Gənclər Kitabxanası professor Aida İmanquliyeva haqqında materiallar təqdim edib

 

Azərbaycanın tarixində ilk ərəbşünas qadın,  elmlər doktoru olan böyük alim Aida İmanquliyeva  bütün həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edərək, şərəfli bir ömür yaşamış, bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti ilə böyük nüfuz qazanıb.

525.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın həyat və yaradıcılığından bəhs edən elektron məlumat bazası hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib. Resurs kitabxananın rəsmi saytında yerləşdirilmişdir. Elektron bazada Aida xanımın həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasif Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida xanım haqqında səsləndirdikləri fikirlər, xatirələr də yer alıb. İstifadəçilər elektron resurs vasitəsilə Aida xanımın foto və video qalereyasına baxış keçirmək imkanına da malikdirlər.

Bundan əlavə kitabxananın əməkdaşları tərəfindən görkəmli alimin həyat və elmi fəaliyyətinə həsr edilib, özündən çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini cəmləyən "Nəciblik nümunəsi" adlı virtual sərgi və "Gözəllik və müdriklik timsalı - Aida İmanquliyeva" adlı məlumat bülleteni də hazırlayıb.

Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru olub. Neçə-neçə kitabların, tərcümələrin müəllifi olan Aida xanım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olmaqla yanaşı, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil edib.

 

525-ci qəzet.- 2022.- 12 oktyabr. S. 9.