yaratdı, düşünmək, təhlil etmək, müəyyən qənaətlərə gəlmək tələbatı doğurdu. Bu dəfə festival Üzeyir bəyin doğma yurdunda - musiqi, sənət, poeziya beşiyi Şuşada da vaqe oldu.

Festivalın proqramı olduqca rəngarəng idi: hər bir dinləyici öz zövqünə uyğun konsert, tamaşa seçib sənət bayramına qatıla, onun iştirakçısına çevrilə bilərdi. Bəli, məhz iştirakçısına, çünki konsert yalnız o zaman baş tutur ki, səhnə və zal arasında   emosional rabitə yaranır, nəbzlər bir vurur, ürəklər bir döyünür. Xoşbəxtlikdən, festivalda belə bir hadisəni yaşadıq. Həmin hadisəyə mən yazımın sonunda dönəcəyəm.

Onu da deyim ki, bu il festivalın bir neçə aparıcı mövzusu var idi. Fikrət Əmirovun bir əsrlik yubileyi onun novator mahiyyətli yaradıcılıq ideyalarını qabartmaq, bu möhtəşəm sənətkarı daha geniş kontekstdə təqdim etməyə sövq etdi. Bir sıra proqramlar elə onun adı ətrafında düzənləndi.

Belə bir deyim var: dahi odur ki, istiqamət versin. Fikrət Əmirovun yaradıcılığı bu baxımdan səciyyəvidir. 1948-ci ildə cəmi 26 yaşı olan Əmirov simfonik muğam janrında yazdığı əsərləri ilə musiqi aləmində partlayış yaratdı. Yəqin "Əmirovun cəmi yox, artıq 26 yaşı var idi" demək daha düzgün olardı, çünki o, müqtədir sənətkar, muğam sənətinin sərrafı Məşədi Cəmil Əmirovun ailəsində məktəb keçmiş, Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül ilə təmasda, tar alətini gözəl mənimsəyərək bir musiqiçi kimi püxtələşmişdir. Odur ki, gənc bəstəkar dəstgahın strukturunu qoruyub, onu simfonik orkestrə transplantasiya edərkən yeni bir bədii-estetik sənət hadisəsi ərsəyə gətirmişdi. Romantik estetika süzgəcindən keçirilən muğamın orkestr qiyafəsində  obrazı tam orijinal idi. Əmirovun tapıntıları  onun azərbaycanlı həmkarlarını da, Şərq aləmi bəstəkarlarını da ruhlandırdı. Çox az müddət sonra Niyazinin "Rast"ı günəş kimi parladı,  azərbaycanlı sənətkarlaırn ardınca türk dünyası bəstəkarları "simfonik küy", "simfonik makom" janrında neçə-neçə  maraqlı əsər yaratdılar.

Beləliklə, festivalın konseptual xarakter daşıyan konsertlərindən birinin ideyası müəyyən olundu: "Muğamdan simfoniyaya doğru". Konsertdə Ü.Hacıbəyli adına  Azərbaycan Dövlət simfonik orkestri Yalçın Adıgözəlovun rəhbərliyi altında Əmirovun "Kürd-Ovşarı", Niyazinin "Rast" simfonik muğamlarını ifa etdi. Bu iki işarəvi əsərin  arasında isə dahi sələflərindən estafeti əlinə almış Aqşin Əlizadənin Dördüncü "Muğamvarı" simfoniyası yer aldı.  Meydana gələn bitkin proqram ilk simfonik muğamların da məziyyətlərini anlamaq, XX əsrin son qərinəsində yazılmış muğam-simfoniyaların da özəl cəhətlərini aşkarlamaq imkanı verdi.

Əsərləri dinlədikcə belə bir qənaətə gəldim ki, böyük musiqi mətnləri illər ötdükcə təravətini itirmir, yeni mənalarla zənginləşir.  Hər bir ifada bu mətnin təəccüb doğuran özəllikləri üzə çıxır. Kürd-Ovşarı səslənirdi və biz bu musiqidə keçmişimizi və müasirliyimizi, savaşımızı və qələbəmizi, iztirablarımızı və sevincimizi eşidirdik.

Niyazinin "Rast"ı isə, şübhəsiz, Əmirov ideyalarının rapsodik forma çərçivəsində daha bir heyrətləndirici təfsiri oldu. Əsərin arxitektonikasını mahiranə quraşdıran Niyazi təzadları qabardır, şöbələri daha da iriləşdirir, ən əsası -  bütün musiqi toxumasını polifonik tərzdə yozur.  Tembrlər bərq vurur, elə əcaib, məftunedici kombinasiyalar əmələ gətirirdi! "Rast"ın  dramatik epizodları da, təntənə andıran şöbələri də, incə lirikası da xüsusidir. Orkestrin xiridarı olan Niyazi əsərin musiqi toxumasını sanki bir xalça kimi toxuyur.

Bu il 85 yaşı tamam olan Aqşin Əlizadənin Dördüncü simfoniyası simfonik muğam ideyasının başqa bir yozumunu verdi.

Biz konsertdə o saat ilk simfonik muğamlar və A.Əlizadə simfoniyası arasında estetika səviyyəsində fərqi sezdik. Burada da dəstgaha xas təzadlar qorunub saxlanıb, amma bütün musiqi sanki lirik ekspressiya ilə çulğalaşıb. Əsərdə meditativ ovqatı gücləndirən improvizasiya tipli şöbələr  üstünlük təşkil edir. Rəng və təsnifə bənzər  epizodlar burada yer alsa da, onların təfsiri məxsusidir. "Üç gündən bir, beş gündən bir"  xalq mahnısı - vals qiyafəsində - sanki hansısa kövrək və həyəcanlı xatirələri canlandırır. "Arazbarı" tipli epizod da başqalaşır, yeni cizgilərlə zənginləşir: gah  oynaq, şivəli, gah da enerjili və döyüşkən  səslənir. Bütün bu "metamorfozları"   anlamaq çətin deyil: ağır düşüncələrdən sonra hisslərin açıq, emosional ifadəsi qeyri-mümkündür. Bəstəkar dəstgaha xas  pilləvarı yüksəliş strukturunu saxlayır, amma məxsusi çevrilmiş forma qurur. Belə ki, sonda səslənən "Gül açdı" xalq mahnısı (vokal -  Babək Şuşalı) və başlanğıc tezis arasında rabitə qurulur. Yəni bütün inkişafın  mənbəyi olan xalq mahnısı əvvəldə yox, sonda - uzun inkişaf prosesinin yekunu kimi törəyir. Özü də simfoniya kontekstində bəstəkar xalq mahnısını sitat kimi dəf edib özgünləşdirir.

Vaxtilə bu simfoniyanın doğurduğu təəssüratları belə ifadə etmişdim:  "...sanki uzaq əsrlərdən bir səs eşidilir. Bu səs bizim tarixi yaddaşımıza ünvanlanıb. Bu səsdə həm təlatüm, həm xəbərdarlıq, həm də çağırış var. O, əsər bitdikdən hələ çox-çox sonra təqib edir, həyəcanlandırır. Bizi xalqımızın mənəviyyatı, mədəniyyəti qarşısında bütün məsuliyyətimizi dərk etməyə səsləyir..."

Sözügedən konsertə ön sözümdə bu fikirlərə dönərək bildirdim ki, hər hansı bir əsərin təfsirini vermək, onu dinləyiciyə təlqin etmək nanəcib işdir. Axı əsər elə ifa zamanı - dinləyici ilə təmasda - bitkin şəklini alır və görəsən, bu gün, bu zalda, bu orkestr əsəri necə duyacaq? Biz, dinləyicilər, hansı emosiyaları yaşayacağıq? Sonda ola bilər ki, tamamilə başqa anımlar sırası yaransın, axı həyatın reallıqları istər-istəməz qavrayışımızda təshihlər edir.

Aqşin Əlizadənin simfoniyasında həmin axşam həm kövrək kədər, həm də - ilk dəfə  duyduğum - bir ağrı var idi. Son 30 ilin iztirabları, göz yaşları, acısı-ağrısı sanki  musiqi sədalarına çökmüşdü. Şairin "Nələr çəkmiş başın sənin" misrası da başımda hey fırlanırdı.

Bəstəkarın 1997-ci ildə, 60 illik yubileyi günlərində dediyi sözlər də yadıma düşmüşdü: "Xalqımın tarixi əslində musiqidə ifadəsini tapmışdı. Qəmgin səsləri  daha çoxdur. Amma biz gələcək nəsillərimizdə qələbə hisslərini oyadan əsərlər yaratmağa çalışdıq".

"Muğamdan simfoniyaya doğru" konsertində biz həm də ruhumuzun necə möhkəm olduğunu duyduq. Çünki Niyazi, Fikrət Əmirov, A.Əlziadə kimi  sənətkarların yaratdığı "təxirəsalınmaz, ləğvolunmaz mətnlərə" (Silvestrov) malik xalq, şübhəsiz, bütün çətinliklərə sinə gərib, qürur və ləyaqətlə yaşayır, böyük amallarla qurub-yaradır.

Festivalın Üzeyir Hacıbəylinin müqəddəs adını daşıması, "Üzeyir məktəbindən çıxmış" F.Əmirovun 100 illik yubileyi ilində keçirilməsi, çağdaş dönəmim çağırışları türk dünyasının da musiqisini daha geniş sərgiləmək ideyasını ərsəyə gətirdi.

Festivalın bukletində bu ideya belə təqdim olunub: "Türk yurdunun musiqi aləmi" - bu əzəmətli sərlövhə altında Üzeyir Hacıbəyli festivalının tədbirlər planında türkpərvərlik konsepsiyasını ifadə edən yeni konsert xəttinə başlanğıc verilir. Burada bütün  türksoylu və türkdilli dövlətlərin, xalqların musiqi mədəniyyətlərini, xüsusən də klassik musiqi irsini təbliğ etmək və möhtəşəm Türk yurdunun fərqli və zəngin məmləkətlərini vahid məkanda qovuşdurmaq bir məqsəd olaraq qarşıya qoyulur". Gözəl və şərəfli bir məramdır!

Konsertin ideyasını açıqlamaq məqsədilə  söylədiyim ön sözdə vurğuladım ki, Üzeyir Hacıbəylinin musiqi tarixində rolu artıq çoxdan bəri daha geniş yozulur və onun yalnız "müasir Azərbaycan peşəkar musiqi sənətinin banisi" kimi təqdimatı ilə  məhdudlaşmır. Hələ 1961-ci ildə qazax musiqisinin klassiki - bəstəkar, alim, ictimai xadim Əhməd Jubanov yazırdı: "Ü.Hacıbəyov yalnız Azərbaycan professional musiqisinin deyil, həmçinin, o dövrdə formalaşmağa başlayan digər milli mədəniyyətlərin də atası sayılmalıdır".  2015-ci ildə isə Ü.Hacıbəyli festivalında qazax bəstəkarı Balnur Kıdırbekin "Üzeyir Hacıbəyli türk akademik musiqisinin banisidir" simfonik əsəri səsləndi. Odur ki, festivalda türk dünyası bəstəkarlarının təmsil olunması qanunauyğun və məntiqli idi. Özbəkistan, Qazaxıstan, Tatarıstan,  Türkmənistan bəstəkarları öz əsərlərini bir növ Üzeyir bəyə böyük ehtiramla ərməğan edirdilər.

Layihə iki konsertdən ibarət idi. Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında bir gün öncə məşhur macar bəstəkarı Bela Bartokun Divertismentini, məşhur "türk bəstəkarları beşliyi"nin üzvü olan Həsən Ferit Alnarın qanun və orkestr üçün Konsertini (solist  Çinarə Heydərova), habelə azərbaycanlı Cavanşir Quliyevin Dördüncü "Dastan" simfoniyasını ifa etdi.

Macarıstanın da bu layihədə təmsil olunması  təəccüb doğurmamalıdır. Bir neçə ildir ki, bu ölkə TÜRKSOY təşkilatında müşahidəçi statusunda iştirak edir. Şərqi Avropa folkloru ilə yanaşı, türk xalq musiqisi nümunələrinin də toplanması ilə məşğul olan Bartok görkəmli bir etnomusiqişünas kimi macar və türk folkloru arasında genetik bağlılığı da üzə çıxarmağa çalışıb.

Sözügedən konsertin kulminasiyası Cavanşir Quliyevin Dördüncü - "Dastan" simfoniyası idi. Üzeyir Hacıbəyliyə həsr olunmuş, mənəviyyatsızlıq və nadanlığa bir etiraz kimi yazılan bu simfoniyada C.Quliyev milli musiqi irsi əsasında "öz muğamını" yaratmağa çalışır. Başqa sözlə, F.Əmirovun simfonik muğam ideyası C.Quliyevin təfsirində çox məxsusi bir təcəssümünü tapır. Əsərin konsepsiyası ondan ibarətdir ki,  saf, muğamdan qaynaqlanan musiqi obrazına qarşı qaba, kobud, aqressiv bir musiqi parçası qoyulur. O, "hadisələrin gedişatı" əsnasında inkişaf edib durmadan  genişlənərək mənəviyyatın rəmzi olan mövzunu sıxışdırmağa başlayır.  İnstrumental teatr kimi üsuldan istifadə edərək, bəstəkar fikrini əyaniləşdirir: mənəviyyat daşıyıcısı - violin ifaçısı qaba qüvvənin həmlələri altında əvvəlcə səhnəni, sonra da zalı tərk etmək məcburiyyətində qalır. Burada mən bəstəkarın konsepsiyasını çox dolğun açan dirijor F.Kərimovu və violin partiyasının duyğusal ifaçısı Rövşən Əmrahovu xüsusi qeyd edərdim.  Düşünürəm ki, tamaşa ünsürlərinin tətbiq olunmadığı halda belə bu ifa bəstəkarın musiqisinin mahiyyətini çatdırmağa qadirdir.

Ertəsi gün baş tutan bağlanış konserti F.Əmirov və E.Nəzirovanın Ərəb mövzuları əsasında fortepiano konserti ilə açıldı. Ötən əsrin ortalarında (1957) ərsəyə gələn bu əsər  bu gün çox aktual olan "Şərqdaxili sintez" probleminin musiqi illüstrasiyası adlandırıla bilər. Azərbaycan bəstəkarları hələ illər öncə "Şərqdən Şərqə  - Qərb vasitəsilə" prinsipinə uyğun o qədər maraqlı bədii kəşflərə imza atmışlar! Bəllidir ki, konsertin ilk ifaçısı gözəl bəstəkar və mahir pianoçu, pedaqoq Elmira Nəzirova olmuşdu.   Araşdırdığımız musiqi gecəsində əsəri Nərgiz Əliyarova məxsusi bir tərzdə təfsir edə bildi. Konsertin II hissəsi onun   A.Kaşayev başda olmaqla orkestrin ifasında epik əzəməti ilə yadda qaldı.

Konsertdə müxtəlif nəsillərə, fərqli estetik baxışlara malik əsərlər səslənərək, müasir türk akademik musiqisinin palitrasının nə qədər zəngin olduğunu nümayiş etdirdi.   Əmirov və Nəzirovanın möhtəşəm konsertindən sonra səslənən türkmən Mərdan Bəşimovun (1985) "Külək susanda" kompozisiyası parlaq təzad yaratdı. Bu bəstəkarın yaradıcılığında canlı aləm, təbiətlə ünsiyyətdən doğan obrazlar önəmli yer tutur ki, bunu da mən türkmən  folklorunun bəzi özəl xüsusiyyətləri ilə əlaqələndirirəm. Küləyin pıçıltısını da,   tədricən güclənib "tüğyan" etməsini də, sonra isə susub qeyb olmasını da bu zərif poeziya dolu kompozisiya çox gözəl  çatdırdı.

Konsertdə iki əsər musiqi dili, cəlb olunan ifadə vasitələri baxımından kəskin bir fərq yaradırdı. Aliyə Məmmədovanın (1971) və tatarıstanlı Elmir Nizamovun (1986) musiqisində zamanımızın nəbzi döyünür. A.Məmmədovanın simfoniyasının adı - "Xəyal" - bizi romantik dalğaya kökləyir. Amma bu ağır düşüncələr, böyük gərginlik aşılanmış musiqidə sarsıdıcı bir qüvvə var. Bu bizim, 80-cilərin, 90-cıların yaşantıları və xəyallarıdır: iztirablara məruz qalmış, haqsızlıqdan sarsılmış, doğma yurd-yuva ilə  görüş intizarında olanların xəyalları. Həmin xəyallar 2020-ci ildə, nəhayət, gerçək oldu. Təsadüfi deyil ki, bəstəkar da elə uzun illər üzərində çalışdığı simfoniyasını məhz tarixi qələbəmizdən sonra tamamlaya bildi. Finalın başlıca tezisinin Çahargah muğamının ekstatik kulminasiyası - "Mənsuriyyə"nin ilkin intonasiyasından  qaynaqlanması, onun inadkarcasına təkrarlanması ən müxtəlif anımlar sırası doğurdu. Mən əsərin konsepsiyasını belə müəyyən edərdim: keşməkeşli yollarla ulduzlu səmaya doğru.

Onu da deyim ki, bu beşhissəli simfoniyanın son iki hissəsi 2022-ci ilin martında Kazanda Volqa Bulqariyası xalqlarının islamı qəbul etməsinin 1100 illiyi ilə bağlı keçirilən simfonik konsertdə Azərbaycanı uğurla təmsil etmişdi.

Elmir Nizamov yeni tatar musiqisinin ən maraqlı nümayəndələrindən biridir. Vaxtilə, 1944-cü ildə Nazib Jiqanov - gələcəkdə tatar musiqisinin klassiki səviyyəsinə yüksələn bu bəstəkar Üzeyir bəylə görüşmüş və onunla Tatarıstanda musiqi mədəniyyətini necə  inkişaf etdirmək barədə məsləhətləşmişdi. Müdrik Ü.Hacıbəyli Kazanda təhsilə diqqət yetirməyin vacibliyini vurğulayaraq mütləq konservatoriyanın təsis olunmasını tövsiyə etmişdi. Həqiqətən də, çox keçmədən Kazanda konservatoriya açılır, illər sonra bu təhsil ocağına Nazib Jiqanovun adı verilir və hal-hazırda burda bəstəkarlıq kafedrasına   Elmir Nizamov rəhbərlik edir. Necə də əlamətdardır!

Elmir Nizamovu musiqi poliqlotu adlandırırlar. O, istənilən janrda, üslub məcrasında özünü çox rahat hiss edir: tədris repertuarı üçün də "ciddi" musiqi yazır,  operaya da, simfonik musiqiyə də həvəslə üz tutur, musiqi tarixinin müxtəlif dövrlərinə də səyahət etməkdən vaz keçmir. Bu bəstəkarın mahnılarından birini "Züleyxa gözlərini açır" teleserialında eşitmək olar.

"Səma hərəkəti" kompozisiyası kreşşe

ndovarı dramaturji xəttə malik bir əsərdir. Dinləyici az qala fiziki olaraq, məchul bir nöqtədə törəyən qorxunc bir hərəkətin - səma cisminin hərəkətinin   qüvvə toplayaraq yaxınlaşması və yox olmasını müşahidə edir. Amma yox olsa da, sovrulsa da, o, özündən sonra nə qoydu? Bax bu sual adamı narahat edir, üzür. Cavab da birmənalı ola bilməz. Nizamovun əsərində zamanımızın kataklizmlərini eşidirik, ovsunlanırıq, təşviş yaşayırıq   qəliz düşüncələrə varırıq.

Özbəkistanı konsertdə müqtədir sənətkar Mustafo Bafoyev (1946) təmsil etdi. Bafoyevin bioqrafiyası ilə tanışlıq Əmirovla paralellərə sövq edir. Belə ki, "məni bəstəkar edən Azərbaycan tarı oldu" - deyən Əmirovun ardınca Bafoyev "məni bəstəkar edən özbək qıcağı (kamanli simli alət) oldu", - söyləyə bilərdi. Bu bəstəkar da simfonizm və makom arasında ortaq nöqtələr axtarır, simfoniyanın milli modelini ərsəyə gətirməyə çalışır. Bafoyevi böyük mövzular, möhtəşəm şəxsiyyətlərin obrazları cəlb edir. Onun qəhrəmanları qalereyasında Əl-Xarəzmi, İbn Sina, Ömər Xəyyam, Nizaminin "Xosrov və Şirin" poemasından tanıdığımız Barbəd də var. Bu günlərdə Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük teatrının səhnəsində onun "Əlişir Nəvai" operasının premyerası olacaq. Maraqlıdır ki,teatrın afişasında  Əmirovun "Min bir gecə" baleti də yer alıb.  Mənimlə söhbətimdə M.Bafoyev bir sıra Azərbaycan sənətçilərini böyük ehtiramla yad etdi. Üzeyir Hacıbəylinin ona ilham  verən, onu qanadlandıran "Arşın mal alan" və "Koroğlu"sundan, Qarayev və Əmirovun yaratmalarından heyranlıqla danışdı, Bülbül,  Rəşid Behbudov, Lütfiyar İmanov, Zeynəb Xanlarovanın sənətinə sevgisini bildirdi, A.Məlikovla Səmərqənddə, III Beynəlxalq musiqişünaslıq simpoziumunda tanış olduğunu vurğuladı.

"Soğd freskaları" Pəncikənddə tapılan, eramızın V-VI əsrlərinə aid freskaların  doğurduğu təəssüratların simfonik orkestr vasitəsilə təcəssümüdür. Çoxmövzulu materialı mahiranə idarə edərək, tembr dramaturgiyasına dayalanaraq bəstəkar olduqca parlaq bir lövhə ərsəyə gətirmişdir. Bu əsərdə Buxaranın folkloru, zəngin musiqisinə xas ritmlərinin tətbiqi ilə rastlaşırıq. M.Bafoyev "melodiyanı musiqinin anası, ritmi isə atası adlandırır". Orkestr karnayların, çəngin, nağaraların, əsrarəngiz musiqi alətlərinin səslərini təqlid edir. Və heyranlıq hissi yaradır.

Bağlanış konsertinin sonunda tanınmış qazax bəstəkarı, musiqişünas, ictimai xadim Aktotı Raimkulovanın (1964) "Dala sırı" lövhəsi ifa olundu. Bu əsərdə orkestrə "Turan" etnoqrafik ansamblı da qoşularaq müxtəlif musiqi ənənələrinin dialoqu ideyasını əyani sərgilədi. Dala sırı - qazax çöllərinin sirrini, ecazını özündə ehtiva edir.  Simfonik orkestr və etnik alətlərin bir araya gətirilməsi nə dərəcədə üzvi idi? Bəli, tembrlər fərqlidir, onların arxasında da fərqli ənənələr durur. Amma bu heç də o demək deyil ki, həmin bir-birinə bənzəməyən səslər  dialoqa girə bilməz.

Vaxtilə Üzeyir Hacıbəyli Asəf Zeynallı haqda məruzəsində etnik musiqiyə ancaq sərvət kimi yanaşmağı, onun perspektivlərinə göz bağlamağı mənfi bir hal kimi şərh edirdi. Türk yurdunun musiqi aləmi hər bir xalqın etnik sərvətinin  bəstəkarlar tərəfindən üzə çıxarılan geniş imkanlarını sərgilədi.

Konsertin müvəffəqiyyətini "Bolşoy teatr" və Tatarıstan Respublikası Dövlət akademik simfonik orkestrinin dirijoru olan Ayrat Kaşayev başda olmaqla orkestrimizin şövqlü çıxışı təmin etdi.

Cazibədər plastikaya malik, musiqi duyumu olduqca zərif, həssas olan A.Kaşayev üslub etibarilə müxtəlif əsərlərin hər birinə açar tapa bildi, müəllif qayəsindən, obrazdan təkan alaraq hər bir əsərin mümkün qədər dolğun təqdimatına nail oldu, ən əsası - əsərlərin sıralanmasını mahiranə quraraq   ümumən konsertin bitkin bir dramaturgiyasını yarada bildi. Orkestrin palitrası həmin gecə necə də rəngarəng idi!

Konsertin son sarsıdıcı akkordu isə  Qazaxıstanın "Turan" qrupunun əsrlərin dərinliklərindən hayqıran musiqisi idi. Türk dünyasını birliyə səsləyən, əzəmətli enerji aşılanmış bu çıxış, şankobızın, jetıgenin,  danğırın, sıbızqının, kıl-kobızın mistik, gah ovsunlayan, gah haray çəkən, türk musiqisinin qədim genetik laylarından qaynaqlanan sədaları zalda böyük bir coşğu doğurdu. Açığını deyim: kifayət qədər  təcrübəli bir dinləyiciyəm, amma belə bir emosional həyəcanı, müxtəlif insanların duyğularının vəhdətini filarmoniyamızda nadir hallarda müşahidə etmişəm.

Əlbəttə, bağlanış konserti təkcə sənət hadisəsi kimi deyil, vahid türk mədəni məkanının formalaşması kontekstində dəyərləndirilməlidir. Burada türk musiqisi konsepto sferasının ən müxtəlif tərəfləri - epik əzəmət, meditativ lirika, qəhrəmani pafos, boyaların al-əlvanlığı əks olunaraq heyrətamiz bir panoram yaradırdı.

Vaxtilə böyük türk şairi Nazim Hikmət Fikrət Əmirovla söhbət edərkən demişdir ki, "mən Avropaya heyranam, amma bununla belə, Şərqin övladı olmağımdan fəxr duyuram".

Məncə, festivalın finalı bizə məhz bu hissi - qürur və fəxarər hissini yaşatdı. Üzeyir Hacıbəyli XIV Beynəlxalq musiqi festivalının bağlanış konserti dahi sənətkarımızın - türk dünyasının musiqi patriarxının ideyalarının əsl təntənəsi və zəfəri idi!

 

Zümrüd DADAŞZADƏ

525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 10-11.