Milli tariximizdə faciəli
səhifələr: erməni faşizminin qanlı izləri
Ermənilər Azərbaycan ərazilərində
"böyük
ermənistan" xülyasi ilə 1918-20-ci illərdə
də dəhşətli qırğınlar törədiblər
1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan edilməsi - azərbaycanlıların ilk milli dövlətinin - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasıdır. Sonrakı mühüm tarixi hadisələr - 1920-ci il 28 apreldə Azərbaycanın bolşevik Rusiyası və XI Qızıl Ordu tərəfindən işğalı, AXC-nin süqutu və Azərbaycan Sovet Sosialist Respublikasının yaranması Azərbaycanın müstəqilliyinə son qoysa da 70 il müddətində Azərbaycan dövlətçiliyinin əsas atributları qorunub saxlanıldı, 1991-ci ildə yeni tarixi şəraitdə isə Azərbaycan xalqı bir daha öz dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Respublikası yaradıldı. Lakin bütün bu əlamətdar hadisələr Azərbaycan xalqı üçün heç də asan başa gəlməmiş, onun varlığını belə şübhə altında qoyan qanlı faciələr, saysız qurbanlar, ərazi itkiləri, soyqırımları, deportasiyalar ilə müşayiət olunmuşdu. Müxtəlif dövrlərdə və siyasi-ictimai şərtlər daxilində yaşanan bütün bu faciələrə təkan verən əsas amillərdən biri və bəlkə də ən başlıcası, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və bu iddiaların həmin dövrün hakim dairələrinin dəstəyi sayəsində hər vasitə ilə həyata keçirilməsi olub. Əslində bütün bu hadisələrin hələ XIX əsrin əvvəllərindən başlanan dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsinə və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi prosesi məhz bu tarixi müqavilələrdən sonra başlamışdı. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar.
I Dünya müharibəsinin başlanması ilə, 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqları kəskinləşir və toqquşur. Çoxillik məqsədyönlü işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına "erməni dövlətçiliyi məsələsi"nin daxil edilməsinə nail olurlar. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, neftlə zəngin Bakını qeyri-Azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalır.
Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə "Müsavat" partiyasının Qafqazın siyasi meydanına cıxması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən, Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda, azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi.
I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 6 vilayəti ərazisində "Böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində - Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin - azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Burada onlar hələ 1915-ci ildə Türkiyə hökuməti tərəfindən ermənilərin cəbhəyanı zonadan köçürülməsi haqqında qanunun qəbul edilməsindən sonra göstərilən ərazilərdə məskunlaşmış erməni qaçqınları ilə birləşirlər. Çoxsaylı erməni əhalisi "Daşnaksutyun"un silahlı dəstələrinin və cəbhədən qaçmış minlərlə erməni əsgərinin köməyi ilə yerli, silahsız, dinc müsəlman əhalisinə torpaqlarından basqınlar edərək, qısa müddət ərzində onların bir hissəsini qətlə yetirir, qalanını isə doğma torpaqlardan didərgin salır. Beləliklə, 1917-ci ilin əvvəlindən 1918-ci il mart ayınadək ermənilər təkcə İrəvan quberniyasında 199 Azərbaycan kəndini yer üzündən silirlər.
Bu cəza əməliyyatı "Daşnaksutyun"un həmin torpaqların azərbaycanlılardan təmizlənməsi və sonradan Zaqafqaziya ərazisində erməni dövlətçiliyinin mərkəzinə çevrilməsi üzrə planının tərkib hissəsi idi. Məhz həmin dövrdə gələcək erməni dövlətinin ərazi bünövrəsi qoyulur. Lakin "dənizdən dənizə" qədər uzanan "Böyük Ermənistan"ın taleyi şəhərlərdə, o cümlədən, Bakıda həll olunurdu.
Bakı qəzası - mart 1918-ci il
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən "Müsavat" Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının rəhbərləri ilə birlikdə "Müsavat"a qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı.
Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H. Z. Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi "Evelina" gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Dəstənin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün Müsəlman Xeyriyyə Cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Ter-Mikaelyans Erməni Milli Şurası və "Daşnaksutyun" partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı. Bakı Soveti qüvvələrinə rəhbərlik edən S. Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdir. Bolşevikləri müdafiə etmək bəhanəsi ilə erməni hərbi hissələri türk-müsəlman əhalisinə qəddarcasına divan tuturdular. Bakı Soveti də, onun yaratdığı ordu da əsas etibarı ilə ermənilərdən ibarət idi. Daşnaklar azərbaycanlılara milli ordu yaratmaqda mane olur, Sovetin adından istifadə edərək millətçi-şovinist siyasətini canfəşanlıqla həyata keçirir, Bakı, Şamaxı və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhalisinə qarşı qırğınlar hazırlayırdılar.
Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında" məruzəsində yazırdı: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram - doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər".
Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyiti tapılmışdı. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yarmışdılar.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış 36 cild 3500 vərəq istentaq materiallarından 6 cild və 740 vərəqi təkcə Bakı və onun ətraf kəndlərində baş verən faciələrlə bağlıdır. Bu sənədlərdən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlman öldürülmüş, xalqın bir çox ziyarətgahları o cümlədən, Təzə pir məscidi və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmiş və şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə edilmişdir. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar.
Quba qəzası - aprel-may 1918-ci il
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Qubada da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi buraya Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız ermənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Hamazaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini inkar etmirdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm" deyirdi. Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Harınlamış ermənilər qocalara, uşaqlara, qadınlara belə aman verməyərək qabaqlarına çıxan bütün müsəlmanları məhv etmişdilər.
Şahid ifadələrinə görə, aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin burada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qeyri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə "Dəyirmançı" ləqəbli yerli erməni Harutyun Hayrapetov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.
(Ardı
var)
Lətafət BEYBUTOVA
525-ci qəzet.- 2022.- 12 oktyabr. S. 12.