Təhsilin inkişafında əsas amil - müəllim nüfuzu

 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Müəllim nüfuzunun yüksəldilməsi məsələsi, hesab edirəm ki, üç əsas amildən asılıdır: müəllimin özündən, dövlət qayğısından və cəmiyyətin münasibətindən. Bu yazıda həmin amillərdən söhbət açılır, nüfuza təsir göstərən səbəblər şərh edilir, problemlərin aradan qaldırılması yollarına sistemli münasibət bildirilir, müəyyən təklif və mülahizələr irəli sürülür.

Məlumdur ki, mükəmməl təhsil sisteminə malik olmaq hər bir dövlətin müstəqilliyinin davamlı olması və uğurlu gələcəyi üçün mühüm şərtlərdən biridir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirilən islahatların əsas məqsədi təlim prosesinin səmərəliliyini artırmaqla milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal şəxsiyyət yetişdirməkdir. Göstərilən xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara yaxınlaşması üçün geniş imkanlar yaradılmışdır.

"Mən yer üzündə müəllim adından uca ad tanımıram" - deyərək müəllimlik şərəfini yeni bir zirvəyə yüksəldən Ümummilli lider Heydər Əliyev hələ müstəqilliyimizin ilk illərində milli pedaqoji düşüncəyə güclü təkan verərək söyləmişdir: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə  öyrətməyimizdən asılı olacaqdır". Düşünürəm ki, tarixi uzaqgörənlik nümunəsi olan bu müdrik kəlam müəllim hazırlığında və onun nüfuzunun yüksəlməsində vacib məqam kimi həmişə nəzərə alınmalıdır.

Onu da qeyd etmək lazımdır ki, 2013-cü ildə qəbul edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi əsas amillərdən biri kimi nəzərdə tutulur. Bu istiqamət innovativ təlim metodlarını gerçəkləşdirən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli təhsilverənlərin formalaşdırılmasına xidmət edir. Bu hədəf həm də özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların uğurlarının qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının vaxtında aşkar olunması və inkişafını, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

Biz bu yazıda fədakar peşə sahibləri olan müəllimlər və onların nüfuzunun yüksəlməsi haqqında bəzi mülahizələrimizi bildirmək istəyirik. Təbii ki, bir yazıda müəllim haqqında, onun çətin və şərəfli fəaliyyəti, insanın formalaşmasında və cəmiyyətin inkişafında rolu barədə hər şeyi demək mümkün deyildir. Düşünürəm ki, müəllimin fəaliyyəti teatr aktyorlarının işinə bənzəyir. Kino ustalarından fərqli olaraq, onlar nə qədər şedevr sənət nümunəsi yaratsalar da, həmin yüksək peşəkarlıq bir axşamlıq və bir zallıq tamaşaçı yaddaşına hopur, tarixdə qalmır. Digər tərəfdən, mədəniyyət xadimlərinin dediyinə görə, teatrda əsas güc aktyorun üzərinə düşür, kinoda isə ağır yükü rejissor daşıyır, bununla belə, kino aktyoru teatr xadimindən daha məşhur olur, daha çox yaddaşlarda qalır. Bu baxımdan sinifdə müəllim əsas ağırlığı çiyinlərində daşıyaraq hər dərsdə "yeni obraz", yeni şedevr yaratsa da, həmin yaradıcılıq da tarixə yox, şagirdlərin yaddaşına yazılır. Teatr aktyorlarının fədakarlığını haqlarında yazılan məqalələr, çəkilən filmlər, aparılan söhbətlər əbədiləşdirirsə, ancaq insanların qəlbində, yaddaşlarında həkk olunan, onların əməllərində öz təzahürünü tapan müəllimin fəaliyyəti də tarixdə qalmaq üçün onların zəhmətinin qədrini bilən insanlar tərəfindən qələmə alınmalı, salnamələşməlidir. Biz bu baxımdan yanaşıb yazdığımız məqalədə şərəfli və fədakar peşə sahibi olan müəllimlər haqqında olan fikirlərimizi yığcam formada ifadə edərək düşünürük ki, onların barəsində çox yazılmalıdır ki, həyatlarını bu müqəddəs işə həsr etmiş insanların fəaliyyəti tarixin yaddaşında qalsın.

Əlbəttə, pedaqoji əmək ictimai fəaliyyətin xüsusi sahəsidir. Burada bilik, bacarıq, peşəkarlıqla yanaşı, etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun böyük rolu vardır. Çünki başqa mütəxəssislərdən fərqli olaraq müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir. Müəllim şagirdlər, öz həmkarları və valideynlər arasında yüksək nüfuza malik olduqda onun pedaqoji fəaliyyətinin uğurlu olduğunu söyləmək olar. Müəllimin nüfuzu onun mənəvi statusudur. Nüfuz insanın ictimai proseslərin gedişi təcrübəsində əldə etdiyi mənəvi ləyaqətə söykənən  digərlərinə təsir etmək qüvvəsidir. Pedaqoji nüfuz müəllimin mənəvi-etik və psixoloji-pedaqoji hazırlığından çox asılıdır. Onun səviyyəsi müəllimin biliyinin dərinliyi, erudisiyası, ustalığı, işə və iş yoldaşlarına münasibəti, ümumi hazırlığı, ictimai fəallığı, valideynlərlə işləmək metodu, məişətdə davranışı və s. ilə müəyyən edilir.

Müəllim nüfuzunun aşağı düşməsi və onlara olan inamın azalması ilə bağlı əvvəlki yazılarımızda qeyd etdiyimiz problemlərə münasibət bildirən müdrik və xalqın gələcəyini düşünən insanlar şəxsiyyətin inkişafı və formalaşmasının müəllim nüfuzu ilə bilavasitə əlaqədar olduğunu qeyd edirlər. Ona görə də hesab edirəm ki, hər kəs müəllimin cəmiyyətin inkişafındakı rolunu olduğu kimi qəbul edərək onun nüfuzunun aşağı düşməsini doğuran səbəblər və onların həlli yolları barədə düşünməli, bu problemlərin aradan qaldırılması üçün səy göstərməlidir.

Düşünürəm ki, müəllim nüfuzunun yüksəldilməsi məqsədi ilə bu sahədə mövcud olan problemlərin həlli istiqamətində ciddi tədbirlər görməyin vaxtı çoxdan çatmışdır. Müəllim nüfuzunun bərpası bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmalı, müvafiq dövlət qurumları isə bu istiqamətdə real addımlar atmalıdır.

Bu barədə danışarkən ilk növbədə bir həqiqəti qeyd etmək lazımdır ki, uzun müddət müəllim yalnız bilikləri ötürən şəxs hesab edilmişdir. Xüsusən Sovet  dövrünün təhsil sistemində o müəllim yaxşı adlandırılırdı ki, şagirdlərinə daha çox məlumat aşılasın. Onilliklər ərzində müəllimlər pedaqoji prosesi ənənəvi təlim metodları üzərində qurub və əlbəttə, müəyyən uğurlar da qazanıblar. İnkişafetdirici aspektə, nəticəyönümlü təlimə, bacarıqların formalaşdırılmasına  diqqət yetirilməsə də, etiraf etmək lazımdır ki, neçə-neçə görkəmli şəxsiyyət, alim, adları tarixə düşən minlərlə insan həmin təhsil sisteminin yetirmələridir.

İndi isə vəziyyət tamamilə dəyişib, müasir dərsi yeni təlim strategiyaları tətbiq olunmadan təsəvvür etmək mümkün deyil, müəllim daha çox bələdçi rolunu oynayır, şagirdləri müxtəlif mənbələrdən müstəqil şəkildə biliklər əldə etməyə istiqamətləndirir, başqa sözlə, onlara öyrənməyi öyrədir. Əgər əvvəllər təhsil savadsızlığı ləğvetmə vasitəsi, necə deyərlər, qaranlıqdan çıxmaq üçün yol xəritəsi idisə, indi təhsil strateji fəaliyyət sahəsi, müəllim hazırlığı isə ölkəmizin milli təhlükəsizlik məsələsidir. Ona görə də köhnə tədris üsulları ilə bir kitabdan bilik əldə edib, onu yeganə doğru qaynaq kimi şagird və tələbələrə ötürən müəllimin yerini bu gün məlumat bolluğunda azmaq təhlükəsi ilə üzləşmiş gəncin çoxsaylı bilik və mənbələrdən nəyi, necə öyrənəcəyini tənzimləyən yaradıcı, bələdçi müəllim tutmalıdır. Əlbəttə, müəllim yeniləşən bilikləri müntəzəm öyrənməlidir ki, düzgün bələdçilik edə bilsin, digər tərəfdən, şagirdi, tələbəni onun milli mənlik şüurunu zədələyə biləcək məlumatlardan uzaqlaşdırmağı bacarsın.

Müasir təlim strategiyaları, fəal-interaktiv təlim metodları isə şagirdlərin tədris prosesində daha fəal iştirakına, həyati bacarıqlar əldə etməsinə, məntiqi və tənqidi təfəkkürünün inkişafına yönəlmişdir. Belə şəraitdə şagird şəxsiyyəti inkişaf edir, onun hər bir hadisəyə öz baxışı və yanaşması olur, qərar verməkdə çətinlik çəkmir.

Digər tərəfdən, müasir dövrdə pedaqoji prosesə yanaşmada əsas paradiqmalar dəyişdiyindən müəllim-şagird münasibətləri də buna uyğunlaşdırılmalıdır. Şagirdin obyektdən subyektə doğru inkişafı, ona şəxsiyyət kimi yanaşılmasını, bütün təlim prosesinin şagirdin meyl və maraqları, qabiliyyəti üzərində qurulmasını, onun fərdi-psixoloji xüsusiyyətlərinin nəzərə alınmasını tələb edir. Bu gün müəllim qarşısında dərsdə susan, yalnız sual verdikdə cavab verən, heç bir təşəbbüskarlıq göstərməyən dünənki şagirddən tamamilə fərqli bir insan dayanmışdır. İndi şagird müəllimlə əməkdaşlıq edir, öz fikir və mülahizələrini sərbəst bildirir, rəy söyləyir, fərqli yanaşma nümayiş etdirə bilir, hətta bəzi məsələlərdə müəllimlə razılaşmır.

Müəllim-şagird münasibətləri qurularkən o da nəzərə alınmalıdır ki, yuxarıda qeyd edildiyi kimi, müasir dövrdə müəllim yeganə bilik, informasiya mənbəyi deyildir, şagirdlərin əlində internet, kifayət qədər elektron resurslar, digər vasitələr mövcuddur. Şagird hər an yeni informasiya əldə etmək imkanına malikdir.

Təəssüflə qeyd etmək lazımdır ki, bu gün heç də müəllimlərin hamısı tələb olunan keyfiyyətlərə malik deyildirlər və müəllim-şagird münasibətlərini də müasir tələblər səviyyəsində qura bilmirlər. Bu gün şagirdi şəxsiyyət kimi qəbul etməyən, onlarla münasibəti təzyiqlər, avtoritarlıq üzərində quran, davranışı ilə nümunə olmayan müəllimlər də vardır.

Yaxşı xatırlayıram, təhsil naziri vəzifəsində işlədiyim illər ərzində Dünya bankının ekspertləri ilə çoxsaylı görüşlərim zamanı, elə bir zəngin yerüstü və yeraltı sərvətləri olmayan Finlandiyada təhsilin səviyyəsinin nə üçün yüksək olması məni çox maraqlandırırdı. Orada xidməti ezamiyyətdə olarkən məlum oldu ki, Finlandiyada ən nüfuzlu peşə müəllimlikdir, ali məktəblərə qəbul zamanı ən yüksək müsabiqə müəllimlik ixtisaslarınadır, ölkənin bütün bölgələrində müəllimlər və təhsili idarə edənlər ən nüfuzlu şəxslərdir, ən yüksək məvacib də təhsil sahəsində çalışanlara verilir. Bununla bağlı Dünya bankının təhsil sahəsində eksperti ilə görüşərkən xəbər aldım ki, təbii sərvətləri olmayan, ərazisinin 70 %-dən çoxunun meşələr, təxminən 20%-i bataqlıq və göl (orada 180 minə yaxın göl vardır) olan Finlandiya cəmi 5 milyon nəfərlik əhalisi ilə iqtisadi baxımdan Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Bunun səbəbi nədir? O da gülümsəyərək cavab verdi ki, bunun üç səbəbi var - təhsil, təhsil və yenə də təhsil! Həqiqətən, Finlandiyada hələ müstəqilliyin ilk illərindən anlamışlar ki, millətin müvəffəqiyyət qazanması üçün ən əsas amil təhsildir, alitəhsilli müəllim hazırlığı, özü də magistr dərəcəli müəllim hazırlığı isə vacib şərtdir. Finlandiyada universitetlərin pedaqoji fakültələrinin bakalavr pilləsini bitirənlərin yalnız ən yaxşı 12%-i məktəblərə müəllim kimi qəbul edilir. Magistr dərəcəsi almaq istəyənlərin proqramına ünsiyyət səriştəsi, təhsil texnologiyaları kimi fənlər daxil edilir.

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan Yaponiyanın Baş nazirindən bu ölkədəki yüksək elmi-texniki tərəqqinin səbəblərini soruşduqda isə o, belə cavab vermişdi: "Biz müəllimə Baş nazirin maaşını, diplomat toxunulmazlığını verdik, imperatora olan hörməti göstərdik, nəticədə düşünən və yaradıcı bir nəsil qazandıq".

Dünyada belə bir təcrübə də mövcuddur ki, ali məktəbləri bitirən və müəllimlik diplomu alan şəxslər məktəbdə işləmək üçün əlavə imtahan verərək lisenziya almalıdırlar. Bu, təxminən qəbul imtahanları zamanı rəssamlıq, jurnalistlik ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanları formasında olur. İmtahan zamanı həmin şəxsin müəllimlik keyfiyyətlərinə malik olub-olmaması müəyyən edilir. Fikrimcə, müəllimlik rəssamlıq, jurnalistlik ixtisaslarından daha çox bacarıq və istedad tələb edir və cəmiyyət üçün digər peşələrdən daha vacibidir. Ona görə də hesab edirəm ki, müəllim fəaliyyətinin reqlamentləşdirilməsi ilə əlaqədar dünya təcrübəsində istifadə edilən və müsbət nəticələr verən belə yanaşmalar ölkəmizdə də tətbiq edilsə, yaxşı olar.

Məni hər zaman düşündürən ən ciddi problemlərdən biri də müəllimlərin ilkin hazırlığı ilə bağlıdır. Aparılan təhlillər göstərir ki, ali məktəbi bitirib ümumtəhsil məktəblərində fəaliyyətə başlayan müəllimlərin əksəriyyətinin hazırlıq səviyyəsi nə şagirdləri, nə valideynləri, nə də məktəb rəhbərlərini qane edir. Əlbəttə, bütün mütəxəssislər, yuxarıda adını çəkdiyim rəssamlıq ixtisasında təhsil alanlar da ali məktəblərdə öyrəndiklərindən daha çox həyati təcrübələrdə peşə vərdişlərinə yiyələnirlər. Ancaq onlar bütün təhsil prosesi boyu rəssamlığın incəlikləri ilə tanış olur, yağlı, akvarel, quaş və digər boyalarla monumental, dekorativ, miniatur və s. rəsmlər çəkir, bir sözlə, aşağı kurslardan başlayaraq bilavasitə rəssamlıq peşəsinə köklənirlər. Digər peşələr də, aktyorluq, həkimlik, dizaynerlik və s. belə öyrədilir. Ancaq müəllimlikdə peşə vərdişlərinin öyrədilməsi, nə üçünsə, arxa planda qalır.

Fikrimcə, işi elə qurmalıdır ki, ali məktəbi bitirən məzun məktəbə hazırlıqlı müəllim kimi gəlsin, ilk gündən pedaqoji prosesi idarə etməyi bacarsın. Təəssüf ki, ali məktəblərin pedaqoji ixtisaslarını bitirən bir çox məzunlar müəllimliyi məktəbdə öyrənirlər. Hesab edirəm ki, ilkin müəllim bacarıqları ali məktəblərdə mənimsənilməli, təcrübə və kamilləşmə isə tədris prosesində qazanılmalıdır.

Bununla yanaşı, təhsilverənlərin əlavə təhsili üzrə yeni, müasir tələblərə cavab verən strukturlar yaradılmalı, müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellər tətbiq edilməlidir. Qabaqcıl ölkələrin təcrübəsindən yararlanaraq pedaqoji heyət üçün yeni modul-kredit və rəqabət əsaslı təlimlər sistemi yaradılmalı, təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməli, müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır.

Gələcəyə atılan addımlar müəllimin yetişdirdiyi nəslin inkişafından asılı olduğuna görə onlar zamanın nəbzini tutmalı, cəmiyyətin inkişafı ilə paralel dəyişməli və mühitə uyğunlaşmalıdırlar. Bu baxımdan müəllimlər digər peşə sahiblərinə - həkimlərə, mühəndislərə,  rəssamlara nisbətən konservatizmdən uzaq, çevik dəyişən bir sənətin sahibləridirlər.  Daim dəyişən müasir dövrün tələblərinə uyğunlaşmaq üçün müəllim də mütləq çevik təfəkkürlü olmalı, yeni şəraitə sürətlə uyğunlaşmalı, özünüinkişafa və özününtəkmilləşdirməyə daim hazır olmalıdır. Çünki cəmiyyət müəllimə borclu olduğu kimi, müəllim də cəmiyyət qarşısında öz məsuliyyətini hiss etməlidir. Hesab edirəm ki, əsl müəllim millətin gələcəyi olan savadlı, müasir dünyagörüşünə malik, milli-mənəvi dəyərlərə sadiq vətəndaşların yetişdirilməsi işinə bütün imkan və bacarıqlarını sərf etməlidir.

Bu gün informasiya axını müasir insanın həyatına sel kimi daxil olur. Mütəxəssislər qeyd edirlər ki, indi bizim bir gündə aldığımız informasiyanı cəmi 200 il əvvəl yaşayan insanlar bir il ərzində əldə edirdilər. Qazanılan biliklər paylaşmamış köhnəlir, bu da insanlara mövcud problemlərin həlli üçün əldə etdikləri biliklərlə kifayətlənməyə imkan vermir. Səmərəli fəaliyyət göstərmək üçün insan bilikləri müstəqil əldə etməyin yollarını bilməlidir. Bu zaman müasir müəllimə ehtiyac yaranır: müəllim öz yetirməsinə bilik əldə etməyin yollarını göstərməklə yanaşı, onda öyrənmək həvəsi, dərketmə çevikliyi, əməksevərlik tərbiyə edir, bacarıqları düzgün tətbiq etməyin yollarını göstərir. Müəllimin əsas vəzifələrindən biri də yenilikləri mənimsəmək, ondan uğurla istifadə etməkdir. Bu gün zaman məhdudluğu çərçivəsində fəal, təşəbbüskar, təşkilatçı və yaradıcı olmadan, şəraitdən tez və düzgün baş çıxarmadan, vaxtında doğru qərar qəbul etməyi və öz fəaliyyətini planlaşdırmağı bacarmadan heç bir uğurdan söhbət gedə bilməz. Müəllim öz yetirməsinə məhz bu zəruri vərdişləri   daxili nizam-intizam qaydalarını, vaxtdan səmərəli istifadə etmək vərdişlərini öyrətməyi bacarmalıdır.

Müstəqil Azərbaycan gənci öz müəllimindən vətənpərvərlik və xalqa məhəbbətlə yanaşı, mühakimələrində və əməllərində azad olmağı, məsuliyyətli və tənqidi düşünməyi, mövqeyini müdafiə etməyi, öz hüquq və vəzifələrini yaxşı bilib digərlərinin də hüquq və vəzifələrinə hörmət etməklə qarşılıqlı münasibətlər qurmağı öyrənməlidir. Müasir müəllim öz yetirməsində etibar, dostluq, əməkdaşlıq, tolerantlıq, xalqın mənəvi dəyərlərinə, mədəniyyətinə sevgi aşılamaqla yanaşı, onu həyata hazırlamalıdır. Bütün qeyd edilənlər uşaqda (gəncdə) məntiqi və yaradıcı düşünməni, ətrafda baş verənlərə sevgi ilə, həm də tənqidi yanaşmanı, müstəqil bilik əldə etməyi və doğru qərar qəbul etməyi, ümumiyyətlə isə şəxsiyyət kimi formalaşmağı təmin etməlidir.           

İdarəedicilik və təşkilatçılıq bacarıqları da müəllim üçün vacib və zəruri şərtlərdəndir. Çünki dərsin təşkili və sinfin idarə edilməsi onun üzərinə düşdüyündən bu sahədə biliyi və bacarığı olan müəllim sinfi daha yaxşı idarə edə bilir. Müəllim uşaqlarla, öz həmkarları ilə və valideynlərlə düzgün ünsiyyət yaratmaqda da məharətli olmalıdır. Çünki bütün ətrafdakılarla, xüsusən valideynlərlə intensiv və səmərəli əlaqə müəllim nüfuzuna böyük təsir göstərir. Bu səbəbdən də, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, yerli-yersiz məktəb və müəllimdə nöqsan axtaran valideynləri də dərslərə dəvət etmək, şagirdlər haqqında onlarla üzbəüz və səmimi söhbət etmək lazımdır ki, həmin valideynlərdə də məktəb və müəllim haqqında təəssüratlar dəyişsin.

Müəllim yüksək əqidə, sağlam məslək sahibi, yetkin vətəndaş olmalı, xalqın, Vətənin problemləri ilə yaşamalı, gəncliyi də bu ruhda yetişdirməli, kreativliyi, möhkəm iradə və əqidəsi, vətəndaşlıq ideyası ilə seçilməli, fənninin tədrisi metodikasını, pedaqogika və psixologiyanı dərindən bilməli, pedoqoji qabiliyyətlərini daim inkişaf etdirməlidir. O, həyata baxışı, ziyalılığı, intellekti, başqalarına qarşı diqqəti ilə seçilməli, həmçinin, fərqli fikir və mövqelərə həmişə hörmətlə yanaşıb, müasir dünyamızda ən çox ehtiyac duyulan tolerantlıq və multikulturalizm nümayiş etdirərək yüksək mədəniyyətə və mənəviyyata malik olmalıdır. Müəllim özündə zahiri və daxili mədəniyyəti, nəcib əxlaqi keyfiyyətləri (düzlük, ədalətlilik, xeyirxahlıq, humanizm, sadəlik və s.) cəmləşdirməli, həm cəmiyyətdə, həm məktəbdə, həm də sinifdə yüksək nüfuz  sahibi və uşaqlara  nümunə olmalıdır. O, öz şəxsiyyətini yalnız şagirdləri arasında deyil, ictimai yerlərdə də qorumalıdır. Şəxsiyyətin formalaşmasında baş memar olan müəllim həmişə öz şəxsiyyətinin saflığının keşiyində durmalı, öz kamilliyi ilə nümunə olmalıdır. İnsanlara, faktlara, hadisələrə obyektiv qiymət verməyi bacarmalı, düzlüyü təlqin etməli, həmişə, hər yerdə təvazökarlıq nümayiş etdirməli, həm sinifdə, həm  sinifdən kənar yerlərdə  özünütərifə yol verməməlidir. Nəzərə almaq lazımdır ki, nüfuz özünü tərifləməklə və yaxud malik olduğun biliklərlə deyil, nəticə göstərməklə qazanılır.

Digər tərəfdən, hər bir müəllim öz həmkarlarının da təəssübünü çəkməlidir: bir nəfərin yanlış hərəkəti "elə müəllimlər belə olur", ümumiləşməsi ilə bütün müəllimlərin ünvanına aid ola bilər. Ona görə də müəllim hər sözünü, hər addımını yüz ölçüb bir biçməyə məhkumdur.

Müəllim öz ixtisasını dərindən bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa malik olmaqla yanaşı, peşəsinin vurğunu olmalı, onu ürəkdən sevməlidir. Çünki bu işdə əsas amillərdən biri sevgidir: o, fənnini, peşəsini və uşaqları sevməlidir, nahaq deyilməmişdir ki, öz işini sevən  müəllim  yaxşı müəllimdir, bununla yanaşı, həm də uşaqları və fənnini sevən  müəllim isə əla  müəllimdir. Müəllim öz işini və yetirmələrini sevməli, onlara qayğı ilə yanaşmalı, onları başa düşməli, hər birinə fərdi yanaşmağı bacarmalı, problemlərini, qayğılarını öyrənməli, münasibətləri əməkdaşlıq səviyyəsində qurmalı, öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə də şagirdi cəlb etməlidir. Müəllim elə yüksək nüfuz və etimad sahibi olmalıdır ki, şagird daim ona inansın. Şagirdlər sinifdə müəllimin onlar üçün şam kimi əridiyini hiss etməlidirlər.

Müəllimlik yaradıcı işdir, çünki o, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Hər bir konkret halda vəziyyəti düzgün təhlil edib, uğurlu çıxış yolu tapmaq, məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart qərarlar qəbul etmək tələb olunur. Bunun üçün pedaqoji nəzəriyyəyə və qabaqcıl təcrübəyə yiyələnməklə yanaşı, müəllim çevik düşüncəyə və bacarıqlara malik olmalıdır. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını vaxtında müəyyən etməyi nəzərdə tutur. Həm də yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir.

Müasir müəllim qarşısındakı şagirdin gələcəyini görməli, onda elmə və təhsilə maraq oyatmağı,  yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməyi, sinifdə şagirdlərlə münasibətdə nikbin, gümrah əhvali-ruhiyyə yaratmağı bacarmalıdır. Müəllim şagirdlərə öyrənməyin əziyyətli, lakin maraqlı, başqalarından üstün və şərəfli olduğunu  aşılamalı, onları əməyə alışdırmalı və zəhməti sevməyi öyrətməlidir. Klassik pedaqogikanın görkəmli nümayəndələrindən olan Fridrix Vilhelm hələ XIX əsrdə şagirdlərin əqli qabiliyyətlərini fəallaşdırmağı müəllimin ən vacib vəzifəsi hesab edərək deyirdi ki, pis müəllim həqiqəti elan edir, yaxşı müəllim isə onu tapmaq yollarını öyrədir. Deməli, müəllim şagirdlərə müəyyən bilikləri öyrətməklə yanaşı, onları öz üzərində işləməyə, biliyi axtarıb tapmağa da alışdırmalı, onlarda daxili motivasiya formalaşmasına çalışmalıdır. Müəllim şagirdin fərdi-psixoloji vəziyyətini, onun maraq və tələblərini hiss etməli, ona təsir edən mənfi amilləri vaxtında aradan qaldırmağı, onun idrak proseslərinə - duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq və təxəyyülünə bilavasitə təsir etməyi bacarmalıdır.

 

(ardı var)

 

Misir MƏRDANOV

525-ci qəzet.- 2022.- 12 oktyabr. S. 10-11.