"Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir"

 

Ankara Hacı Bayram Vəli Universitetinin rektoru, professor Yusuf Tekinlə müsahibə

 

- Hörmətli rektor, Ankara Hacı Bayram Vəli Universiteti Qazi Universitetindən ayrılaraq quruldu. Universitetin yaranma səbəbini sizdən eşitmək istərdik. Bu, hansı ehtiyacdan yarandı?

- Dünyada və Türkiyədə universitetlərin tarixi inkişaf yoluna baxdıqda görərik ki, bir çox fərqli fənlərin eyni dam altında tədris edildiyi təhsil ocaqları tədricən ixtisaslaşır və tematik xarakter alırlar. Yəni hər bir universitet müəyyən sahələrdə imtiyazlı mövqeyə çatır və bu istiqamətdə fəaliyyət göstərir. Ali təhsildə də oxşar çərçivə mövcuddur. Qərbdəki müasir universitet strukturuna nəzər saldıqda məlum olur ki, onlar universitetdə müəyyən sahələrə fokuslanmaya başlayırlar.

Bu gün Türkiyədə 200-dən çox universitet var: dövlət və özəl universitetlər. Keyfiyyətə fokuslanma prosesini nəzərə aldıqda müəyyən sahələrdə ixtisaslaşan universitet anlayışı ön plana çıxır. Bu səbəbdən də yeni universitetlər yaradılmalıdır, lakin onlar müəyyən sahələrə fokuslanmalıdır.

- Bu proses hansı sahələri daha çox əhatə edə bilər?

- Məsələn, səhiyyə, mühəndislik, texnologiya üzrə ixtisaslaşma getsin, sosial elmlərə yönələn universitetlər olsun.

Düşünürəm ki, bu ixtisaslaşmanı ən azı ilkin səviyyədə reallaşdırmış ola bilərik. Başqa bir məsələ, təəssüf ki, Şərq cəmiyyətlərində sosial elmlərə qarşı arzuedilməz münasibət olmasıdır. Dəqiq elmlər, mühəndislik və sağlamlıq kimi elm sahələri həmişə sosial elmlərdən irəlidə sayılır. Ancaq Qərb cəmiyyətlərinə nəzər saldıqda belə bir kateqoriya yoxdur. Orada sosial elmlər digər elm sahələri ilə bərabər qəbul edilir, resurslar ayrılır, tədqiqatlar aparılır.

Bizdə isə sosial elmlər universitet strukturu baxımından bir az geridə qalıb. Bu, təkcə bizim üçün belə deyil. Bizimlə eyni mədəniyyətə malik bir çox ölkələrdə oxşar vəziyyət var. Ona görə də, Ankarada sosial elmlərə əsaslanan bir universitetin olması çox vacib idi. Bölünmənin mühüm səbəblərindən biri də tələbə və işçi sayı baxımından yüz minə yaxınlaşan bir tutumun ortaya çıxması oldu.

- Belə bir vəziyyət nə kimi problemlər yaradırdı?

- Həm idarəçilər, menecerlər, həm də büdcə, işçi heyəti və buna bənzər digər məsələlər, planlaşdırma baxımından işlər çətinləşirdi. Ona görə də, universitetlərin bu şəkildə bölünməsi həm müəyyən sahələr üzrə ixtisaslaşmaq, həm də onları idarə oluna bilən ölçüyə salmaq baxımından zəruridir. Belə universitetlərdən biri də Qazi Universiteti idi. Orada səhiyyə, mühəndislik və sosial elmlər bölmələri var idi. 80 minə yaxın tələbəsi və 5 mindən çox pedaqoji heyəti vardı. Vəziyyət belə olunca, Qazi Universitetini tematik hala gətirilməsi ön plana çıxdı. Bu mənada Ankara Hacı Bayram Vəli Universiteti (HBVU) Qazi Universitetindən Sosial elmlər və incəsənətlə bağlı bölmələrin alınaraq fərqli bir universitet yaradılması nəticəsində meydana gəldi.

- Universitet olaraq, qarşıya nə kimi məqsədlər qoymusunuz?

- 2018-ci ildə qurulan universitetimizin məramı, əsas məqsədi Türkiyədə sosial elmlər və sənət baxımından öndə gedən bir universitet olması, ayrıca, bu sahədə akademik yeniliklərə yön verməkdir. Mən qurucu rektor kimi 2018-ci ildə burada işə başlamışam. Hazırda bu məramımıza uyğun olaraq universiteti daha yüksək səviyyəli mövqeyə daşımaq üçün səy göstəririk.

- Türkiyədə qədim tarixə malik çox nüfuzlu universitetlər var. Ankara Hacı Bayram Vəli Universiteti isə yeni yaradılıb. Hələ də bəzən tələbələr çaşıb qalırlar, Ankara Hacı Bayram Vəli Universitetini Qazi Universiteti zənn edənlər olur və sair. Belə bir mühitdə universitetinizi tanıtmaq baxımından hansı işləri görürsünüz?

- İndi belə universitetlərin tanınması üçün 2-3 illik bir müddətdə hər işi gördük demək doğru olmaz. Qazi Universiteti təqribən 40 illik bir müddətdə bu nüfuza sahib olub və tanınıb. 1989-cu ildə Ankara Universitetində tələbə idim. Qazi Universitetinə heç də tanınmış universitet kimi baxmırdıq. HBVU olaraq məqsədimiz on il ərzində maraq dairəmizdə olan bölgələrdən tələbələri cəlb etməkdir: Biri Orta Asiya Türk Cümhuriyyətləri, digəri isə Şimali Afrika. Biz buraya diqqətimizi yönəltdik və oradakı akademik dairələrlə də bir çox əməkdaşlıq protokolları imzaladıq. Məsələn, Azərbaycanın bir çox universitetləri ilə əməkdaşlıq protokollarımız, akademik əməkdaşlığımız, dəyişim proqramlarımız var. Biz bunu çox sağlam şəkildə edirik. Ayrıca, ölkə səfirlikləri vasitəsilə də təbliğat işlərimizi həyata keçiririk. Xaricdən Türkiyəyə tələbə gətirmək səlahiyyətinə malik olan Xaricdəki Türklər və Əqraba İcmaları Başkanlığı ilə (YTB) çox sıx əməkdaşlıq qurmuşuq. Xeyli sayda əcnəbi tələbə cəlb edə bilmişik...

- Xarici tələbələr üçün DİLMER-iniz var...

- Bəli, biz DİLMER-də çox şey edirik. Daha bir struktur var ki, onun missiyasını da öz üzərimizə götürmüşük. Türkiyə və Yaxın Şərq üçün Dövlət İdarəçilik İnstitutu - TODAİE bu bölgədəki ölkələr üçün idarəçilər hazırlamaq üçün nəzərdə tutulub. Biz də onun missiyasını öz üzərimizə götürdük. Demək istədiyim odur ki, biz tələbələrdən əlavə də bu cür işlər görürük. Bölgələrdən Türkiyəyə gələn idarəçilərə qısa və ya orta müddətli təlimlər veririk.

- TODAİE nədir, bir az geniş bilgi vermənizi rica edirəm...

- Qısaca deyim. TODAİE - Türkiyənin Yaxın Şərq Dövlət İdarəçilik İnstitutu, İkinci Dünya müharibəsindən sonra Türkiyədə qurulan strukturlardan biridir. Türkiyənin öz hinterlandından, xüsusən də, Yaxın Şərq Orta Asiya bölgəsindən idarəedicilər müəyyən müddət ərzində buraya təlim keçməyə dəvət olunurdu. Təlimlər həm idarəetmə bacarıqları, həm də Türkiyə ilə əlaqələr baxımından xüsusi töhfə verirdi. Türkiyədə universitetlərin sayı artdıqda bu işlərin universitetə köçürülməsinin düzgün olacağı düşünüldüyü üçün TODAİE-nin missiyası bizə təhvil verildi. İndi Türkiyə Cümhuriyyəti adından bizim qardaşlarımız, oradan gətirdiyimiz icraçı paydaşlarımız əlaqələrimizi yaxşılaşdırmaq üçün qonaq edilir və müxtəlif proqramlarla təlim alırlar.

- Bildiyimə görə, HBVU-də Qazi Universiteti əsilli çox sayda pedaqoji və inzibati heyət var. Bu baxımdan Qazi Universitetinin "kadr ixrac etmək" missiyasının olduğunu söyləmək olarmı?

- Təbii ki, biz pedaqoji heyəti Qazi Universitetindən aldıq. Qazi Universitetinin bəzi fakültələri bizə bağlananda professorlar da bizdə qaldılar. Ona görə də yalnız fakültələrdəki professorların tabe olduqları rektorluqlar dəyişib. Biz Qazi Universitetindən çıxan bir universitetik...

- İcazənizlə, bir az da təhsil siyasətindən danışaq; Bildiyimə görə, siz Türkiyə Təhsil Nazirliyində müşavir vəzifəsindəykən yeni təhsil siyasətinin yaradılması istiqamətində mühüm işlər görmüsünüz. İstərdim ki, bu layihələrdən bəhs edəsiniz.

- Bəli, mən universiteti bitirdikdən sonra elmi fəaliyyətə başladım, sonra müəllim oldum. 2011-ci ildə universitetdən bürokratiyaya keçdim. İki ilə yaxın nazir müavini olmuşam. Daha sonra 2013-cü ildən 2018-ci ilin avqust ayına kimi təhsil nazirinin müşaviri vəzifəsində çalışdım. Türkiyədə təhsil sisteminin əsas idarəçilərindən biri olmuşam. Təhsil siyasətlərinin yaradıldığı, həyata keçirildiyi, maraqlı tərəflərlə paylaşıldığı və təşviq edildiyi bir vəzifə tutmuşam. Bu, o zaman Türkiyə üçün çox vacib bir vəzifə idi. Çünki mənim müşavirlik dövrüm çox gərgin bir vaxta, hazırlıq kurslarının - dersanelərin transformasiyası prosesinə düşdü. Əslində, FETÖ çevrilişi də elə bu nöqtədə başladı...

- Bu barədə daha ətraflı bilgi verməniz mümkündürmü?

- Əlbəttə. Belə deyim: dövlət büdcəni, vəsaitləri, kadrları ayırır, təhsil siyasətini həyata keçirir. Təhsil - dövlətin müasir dövlətlərdə sahib olmaq istədiyi vətəndaş profilini üzə çıxarmaq üçün istifadə etdiyi vasitələrdən biridir. Deməli, dövlət deyir ki, mən belə vətəndaş istəyirəm, mənim vətəndaşlarım bu bacarıqlara, dəyərlərə sahib olmalıdırlar. Sonra bir nəfər çıxıb deyir ki, mən dövlətin etdiklərini tanımıram. Əvəzində dövlət məktəbinə gedən uşağı alır, aparır dersanelərə və orada beynini yuyur. Dövlətin həyata keçirməyə çalışdığı təhsil siyasətini qeyri-funksional hala gətirir. Yəni dövlətin qurduğu sistemi sabotaj edir. Politologiya ədəbiyyatında bunun adı "qəyyumluq"dur. Yəni qəyyumluq qurur. Mən təhsil nazirinin müşavirliyində işə başlayanda Türkiyə Cümhuriyyətinin dövlət büdcəsinin mühüm bir hissəsi təhsil büdcəsinə ayrılmışdı. Dövlət bu qədər vəsait ayırır, bu qədər iş görür, amma xain bir qrup dövlətin bütün bu işlərini bir kənara qoyub, sabotaj edirdi. Bu, təhsil siyasətini tamamilə pozan bir yanaşma idi. Təbii ki, ondan qurtulmalı, bunu bir şəkildə aradan qaldırmalıydıq.

Təhsil siyasətinin həyata keçirilməsi və uğurlu olması üçün şübhəsiz ki, məktəblər dominant olmalıdır. Burada verdiyiniz təhsil həyata keçirilməlidir. Əgər kimsə həyata keçirmək istədiyiniz siyasəti sabotaj edilirsə, buraya ayırdığınız resursun əhəmiyyəti yoxdur. Nümunə olaraq sizə bir misal verim; Hökumət təxminən 18 milyon şagirdə - ibtidai, orta və liseydə pulsuz kitab paylayır. Bu, AK Partiya hökuməti dövründə başladı. Hər il təxminən 450 milyon kitab çap edilir və paylanılır. O qədər vəsait ayrıldığı halda, bir qrup çıxıb deyir ki, bu kitablarda öyrədilən şeylər səhvdir, imtahanda çıxmır.

- Yəni?

- Yəni ayrılan bütün resurslar, vaxt və səylər boşa gedir. Kimsə bu kitabların üzünə belə baxmaq istəmir, yararsız sayır. Elmiliyi, ölkə siyasətinə uyğunluğu, ölkənin dəyər strukturuna uyğunluğu heç kimin tam nəzarətində olmayan material yeni nəslin önünə gətirilir. Bu isə xəyanətdir. Cənab Prezident bunun qarşısını almaq üçün dersanelərin özəl məktəblərə çevrilməsi prosesinə start verdi. Dedi ki, dersane açmaq əvəzinə özəl məktəblər açılmalıdır. Amma bu siyasət dəyişikliyini xain terror təşkilatı FETÖ qəbul etmədi.

- Dersane ilə özəl məktəbin nə fərqi var ki?

- Özəl məktəb yaradılarkən dövlətin təhsil siyasətinə sadiq qalmağı öhdəsinə götürür və ona riyaət edir. Yəni deyir ki, mən belə bir özəl məktəb açacağam. Ona deyilir ki, əgər məktəb açmaq istəyirsənsə, bu şərtlərə uyğun hərəkət edəcəksən: valideynləri, uşaqları, dövləti aldatmayacaqsan, dövlətin təhsil sisteminə qarşı təxribat etməyəcəksən. Qarşısına bu şərtlər qoyulur, o da qəbul edir, məktəb açır. Dövlət nə edir: vaxtaşırı tədris müəssisəsində yoxlama aparır, görək bu şərtlərə uyğun fəaliyyət göstərilirmi və sair.

Dersanelər tamamilə bunun xaricindədir. Onların istehsal etdiyi materiala dövlət nəzarət etmir, bilinmir kim dərs deyir, müəllim nə öyrədir, valideynlərdən nə qədər pul alınır, müqabilində neçə saat dərs verilir - bilmirik bunları. Belə olmaz! Ona görə də həmin dövrdə görüləcək ilk işlərdən biri dövlətin həyata keçirmək istədiyi təhsil siyasətini sabotaj edən elementlərin sistemdən çıxarılması idi. Biz də bunu etdik.

- Həmin müddətdə başqa nə işlər görüldü?

- Gördüyümüz işlərdən başqa birini sizə deyim, bu da çox vacibdir. İndi dövlətlər qurularkən, təhsil fəlsəfəsini də qurur; dövlətin məktəblərdəki təhsildən istədiyi şey çəkdiyi profildə vətəndaş yetişdirməkdir. Bu məsələlər dünyada çox sürətlə inkişaf edən prosesdir. Müasir inkişafları izləmək lazımdır; Həm təhsil proqramları, vasitələr baxımından, material baxımından izləmək, həm də tez-tez transformasiya etmək mühümdür. Uzun illər bu məsələlərlə bağlı o fəlsəfə davam etdi. 2015-ci ildə bir prosesə başladıq və bu tədris proqramına yenidən baxacağımızı dedik. Tədris proqramına dəyişikliklər etdik və 2017-ci ildə tətbiq olundu. Bu tədris proqramı dəyişikliyində müasir inkişafların sistemə inteqrasiyası, vaxt keçdikcə uşaqlar üçün həddindən artıq yüklənmənin qarşısını almaq üçün bir kurikulum yaradıldı. Bu da çox vacib məsələ idi. Başqa bir məsələni deyim: yenə həmin dövrdə Türkiyə Cümhuriyyətində təxminən 70 min məktəb və təxminən 700 min sinif otağının hər birində ağıllı lövhələr quraşdırdıq. Müəllim daha təbaşirlə dərs demir. Dərs zamanı interaktiv lövhələrdən istifadə edir. Hazırda interaktiv lövhələr Türkiyənin bütün məktəblərində quraşdırılıb. Eynilə, fiberoptik şəbəkələr vasitəsilə bütün məktəblərə internetə çıxış xidməti də mövcuddur. Nazirliyinin sistemində köməkçi materiallar var, müəllimlər dərsi izah etmək üçün EBA-ya yüklənmiş köməkçi videolardan istifadə edə bilirlər. Təhsil Nazirliyi (bu materiallar Təhsil Nazirliyi tərəfindən testdən keçib; həm pedaqoji, həm də metodik cəhətdən) onları açır, mühazirə oxuyandan sonra əlavə dəstək verir. Hazırda bütün məktəblərimizdə internetə çıxış xidməti var və onların hamısını dövlət mərkəzi büdcədən ödəyir. Bütün bunları biz müşavir kimi beş il ərzində etdik. Ona görə də təhsil siyasətinin formalaşmasına və həyata keçirilməsinə ciddi töhfələr verdiyimizi söyləyə bilərik.

- Bəs sizcə, gənclər bu tədris proqramındakı dəyişikliklər nəticəsində gözlədiklərini əldə etdilərmi?

- Biz tədris proqramına dəyişiklik edərkən 200 minə yaxın insanın fikrini aldıq.

- Hansı kateqoriyadan olan insanların?

- Bunun içində şagirdlər, yəni hazırda Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdə oxuyanlar var, oradan məzun olmuşlar, valideynlər, müəllimlər, məktəb rəhbərləri, akademiklər var. Onların hamısı ilə qruplar şəklində müsahibə aparıldı, seminarlar təşkil etdik və onların yeni tədris proqramından gözləntilərini aldıq.

- Məsələn, onlardan nə soruşdunuz?

- "Tədris proqramı sizi qane edirmi?" - sualını verdik. Hansı dəyişikliklərə ehtiyac olduğunu soruşduq. Bu qədər insanın rəyini aldıqdan sonra nazirlikdə oturduq, bu təklifləri sıraladıq və fikirləri həyata keçirməyə çalışdıq. Biz bunu edərkən cəmiyyətin bütün təbəqələrinin fikirlərini aldıq. Mətn formalaşdıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinə göndərdik. Ziyalı dairələr, həmkarlar ittifaqları, universitetlər, qeyri-hökumət təşkilatlarından münasibət soruşduq. Bu da kifayət etmədi, bitdikdən sonra onu bu dəfə Nazirliyin internet səhifəsində istifadəyə verdik. İstəyən oradan baxıb öz rəy və təkliflərini bizə göndərə bildi. Beləliklə, müxtəlif seqmentlərin də fikirlərini öyrənmiş olduq.

- Bildiyiniz kimi, Türkiyə təhsil sistemində orta məktəbdən tutmuş iş həyatına qədər çoxlu imtahanlar var. Bizdə - Azərbaycanda da belədir. Sizcə, bu imtahanlar gənclərin bilik və bacarıqlarını qiymətləndirmək üçün kifayət edirmi?

- Qətiyyən! Bunun düzgün metodologiya olduğuna inanmıram. Təhsilalanların öz qabiliyyətlərinə görə gələcəklərini müəyyən edə bilmək üçün fərqli bir sistem yaratmaq lazımdır. Yəni test imtahanları və ya buna bənzər üsullarla uşaqları istiqamətləndirmək, məncə, düzgün deyil. Bu da nazirlikdə qurmağa çalışdığımız struktur idi. Zamanla mərkəzi imtahanlar əvəzinə uşaqlarımızın istedad və bacarıqlarını ölçən, ona uyğun istiqamət verən mexanizm formalaşmalıdır. Amma bu qədər qısa müddətdə olan iş deyil. Bunun üçün infrastruktur yaradılmalıdır. Biz bunu yaratdıq, ölçmə və qiymətləndirmə mexanizmlərini buna uyğun tərtib etdik. Sonda tamamilə yeni bir təhsil sistemi yaratmağa çalışdıq.

- Bəs bu sistem nə vaxt həyata keçiriləcək?

- Açığı, təxminən 4 il əvvəl nazirlikdən ayrıldığım üçün oradakı hazırkı vəziyyəti bilmirəm. Amma güman edirəm ki, bu məsələ nazirlikdə yeni komandanın gündəmindədir və infrastruktur işləri aparılır.

- Hörmətli rektor, dünya təhsil sistemlərinə nəzər saldıqda, bu gün təhsil sistemləri idarəçilərdən nə kimi keyfiyyətlər tələb edir?

- İndi təhsil idarəediciləri digər sahələrdən çox fərqli profilə sahib olmalıdır. Çünki digər sektorlardakı idarəedicilər bilik və yetkinlik səviyyəsi yüksək olan insanlarla işləyir. Amma təhsil idarəsi belə deyil. Təhsil idarəsi deyəndə iki qrup var ki, onları yönləndirmək lazımdır. Birincisi, müəllim və digər çalışanlar, ikincisi də təhsilalanlar. Siz şagirdləri/tələbələri eyni məntiqlə idarə edə bilməzsiniz. Təhsilalanları necə idarə edəcəksiniz? Onlara peşəkar idarəçi kimi yox, ana, ata, böyük qardaş, bacı məntiqi ilə yaxınlaşıb idarə edə bilərsiniz. Bu keyfiyyəti təhsil menecerinə qazandırmaq lazımdır.

- Valideyn də var...

- Bəli, bu da var... Ən sıxıntılı məsələlərdən biridir. Çünki valideyn dediyimiz şəxs öz övladını sizə əmanət edir. Təhsil idarəçisinə deyir: Bu uşağın anası və ya atası olun. Bu uşaq tək uşaqdır, bunun üçün bacı-qardaş ol. Ona müəllim olmaq kifayət etmir. Sizi çoxlu rollar gözləyir. Ən azı 5-6 fərqli sosial rol gözlənilir: dost, ana, ata, bacı, qardaş və sair. Onların hamısını məktəbdən və müəllimdən, yəni təhsil sistemindən gözlənilir. Bunlardan hər hansı birini əskik olduqda təhsil idarəçisi tənqid edilir. Ona görə də düşünürəm ki, təhsil idarəçisinin idarə etməkdə ən çox çətinlik çəkəcəyi qrup valideynlərdir. Mənim təcrübəm bunu göstərir.

Dünyanın bənzər ölkələri ilə danışanda, bir çox müxbirimiz və həmkarlarımızla söhbət edəndə görürük ki, bütün dünyada əsas problem budur. Yəni belə düşünün, valideynlər uşaqlarının məsələn, həkim və ya mühəndis olmağını planlaşdırır. Sonra təhsil müdirinin yanına gəlir, deyir, uşağımı həkim elə, mühəndis elə. Əgər bunu bacarmırsınızsa, sizi uğursuz hesab edir. Deyirsən ki, bax, əziz valideyn, sənin övladının qabiliyyəti fərqlidir. İnkar edir, deyir, xeyr, mütləq etməlisiz. Təhsil idarəedicisi burada empatiya qura bilən, cəmiyyətin həssaslığını çox yaxşı öyrənə bilən insan olmalıdır. Yalnız klassik qanunvericiliklə hərəkət edən təhsil idarəçisinin uğur şansı yoxdur. Uğur qazanacaq təhsil inzibatçısı bütün bu kütləni - müəllimləri, işçiləri, şagirdləri və valideynləri idarə edə biləcək, onların dilini anlayacaq onlarla rahat ünsiyyət qura bilən profilə malik olmalıdır.

- Azərbaycan-Türkiyə üçün "Bir millət, iki dövlət" ifadəsini tez-tez işlədirik. Sizcə, bəs təhsillə əlaqələrimiz kifayət qədər yüksək səviyyədədirmi?

- Doğrusu, düşünürəm ki, təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri arzulanan qədər yüksək səviyyədə deyil, daha da inkişaf etməli, güclənməlidir. Tarixə baxanda "İki dövlət, bir millət" deyirik, amma çox fərqli münasibətlərin olduğu dövrlər də olub. Bu o deməkdir ki, biz siyasətçilərin münasibətinə görə dəyişə biləcək zəmində addımlayırıq. Bu gün iki ölkənin prezidentləri arasında çox yaxın münasibət var. Onların həqiqətən bir-birinə qardaş məhəbbəti var, bu münasibət gözəldir. Amma sabah iki ölkədən birində hakimiyyət dəyişikliyi olarsa, bir-birini sevməyən iki siyasi güc hakimiyyətə gələrsə, bu münasibət kəskin dəyişə də bilər. Bu ehtimalı aradan qaldırmaq üçün iki ölkənin gələcəyini təmsil edəcək nəsilləri bu biliyi, bu dostluğu, qardaşlığı qoruyacaq şəkildə yetişdirmək lazımdır. Bunun yolu heç olmasa, bəlli nöqtələrdə ortaq tədris proqramının yaradılmasıdır. Bizim ortaq tariximiz, ortaq mədəniyyətimiz, ortaq dilimiz var. Bunların inkişaf etdirilməsi üçün zəmin yaradılmalıdır və biz gələcəyimizi əmanət etdiyimiz gənclərə, bu nəsillərə bizsiz də bu dostluqları davam etdirə biləcəkləri bir mühit təqdim etməliyik. Biz təhsildə elə bir zəmin yarada bilməliyik ki, siyasi cəhətdən bir-birinə qarşı olan, bir-birini sevməyən siyasi liderlər də bu dostluğu, qardaşlığı pozmasınlar, buna imkanları qalmasın. Mən burada işlədiyimiz dostlara da belə deyirəm: gəlin elə bir münasibət quraq ki, sabah biz olmasaq da, xüsusən də yaxın olduğumuz ölkələrlə bu əlaqələr inkişafa davam etsin. Davam etməlidir! Biz bu yolla Azərbaycan və bölgədəki digər türk dövlətləri ilə ciddi təhsil əlaqələri qurmağa çalışırıq. Əvvəlki vəzifələrimdə də buna çalışmışam. Hətta təklif etmişdim ki, heç olmasa, ortaq tarix proqramı yaradaq, ümumi tarix dərsi tədris edək. Biz belə bir prosesə başladıq, amma bilmirəm hazırda vəziyyət necədir?! Bu, bizim ən vacib işlərimizdən biridir və bunu mütləq etməliyik!

 

Şəhla ASLAN,

525-ci qəzet.- 2022.- 11 oktyabr. S. 10-11.