Milli tariximizdə faciəli səhifələr: erməni faşizminin qanlı izləri

 

Ermənilər Azərbaycan ərazilərində "böyük  ermənistan" xülyasi ilə 1918-20-ci illərdə də dəhşətli qırğınlar törədiblər

  

(Əvvəli keçən sayımızda)

 

   Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyitlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi  əhalini qorxutmaq və vahimə içində saxlamaq. Zorakılıqlar,  qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.

Arxiv sənədləri araşdırılarkən məlum olub ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdi. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdu.

Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayan vəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni  vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan "təcrübələrdən" zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların  meyitlərindən əl çəkmirdilər. Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə  çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların  döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi.

Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən, ailələrə dəymiş ziyan ümumi  şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdi.

Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600-700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi.

1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmış, Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin, Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmisdi.

Quba qırğınlarının birbaşa təşkilatçıları - Şaumyan, Korqanov, icraçıları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idilər. Bolşevik və daşnak S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi - soyqırımı hadisəsi idi.

Şamaxı qəzası - 1918-ci il

Azərbaycan torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaq istəyən erməni millətçilərinin 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməlləri arasında öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı soyqırımı ayrıca yer tutur. Şamaxı qəzasında bədnam S. Lalayanın və T. Əmirovun rəhbərlik etdikləri erməni daşnakları azğınlaşaraq müsəlman əhaliyə misli görünməmiş divan tutmuşlar. Erməni və molokan əsgərləri müsəlmanların evlərinə soxulur, qorxu içində olan insanlardan silah gücünə bütün qiymətli əşyalarını, pullarını alır, sonra ailələri bütünlüklə qətlə yetirmişlər. Eləcə də S.Lalayanın əmri ilə erməni əsgərləri şəhərin 12 məhəllə məscidlərinə, həmçinin VIII əsrə aid olan Cümə Məscidinə sığınan şəhər sakinlərini diri-diri yandırmışlar. Zorakılıq və talanlar 4 gün, Gəncədən Şamaxı müsəlmanlarının köməyinə gələn azərbaycanlı qoşunları şəhərə daxil olana qədər davam etmişdi.

Ümumilikdə isə, Şamaxıda iki dəfə törədilmiş azərbaycanlıların soyqırımı zamanı şəhərin 21.127 nəfər müsəlman əhalisindən 8-10 min arasında insan qətlə yetirilmiş, qalan əhali isə Azərbaycanın müxtəlif şəhər və qəzalarına qaçqın halında dağılmışdı. Yaşayış məhəllələri və məscidlərlə yanaşı, şəhərdə bütün ictimai binalar, bazarlar, yüzlərlə dükan, anbar, dəyirman və digər mülki obyektlər yandırılaraq tamamilə məhv edilmişdi.

Şamaxıda baş verən soyqırımı 1918-ci ilin iyul ayının ortalarında Türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam etmişdi. Həmin dövr ərzində ümumilikdə Şamaxı qəzasının 106 kəndi yandırılaraq dağıdılmış, 110 kəndin sakinləri isə erməni-molokan quldur dəstələrinin hücumlarından zərər çəkmişdilər. Hücumlar zamanı və əsirlikdə öldürülənlərin - ümumi sayı 4359 nəfəri qadın və uşaq olmaqla, 10.341 nəfər təşkil etmişdi. Bir neçə ay ərzində dağlarda, meşələrdə, düzənliklərdə dolaşan, həmçinin digər qəzaların şəhər və kəndlərinə dağılışmış qaçqınlar arasında soyuqdan, aclıqdan və xəstəliklərdən ölənlərin sayı isə on minlərlə ölçülürdü. Şamaxı qəzasının müsəlman kəndlərinin sakinlərinə vurulan maddi ziyanın ümumi həcmi 607.167.420 rubl təşkil etmişdi.

Şamaxı soyqırımını Azərbaycanın digər bölgələrindəki soyqırımlarından fərqləndirən cəhət qəzanın molokan-rus əhalisinin də bu hadisələrdə ermənilərlə birgə fəal iştirakı olmuşdu.

Şamaxı soyqırımına dair Komissiyanın sənədləri ümumilikdə, 22 cild istintaq materialı və 63 fotoşəkil təşkil edib. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsinin miqyasını bilməyə imkan verir.

Göyçay qəzası - 1918-ci il

 1918-ci il iyun ayının 14-də Göyçay qəzası "bolşevik qoşunları" adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdı. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün evlər talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir. Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalmış və insan tələfatı ilə üzləşmişlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən, 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir. 1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.

Cavad qəzası - 1918-ci il

Aprel ayının əvvəllərindən başlayaraq erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından başlayaraq Kür boyu hərəkət etmiş və qəzanın azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi və Hilə-Mirzəlikəndə hücumlar etmişlər. Gözlənilmədən kəndləri mühasirəyə alan erməni daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə yetirilmiş, 44 yaşayış evini , kənd məscidini, müqəddəs kitabları yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər. Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndlər ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə misli görünməmiş vəhşiliklə qətlə yrtirilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Məşədi Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər. Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil edilişdir. Bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əlimərdan bəy Topçubaşovun arxivindən aşkar edilmişdi. Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri - əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olub.

 

Lətafət BEYBUTOVA

525-ci qəzet.- 2022.- 13 oktyabr. S. 12.