Bəşəriyyət
tarixində qara ləkə: Edillidəki kütləvi məzarlıqla
bağlı acı gerçəklər
Məlum olduğu kimi, işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində oktyabrın 4-də daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birinə bağlanıb.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudovun sözlərinə görə, aşkar edilən məzarlıqda bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına kömək edəcək vacib sübutlar var: "Edilli kəndində aşkar edilən əşyalar həmin şəxslərin Azərbaycan Ordusunun hərbçiləri olduğunu təsdiq edir. Bunlar sadəcə, kütləvi məzarlıqlar deyil, hər bir məzarın arxasında ayrı-ayrı insanların həyat hekayəsi var".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliyin sayı-hesabı yoxdur: "Ən son Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Bu, erməni vəhşiliyinin növbəti nümunəsidir. Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov bütün görüşlərdə Ermənistan qarşısında Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyi barədə məlumat vermək tələbi qoyurlar. Fikrimcə, Azərbaycan tərəfinin hələ bu suala cavab tapa bilməməsinin səbəbi, azərbaycanlıların öldürülüb kütləvi şəkildə basdırılmasıdır. Ermənilər özlərinin qaniçən, vandal olduqlarının ictimailəşməməsi üçün kütləvi məzarlıqların yerini demirlər. Çünki onlar dünya ictimaiyyətinə özlərini yazıq, türklər tərəfindən əzilən xalq kimi göstərirlər. Əminəm ki, bundan sonra da bu cür məzarlıqlar yenə aşkarlanacaq".
Millət vəkili Soltan Məmmədov bildirib ki, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkarlanması faktı Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, erməni separatçı rejiminin silahlı hərbi birləşmələrinin daha bir hərbi cinayətinin göstəricisidir. Təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu və buna bənzər onlarla cinayətinə vaxtında lazımi hüquqi və siyasi qiymət verməyib.
Onun sözlərinə əsasən, bu hərbi cinayəti törədənlər qanun qarşısında cavab verməlidirlər. Eyni zamanda, insan hüquqları təşkilatları, beynəlxalq qurumlar, dünya dövlətləri bu vəhşiliyə aydın və konkret münasibət ortaya qoymalıdır: "Artıq müvafiq qurumlar tərəfindən müəyyən edilib ki, 1993-cü ildə əsir düşmüş 25 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib və kütləvi dəfn olunub. Bu "Döyüşən ordularda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının 17-ci maddəsinin tələblərinin kobud surətdə pozulmasıdır. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət bu cinayətə etinasız yanaşmamalıdır".
Soltan Məmmədov vurğulayıb ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə bu günə qədər aydınlıq gətirilməyib. Ermənistan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməkdən və zəruri məlumatları təqdim etməkdən yayınmağa çalışır: "Əgər Ermənistan regionda sülhün yaradılmasına səmimi olaraq maraq göstərirsə, bu məlumatları niyə təqdim etmək istəmir? Şübhəsiz ki, bunun ən başlıca səbəbi törətdikləri insanlıq əleyhinə yüzlərlə cinayətin ifşa olunması ehtimalıdır. Çünki Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının 700-dən çoxu mülki şəxs, digərləri hərbçilərdir. İtkin düşənlərin 71-i uşaq olub. Bütün bunlar Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin miqyasını görmək üçün kifayətdir".
Deputatın dediyinə görə, Azərbaycan bu məsələni daim gündəmdə saxlamağa çalışıb. İtkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi müxtəlif beynəlxalq platformalarda qaldırılıb. Təəssüf ki, dünya ictimaiyyətinin reaksiyası lazımi səviyyədə olmayıb: "Hesab edirəm ki, beynəlxalq təşkilatların bu məsələnin həllində kifayət qədər aydın və qətiyyətli mövqedən çıxış etməməsi ilk növbədə insan haqlarına hörmətsizlikdir. Müharibədən sonra bir çox şəhər və kəndlərdə, Ağdam, Şuşa, Füzuli, Kəlbəcər, Zəngilan rayonlarında azərbaycanlılara məxsus yüzlərlə meyit qalıqları aşkar edilib. Bu insanlara qarşı törədilən cinayətlər cəzasız qalmalı deyil. Beynəlxalq hüquqda bununla bağlı cəza mexanizmləri var, lakin onların praktikada tətbiqi məsələsi bir çox hallarda siyasiləşdirilir. Bu, təəssüf doğurur".
S.Məmmədov qeyd edib ki, Azərbaycan dövləti bu cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunması üçün bütün imkanlardan istifadə edəcək.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib ki, Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlər ermənilər tərəfindən törədilən hərbi cinayətlərin birbaşa sübutudur: "Ötən il fevralın 17-də Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, cari il martın 28-29-da Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, fevralın 23-26-da Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid insan meyit qalıqları, sentyabrın 15-29-da Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb. 2014-cü ildən etibarən Birinci Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılıb. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir. Döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb. Dördüncü atəşkəs dövründə erməni silahlı birləşmələri tərəfindən törədilən cinayətlər 12 may 1994-cü il tarixli Bişkek protokolu əsasında tətbiq edilən atəşkəsdən sonra 2020-ci ilin sentyabr ayına qədər azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 918 cinayət işi başlanıb. Qeyd edilən bu cinayətlərin böyük əksəriyyəti çoxsaylı epizodları əhatə edir. Atəşkəs dövründə 400 hərbi qulluqçu və 31 mülki şəxs qəsdən öldürülüb, 1042 hərbi qulluqçu və 69 mülki şəxs qəsdən öldürülməyə cəhd edilib. Cinayət işləri üzrə 305 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib".
Millət vəkili Fatma Yıldırımın sözlərinə əsasən, Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistanın hərbi cinayətlərinə dair növbəti sübutdur. Bu kimi faktlar həm də ermənilərin insanlığa qarşı cinayətlərinin göstəricisidir: "Müharibələrin öz qanunlarının olduğunu deyən deputat bildirib ki, beynəlxalq konvensiyaların müddəalarına əsasən, qarşı-qarşıya duran tərəflər mülki əhaliyə və infrastruktura atəş açmamalı, əsir və girovlarla humanizm prinsipləri gözlənilməklə davranmalıdırlar. Ancaq Birinci və İkinci Qarabağ müharibəsinin xronologiyasına nəzər saldıqda aydın şəkildə görünür ki, 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanın silahlı birləşmələri bütün beynəlxalq konvensiyalara arxa çeviriblər. Onların sərgilədikləri davranışlar, törətdikləri müharibə cinayətləri humanizm normaları ilə daban-dabana ziddiyyət təşkil edir. Bunu Xocavənd rayonunun Edilli kəndində tapılan növbəti məzarlıq bir daha təsdiqləyir".
Millət vəkili Aqiyə Naxçıvanlı vurğulayıb ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri nəhayət ki, ikili standartlar siyasətindən əl çəkməli və Ermənistana qarşı sərt tədbirlər görməlidirlər: "Artıq dəqiq müəyyən edilib ki, Xocavəndin Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkar edilmiş kütləvi məzarlıqda dəfn olunmuş 12 meyit qalığı Azərbaycan hərbi qulluqçularına aiddir. Həmçinin, ekspertiza yolu ilə müəyyən olunub ki, qətlə yetirildikdən sonra kütləvi şəkildə, qeyri-insani formada dəfn edilmiş bu insanlara əvvəlcə işgəncə və əzab verilib. Meyitlərin sümüklərində zədələr və xəsarət izləri var. Küt alət təsirindən kəllə sümüklərinin sınıqları görünür. Üçüncü Cenevrə Konvensiyası - "Hərbi əsirlərlə rəftara dair" Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə, erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirmişdir. Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir. Dövlətdaxili cinayət hüququ və beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır beynəlxalq cinayət kimi tövsif edilir. Bu gün dünyanın liderlik iddiasında olan ölkələri də, aparıcı beynəlxalq təşkilatlar da nəhayət ki, ikili siyasət yürütməkdən əl çəkməlidirlər. Ermənistan hərbi cinayətkardır və buna görə də beynəlxalq hərbi tribunal qarşısında cavab verməlidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2022.- 8 oktyabr. S. 15.