Məktəbdən ər evinə

 

Qızların erkən yaşda zorən ərə verilməsinə görə valideynlər hüquqi məsuliyyət daşımalıdır

 

Qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi bu gün Azərbaycanın bir sıra regionlarının acı reallığına çevrilib. Aran, Muğan bölgəsində, hətta Bakı kəndlərində erkən nikahlar, qızların məktəbə buraxılmaması halları baş alıb gedir. Son vaxtlar yetkinlik yaşına çatmayan qızların məktəbdən yayındırılması və zorla ərə verilməsinə dair kifayət qədər faktlar aşkarlanıb.

Hər bir valideynin başlıca istəyi, arzusu övladının savadlı, təhsilli, xüsusilə də ali təhsilli olması və bir şəxsiyyət kimi cəmiyyətdə layiqli mövqe tutması olmalıdır. Əsasən də qızların təhsilli, savadlı olmasına xüsusi diqqət yetirilməlidir. Ancaq valideynlərin bir hissəsi qız övladlarının təhsil almasında maraqlı deyillər və onları ərə verməklə bu məsuliyyətdən yayınmağı üstün tuturlar. Bu isə qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, qızların təhsil almaq və müstəqil ailə qurmaq hüququnun əlindən alınması ilə nəticələnir.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bəzi ucqar rayonlarda qızlar təhsilalma hüququndan məhrum edilir: "DİM tərəfindən uzun illərdir ki, qızlarla oğlanların bilik səviyyələri, təhsil almaq imkanları təhlil edilir. Aparılan təhlillər göstərir ki, ibtidai siniflərdə qızlarla oğlanların təhsil alma səviyyəsi bərabərlik təşkil edir. Ancaq 9-10-cu siniflərdə bu bərabərlik 50, 11-ci sinifdə isə 80, hətta 90 faizədək azalır. Bu gün region məktəblərində qızların təhsildən yayınması faktları mövcuddur. Xüsusən də cənub rayonlarında bu faktlara daha çox rast gəlinir. Cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu o deməkdir ki, bu regionlardan olan qızların erkən yaşlarda təhsilalma hüququ əlindən alınır. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini yarımçıq qoymasının əsas səbəbini erkən nigahdır".

Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi göstəricilərə əsasən, ötən il 20 yaşadək analar tərəfindən doğulan uşaqların ümumi sayı 9476 nəfər olub. Onlardan 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analar (ümumilikdə 425 nəfər), 1225 nəfəri 17 yaşlı olan analar, 2972 nəfəri 18 yaşlı analar, 4854 nəfəri 19 yaşlı analar tərfindən doğulanlardır.

Bəs övladını erkən nikaha məcbur edən valideyni hansı cəza gözləyir?

Azərbaycan qanunvericiliyində nikah yaşı 18 yaş müəyyən edilib. Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının bir ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 18 yaşı bitməmiş şəxslərin nikaha məcbur edilməsi halları üçünsə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə və ya dörd ilədək azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulub.

Hüquqşünas Ədalət Rüstəmov deyir ki, məcburi nikaha cəlb edilmə ilə bağlı qanunda müvafiq məsuliyyət var: "Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb. Yetkinlik yaşına çatmayan şəxsi məcbur etmək 4 ilə qədər azadlıqdan məhrum etmə və yaxud da ki, 3 min manatdan 4 minə qədər cərimə cəzasının təyin olunması ilə nəticələnə bilər. Cinayət tərkibi mövcuddur, amma bu izdivaca razılıq verdiyinə görə, buna şərait yaratdığına görə təəssüf ki, valideyn hər hansı bir məsuliyyət daşımır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, daim erkən nigah məsələsi ilə bağlı maarifləndirmə işi aparılır, həmçinin, qanunla bununla bağlı cinayət məsuliyyəti də var. Lakin qeyd edim ki, cinayət məsuliyyəti yalnız nikaha girən şəxslə bağlıdır. Unutmaq olmaz ki, burada iştirakçılar da var. Məsələn, araşdıranda məlum olur ki, erkən nikahların əksəriyyəti dini nikahla baş tutub. Belə olan halda dindarlar prosesdə iştirak edir və cəzasız qalır - baxmayaraq ki, Qafqaz Müsəlmanları İdarəsi dəfələrlə fətva verib ki, rəsmi nikah sənədi olmasa, dini nikah bağlamaq olmaz. Lakin göründüyü budur ki, bu işi hələ də davam edənlər var. Digər tərəfdən, əlbəttə ki, erkən nikaha valideynlər razılıq verir. Lakin onlar da bu məsələdə məsuliyyətdən kənarda qalırlar. Əgər məsələyə kompleks yanaşılmasa, həll olunmamış qalacaq: "Erkən nikahların mənfi təsirləri, cəmiyyətə vurduğu zərərlər barədə illərdir danışılır. Valideynləri övladlarını erkən nigaha məcbur etməkdənsə onlara təhsil verməyə çağırırıq. Maarifləndirmə işləri aparılır. Amma təəssüf ki, hələ də erkən nikah halları mövcuddur. Bu günlərdə növbəti erkən nikah və onun gətirdiyi faciənin şahidi olduq".

Mehriban Zeynalovanın dediyinə görə, bəzən erkən nikaha təkcə qızlar deyil, oğlanlar da cəlb edilir. Əlbəttə, bu zaman yetkinlik yaşına çatmayan oğlan cinayət məsuliyyətinə cəlb olunmur, çünki onun özü erkən nikaha cəlb edilib: "18 yaşa çatmayan şəxslər valideyn himayəsindədir və onların nikaha cəlb edilməsi məhz valideynlərin iradəsi ilə həyata keçirilir. Çox az sayda olur ki, 16-17 yaşda yeniyetmələr bir-birini sevib, qoşulub qaçırlar. Beləliklə, əgər 16-17 yaşda oğlan evlənirsə, deməli, valideynin iradəsi ilə evlənir, burada məcburi nikaha cəlb etdiyi üçün valideynə cəza verilməlidir".

Mehriban Zeynalova bildirib ki, məcburi nikah təkcə 16-17 yaşda deyil, 20-22 yaşda da olur. Gənclər bəzən valideynlərinin iradəsinə zidd gedə, eləcə də qanuni yola əl ata bilmirlər: "Cəmiyyətimizdə övladın valideyndən şikayət etməsi böyük qınaqla qarşılanır. Bu da qanunun həyata keçirilməsinə maneçilik törədir. Beləliklə, belə bir halla rastlaşan gənc valideynindən şikayət edəndə cəmiyyət tərəfindən yalnız o qınanılır, qınaq obyektinə çevrilir. Çox az halda kimsə gəncin tərəfində olur. Bu da qanunun icrasına mənfi təsir edir".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: "XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir".

N.Cəfəroğlu qeyd edib ki, cəmiyyət özü buna qınaq etməlidir. Cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır: "Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır".

Hüquq müdafiəçisinin fikrincə, övladlarını təhsildən yayındıran valideynlər ciddi məsuliyyət, o cümlədən, cinayət məsuliyyəti daşımalıdır: "Valideynlər anlamalıdırlar ki, övladlarını təhsildən ayırmaqla, məcburən ərə verməklə onların hüquqlarını pozurlar və bu qanun pozuntusu məhz cinayət məsuliyyətilə tənzimlənməlidir".

Millət vəkili Fazil Mustafa hesab edir ki, qızların erkən nigaha məcbur edilməsinə görə valideyn hüquqi məsuliyyət daşımalıdır: "Təəssüf ki, bu gün bəzi ailələr 15-16 yaşı tamam olmuş uşağı təhsildən uzaqlaşdırıb ərə verir. Qız uşaqlarının təhsildən yayındırılaraq erkən nigaha məcbur edilməsi yolverilməz haldır. Sözügedən məsələ ilə bağlı qanunvericilikdə sərtləşdirilmələrə ehtiyac var. Valideynlər bilsə ki, övladlarını erkən nigaha məcbur etdiklərinə görə qanun qarşısında cavab verməli olacaqlar, o zaman bu addımı atmağa cəhd göstərməzlər. Cəzalar sərtləşdirilsə, erkən nigahların qarşısı alınar. Sadalanan problemləri mütləq həll etmək lazımdır. Belə olmasa, bu, ənənə olaraq, zorakılığın daha da genişlənməsinə səbəb olacaq".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova qeyd edib ki, hələ də ölkədə qızların təhsildən yayındırılaraq erkən yaşda ailə qurmağa məcbur edilməsi halları var. Valideynlər anlamalıdır ki, erkən nikah hələ tam formalaşmamış bir gənc qızın sağlamlığına, psixologiyasına və gələcək həyatına vurulan zərbədir. Gənc qızlar erkən nikaha daxil olarkən, ən azından ailəsinin, özünün, eləcə də dünyaya gətirəcəyi körpənin tam şəxsiyyət kimi formalaşmasına təsir edə biləcək gücdə olmur: "Qızların erkən yaşda nigaha məcbur edilməsi cəmiyyətlər üçün dərin kök salmış stereotiplərin hələ də qalmasının bariz nümunəsidir. İki əsrdən çoxdur ki, erkən nikahların fəsadları, onun qızların gələcək həyatına, şəxsiyyət kimi yetişməsinə, təhsil almasına, ailəsinə, cəmiyyətinə faydalı və layiqli vətəndaş kimi formalaşmasına mənfi təsiri haqqında maarifləndirici işlər aparılır. Dövrümüzün tanınmış ziyalıları, maarifçiləri, hüquq müdafiəçiləri bu qanunsuz və insanlığa zidd addımın qarşısının alınması üçün mübarizə aparır. Ancaq yenə də erkən nikahlar baş verir. Yenə də valideynlər qız övladlarını təhsildən yayındırıb, erkən yaşda ailə qurmağa məcbur edirlər".

Hicran Hüseynova vurğulayıb ki, təhsilli qadın, təhsilli nəsil, sağlam cəmiyyət deməkdir: "Ancaq əfsus ki, bu gün təhsildən yayınan və erkən yaşda nikaha məcbur edilən qızlar var. Valideynlər qız övladlarının erkən yaşda ailə qurmasına yox, oxumasına, təhsil almasına, sənət, peşə sahibi olmasına çalışmalıdırlar. Təhsilsiz qadın öz hüquqlarından xəbərsiz olur. Bu səbəbdən də ailədə onların hüquqları pozulur, haqları tapdalanır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2022.- 12 oktyabr. S. 8.